Səməd Mühit oğlu Qurbanov 1953-cü il iyulun 10-da Qazax şəhərində anadan olub.
"Neftçi”nin heyətində SSRİ çempionatlarında 361 dəfə meydana çıxıb ki, bu göstəriciyə görə komandanın tarixində onu ancaq Sergey Kramarenko və Əsgər Abdullayev qabaqlayır.
Oyunçu
karyerasını yalnız "Neftçi”də keçirən azsaylı oyunçulardandır. Komandanın heyətində
ilk oyuna 1972-ci ildə çıxıb. 19 yaşlı Qurbanov qısa zamanda əsas heyət
oyunçusuna çevrilib, yüksək sürətinə görə azarkeşlər tərəfindən "Jiquli” ləqəbini
qazanıb. SSRİ ikinci və olimpiya yığmasına dəfələrlə çağırılan Qurbanov, 1981-ci
ildə tərtib edilən Azərbaycanın bütün dövrlər ərzində 33 ən yaxşı futbolçusunun
siyahısında yer alıb, 1983-cü ildə isə "Futbol-Hokkey" həftəliyinin
SSRİ-nin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi sorğuda
"Neftçi”nin səs alan yeganə futbolçusudur.
Oyunçu karyerasını 1984-cü ildə bitirib. Səməd Qurbanov "Neftçi”ni SSRİ
çempionatının həm yüksək, həm də birinci liqasında təmsil edirdi, ölkənin digər
klublarından gələn təkliflərə baxmayaraq, komandaya sadiq qalmışdı.
31 mart 2015-ci ildən "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının
üzvüdür.