1937-1940 | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

1937-1940

  • 1937

    1936-37-ci illər müxtəlif sənaye təşkilatlarının nəzdində idman, futbol komandalarının yaranması ilə əlamətdar oldu. Bakıda futbol komandası olmayan zavod, fabrik tapmaq çətin idi. Belə bir vaxtda ölkədə xüsusi çəkiyə malik olan neft sənayesini yalnız ayrı-ayrı idarələrin komandaları təmsil edirdilər. Buna görə SSRİ Neft Sənayesi Nazirliyi Neftçilərin Həmkarlar İttifaqının nəzdində könüllü idman cəmiyyəti və futbol komandası yaratmaq haqda qərar çıxardı. 1937-ci ilin əvvəlindən isə «Neftyanik» Könüllü İdman Cəmiyyəti həyata vəsiqə aldı. Neft Sənayesi Nazirliyi Moskvada yerləşdiyindən bütün sənədləşmə işləri rusca aparılmışdı, buna görə də cəmiyyətin adı rusca «Neftyanik» adlandı. 




    Beləcə, «Neftyanik» Könüllü İdman Cəmiyyətini Bakıda ayrı-ayrılıqda fəaliyyət göstərən neftçıxarma idarələrinin əsasında yaratmaq qərara alındı. Bu iki səbəblə bağlıydı. Birincisi, SSRİ-də ilk dəfə olaraq Neftçilərin Həmkarlar İttifaqı 1906-cı ildə Bakıda yaranmışdı. İndi də Ümumrusiya Neftçilərinin Həmkarlar İttifaqının tarixi həmin ildən hesablanır və bütün sənədlərdə bu təşkilatın Bakıda yarandığı qeyd olunur: «Neft sənayesində və onun istehsalında çalışan geniş Bakı fəhlələri təbəqəsinin qarşısında ittifaq yaradılması məsələsi qaldırılmışdı. Bakı şəhər rəisinin imzası ilə, Bakı şəhəri və onun rayonlarının Neft sənayesi fəhlələri ittifaqının yaradılması günü 7 noyabr 1906-cı il hesab olunur. Həmin vaxt 7 noyabr 1906-cı il tarixində Bakı quberniyasının cəmiyyətlər üzrə idarəsi ittifaqın nizamnaməsini təsdiq etdi. Neft sənayesi fəhlələri ittifaqının fəaliyyətinin ilk günündən o fəhlələrin maraqlarının müdafiəsində duraraq iqtisadi və hüquqi vəziyyətlərinin yaxşılaşması üçün kütləvi çıxışlarını təşkil edərək birliyin vəhdətini yaratmağa istiqamət götürmüşdülər. Neft sənayeçiləri çar mütləqiyyəti ilə mübarizə aparmaq məcburiyyətində qalırdılar. İttifaq bir neçə il ərzində Bakıda bilavasitə fəhlə hərakatına rəhbərlik edərək inkişaf etmiş, qüdrətli və möhkəm təşkilata çevrilmişdi».





    Elə buna görə də, Neftçilərin Həmkarlar İttifaqının Könüllü İdman Cəmiyyətinin Bakıda yaranması heç kimdə qısqanclıq yaratmadı. Digər tərəfdən, neftçilərə məxsus ən güclü idman qrupları və futbol komandaları da təbii ki, Bakıda fəaliyyət göstərirdi. Bu iki səbəb rəsmi adı SSRİ Neft Sənayesi İşçilərinin Həmkarlar İttifaqının «Neftyanik» Könüllü İdman Cəmiyyəti olan təşkilatın 1937-ci ildə Bakıda fəaliyyətə başlamasına səbəb oldu. Həmin illərdə ittifaqda futbol daha populyar olduğundan əsas diqqət məhz bu sahəyə yönəldi. Digər idman növlərindən fərqli olaraq, futbol komandasını yaratmaq üzərində çox baş sındırmaq lazım olmadı. Əvvəllər «Balaxanı Futbolçular Dərnəyi» və «Proqress» adları ilə fəaliyyət göstərmiş Lenin (indiki Sabunçu) rayonunun «Leninneft» neftçıxarma idarəsinin komandası neftçilərə məxsus ən güclü komanda olduğundan bu komanda baza seçildi. Əslində «Neftyanik»in yaranma tarixi sələflərinin yaranma tarixindən hesablanmalı və daha əvvəldən götürülməli idi. Amma Leninneftin futbol komandası «Neftyanik»ə verilsə də, sonradan bu təşkilat artıq gəncləri toplayaraq öz komandasını bərpa etdi. Başqa sözlə, «Leninneft»in fəaliyyətini davam etdirməsi onların adının «Neftyanik»ə dəyişməsi faktını sanki yarımçıq qoydu və «Neftyanik» sadəcə «Leninneft»də oynamış futbolçulardan yeni təşkil olunmuş komanda kimi qeydə alındı. «Neftyanik» cəmiyyətinin ilk komandası Bakıda yarandıqdan sonra Qroznıda, Krasnodarda və başqa şəhərlərdə «Neftyanik» adlı komandalar meydana gəlsə də, SSRİ neft sənayesinin əsas komandası Bakı təmsilçisi idi.

