PwC | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

PwC

2016-cı il yanvarın 12-də "Neftçi” Peşəkar Futbol Klubu dünyanın aparıcı peşəkar xidmət şirkəti olan PwC (PricewaterhouseCoopers) ilə əməkdaşlıq çərçivəsində müqavilə imzalayıb.

Dünyanın məşhur audit və konsaltinq şirkəti olan PwC "Neftçi” PFK-ya müstəqil auditor xidməti göstərməklə yekun maliyyə hesabatını yoxlayacaq.

Bununla klub səhmlərini satışa çıxarmaq istiqamətində vacib addım atmış olacaq. Yekun hesabatda klubun büdcəsi, maliyyə xərcləri və dəqiq rəqəmlər öz əksini tapacaq. Bu maliyyə şəffaflığının təmin edilməsi və gələcəkdə sponsorların cəlb edilməsində mühüm rol oynayacaq. Müstəqil auditor şirkətinin rəyi əsasında hazırlanmış yekun hesabat sayəsində iqtisadi münasibətlərin sağlam inkişafı üçün zəmin yaranacaq.

Müqavilə "Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədov və "PwC Azerbaijan" şirkətinin idarəedici partnyoru Mövlam Paşayev tərəfindən imzalanıb. Tədbirdə "Neftçi” PFK-nın əməkdaşları da iştirak edib və PwC şirkətinin iş prosesi ilə tanış olub, onlara şirkətin fəaliyyət göstərdiyi sahələrlə bağlı geniş məlumat verilib.

Qeyd edək ki, PwC – dünyada peşəkar xidmətlər göstərən ən böyük şəbəkələrdən biridir. Bu günkü PwC şəbəkəsi 1998-ci ildə hər ikisi Londonda yerləşən "Price Waterhouse” və "Coopers & Lybrand” şirkətlərinin birləşməsi nəticəsində yaranıb. "PwC Qlobal” şəbəkəsi 157 ölkədə fəaliyyət göstərir və əməkdaşlarının ümumi sayı 208109 nəfərdir. PwC audit, vergi, hüquq və məsləhət xidmətləri sahəsində keyfiyyəti təmin etməklə yanaşı, şirkətlərə və insanlara qazanmaq istədikləri dəyəri yaratmağa kömək edir. Şirkətin müştəri portfelinə yeni və inkişaf etməkdə olan müəssisələrlə yanaşı dünyanın aparıcı özəl şirkətləri, dövlət müəssisələri və qeyri-hökumət təşkilatları daxildir.

Azərbaycanda 1995-ci ildə cəmi 10 nəfərlə fəaliyyətə başlamış PricewaterhouseCoopers son 20 il ərzində yerli iqtisadiyyata və biznes mühitinə əhəmiyyətli dərəcədə investisiyalar qoyub. Şirkət bu ənənəsini davam etdirir. Hal-hazırda şirkətin Azərbaycan ofisində dünyanın 6 ölkəsindən 100 nəfərə qədər mütəxəssis çalışır. PwC Azərbaycan PwC Qlobal şəbəkəsinin 150 ildən artıq təcrübəsi, misilsiz bilik və praktiki səriştəsindən faydalanmaları üçün biznes təşkilatlarına, dövlət idarələrinə və özəl şirkətlərə xidmətlər göstərir.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism