"Neftçi" PFK-nın məlumatı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" PFK-nın məlumatı

"Neftçi" PFK-nın məlumatı

"Neftçi” PFK olaraq ictimaiyyətə məlumat vermək istəyirik ki, uzun müddətdir klub, rəhbərlik və futbolçular haqqında www.sportinfo.az saytında qərəzli olaraq həqiqətə uyğun olmayan, jurnalistikanın etik qaydalarına sığmayan davamlı qarayaxma kampaniyası aparılır. Milyonlarla insanın sevimlisi, Azərbaycan futbolunun flaqmanı "Neftçi” PFK haqqında həqiqəti əks etdirməyən, tənqidlə təhqirin səhv salındığı bu cür informasiyaların yazılması və yayılması yolverilməzdir və bu, klubu sevənlərə qarşı böyük hörmətsizlikdir.


Bununla əlaqədar olaraq, baxılması üçün "Neftçi” PFK Azərbaycan İdman Jurnalistləri Federasiyasına (AİJF) 28 aprel 2020-ci ildə rəsmi müraciət edib. 1 may 2020-ci il tarixində AİJF-nin İdarə Heyətinin iclasında müraciətə baxılmış və saytın "Neftçi” PFK ətrafında apardığı qarayaxma kampaniyası, klub rəhbərliyi və üzvlərini təhqir edən yazıların dərc etməsi qeyri-etik sayılmış və belə hallara son qoymağı tövsiyə edən bəyanat yayılmışdır.


Bəyanatın tam mətni: http://sportsmedia.az/news.php?id=1530&lang=az


Azərbaycan İdman Jurnalistləri Federasiyasına müraciətimizə operativ şəkildə baxdığına və obyektiv qərar verdiyinə görə təşəkkür edirik.


"Neftçi” PFK olaraq bildiririk ki, klub olaraq daima jurnalistlərin fəaliyyətinə hörmətlə yanaşmış, onları bu cür çətin və məsuliyyətli işdə dəstəkləmişik. İstənilən qərəzsiz tənqidini müsbət qarşılamış və mediaya daima açıq mövqe göstərməklə jurnalistlərin ictimaiyyətə klubumuz haqqında doğru, dürüst informasiyaların çatdırmasına yardım etmişik. "Neftçi” PFK adından hazırda işini şərəflə, dürüst, jurnalistikanın etik qaydalarından kənara çıxmayaraq, insanların şəxsi həyatına toxunmadan, təhqir etmədən görən media nümayəndələrinə bir daha minnətdarlığımızı bildiririk.


Qeyd etmək istəyirik ki, yuxarıda adı qeyd olunan sayt və onun rəhbərliyi müxtəlif variantlarla klubumuza qarşı qarayaxma kampaniyasını, klub rəhbərliyini və üzvlərini təhqir edən yazıları dərc etməyə davam edir. Klubumuzun imicinə xələl gətirən bu və digər fəaliyyətlərə qarşı növbəti addımları atacaq və bu barədə ictimaiyyətə məlumat verəcəyik.
Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta