Tural Axundov: "Karyeramda ilk dəfə bir oyunda iki qol ötürməsi verdim" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Tural Axundov:

Tural Axundov: "Karyeramda ilk dəfə bir oyunda iki qol ötürməsi verdim"

Topaz Premyer Liqasnın "Sumqayıt”a qarşı keçirilmiş ilk tur oyununda meydanda ən fəallardan biri Tural Axundov idi. İki məhsuldar ötürmə ilə nəticəyə təsir göstərən müdafiəçi klubun rəsmi saytına müsahibə verib. O, "Qəbələ” ilə matçın "Dalğa Arena”da keçiriləcəyinə baxamayaraq, azarkeşlərin komandanı həmişəki kimi dəstəkləyəcəyinə inandığını bildirib.


- "Sumqayıt”la oyundan sonra iki gün istirahət etdiniz. Artıq növbəti matça hazırlaşırsız. Əvvəlcə şənbə günü keçirilmiş görüşə nəzər salaq.

- Oyun bizim üçün çətin alınsa da, əsas qələbə qazanmaq idi. Şadam ki, buna nail olduq.


- Düzdür, üç xal qazana bildik, amma komandanın göstərdiyi oyun heç də birmənalı təsir bağışlamadı.

- Razıyam. Bunu həm biz futbolçular, həm də məşqçi deyir. Fikrimcə, səbəb psixoloji vəziyyətimizlə bağlı deyil. Ola bilsin, kimdəsə start həyəcanı oldu. Yenə deyirəm, əsas odur ki, məqsədimizə çatıb 3 xalı əldə etdik. Oyunumuzu getdikcə yaxşılaşdıracağıq.


- İki fərqli mövqedə çıxış etdiniz. Matça müdafiənin sağ cinahında başlasanız da, sonradan dayaq yarımmüdafiəçi zonasına göndərildiniz. Hansı mövqe sizin üçün daha rahatdır?

- Təbii ki, cinahda oynamaq daha rahatdır. Amma müasir futbolda hər bir futbolçu istənilən mövqedə oynamağa hazır olmalıdır. Zəmanə bunu tələb edir.


- Hesabınıza iki məhsuldar ötürmə yazdırdınız...

- Bəli, karyeramda ilk dəfə bir oyunda iki qol ötürməsi verdim. Əla bir hissdir. Hər futbolçu qol vurmaq istəsə də, həlledici ötürməni verməyin xüsusi bir ləzzəti var.


- "Qəbələ”yə qarşı oyundan nə gözləyə bilərik?

- Meydana qələbə üçün çıxacağıq. Topaz Premyer Liqasında ilk ev oyunumuz olacaq. Düzdür, görüşün "Bakcell Arena”da yox, Mərdəkanda – "Dalğa Arena”da keçiriləcəyi bəlkə də azarkeşlərin sayına mənfi təsir edəcək. Bununla belə, inanıram ki, azarkeşlərimiz bizi həmişəki kimi dəstəkləyəcək. Biz onlara, onlar isə bizə inanmalıdır.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


No To Racism