Azərbaycan çempionatının qalibi

Müstəqil Azərbaycanın İlk Çempionu

Son SSRİ çempionatını I dəstədə bədbin notlarla bitirən «Neftçi» yeni mövsümə səylə hazırlaşırdı. Baş məşqçi Əhməd Ələsgərov sözün həqiqi mənasında komandanın əvvəlki şöhrətini qaytarmaq istəyirdi. Lakin ölkədəki siyasi hadisələr həyatın bütün sahələrinə sirayət etdiyi kimi, futboldan da yan ötməmişdi.

1991-ci il mövsümündən sonra Baltikyanı ölkələr və Gürcüstanla yanaşı, Ukrayna da öz müstəqil çempionatını keçirəcəyini bəyan etdi. Bir müddət sonra SSRİ-nin dağılması ilə nəticələnən siyasi proseslər MDB adlı təşkilatın yaranmasıyla yekunlaşdı. İttifaqın futbol mətbəxinə rəhbərlik edən Vyaçeslav Koloskov MDB çempionatı keçirmək ideyasını ortaya atdı. Respublikamızın o vaxtkı siyasi rəhbərliyi isə 20 yanvar faciəsinin yaşanmasına, mərkəz tərəfindən zorla müharibəyə sürüklənməyimizə baxmayaraq, gözləmə mövqeyini tərk etmədi. Təəssüflər olsun ki, futbol təsərrüfatına rəhbərlik edən şəxslər də belə düşüncə tərzinə malik idilər. Orta Asiya, Rusiya, Ermənistan və Azərbaycan bu çempionatın keçirilməsinə razılıq vermişdi. Acınacaqlı vəziyyət o idi ki, rəhbərlik «Neftçi»nin Ermənistan komandaları ilə bir turnirdə yarışmasına razı idilər. Halbuki o vaxt igid oğullarımız Qarabağ uğrunda gedən döyüşlərdə erməni gülləsinə sinə gərirdilər.

Yarış təşkilatçıları «Neftçi»ni güclülər dəstəsinə qoşmuşdular. Artıq püşk atılmış, təqvim də tutulmuşdu. Belə vəziyyətdə «Spartak» oynamaqdan imtina etdi. Komandanın baş məşqçisi Oleq Romantsev bunun səbəbini yeni iqtisadi münasibətlərlə izah etdi, «Spartak»ın Bakı, Düşənbə, Daşkəndə getməsi üçün əlavə xərclərin mənasız olduğunu bildirdi. Bundan sonra digər Moskva klubları da «Spartak»a qoşuldu. Bu bəyanat MDB Respublikaları komandalarını çempionatdan qovmağa bərabər idi. Moskva klublarının mövqeyi bəlli olandan sonra Koloskov və ətrafı öz iddialarından əl çəkməyə məcbur oldular.

Yalnız bundan sonra futbolumuza rəhbərlik edən şəxslər müstəqil çempionatın keçirilməsinin vacibliyini başa düşdülər. Qısa müddətdə AFFA yaradıldı, ilk müstəqil milli çempionatın keçirilməsi qərara alındı.

SSRİ dağılarkən «Neftçi»nin Moskvadakı bank hesabında olan 2 milyona yaxın rubl, İqor Ponomaryovun İsveçə satışından gələn 1600 dollar vəsait ölkəmizə köçürüləndən sonra komanda onu müharibəyə yardım fonduna verdi.

İttifaq miqyaslı yarışlara hazırlaşan «Neftçi» Respublika birinciliyində oynamalı oldu. Bu fakt oyunçuların psixologiyasına təsirsiz ötüşmədi. Bəzi oyunçular bu durumla barışmayıb komandanı tərk etməyi üstün tutdular. Buna baxmayaraq, «Neftçi» heyətin özəyini qoruya bildi.

