
AFFA tərəfindən inşa edilmiş "8-ci km stadionu" 2012-ci il sentyabrın 14-də rəsmi olaraq açılıb. Tikinti işlərinə 2010-cu ilin mayında başlanılıb. Ümumi ərazisi 22500 kvadratmetr olan stadion beynəlxalq standartlara cavab verən müasir avadanlıqla təchiz edilib. Stadion Bakı şəhərinin Nizami rayonunun 8-ci kilometr qəsəbəsində yerləşir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva stadionun açılış mərasimində iştirak ediblər.
Bu stadion FIFA U-17 qadınlararası dünya çempionatının, U-17 Avropa çempionatının, Dünya çempionatının təsnifat mərhələsinin, Çempionlar Liqasının təsnifat mərhələsinin, Avropa Liqasının təsnifat və qrup mərhələsinin, Avropa çempionatının seçmə mərhələsinin və digər turnirlərin oyunlarını qəbul edib. "Bakcell Arena" UEFA-nın təsnifatına görə 4-cü kateqoriyalı stadiondur.
2012-ci ildə FIFA U-17 qadınlararası dünya çempionatı bitəndən sonra AFFA ilə "Neftçi" PFK arasındakı qarşılıqlı razılıq əsasında komandamızın ixtiyarına verilib. Komandamız bu stadionda ilk oyununu ölkə çempionatının 2012/2013-cü il mövsümünün 13-cu turunda "Sumqayıt"a qarşı keçirib.
Əməkdaşlıq müqaviləsi
"8-ci km stadionu"nun adı AFFA və "Bakcell" şirkəti arasında bağlanmış müqaviləyə əsasən "Bakcell Arena" olub. Bu məqsədlə 22 fevral 2013–cü il tarixində "Bakcell"in ofisində müqavilə imzalanıb. Müqaviləni "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer və AFFA-nın baş katibi Elxan Məmmədov imzalayıb. 23 fevral 2013-cü ildə AFFA tərəfindən inşa edilmiş "8-ci km stadionu"nda "Bakcell Arena"nın adını əks etdirən lövhənin açılış mərasimi keçirilib. Mərasimdə AFFA-nın prezidenti Rövnəq Abdullayev və "Bakcell"in baş icraçı direktoru Riçard Şirer iştirak edib.
VİP tribuna və stadionun azarkeş tutumu
“Bakcell Arena” ümumi, media və VIP olmaqla 3 giriş hissədən və 5 sektordan ibarətdir. 11 min tamaşaçı yeri olan stadionun VIP tribunasında 908 nəfərlik oturacaq nəzərdə tutulub. Tribunada ailəvi baxış və 17 skayboks VİP, tribunanın alt hissəsində komandaların istifadəsi üçün dörd paltardəyişmə, məşqçilər, hakimlər, həkimlər, mətbuat nümayəndələri üçün otaqlar və konfrans zalları, dopinq-nəzarət və digər otaqlar yerləşir. Stadionun 400 avtomobil tutumu olan dayanacağı var.
Skaybokslar
Stadionda qonaqların yerləşdirilməsi üçün 17 skayboks VİP fəaliyyət göstərir. Burada həmçinin komandanın əsas sponsoru "Türk Hava Yolları"na məxsus "Turkish Airliness Lounge" də var. Stadionun 2-ci mərtəbəsində yerləşən hər bir skyboksun girişi ayrıdır və sektorlara girişlərdən fərqlidir.
Media tribunası və mətbuat konfransı zalı
"Bakcell Arena"da media nümayəndələri üçün hər cür şərait yaradılıb. Stadion ərazisinə onlar üçün nəzərdə tutulmuş xüsusi girişdən daxil olurlar. Mətbuat konfransı və media iş otağı 1-ci mərtəbədə yerləşiir. 3-cü mərtəbədə yerləşən Media tribunasına da onlar üçün xüsusi ayrılmış girişdən qalxırlar. Oyun ərzində kompüter qarşısında qeydlər götürən jurlanistlər üçün xüsusi masalar nəzərdə tutulub. Həmin tribunada 18 TV və radio kanalları üçün şərh yerləri var.
“Bakcell Arena” Bakı şəhəri, Cəmşid Naxçıvanski küçəsi 54 ünvanında yerləşir.