Rəşad Eyubov: "Mən nə Messi, nə Ronaldoyam, amma..." | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Rəşad Eyubov:

Rəşad Eyubov: "Mən nə Messi, nə Ronaldoyam, amma..."

"Neftçi” PFK-nın yarımmüdafiəçisi Rəşad Eyubov klubun rəsmi saytına müsahibə verib. Yeni mövsümə hazırlıqla bağlı danışan 25 yaşlı futbolçu ən güclü tərəfinin mübarizlik olduğunu bildirib.


- Topaz Premyer Liqasının ilk turuna hazırlaşırsız. Əhval-ruhiyyə necədir?

- Hər şey yaxşıdır. Mövsümün əvvəli olduğu üçün məşqlər bir qədər çətin keçir. Amma ən ağır yükləmələr artıq geridə qalıb. Buna görə də bir az rahat nəfəs ala bilərik.


- Demək olar ki, "Uypeşt”ə məğlubiyyət yavaş-yavaş unudulur?

- Yaxşı oyunları tez unutmaq lazımdır, pis oyunları isə daha tez. Əlbəttə, bu matçı tam yaddan çıxarmaq mümkün deyil. Biz həmin oyunu təhlil etdik, öz səhvlərimizi gördük. Söhbət həm fərdi, həm də komanda səhvlərindən gedir.


- Təhlilin nəticələri barədə nə deyə bilərsiz?

- Qoy, bunlar komandanın daxilində qalsın. Bəzi şeylər var ki, onları kiçik sirr kimi saxlamaq lazımdır.


- "Neftçi” ilk turda keçmiş komandan "Sumqayıt”la qarşılaşacaq. Bu görüş sənin üçün xüsusi bir önəm daşıyırmı?

- "Sumqayıt”da keçirdiyim vaxta görə o kluba həmişə minnətdar olacam. Amma indi "Neftçi”nin futbolçusuyam və bu komandanın uğurları üçün vuruşacam.


- Macarıstandakı uğursuzluğu ancaq çempionluq unutdura bilər?

- Bilirsiz, gözəl şüarlar mənim də xoşuma gəlir, amma gəlin realist olaq. Biz hər bir oyunu düşünməliyik. Qarşımızda "Sumqayıt” səfəri var. Deməli, hazırda ən vacib məsələ onlara qalib gəlməkdir. Sonra növbəti oyunu fikirləşmək və yavaş-yavaş öz məqsədinə çatmaq lazımdır. Mövsümün sonunda nə olacağını isə indidən demək düz olmaz.


- Ampluanız "Neftçi”nin ən rəqabətli mövqelərindən biri olduğu üçün transferiniz bəziləri tərəfindən birmənalı qarşılanmadı. Düzdür, milli komandaya çağırıldığınızı vurğulayıb, sizin yaxşı futbolçu olduğunuzu deyənlər də vardı. Amma bəziləri hesab edirdi ki, Rəşad Eyubov "Neftçi”də özünü göstərə bilməz. Rəqabətə hazırsızmı?

- Mən rəqabətdən nəinki çəkinirəm, hətta rəqabəti xoşlayıram. Əvvəla, rəqabət öz üzərində daha çox işləməyə məcbur edir. İkincisi, təvazökarlıqdan uzaq olsa da, ötən mövsüm öz mövqeyimdə ən yaxşılardan idim. Milliyə çağırıldım, "Neftçi”yə dəvət olundum. Bəli, mən nə Messi, nə Ronaldoyam, hər oyunda 3-4 qol vurmayacam, amma məşqçilərə də, azarkeşlərə də söz verirəm ki, hər top uğrunda mübarizə aparacam. Ən güclü tərəfim mübarizlikdir. Qalan şeylərlə bağlı isə məşqçi heyəti qərar verəcək.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


No To Racism