İlk çempionata 26 komanda buraxıldı. Komandalar iki yarımqrupa bölündülər. İlk mərhələdə onlar ilk altılığı müəyyənləşdirməliydilər. İkinci mərhələdə isə medalların sahibləri müəyyən edilməliydi. Ancaq «Neftçi» yarışa ilk turdan qatıla bilmədi. Buna səbəb isə ilk turdakı rəqib Bakı «İnşaatçı»sının İran səfərində olması idi. Komanda yalnız 3-cü turdan çempionata qoşuldu. «Neftçi» müstəqilliyin birinci görüşündə «Xəzər»i qəbul edirdi. Sumqayıtlıların heyətində komandamızın bir neçə keçmiş oyunçusu da çıxış etdiyindən rəqib çox güclü idi. Oyun gərginliyi ilə seçildi. Bakılılar yalnız sona 3 dəqiqə qalmış Yunis Hüseynovun penaltidən vurduğu qolla qələbə qazandılar.

Bir maraqlı məqam isə ondan ibarətdir ki, bu görüşdən sonra «Neftçi»nin futbolçusu Novruz Əzimov könüllü olaraq cəbhəyə yollandı. Hadisələri bir qədər qabaqlayıb qeyd edə bilərik ki, «Neftçi» çempion olandan sonra AFFA-nın qərarına əsasən, bir oyun keçirməsinə baxmayaraq, Novruz Əzimova qızıl medal təqdim edildi.

Bundan sonra ardıcıl 12 oyun bakılılar məğlubiyyət nə olduğunu bilmədilər. Əyalətlərdə əzəmətinə şübhə olmayan «Neftçi» superkomanda kimi heyrət doğururdu. SSRİ dönəmində uzun illər daxili çempionatda baş girləyən klublar indi Respublikanın bir nömrəli komandasına qarşı oynamalı idilər. «Neftçi»nin şan-şöhrəti psixoloji cəhətdən həmin komandaları əzirdi. «Neftçi» hətta ardıcıl 9 oyunda qapısının toxunulmazlığını da təmin edə bilmişdi.

Komandamızın qələbə seriyası 15 turadək davam etdi. Çempionatda iddiası ilə seçilən «Xəzər» flaqmanla oyuna sanki son döyüş kimi çıxmışdı. Qələbələrdən arxayınlaşan «Neftçi» milli çempionatda ilk böyükhesablı məğlubiyyətini Sumqayıtda almış oldu. Bu oyunla həm də Yunis Hüseynovun seriyası qırıldı. Ardıcıl 12 oyunda rəqib qapıçıları məyus edən kapitan bu dəfə fərqlənə bilmədi. Komandamız ilk mərhələnin sonuna qədər də məğlubiyyət acısı dadmadı. İkinci mərhələdə əvvəlki xallar hesaba alındığından «Neftçi»nin üstünlüyü açıq-aşkar idi. Bəlkə də bu üstünlüyün nəticəsindən vəzifəni əvvəldən yerinə yetirən futbolçularımız final mərhələsini bir qədər zəif keçirdi. Gəncədəki və «Qarabağ»la «ev»dəki uğursuzluqlara baxmayaraq, komandamız ilk çempionluğunu oktyabrın 24-də Respublika stadionunda rəsmiləşdirdi. Həmin gün «Turan»la qarşılaşan lider  ilk «qızıl»ına qovuşdu. Qonaqlar hesabı açsalar da, Samir Ələkbərov 42-ci dəqiqədə qızıl qolu vurdu. O, həm də «Neftçi»nin ölkə çempionatındakı 100-cü qolunun müəllifi idi. Mövsümün sonunda Samir Ələkbərov Azərbaycanın ilk müstəqil çempionatının ən yaxşı futbolçusu seçildi.

Artıq «Neftçi - çempion» sədaları altında qələbəni bayram edən komanda «Kəpəz»lə oyunda xoşagəlməz anlar yaşamalı oldu. Bütün əyarlı medalların sahibləri məlum olduğundan son turda keçirilən bu oyunun artıq heç bir əhəmiyyəti yox idi. Lakin gəncəlilər fərqli düşünürdülər. Onlar bu oyunu çox kobud keçirdiklərindən, hakim görüşü yarımçıq saxlamağa məcbur oldu. AFFA-nın qərarına əsasən, oyun təkrar keçirildi. «Neftçi» təkrar oyunda da «Kəpəz»ə qalib gələrək, əbəs yerə çempion olmadığını sübuta yetirdi.