    Komandamız haqda ilk məlumat «Azərbaycan Bədən tərbiyəçisi» qəzetinin 21 mart 1937-ci il tarixli nömrəsində verildi. Həmin nömrədə komandanın ilk heyətinin üzvlərinin soyadları verilmişdi: Cəfərov, İsmayılov, Rıjov, Vıbornov, Nexoroşev, Nifontov, Abramov, N.Kuznetsov, Liskunov, Mironov, Ştırlin, V.Kuznetsov, Makaqonov, Krasilnikov, Sidorenko. Bunların əksəriyyəti vaxtilə «Leninneft»də oynamış futbolçular idi. Elə həmin nömrədə komandanın ilk kapitanı Məmmədəli İsmayılovun futbol mövsümü haqda fikirləri də dərc olunmuşdu: «Bizim komanda Lenin mədən sənayeçiləri bədən tərbiyəsi kollektivi nəzdində, əsasən gənclərdən təşkil olunub. Bir neçə təcrübəli oyunçuyla gücləndirildikdən sonra biz çıxış etməli olduğumuz Ümumittifaq yarışlarında yaxşı nəticələr əldə edə bilərik. «Tərəqqi» komandasının şanlı ənənəsi olan kollektiv oyun bizim gənclər tərəfindən yaxşı mənimsənilib ki, bunun da bizə çox xeyri dəyə bilər». Kapitanın bu sözləri də «Neftyanik»in Leninneftin bazasında yaranması faktını təsdiqləyir. Onu da qeyd edək ki, respublika daxilindəki yarışlarda «Neftyanik»in Lenin rayonuna məxsus olduğunu göstərən qeydlərə rast gəlinir.


    Komanda futbol mövsümünə səylə hazırlaşırdı. 1937-ci ildə SSRİ çempionatı A, B, V, Q qruplarında keçirilirdi. Respublikamızı B qrupunda «Temp», sonuncu - «Q» qrupunda isə «Dinamo» və «Neftyanik» təmsil edirdi.


    «Neftyanik» Ümumittifaq yarışlarına SSRİ kubokundan qoşuldu. Komandamızı yarışlara oynayan məşqçi A.Qnezdov hazırlaşdırırdı. Onlar mayın 24-də Bakıda Yerevan «Dinamo»çularını SSRİ kuboku çərçivəsində 1/64 final mərhələsində qəbul etdilər. Prinsipial keçən oyunda «Neftyanik» Pavel Ştırlinin son dəqiqələrdə vurduğu qolun sayəsində növbəti mərhələyə adladı. Bu, bakılıların rəsmi yarışlarda SSRİ məkanında vurduğu ilk qolu oldu. Komanda növbəti səddi də uğurla keçdi. «Neftyanik» Batumidə yerli dinamoçuları məğlub edə bildi. Bununla da iki «Dinamo» komandasını yarışdan kənarlaşdıran «Neftyanik» 1/16 finalda növbəti «Dinamo»da «ilişdi». Bakılılar Tbilisidə yerli dinamoçulardan ilk məğlubiyyətlərini almaqla kubok yarışlarına son qoymalı oldular.

    Kubokda yaxşı təsir bağışlayan «Neftyanik» çempionata çox pis başladı. İyulun 18-də Stalinqradda ilk görüşünə çıxan komanda ardıcıl dörd səfər oyununda məğlub oldu. İlk üç görüşdə rəqib qapısına yol tapa bilməyən bakılılar yalnız Konstantinovka şəhərində baş tutan dördüncü oyunda Qnezdovun qolu sayəsində bunu bacardı. Bu, «Neftyanik»in SSRİ çempionatlarında ilk qolu idi. Komanda 4 səfər qarşılaşmasından sonra ardıcıl 3 oyunu doğma azarkeşlər qarşısında keçirdi. İlk oyunda mübariz heç-heçə edən bakılılar ardıcıl iki məğlubiyyətlə üzləşdilər, ilk qələbələrini isə yalnız sentyabrın 1-də Yerevanda qazana bildilər. Bu qələbəyə baxmayaraq, komandanın debütü uğursuz sayılırdı. Son oyununda «Dinamo» (Bakı) ilə ilk Azərbaycan derbisinə çıxan «Neftyanik» bu mücadilədən də məğlub ayrıldı. Bakılılar öz zonasında yalnız Yerevan «Spartak»ını qabaqlayaraq 11-ci yerlə kifayətlənməli oldular.

