"Neftçi" PFK ilə "Buta Qlobal Enerji Tekstil" arasında əməkdaşlıq müqaviləsi bağlandı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" PFK ilə "Buta Qlobal Enerji Tekstil" arasında əməkdaşlıq müqaviləsi bağlandı

"Neftçi” Peşəkar Futbol Klubunu dəstəkləyən şirkətlər arasına daha biri daxil olub. Ölkə futbolunun flaqmanı "Buta Qlobal Enerji Tekstil” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Bu gün "Bakcell Arena”da keçirilən tədbirdə "Neftçi” PFK-nın prezidenti Kamran Quliyev, "Buta Qlobal Enerji Tekstil”in baş direktoru Muhterem Ermez, PR menecer Səməd Nəsibov, komandamızın üzvləri – Rəhman Hacıyev, Namik Ələskərov, Dario Frederiko, Aqil Məmmədov, Tural Axundov, Turan Vəlizadə, digər rəsmi şəxslər və mətbuat nümayəndələri iştirak ediblər. Tərəflər 2 illik müqaviləyə imza atıblar. Razılaşmaya əsasən, "Buta Qlobal Enerji Tekstil” "Neftçi” PFK-nın əsas komandasının geyim tərəfdaşı olacaq.


Kamran Quliyev tədbirdə çıxışı zamanı bu tərəfdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirib: "Yaxşı ki, bu tədbiri qələbədən sonra həyata keçiririk. "Neftçi”ni tanıtmağa ehtiyac yoxdur, ən köklü və ən çox azarkeşə malik klubdur. Bilirik ki, qardaş Türkiyədə "böyük dördlük” varsa, "Neftçi” həmişə ölkəmizin təmsilçilərinin başında olub. Bəzi təşkilatlar özləri maraqlıdır ki, bizimlə işbirliyi qursun. "Sarar” markası uzun illərdir tanınmış bir markadır, brenddir. Türkiyəyə gedərkən də buna şahid olmuşam. Təbii ki, "Neftçi” hər bri brendlə işləyə bilməz. Amma "Sarar” adına, işinə, səviyyəsinə görə "Neftçi”nin çox yaxşı, uzunmüddətli tərəfdaşı ola bilər. Fürsətdən istifadə edərək bu şirkətə təşəkkürümüzü bildirir, "Neftçi” ailəsinə "xoş gəlmisən” deyirik. Türkiyə milli komandasına isə AVRO-2020-də uğurlar arzulayıram”.


Sonra söz "Buta Qlobal Enerji Tekstil”in baş direktoru Muhterem Ermezə verilib: "Buraya gəlmək səbəbimiz "Neftçi”dir. Onların rənglərinə aşiqik. Türkiyədə "Beşiktaş”a azarkeşlik edirik. Bizdə rəngli olmur, sadəcə, ağ və qara olur. Buta Global” olaraq Azərbaycan və Türkiyədə 2012-ci ildən fəaliyyət göstəririk. Enerji və tekstil sahələrindəyik. Bizə bu fürsəti yaradan hər kəsə təşəkkür edirəm. Tekstil və telekommunikasiya sahəsində öncüllərdən biriyik. Bundan sonra ölkənin böyük klublarından birində geyim sponsoru olacağıq. Çox qürurluyuq. İnanıram ki, klub Avropada və dünyada səs gətirəcək nəticələrə imza atacaq. Biz hər zaman dəstəyimizi verəcəyik”.


Qeyd edək ki, "Buta Qlobal Enerji Tekstil” 2012-ci ildə İstanbulda yaradılıb. Tekstil və enerji sahəsində məhsul istehsalı ilə məşğul olan şirkət yarandığı gündən Azərbaycanda da fəaliyyət göstərir. Hazırda bir çox dövlət qurumlarının rəsmi geyimlərini təşkil edən şirkət telekominikasiya sahəsində bir çox dövlət layihələrinin təchizatçısıdır.
Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta