1941-1950 | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

1941-1950

  • 1941-1945

    «Neftyanik» 1941-ci il futbol mövsümünü aprelin 4-də «Dinamo» ilə yoldaşlıq oyununda açdı. Gərginliyi və çoxlu sayda hücumları ilə seçilən görüşdə qapılara 8 top vuruldu. Azərbaycan futbolunun əfsanəsi, «Dinamo»çu Mirmehdi Ağayevlə «Neftyanik»in gənc hücumçusu Dobroduxin het-trikə imza atdılar. Lakin daha təcrübəli futbolçulardan təşkil olunan «Dinamo» Andriosov və Patseviçin qolları ilə qələbəni təmin etdilər.


    Bundan sonra «Neftyanik» 9 komandanın iştirak etdiyi Bakının yaz birinciliyinə qatıldı. Bu dəfə də «Neftçilər» Lenin rayonunu təmsil edirdi. «Neftyanik»in digər komandası isə Şaumyan rayonunu təmsil edirdi. Yalnız Qızıl Ordu Evi komandasına məğlub olan, digər rəqiblərinin isə hamısına qalib gələn «Neftyanik» turniri 14 xalla başa vurdu. «Dinamo» da eyni sayda xal topladığından 1-ci yer uğrunda əlavə oyun keçirilməsi qərara alındı. 1941-ci il iyunun 20-də rayon sovetinin «Neftyanik» KİC-i Lenin rayonunun stadionunda Bədən tərbiyəsi gününə həsr olunmuş böyük tədbir keçirdi. Tədbirin sonunda «Neftyanik» Xəzər Hərbi Donanması komandası ilə yoldaşlıq görüşü keçirib, 5:2 hesabı ilə qələbə qazandı. Bu hadisədən bir gün sonra Böyük Vətən müharibəsi başlandı. Bundan sonra komanda 20-25 avqust aralığında keçirilən Respublika kubokuna qoşuldu. Ancaq yarımfinalda «Spartak»a 0:2 hesabı ilə uduzaraq turnirdən kənar qaldı. Lakin Böyük Vətən müharibəsi ilə əlaqədar ölkədə vəziyyətin ağırlaşması «Dinamo» ilə Bakı çempionunu müəyyən edəcək final görüşünün keçirilməsinə mane oldu. Ümumiyyətlə, bundan sonra Respublikanın futbol həyatı bir müddət arxa plana keçdi. Hətta Respublikada yeganə idman nəşri olan «Azərbaycan Bədən tərbiyəçisi» qəzetinin çapı da dayandırıldı. İdmançıların çoxu cəbhəyə yollandı. «Neftyanik»də oynamasa da, o zaman Azərbaycan futbolunun ən parlaq siması sayılan Mirmehdi Ağayev cəbhədə həlak oldu...


    Yalnız 1943-cü ildən Respublikada futbol həyatı yenidən canlanmağa başladı. Məhz həmin il noyabrın 21-də Stalinqrad və Bakı «Dinamo»çularının görüşünü minlərlə azarkeş izlədi.


    1944-cü ildə isə artıq 70 komanda Respublika çempionatının final mərhələsinə çıxmaq üçün yarışmağa başladı. «Neftyanik» də bu yarışda iştirak edirdi. «Neftçilər» «Dinamo», «Spartak», Dzerjinski adına peşə məktəbi, «Dinamo-2» komandaları ilə mübarizə aparmalı oldular. Ancaq o vaxt güclü olan «Dinamo» ilə rəqabətə tab gətirə bilmədilər və «Dinamo» çempion oldu.


    Nəhayət, 1945-ci ildə Bakı nefti hesabına gözlənilən qələbələr gəldi. Həm neftin əvəzsiz rol oynadığı cəbhədə, həm də neftçilərin min-bir əziyyətə qatlaşdığı Bakıda. «Leninneft» trestinin nəzdində olan «Neftyanik» KİC Respublika çempionu adını qazandı.



  • 1946

    Müharibə sona çatdıqdan sonra bütün SSRİ ərazisi kimi Azərbaycanda da aktiv futbol həyatı başladı. 1946-cı il «Neftçi»nin həyatında böyük rol oynadı. Komandamız, ikinci doğum ili hesab edilən həmin ildə Azərbaycan SSRİ birinciliyinin 2-ci qrupunda iştirak etmək üçün dəvət aldı. 1945-ci ildə Ümumittifaq yarışlarında respublikamızı dinamoçular təmsil etsə də, respublika rəhbərliyinin qərarına əsasən, bu şərəfə «Neftyanik» layiq görüldü. Ola bilsin ki, bu, Böyük Vətən müharibəsində Bakı neftçilərinin əməyinə verilən qiymət idi. Bundan başqa, «Neftyanik»in 1945-ci ildə respublika çempionu olması da müəyyən rol oynamışdı. Bütün mülahizələrə rəğmən o zaman güclü olan EƏQ-dən (Ehtiyat Əmək Qüvvələri) və «Dinamo»dan bəzi futbolçularla gücləndirilmiş «Neftyanik» 9 illik fasilədən sonra yenidən 2-ci qrupun Cənub yarımqrupunda mübarizəyə qoşuldu. Bakı dinamoçuları isə daha aşağı qrupa göndərildi.


    Çempionatda uğurlu iştirak etmək üçün komandanı daha da gücləndirmək lazım idi. 1937-ci ildə SSRİ çempionatında oynamış futbolçulardan komandada yalnız dördü - ilk kapitan M.İsmayılov, V.Kuznetsov, A.Mironov və F.Nifontov qalmışdı. Bunlardan yalnız Nifontov komandasının əsas fiquru sayılırdı. İsmayılov isə artıq yaşlandığından əvvəlki oyununu göstərə bilmirdi. Digər iki futbolçu da xeyli zəifləmişdi. Belədə digər respublika komandalarına müraciət olundu. Bakı dinamoçuları A.Abramov, S.Petrosyan, Q.Qazaryan, T.Vəliyev, S.Korolyov, EƏQ-dən T.Bəhramov, V.Xlıstov, V.Karmayev, N.Urazin, əvvəllər «Temp»in şərəfini qorumuş V.İkonnikov və digər futbolçular «Neftyanik»ə keçirildilər. Cənub yarımqrupunda 13 komanda mübarizə aparırdı. Yalnız 1-ci yerin sahibi daha güclü qrupa keçəcəkdi. Komandalar 2 dövrəlik oyunlarla yarışacaqdılar. Müharibə təzə qurtardığından ölkədə iqtisadi vəziyyət çətin idi. Bunu nəzərə alan futbol funksionerləri yarış cədvəlini elə tərtib etmişdilər ki, bir komanda ardıcıl bir neçə oyunu səfərdə, sonra isə bir neçə oyunu «ev»də keçirirdi. Amma iştirakçılar ev-səfər prinsipi ilə yarışmırdılar. Püşk nəticəsində «ev»də oynayan komanda rəqibi ilə iki ardıcıl oyun keçirirdi. Komandaların daha az maliyyə xərcinə düşməsi üçün bu cür addım atılırdı. O zaman oyunlara yalnız qatarla gedildiyindən bu nüanslar nəzərə alınırdı.