  • 1938

    Debütü uğursuz alınan komanda növbəti ildə respublikadaxili yarışlarda iştirak etdi. Buna səbəb isə SSRİ çempionatındakı dəyişiklik oldu. 4-cü çempionat yalnız bir qrupda 26 komandanın iştirakı ilə keçirildi. Çempionat «Ustalardan ibarət nümunəvi futbol komandaları»nın yarışı adlandı. Bu çempionatda respublikamızı yalnız «Temp» təmsil edirdi. «Neftyanik» isə təkcə SSRİ kubokunda mübarizə apardı. Həmin il ilk mərhələdə 19 zona təşkil edilmişdi. Azərbaycan komandaları XI Bakı zonasında yarışırdılar.


    İyulun 9-da komandamız «Dinamo» stadionunda «Vodnik»lə qarşılaşdı. «Neftçilər» elə bir ciddi müqavimətə rast gəlməyərək rəqibini dörd dəfə cəzalandırdı. Zonanın final yarışında isə «Neftyanik» Bakı dəmiryolçuları ilə qarşılaşdı. «Lokomotiv» o dövrdə Bakıda güclü komandalardan biri sayılırdı. Oyunun qalibi SSRİ kubokunun əsas mərhələsinə keçməliydi. Gərginliyi ilə seçilən matçın əsas vaxtında komandalar hərəyə bir top vura bildilər. Əlavə vaxtda isə «Lokomotiv» hesabda irəli çıxdı. Ancaq qaranlıq düşdüyündən, oyun yarımçıq qaldı. Ertəsi gün komandalar yenidən meydana çıxdılar. Komandaların heç biri məğlub olmaq istəmirdi. İlk yarıda «dəmiryolçu» Qudkov hesabı açsa da, tezliklə Perevezentsev hesabı bərabərləşdirdi. İkinci hissə «Neftyanik» üçün uğurlu alınmadı. Əvvəlcə Busalayev qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətə saldı. Sonra isə hücumun qarşısını alarkən rəqiblə toqquşan qapıçı Məmmədov zədələnərək oyunu davam etdirə bilmədi. Üstəlik, hakim Kotikov «Neftyanik»in qapısına penalti təyin etdi. Məcburiyyətdən qapıda dayanmalı olan müdafiəçi Naum Naumtsev penaltini dəf edə bilmədi. Bütün qüvvəsini səfərbər etsə də, «Neftyanik» azlıqda qaldığından, oyunu istədiyi məcraya çevirməyi bacarmadı və «Lokomotiv» görüşün sonunda daha bir qol vurdu.


    Bundan sonra «Neftyanik» Bakı və Respublika çempionatlarında iştirak etsə də, elə bir uğura imza ata bilmədi.

  • 1939

    SSRİ futbol federasiyasının islahatlarından sonra Ümumittifaq yarışlardan kənarda qalan Bakı neftçiləri daxili çempionatda çıxışlarını davam etdirdilər. 1939-cu ildə yenidən SSRİ birinciliyi iki qrupda keçirildi. Respublikamızdan bu çempionatda yalnız «Temp» komandası iştirak edirdi. Belədə «Neftyanik» yenidən daxili birinciliklərdə yarışmalı oldu. Komandanı yarışlara o dövrün tanınmış futbolçusu Konstantin Kuznetsov hazırlaşdırırdı. O, «Neftyanik»in baş məşqçisi idi.


    «Neftyanik» ilk olaraq Bakı çempionatında çıxış etdi. O vaxt paytaxt birinciliyi ildə iki dəfə - ilk olaraq yaz, sonra isə payız çempionatı keçirilirdi. 10 komandanın yarışdığı yaz çempionatında «Neftyanik» iki- əsas və gənclərdən təşkil edilmiş komanda ilə təmsil olundu. «Dinamo»nun da iki komanda ilə qatıldığı turnirdə «Lokomotiv», «İnşaatçı»və «Spartak» favorit sayılırdı.


    Dörd görüşü qələbə ilə başa vuran «Neftyanik» əsas rəqibləri olan «Lokomotiv» və «Dinamo» ilə oyunlarda büdrədi, «Vodnik» və «İnşaatçı»yla isə xalları yarı böldü. Bu, komandanın yalnız 3-cü yerlə kifayətlənməsinə səbəb oldu. «Neftyanik»in ikinci komandası isə rəqabətə tab gətirməyib sonuncu yeri tutdu. Paytaxtın yaz çempionu «Lokomotiv» oldu.


    Yaz çempionatından sonra komandalar Həmkarlar Təşkilatının kuboku uğrunda yarışlara qoşuldular. Burada da «Neftyanik» uğurlu çıxış edərək finaladək irəliləsə də, həlledici oyunda «Lokomotiv»ə məğlub oldu – 1:4.


    Yay mövsümündə isə «Neftyanik» Azərbaycan kuboku yarışına qoşuldu. İlkin mərhələni uğurla adlayan bakılılar final mərhələsinə çıxdılar. Burada onlar 1/4 finalda Tovuz yığmasına futbol dərsi keçdilər. Komanda əyalət təmsilçisini 11:1 hesabı ilə darmadağın edərək yarımfinala vəsiqə qazandı. Bu mərhələdə «Lokomotiv» səddini keçmək mümkün olmadı – 2:6. «Lokomotiv» finalda «Vodnik»i də məğlub edib Respublika kubokunun sahib oldu.


    Payız çempionatında paytaxt birinciliyində iştirak edən «Neftyanik» yenidən 3-cü yerlə kifayətləndi. Bu dəfə də çempion adını «Lokomotiv» qazandı. Ümumilikdə götürəndə daxili yarışlarda «Neftyanik» məhz dəmiryolçulara məğlub olaraq ondan sonrakı yerləri tuturdu.


    Lakin ilin sonunda komanda mövsümü major notlarla bitirə bildi. O vaxt SSRİ üzrə Neftçilərin Həmkarlar Təşkilatının Ümumittifaq kuboku keçirilirdi. «Neftyanik» bütün mərhələləri uğurla keçdi. Bakılılar oktyabrın 15-də keçirilən finalda Qroznı «Neftyanik»ini 6:1 hesabı ilə məğlub etdilər. Bu görüşdə Abramov dubla imza atdı.


    Bakı «Lokomotiv»i isə Zaqafqaziya zonasında seçmə mərhələni uğurla keçərək Respublikamızı SSRİ birinciliyində təmsil etmək hüququ qazandı. Bundan sonra məlum oldu ki, «Neftyanik» yenidən daxili çempionatlarda iştirak edəcək.
  • 1940

    Futbol mövsümü mart ayında başladı. Ayın 30-da «Neftyanik» Könüllü İdman Cəmiyyətinin daxili birinciliyi start götürdü. Baş məşqçisi Konstantin Kuznetsov olan və bu yarışda Bakının Lenin rayonunu təmsil edən «Neftyanik» çıxışlarını uğurla başa vurdu.


    Aprelin 23-də bakılılar paytaxtda qonaq olan Leninqrad «Dinamo»su ilə yoldaşlıq görüşü keçirdilər. Gərginliyi ilə seçilən oyunda «Neftyanik» 2:1 hesabı ilə qalib gəldi.


    «Neftçilər» mayın 18-də başlayan və 7 komandanın iştirak etdiyi Bakı birinciliyinə qatıldılar. Komanda çempionata uğurla başladı. Kitayev və Qnezdovun qolları ilə «Vodnik» məğlubiyyətə uğradıldı. «Dinamo» üzərində qələbə daha parlaq oldu. Düzdür, hərbçilər Şikinin penaltiylə vurduğu topla hesabı açdılar. Lakin hücumlarının kəsərini artıran «Neftyanik» Abramovun dublu, Qnezdov, Kitayev və Kuznetsovun qolları ilə qələbə qazandı. Sonra isə əsas rəqib «Lokomotiv» məğlub edildi – 2:0. «Cənub inşaatçısı» ilə xalları yarı böləndən (2:2) sonra, «Spartak» və AzDFİ də məğlubiyyətə uğradıldı. Nəticədə, «Neftyanik» Bakının yaz çempionu oldu.





    İyunda komanda Aşqabadda keçirilən İdman bayramına dəvət edildi. Burada bakılılar yerli «Lokomotiv»lə yoldaşlıq görüşündə qalib gəldilər – 2:1.


    İyulda start götürən Respublika kubokunun seçmə mərhələsini uğurla başa vuran «Neftyanik» final mərhələsinə vəsiqə qazandı. Komanda bu yarışda yenidən yarımfinaladək irəliləyə bildi. «Neftyanik» ilk olaraq «Cənub inşaatçısı» ilə oyunun əlavə vaxtında vurduğu qolla qələbə qazandı – 2:1. Növbəti mərhələdə həmin hesabla «Dinamo»nun ikinci komandası məğlub edildi. Lakin yarımfinalda «Spartak»a 0:2 hesabı ilə məğlub olan komandamız yarışı tərk etdi.


    «Neftyanik» avqustun 9-da yoldaşlıq görüşündə «Spartak»ı 5:1 hesabı ilə darmadağın etdi. Sentyabrda başlayan və 6 komandanın qatıldığı paytaxtın payız çempionatında «Neftyanik» uğurlu çıxış edərək mükafatçılar arasında yer tutdu.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism