Birlik Kubokunun qalibi

«Neftçi» MDB ölkələri çempionudur

Ötən il olduğu kimi «Neftçi» MDB ölkələri çempionlarının «Birlik Kuboku»nda Azərbaycanı təmsil etməli idi.

Turnirə hazırlığı Bakıda keçən baş məşqçi Ağasəlim Mircavadov baxışa gələn futbolçulardan bolqar Svetoslav Stefanovu bəyənərək heyətə daxil etdi. Əvəzində komandadan xaric edilən Darko Çordaş, zədəli Zaur Tağızadə ilə Rəşad Sadıqov turnirdə bizə kömək edə bilməyəcəkdi.

Qrupdakı ilk iki oyunu qələbə ilə başa vuran futbolçularımız «Aktobe» ilə heç-heçə oynayıb qrup qalibi kimi 1/4 finala yüksəldilər. Burada isə «Paxtakor»la mübarizə çətin keçdi. Tərəflərin səylərinə baxmayaraq, əsas vaxtda hesab açılmadı. Turnirin əsasnaməsinə görə, əsas vaxtdan dərhal sonra penalti zərbələri yerinə yetirildi. Futbolçularımız bu seriyada dəqiq olsalar da, özbək futbolçulardan ikisinin zərbəsini turniri yüksək səviyyədə keçirən Miçoviç dəf etdi. Sonuncu penaltini yerinə yetirməli olan qapıçının zərbəsinə ehtiyac olmadı.

Yarımfinalda «Neftçi» ötən il məğlub etdiyi «Pünik»lə oynamalı idi. Amma yarımfinala bir gün qalmış ermənilərin Moskvanı tərk etdikləri məlum oldu. Futbolçularımızın qarşısına çıxmaqdan qorxan ermənilər gecəylə oteldən çıxaraq Yerevana qaçmışdılar. Buna görə də «Neftçi» ikinci il ardıcıl olaraq finala yüksəldi.

Olduqca maraqlı keçən final oyununda «Kaunas» hesabı açsa da, futbolçularımız özlərini itirmədilər. Altı mindən çox soydaşımızın dəstəyi ilə irəli atılan komandamız nümayiş etdirdiyi gözəl oyun nəticəsində Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq «Birlik Kuboku»nu qazandı.

Bakıda aeroportdan şəhərədək düzülmüş azarkeşlər futbolçularımzı qəhrəman kimi qarşıladılar. Komanda üzvlərini qəbul edən ölkə başçısı İlham Əliyev bu qələbəyə görə təşəkkür edərək, futbolçularımızın bir il əvvəl kuboku qazanacaqları haqda verdikləri sözə əməl etdiklərinə görə minnətdarlığını bildirdi.