    Çempionatın ilk oyunu mayın 9-na, yəni Qələbə gününə düşdüyündən Bakıdakı «Dinamo» stadionuna 5000 tamaşaçı toplaşmışdı. «Neftyanik»in azarkeşlərlə 9 illik fasilədən sonrakı görüşü uğurlu alındı. Onlar Rostov dinamoçularına böyük hesabla qalib gəldilər. Bu, komandanın çempionatlar tarixində ilk böyükhesablı qələbəsi idi. Digər bir ilkə isə Q.Qazaryan «imza atdı». O, «Neftyanik»in formasında ilk dəfə dubl edən futbolçu oldu. Komanda iki gündən sonra yenidən «Dinamo»ya qalib gəldi. Daha sonra Tbilisi hərbçilərini qəbul edən bakılılar rəqibə güclü müqavimət göstərsələr də, hər iki oyunda minimal hesabla məğlub oldular. Baxmayaraq ki, bu oyunda V.İkonnikov çempionatlar ərzində komandanın qapısına təyin edilən ilk penaltini dəf etdi. Məğlubiyyətə baxmayaraq, «Neftyanik» tez toparlanıb Moskva «Lokomotiv»inə qarşı inamla oynadı. «Ev» oyunlarından sonra «Neftyanik» 8 oyunluq Ukrayna-Moskva yay turnesinə çıxdı. Komanda artıq səfərdə də rəqiblərinə qarşı inadla oynayırdı. Buna görə də bakılılar səfərdən 3 xalla dönə bildilər. «Neftyanik» çempionatda ilk səfər qələbəsini Xarkovda «Lokomotiv» üzərində qazandı. Bu oyunda daha bir əlamətdar hadisə gələcəyin məşhur hakimi Tofiq Bəhramovun komandanın tərkibində debüt etməsi oldu. Daha sonra ardıcıl 4 oyunu Moskvada keçirən bakılılar yalnız 1 xala sevinə bildilər. Bu da səbəbsiz deyildi. Belə ki, rəqiblərdən biri Stalinin oğlu Vasilinin rəhbərlik etdiyi HHQ idi. Sonda məhz HHQ yarımqrupun qalibi oldu. Bundan sonra komanda adətən «ev»də qələbə qazanır, səfərdə məğlubiyyətlə barışırdı. Təxminən 4 ay sürən bu çempionatı «Neftyanik» üçün uğursuz saymaq düzgün olmaz. Yarışı 9-cu yerdə başa vuran komanda ortabab imici qazandı. Bakılılar hücumda pis təsir bağışlamırdılar. Bu xətdə əsas sima Y.Şaqarov idi. Lakin müdafiə xətti elə də güclü deyildi.


    Çempionatdan fərqli olaraq «Neftyanik» SSRİ kubokunda iştirak etmədi. Yarış yeni qaydalarla keçirildiyindən Azərbaycan heç bir komanda ilə təmsil olunmadı.

  • 1947

    Uzun fasilədən sonra «Neftyanik»in SSRİ çempionatındakı çıxışını uğursuz adlandırmaq olmazdı. Təcrübəli A.Şapoşnikov komandanın oyun tərzini müəyyənləşdirə bilmişdi. Lakin təcrübəsizlik bakılıların daha uğurlu çıxışına mane oldu. Azarkeşlər 1947-ci ili səbirsizliklə gözləyirdilər. Belə ki, bu il müəyyən təcrübəyə malik komandanın nəyə qadir olmağı məlum olacaqdı. Lakin mövsüm ərəfəsində komandada ciddi kadr dəyişikləri baş verdi. Baş məşqçi A.Şapoşnikov geriyə – Moskvaya qayıtdı. Onun yerinə K.Parsadonov «Neftyanik»ə baş məşqçi təyin edildi. Bakı «Dinamo»sundan gəlmiş T.Vəliyev, Q.Qazaryan, S.Korolyov öz komandalarına döndülər. Bunlardan başqa, V.Kuznetsov, İ.Dyaçkov, N.Urazin, S.Zaytsev də komandanı tərk etdilər. Onların yerinə T.Hüseynov, F.Yeroşkin, P.Klintsov, Sərdarov, Qusev və A.Markarov komandaya qəbul edildi. Məhz 1947-ci ildə sonralar nəinki Azərbaycanın, ümumiyyətlə, SSRİ futbolunun dahi futbolçularından olan Ələkbər Məmmədov «Neftyanik»də debüt etdi.




    Komanda yenə də 2-ci qrupda yarışmalı oldu. Bu dəfə bakılılar cəmi 8 komandanın çıxış etdiyi Zaqafqaziya zonasına düşdülər. Yalnız zonanın qalibi final mərhələsinə çıxa bilərdi. Çempionatın startı «Neftyanik» üçün uğurlu alındı. Komanda Bakı derbisində «Dinamo» ilə hər iki görüşü qələbə ilə başa vurdu. Ancaq Gürcüstan komandaları ilə görüşdə «Neftyanik» zəif nəticə göstərdi. Bakıda Tbilisi hərbçiləri ilə iki oyunda cəmi bir xal əldə edildi. Xüsusilə, ikinci görüş daha gərgin keçdi. İlk yarıda «Neftyanik» qapısında üç cavabsız qol gördü. İkinci hissə başlayan kimi qonaqlar daha bir dəfə fərqləndilər. Ancaq hesabın belə böyük olmasına baxmayaraq, «Neftyanik» nəinki ruhdan düşdü, hətta 4 dəqiqə ərzində hərbçilərin qapısından üç top keçirə bildi. Yalnız sonrakı hücumlardakı qeyri-dəqiqlik hesabı bərabərləşdirməyə imkan vermədi. Bundan sonra «Neftyanik» Tbilisidə yerli «Krılya Sovetov»la iki görüşdən cəmi bir xal toplaya bildi. Ardıcıl 4 oyunda qələbə qazana bilməyən komandamız turnir cədvəlindəki mövqeyini əldən verdi. Bundan sonra «neftçilərimiz» Yerevanda 4 ardıcıl oyun keçirdi. «Spartak»la hər iki oyunda qələbə qazanıldı. Bu görüşlərdə Qusev əla oyun nümayiş etdirə bildi və rəqib qapısından 4 top keçirdi. Lakin «Dinamo» ilə oyunlarda cəmi bir xal qazanıldı. Buna baxmayaraq, komandanın növbəti mərhələyə keçmək şansı xeyli artdı. Özü də son dörd görüşü «Neftyanik» doğma şəhərdə keçirməli idi. Ancaq doğma divarlar arasında «Lokomotiv» (Tbilisi) və «Dinamo»ya (Rostov) məğlubiyyət hər şeyin üstündən xətt çəkdi. Sonda komanda 4-cü yerlə kifayətlənməli oldu. «Neftyanik»in bu nəticəsini də qənaətbəxş hesab etmək olar. Yalnız stabil oyun nümayiş etdirmək bacarığının olmaması komandanın daha yüksək yerlərdən birini tutmasına imkan vermədi.




    «Neftyanik» SSRİ kubokunda cəmi bir oyun keçirdi. Bakılılar iyunda Yerevan «Dinamo»çularını qəbul etdilər. Oyunun başlanğıcı komanda üçün uğurlu alındı. Y.Şaqarov elə ilk dəqiqədəcə hesabı aça bildi. Ancaq sonradan qonaqlar oyunu öz istədikləri məcraya yönəldərək qələbə qazandılar – 2:3.

     

  • 1948

    1948-ci ilə «Neftyanik» Güclülər dəstəsində başlamalı idi. Belə ki, SSRİ Futbol Federasiyasının qərarına əsasən, 1948-ci ildə hər respublikadan ən azı bir komanda Güclülər dəstəsində yarışacaqdı. Onlar iki yarımqrupa bölünüb hərəsində 15 komanda olmaqla çempionu iki mərhələdə aşkar etməli idilər.


    Güclülər dəstəsində layiqli oyun göstərmək məqsədi ilə Mixail Çurkin komandaya dəvət olunaraq baş məşqçi vəzifəsinə təyin edildi. Sərdarov, T.Hüseynov, S.Petrosyan komandadan xaric edildilər. Onların əvəzinə isə daha təcrübəli futbolçular – P.Klintsov, N.Rasskazov, A.Əmircanov və N.Naumtsevi gətirdilər.


    Çempionata apreldə start verildi. «Neftyanik» Orta Asiya turnesinə yollandı. Bakılılar ilk olaraq Aşqabadda «Lokomotiv»in qapısından bir top keçirməklə qələbə qazandılar. Sonrakı görüşdə isə Stalinabadda yerli «Dinamo»çularla xallar yarı bölündü – 1:1. Üçüncü oyunu komanda Bakıda Moskva «Spartak»ına qarşı keçirməli idi. Lakin cəmi iki həftə çəkən çempionat oyunları dayandırıldı. Futbol federasiyası verdiyi qərarı ləğv edib, yenidən köhnə sistemə qayıtdı. «Neftyanik» isə artıq Bakıda olan «Spartak»la yoldaşlıq görüşü keçirəsi oldu.


    Köhnə sistemə keçiddən sonra komanda 2-ci qrupun cənub zonasında yarışmaq məcburiyyətində qaldı. Bu zonada əsasən Qafqaz komandaları cəmləşmişdilər. On komandanın mübarizə apardığı zonadan cəmi bir klub final mərhələsinə keçməli idi. Yarışın startı «Neftyanik» üçün uğurlu alındı. İlk görüşdə bakılılar «Traktor» komandasının qapısından səkkiz cavabsız top keçirdilər. Növbəti görüş isə Yerevan «Spartak»çıları ilə qolsuz bərabərliklə başa çatdı. Komanda ilk dövrədə yalnız Tbilisidə yerli «Spartak»a uduzdu, qalan rəqiblərlə isə lazımi səviyyədə oyun göstərə bildi.


    İlk dövrədən sonra «Neftyanik» final mərhələsinə çıxmağa əsas namizəd sayılırdı. Çox təəssüf ki, birinci dövrədən sonra Mixail Çurkin komandanı tərk edəsi oldu. Onun yerini Viktor Patseviç tutdu. Bundan sonra «Neftyanik» ardıcıl 5 oyun qələbəyə həsrət qaldı. Bu acı seriyadan sonra məlum oldu ki, komanda final mərhələsinə çıxmaq şansını itirib. Bakı «Dinamo»su və Həştərxan «Pişevik»i məğlub edilsə də, bu heç nəyi dəyişmədi və «Neftyanik» sonda zonada 4-cü yerlə kifayətləndi.


    SSRİ kubokunda Güclülər dəstəsinin və 2-ci qrupun 6 zonasının yalnız qalibləri oynadığından, «Neftyanik» burada iştirak edə bilmədi.

  • 1949

    1948-ci il futbol mövsümü üçün nəzərdə tutulan reforma həyata keçməsə də, bu, 1949-cu ildə mümkün oldu. Bu haqda qərar ümumittifaq futbol bölməsinin 1948-ci il 9-10 dekabr tarixlərində keçirilən plenumunda verildi. Ümumittifaq futbol bölməsinin sədri K.Andrianov bu haqda geniş məlumat verdi. Əvvəlcə bir neçə variant olsa da, sonda beş komanda 1-ci qrupa əlavə edildi. Bunlar Ukraynanı təmsil edən «Lokomotiv» (Xarkov), «Şaxtyor» (Donetsk), Yerevanın «Dinamo», Riqanın «Dauqava» və Bakının «Neftyanik» komandaları oldu. SSRİ-nin yüksək vəzifəli rəhbərlərinin güclülərin iştirakı ilə keçirilən futbol komandaları arasında hər respublikadan bir komanda olması ideyası tam həyata keçməsə də, sonda bu rəqəm yeddiyə çatdı.


    1949-cu il komandamızın tarixində yaranış ili qədər böyük yer tutur. «Neftyanik» məhz bu il ilk dəfə olaraq SSRİ-nin güclüləri ilə bir qrupa daxil oldu. Azərbaycanın futbol tarixində düz 11 il əvvəl 1-ci qrupda cəmi bir il çıxış etmiş «Temp»dən sonra komandamız respublikanın bu səviyyədə ikinci təmsilçisi oldu. SSRİ Futbol Federasiyasının apardığı reforma nəticəsində hər respublikadan ən azı bir komandanın 1-ci qrupa buraxılmasına qərar verildi. Azərbaycan SSR-in iqtisadiyyatında həmin dövrdə neft aparıcı yer tutduğundan məhz neftçilərin Həmkarlar İttifaqının komandasının bu şərəfə layiq görülməsi qərara alındı. Qərarın verilməsində bilavasitə Respublika rəhbərliyi əsas rol oynadı. «Neftyanik»in futbol elitasında zəif təsir bağışlamaması üçün heyətdə köklü dəyişikliklər edildi. Baş məşqçi postuna idman ustası Qavriil Georgiyeviç Putilin gətirildi. Onun köməkçisi isə Bakı «Dinamo»sundan dəvət edilmiş idman ustası Viktor Sergeyeviç Patseviç təyin edildi. Bakı «Dinamo»sunu «Neftyanik»ə dəyişən futbolçular da az olmadı. Müdafiəçilər Vladimir Ustinov, dövrünün ən güclü oyunçularından biri Naum Naumtsev, Suren Atabəyov, yarımmüdafiəçilər İsay Abramaşvili, Viktor Baskov, hücumçu Emmanuel Pavlidi güclülər arasındakı rəqabətdən çəkinmədilər. Onlar Ələkbər Məmmədov, Arif Qasımov, Viktor Anoşkin, Valentin Xlıstov kimi futbolçularla birgə komandanın əsasını təşkil edirdilər. Q.Putilin təcrübəlilərlə gənclərin birliyini əldə etmək istəyirdi. Heyətdə həm 34 yaşlı Naumtsevin başçılıq etdiyi 1918-21-ci il təvəllüdlü veteranlar və həm də 19 yaşlı Ələkbər Məmmədovla 22 yaşlı Valentin Xlıstov vardı. Çempionatın ilk turları göstərdi ki, «Neftyanik» debütant olsa da, mövsümə çox yaxşı hazırlaşıb. Komandamız ilk oyununu Bakıda məşhur Moskva HHQ-sinə qarşı Lenin adına stadionda (indiki İsmət Qayıbov adına stadion) keçirdi. Həmin dövrdə Moskva komandasının üzvləri qışda hokkey, qalan vaxtlarda isə futbol oynayırdılar. HHQ-də də belələri çox idi və əksəriyyəti futbol və ya hokkey yığmasının üzvləri idi. Buna baxmayaraq, meydan sahibləri layiqli müqavimət göstərdilər. Oyunu tribunadan canlı izləmiş jurnalist O.Atayev «Ot «Proqress»a do «Neftçi»» kitabında bu hadisəni belə təsvir edir: «Stadionun tribunaları ağzına kimi dolu idi. Təyyarəçilərin qapısına vurulan qolu indiki kimi xatırlayıram. Bu, oyunun sona çatmasına bir neçə dəqiqə qalmış baş verdi. Çoxgedişli kombinasiyadan sonra Abramaşvili qapının sol aşağı küncünə güclü zərbə endirdi. Qapıçı Puçkov topu qaytarsa da, Anoşkin özünü hamıdan tez yetirdi və topu tora göndərdi». Bu oyun «Neftyanik»in SSRİ-nin Güclülər dəstəsindəki ilk xalı, ilk qələbəsi və ilk qolu idi. Anoşkin isə ilk qolumuzun müəllifi kimi tarixə düşdü.


    Komandamız ikinci qələbəsini Riqada «Dauqava» üzərində qazanıb, səfərdə «Lokomotiv»lə (Moskva) heç-heçə oynadı. Bakılılar Moskvaya «Spartak»la oyuna çempionatın lideri kimi yollanırdı. Görüşdə moskvalılar hesabı açsalar da, Abramaşvili cərimə zərbəsindən sonra tezliklə cavab qolunu vurdu. Amma bakılılar sonadək duruş gətirə bilmədilər. Lider böyük hesabla (1:4) uduzub mövqeyini təhvil verdi. Komandanın oyununda qeyri-sabitlik ikinci dövrədə özünü daha çox göstərdi. 13 turdan sonra «Neftyanik»in hesabında 12 xal olsa da, iş o yerə çatmışdı ki, qalan 22 oyunda cəmi 11 xal qazanıldı. 1950-ci ildə L.R.Tahirovun redaktorluğu ilə çapdan çıxmış Təqvim-Məlumat kitabçasında bunun səbəbi belə izah olunub: «Şübhəsiz ki, «Neftyanik»in uğurları daha çox ola bilərdi, əgər komandanın hücumçuları qapıya daha dəqiq zərbələr vura bilsəydilər. Ötən mövsüm «Neftyanik»in hücum xəttinin oyunu arxa xəttin oyunundan xeyli pis idi: buraxılan qollara görə bakılılar 3-5-ci yerləri («Torpedo» və HHQ ilə birlikdə) bölüşür, vurulan qolların sıralamasında isə 16-cı yerdə dururlar».

    Komandanın bombardiri 10 topla Abramaşvili oldu. Y.Şaqarov ondan iki top az vursa da, digər hücumular – Ə.Məmmədov, V.Anoşkin və N.Rasskazov üç nəfərə cəmi 7 dəfə fərqlənmişdilər. Bunun səbəbini isə «Zenit»lə oyun haqda «Sovetski Sport» qəzetinin şərhində görmək olar: «Bu oyunu layiqli başa vurmuş gənc «Neftyanik» komandası haqda nə demək olar? Kollektivin oyunçuları yüksək iradəyə malikdirlər, fiziki cəhətdən yaxşı hazırlanıblar. Amma hücumçular taktiki cəhətdən çox primitiv oynayırlar: dar cəbhə ilə, cinahlarsa boş qalır. Bu, «Zenit»in müdafiəçilərinin vəziyyətini asanlaşdırırdı. Məsələn, komandanın sağ kənar hücumçusu N.Rasskazov ikinci hissəni bütünlüklə sol cinah yarımmüdafiəçisi kimi arxadan oyuna qoşuldu. Bakılı yarımmüdafiəçilərin əsas çatışmazlığı isə odur ki, onlar öz hücumçularını topla təchiz edə bilmir, daha çox müdafiə funksiyalarını yerinə yetirirlər».

    Beləcə, qeyri-sabit oyunun fonunda komanda 14-cü yeri tutaraq güclülər arasında yerini qoruya bildi. Ölkə kuboku uğrunda mübarizə də çempinat kimi uğurlu başladı. 8500-dən çox komandanın qatıldığı turnirdə «Neftyanik» ilk oyununu Leninqradda Kalinin rayonunun komandası ilə keçirdi. Rasskazovun iki, Abramaşvilinin bir qolu komandaya qələbə gətirdi. İkinci oyunda da bakılılar qələbəni səfərdə 3 qolla əldə etdilər. Rostov «Dinamo»su ilə oyunda əvvəlcə Şaqarov hesabı açdı, sonra Anoşkin ikinci qolu vurdu. İkinci hissədə isə Məmmədov üç müdafiəçini aldadaraq effektli zərbə ilə 3-cü qolun müəllifi oldu. 1/4 finalda komandamız Moskvada güclü «Topedo» ilə qarşılaşdı. Kubokun gələcək sahibi ilə oyun çox çətin keçdi. Səfərdə oynamasına baxmayaraq, «Neftyanik» tez-tez sürətli hücumlar təşkil edirdi. Birinci hissənin sonlarında N.Rasskazov mərkəzdə topu alıb inamla rəqib qapısına doğru irəlilədi və uzaqdan dəqiq zərbə ilə hesabı açdı. İkinci hissə də bizim üçün uğurlu başladı. Cərimə meydançasındakı qarışıqlıq zamanı «Topedo»nun müdafiəçisi Duqanov topu uzaqlaşdırmaq istərkən öz qapısına vurdu və «Neftyanik» iki top fərqilə irəli çıxdı. Amma, deyəsən, futbolçularımız yarımfinal haqda vaxtından əvvəl fikirləşməyə başladılar. Nəticədə, A.Ponomaryovun başçılıq etdiyi hücum xətti ardıcıl 3 dəfə qapımıza yol tapdı və uğurlu başladığımız kubok oyunlarından da acınacaqlı məğlubiyyətlə ayrıldıq.

  • 1950

    Bir il əvvəlki ilə müqayisədə artıq «Neftyanik» debütant deyildi və azarkeşlər daha uğurlu nəticə gözləməkdə haqlı idilər. Yeni mövsümə komanda baş məşqçi Mixail Vasilyeviç Çurkinin rəhbərliyi ilə başladı. O, Bakının ən yaxşı futbolçularının toplandığı heyətdə nəyi isə dəyişməyin artıq olduğunu anladığından, elə ötən ilki oyunçulara güvənəcəyini dəqiqləşdirmişdi. Çurkin yalnız bir neçə gənci «Neftyanik»ə cəlb etmişdi ki, onlardan diqqətçəkən Andreyev zavodunun komandasından gəlmiş Anatoli Terentyev oldu.




    Komandamız çempionata Bakıda start verdi. İlk rəqib olan «Zenit»lə oyunda baş məşqçi son müdafiəçi mövqeyini həmişə olduğu kimi Yeroşkinə yox, Naumtsevə həvalə etmişdi. Amma bu da leninqradlılarla oyunu qələbə ilə bitirməyə kömək etmədi. Qonaqlar tədricən üstünlüyə yiyələnib 13-cü dəqiqədə hesabı açdılar. Amma tezliklə Anoşkin cavab qolunu vurdu. Oyun barədə «Sovetski Sport» qəzetinin 18 aprel 1950-ci il tarixli sayında müəllif A.Kiknadze yazır: «Zenit»in hücumçuları tez-tez yerlərini dəyişirlər. Bu «Neftyanik»in müdafiəçilərini çaşdırır, onlar sürətli leninqradlılarla ayaqlaşa bilmirdilər. Demək olar ki, həmişə «Zenit»in hücumçularından hansısa biri nəzarətsiz qalırdı və hücumları inkişaf etdirirdi». İkinci oyunu da Bakıda keçirən «Neftyanik» bu dəfə hakim haqsızlığı ilə qarşılaşdı. Minsk «Dinamo»su ilə keçirilən matçda qonaqlar 0:2 hesabı ilə irəlidə olsalar da, hakim Qutarev görüşü vaxtından 5 dəqiqə tez bitirdi. Bakılıların bu barədə şikayətinə baxıldı və Ümumittifaq Futbol bölməsinin Rəyasət heyəti oyunun yenidən keçirilməsinə qərar verdi. Həmin oyunu da minsklilər qazandı. Olduqca zəif təsir bağışlayan «Neftyanik» məğlubiyyətlərdən yaxa qurtara bilmirdi. Ümumiyyətlə, mövsüm boyunca Çurkin arxa xətdə heç cür sabitlik yarada bilmədi. Qapını da gah Arzumanov, gah Karmayev, gah da İsraelyan qoruyurdu. Hücumçular barədə təsəvvür yaratmaq üçün yenə «Sovetski Sport» qəzetinə (06.06.1950) müraciət edək: «Bakıda «Neftyanik»lə «Şaxtyor»un oyunu cansıxıcı keçdi. Bakılı hücumçularda anlaşma yox idi. Anoşkin və Məmmədov öz yoldaşlarının köməyi olmadan qabağa getməyə çalışır, fərdi oyuna həddən artıq meyl edirdilər». Bütün bu çatışmazlıqlar komandamızın sonuncu yeri tutmasına gətirib çıxardı. Mövsümün yekununa görə son 6 yeri tutan komandalarla birlikdə «Neftyanik» də 1-ci qrupla vidalaşdı.




    SSRİ kuboku yarışlarında da «Neftyanik» uğursuzluğa düçar oldu. Düzdür, komanda ilk mərhələdə Cambulda yerli «dinamo»çular üzərində qələbə qazana bildi – 2
    :1. Lakin 1/32 finalda Moskvada Hərbi Dəniz Qüvvələri komandasına məğlub olmaqla (1:3) yarışı tez başa vurdu.
Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism