1951-1960 | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

1951-1960

  • 1951

    İki il güclülər dəstəsində oynayan «Neftçi» oranı tərk edərək «B» sinfində çıxış etməli oldu. Həmin il komandalar iki sinifdə – «A» və «B» sinfində yarışırdılar. «A» sinfində medallar, «B» sinfində isə güclülər dəstəsinə qatılmaq uğrunda mübarizə gedirdi. Özü də burada bir sıra güclü komandalar – Kalinin şəhərinin komandası (MHD), Moskva və Xarkov şəhərlirinin «Lokomotiv» komandaları, «Dinamo» (Minsk), «Torpedo» (Stalinqrad), «Spartak» (Vilnüs) və s. toplaşmışdılar.




    «Neftçi» bu komandalarla bərabər mübarizə aparsa da, yalnız uğursuz finiş onun güclülər dəstəsinə keçidinə mane oldu. Komanda keçənilki heyəti qoruyub saxlaya bilmişdi. Baş məşqçi 30-40-cı illərdə Bakıda futbolçu kimi ad çıxaran Şirəli Şirəliyev, onun köməkçisi isə Viktor Patseviç təyin edilmişdi. «Neftçi»də artıq gənclərlə veteranların vəhdətindən ibarət kollektiv formalaşmışdı. Sadəcə olaraq, bu kollektivi qoruyub saxlamaq və daha mübariz ruh vermək lazım idi.


    Respublikanın rəhbər orqanlarında komandanın qayğısına qalır, bütün ehtiyacları vaxtında ödəyirdilər. Onlar «Neftçi»nin qarşısında güclülər sırasına qayıtmaq vəzifəsini qoymuşdular. Lakin onların müdaxiləsi komandaya köməklə yanaşı, bəzən acı nəticələrə də gətirib çıxarırdı.


    Komanda fevral ayında bir yerə toplandı. İlk intensiv məşqlərdən sonra fevralın 18-də Bakı «Dinamo»su ilə yoxlama görüşü keçirildi. Bakıda baş tutan bu oyunda «Neftçi» çətinlik çəkmədən 4:0 hesabı ilə qələbə qazandı. Bu görüşdə Azərbaycan futbolunda iz qoymuş şəxslər meydana çıxdığı üçün komanların heyətlərinə nəzər yetirək:


    «Neftyanik»: Karmayev, Kaqakov, Şevçenko, Xlıstov, Jamkoçyan, Abramaşvili, Rasskazov, Anoşkin, Hüseynov, Məmmədov, Pavlidi.

    «Dinamo»: Devlyaşov, Şorin, Mkrtıçov, Melikyan, Kuzin, Danielyan, Babaxanov, Talışinski, Çaldoryan, Səfərov, Buşuyev.

    Qollar: Anoşkin (2), Abramaşvili, Hüseynov.


    Martda isə komanda Soçiyə təlim-məşq toplanışına yollanmış və bir neçə yoldaşlıq görüşü keçirmişdi. «Neftçi» Stalinqradın «Torpedo» (4:0), Minskin «Dinamo» (3:1) və Riqanın «Dauqava» kimi güclü komandalarını məğlub etmişdi. Ümumilikdə, Soçi səfəri səmərəli keçmiş, komandanın bütün xətləri, xüsusən də hücum xətti gözəl təsir bağışlamışdı.


    Aprelin 1-də isə B sinfinin oyunlarına start verildi. Təəssüf ki, komanda çempionata uğurla başlaya bilmədi. İlk görüş Kalinin şəhərinin komandası ilə oldu. «Neftyanik» oyun ərzində təhlükəli vəziyyət yaratsa da, hesabı aça bilmədi. Qonaqların əks-hücumu isə 62-ci dəqiqədə Şerbakovun zərbəsindən sonra qolla nəticələndi. Bundan 2 dəqiqə sonra Manoli Pavlidi mövsümdə komandanın ilk qolunu vurmaqla hesabı bərabərləşdirdi. Bir həftə sonra Stalinqrad «Torpedo»çuları ilə oyunda eyni ssenari təkrarlandı. Bu oyunda qonaqların oyunçusu Mineyev 50-ci dəqiqədə avtoqola imza atdı. Lakin komanda qələbə hesabını qoruyub saxlaya bilmədi, cəmi 3 dəqiqə sonra Matveyev cavab topunu vurdu.


    Üçüncü oyunda komanda Bakıda acı məğlubiyyətə uğradı. Yerevan dinamoçuları ilə qarşılaşmanın ilk yarısında Beqleryan iki dəfə komandanı məyus etdi. İlk 45 dəqiqədə müdafiə xətti bir neçə kobud səhv buraxdı. «Neftçi» ikinci hissədə oyunu ələ alsa da, hesabı dəyişməyə nail ola bilmədi. Yalnız 4-cü görüşdə ilk qələbə əldə edildi. Komanda Ujqorod «Spartak»çıları ilə oyuna çox fəal başladı. Artıq 12-ci dəqiqədə Anoşkindən ötürmə alan Ələkbər Məmmədov hesabı açdı. Bundan sonra bir neçə imkandan istifadə olunmadı. Bu arada qonaqlar fəallaşaraq 26-cı dəqiqədə Qaylikin qolu ilə hesabı bərabərləşdirdilər. Bundan sonra yaranmış imkanlardan «Neftyanik»in hücumçuları bəhrələnə bilmədilər. Nəhayət, 67-ci dəqiqədə Nikolay Rasskazov penaltidən hesabı artırdı. İlk dörd görüşü Bakıda keçirən «Neftçi» yalnız bir qələbə qazana bildi. Bu oyunlar hücum xəttindəki bütün çatışmazlıqları üzə çıxardı. Hücumçular əlverişli imkanlardan bacarıqla istifadə edə bilmirdilər.


    Bundan sonra «Neftçi» 7 oyunluq səfər turnesinə çıxdı. Futbolçularımız bu oyunları heç də pis keçirməyib liderlər qrupunda qoşuldular. Səfərdə iki qələbə, dörd heç-heçəyə nail olundu, yalnız bir görüşdən məğlub ayrıldılar. Özü də bu məğlubiyyət ilk səfər görüşündə baş verdi. Xarkovda «Lokomotiv»lə qarşılaşmada ilk yarı bərabər keçdi. Meydan sahiblərinin qoluna Manoli dəqiq zərbə ilə cavab verdi. İkinci hissədə komanda çox sönük oyun göstərdi. 80-ci dəqiqədə Borzenko meydan sahiblərinin qələbə topunu vurdu. Bundan sonra «Neftçi» Minskdə yerli «Dinamo» ilə maraqlı oyun göstərdi. Ələkbər Məmmədovun dublu dinamoçularla sülh bağlamağa imkan yaratdı - oyun 2:2 hesabı ilə başa çatdı. Vilnüs «Spartak»ıyla oyundan isə qolsuz bərabərliklə ayrılmaq mümkün oldu. Ardından səfərdə ilk qələbə qazanıldı. Tallində «Kalev» yeganə topla yenildi. Həmin uğur Petrozavodskda «Qırmızı ulduz» komandası ilə təkrarlandı. İvanovoda «Qırmızı bayraq» komandası ilə də heç-heçəyə nail olundu. Komandalar hərəyə bir top vurdular.


    Nəhayət, səfərin son görüşündə mayın 29-da Moskvada «Lokomotiv»lə oyun baş tutdu. Hər iki komanda liderlər qrupunda qərarlaşmışdı. Oyun meydan sahiblərinin hücumları ilə başladı. 24-cü dəqiqədə Alekseyev 22 metr məsafədən vurduğu zərbəylə «Lokomotiv»i hesabda irəli çıxartdı. Ancaq Bakı təmsilçisi bu topdan sonra oyunu bərabərləşdirməyə nail oldu. Cəmi 5 dəqiqə sonra N.Rasskazov cavab topunu vurdu və matç bu hesabla da başa çatdı. Səfər oyunlarını uğurla başa vursa da, komandanın hücum xətti çatışmazlıqlardan hələ də yaxa qurtara bilməmişdi. Bu nəticələrə əsasən müdafiəçilərin və qapıçı Vladimir Karmayevin gözəl oyunu sayəsində nail olunmuşdu.


    Birinci dövrənin son 6 matçını «Neftyanik» Bakıda keçirdi. Rəqiblər elə də güclü olmadıqlarından bakılılar 5 görüşdə böyük hesabla qələbə qazandılar. İlk rəqib iyunun 4-də Daşkəndin ZE (Zabitlər Evi) komandası oldu. Bu oyunu həm də Viktor Anoşkinin benefisi adlandırmaq olar. Qonaqların qapısına vurulan 4 topun hamısının müəllifi bu hücümçü idi. «Neftyanik» sonrakı iki görüşdə də rəqiblərini üstələdi. Alma-Ata «Dinamo»sunun qapısına 3, Frunzenin (indiki Bişkək) EƏQ (Ehtiyat Əmək Qüvvələri) komandasının qapısına isə 4 cavabsız top vuruldu. Artıq komandanın oyununda irəliləyiş hiss olunurdu. O dövrdə «Azərbaycan bədən tərbiyəçisi» qəzetində məşhur futbol jurnalisti Yuri Vanyat komanda haqda öz mülahizələrini söyləmişdi: «Neftyanik» Soçidə təlim-məşq toplanışında özünü yaxşı büruzə verdi. Ancaq təqvim oyunlarını pis başladı. 8 mümkün xaldan 4 xal topladı. Müdafiə xəttinin yaxşı oynamasına baxmayaraq, hücum xətti bəsit oyun göstərirdi. Bu da onlara qələbə qazanmağa mane olurdu. Komanda qol buraxan kimi ruhdan düşürdü. Sonra səfər görüşlərində yaxşı oyun göstərdilər. 14 mümkün xaldan 8-ni topladılar. Əgər komanda bütün gücünü səfərbər edə bilsə birinci dövrəni yaxşı nəticə ilə başa vurar və güclülər qrupuna keçmək vəzifəsinin öhdəsindən gələr».


    Jurnalist həqiqətən də komandaya düzgün xarakteristika vermişdi. Bu artıq növbəti oyunda təsdiqləndi. «Neftyanik» iyunun 20-də Stalinabad «Dinamo»sunu qəbul edirdi. Bakılılar bu görüşə rəqibi qiymətləndirmədən çıxmışdı. Futbolçular asan qələbəyə ümid edib, oyunu mübariz əhval-ruhiyyədə keçirmədilər. Düzdür, 55-ci dəqiqədə Ələkbər Məmmədov hesabı açmağa müvəffəq oldu. Ancaq sönük oyundan istifadə edən qonaqlar 72-ci dəqiqədə hesabı bərabərləşdirdilər. Nəticədə, «Neftyanik» qiymətli xal itirdi. Lakin sonrakı iki görüşdə komanda gücünü səfərbər edib Aşqabad «Spartak»ını 4:0, Kişinyov «Burevestniki»ni 3:0 hesabı ilə məğlub etdi. Bununla da birinci dövrə sona yetdi və komanda liderlər qrupunda qərarlaşdı. Bakılılar güclülər sırasına qayıtmağa əsas namizədlərdən sayılırdılar.


    İkinci dövrənin ilk dörd görüşünü «Neftyanik» səfərdə keçirməli idi. Kalinin şəhərində baş tutan görüşdə gələcək faciənin təməli qoyuldu. Yerli komanda həmin mövsüm çox güclü idi. Onlar hətta kubokun finalına qədər irəliləyə bilmişdilər. «Neftyanik» səfərdə oynamasına rəğmən bu görüşü böyük əzmkarlıqla keçirdi. Bakılılar görüşü qələbə ilə başa vura bilərdilər. Ancaq Anoşkinlə Rasskazov qapıçı ilə təkbətək çıxmalarına baxmayaraq, əlverişli imkandan istifadə edə bilmədilər. Liderlə qolsuz bərabərlik pis nəticə hesab olunmurdu.


    Bu görüşdən qabaq isə nəzər-diqqəti cəlb etməyən bir oyun olmuşdu. «Neftyanik»in ehtiyat oyunçuları Kalinin şəhər çempionu «Dzerjinets» ilə yoldaşlıq görüşü keçirmişdilər. Məhz bu oyunun sonrakı qərarlara böyük təsiri olmuşdu. Komanda heyətindən kimsə Bakıya yanlış xəbər verib ki, guya «Neftyanik»in oyunçuları şəhər yığma komandası ilə pulla görüş keçirib. Ona görə də futbolçular yorulub və əsas oyunda qələbə qazana bilməyiblər. Komandanın bu hadisələrdən xəbəri yox idi. Onlar yüksək əhval-ruhiyyədə Stalinqrada (indiki Volqoqrad) gəlirlər və gözlənilmədən orada respublika DTK-nin müavini ilə rastlaşırlar. Polkovnik istintaq aparıb, heç bir kommersiya oyununun olmadığına əmin olsa da, MK-nın sərt qərarını heyətə çatdırdı. Komanda iclasında hamıdan çox İ.Abramaşvili və M.Pavlidi tənbeh olundu. Bununla polkovnik İ.Abramaşviliyə (o, müharibə vaxtı yaralı ikən əsir düşüb) və M.Pavlidiyə (o milliyətcə yunan idi, müharibə vaxtı yunanların hamısını Orta Asiyaya sürgün etmişdilər) həyatlarının bəzi acı məqamlarına işarə vururdu. Bütün oyunçulara aydın idi ki, növbəti oyunu qələbə ilə başa vura bilməsələr, sərt cəza tədbirləri görüləcək. Futbolçuların hamısı məsuliyyət yükünün ağırlığını hiss edirdi. Komanda yerli «Torpedo» ilə oyuna elə də yüksək əhval-ruhiyyədə çıxa bilmədi. İlk yarı meydan sahibləri tam üstünlüyə malik idilər. Müdafiəçilərin və qapıçı V.Karmayevin gözəl oyunu sayəsində qapı toxunulmaz qaldı. İkinci yarıda meydana zədəsi olmasına rəğmən Ələkbər Məmmədov çıxdı. Hücum xəttində canlanma əmələ gəldi. Oyunun 65-ci dəqiqəsində Məmmədov fərdi ustalıq nümayiş etdirib, üç müdafiəçini aldadaraq hesabı açdı. «Torpedo» hücumlar təşkil edəndə, əks-hücum nəticəsində M.Pavlidi ikinci topu vurdu. Meydan sahibləri Valentin Xlıstovun meydandan qovulmasından istifadə edərək 87-ci dəqiqədə bir cavab topu vura bildilər. Bu oyundakı qələbə komandanı sərt cəza tədbirlərindən müvəqqəti ötüşdürə bilsə də, təəssüflər olsun ki, tam qurtara bilmədi. Digər iki səfər görüşündə komanda üç xal topladı. Kişinyovda «Burevestnik» yenildi (1:0), Ujqorod «Spartak»ı ilə bərabərlik (1:1) qeydə alındı. Səfəri uğurla başa vuran komanda Bakıya liderlərdən biri kimi döndü. Artıq onlar 7 görüşü ardıcıl Bakıda keçirməli idilər. Lakin ilk oyundaca Xarkov «Lokomotiv»inə məğlub oldular (0:1). Növbəti qarşılaşma qrupun vahid lideri Minsk «Dinamo»su ilə idi. Komanda bu oyunda yüksək əzmkarlıq nümayiş etdirdi. Birinci hissədə hesab açılmadı. Hətta 43-cü dəqiqədə Anoşkin penaltidən istifadə edə bilmədi. İkinci yarının ilk hissələrində qonaqlar iki top vurmağa nail oldular. Bu toplardan sonra bakılılar sanki yuxudan ayıldılar. Onlar təşəbbüsə tam yiyələnərək qonaqları dörd dəfə məyus etdilər. Ə.Məmmədovla, V.Maqaltadze dubla imza atdılar. Digər əsas rəqib olan Moskva dəmiryolçuları da məğlub edildi. Bu oyun təzə inşa edilmiş Respublika stadionunda baş tutdu. Arenanın hələ təntənəli açılış mərasimi keçirilməmişdi. Sadəcə olaraq, ot örtüyünü yoxlamaq lazım idi. Bakılılar oyuna çox aktiv başladılar. Artıq 9-cu dəqiqədə Viktor Maqaltadze hesabı açdı, 10 dəqiqə sonra isə Ələkbər Məmmədov ikinci topu vurdu. Qonaqlar ilk hissənin qurtarmasına bir dəqiqə qalmış qollardan birinin əvəzini çıxa bildilər. Fasilədən sonra hesab dəyişmədi. Burada bir faktı da qeyd edək, sonrakı illərdə Respublika stadionunda ilk qolun müəllifi haqda mübahisə düşürdü. Bəli, ilk qolu Maqaltadze vurdu. Lakin hələ arena rəsmi açılmamışdı. Ona görə də bu top ilk sayılmır. İlk qolun müəllifi haqda bir qədər sonra bəhs edəcəyik.


    «Neftyanik»in əsas rəqiblər üzərində iki qələbəsi onun güclülər qrupuna keçmək şansını xeyli artırdı. Rəqib güclü olduqca bakılılar daha diqqətli, daha əzmkar oyun sərgiləyirdilər. Amma əfsuslar olsun ki, komanda zəif rəqiblərlə oyunda sayıqlığı itirirdi. Bunun da acı nəticəsi komandanın taleyində həlledici rol oynadı. Estoniya təmsilçisi «Kalev» üzərində minimal hesablı qələbə «Neftyanik»in turnir cədvəlindəki vəziyyətini daha da yaxşılaşdırdı.


    Nəhayət, sentyabrın 16-da Vilnüs «Spartak»ı ilə qarşılaşma Respublika stadionunun təntənəli açılış gününə təsadüf etdi. Bu stadionun tikintisi hələ 30-cu illərdə başlanmışdı. Lakin ağır müharibə illərində iş dayandırıldı. Yalnız 1950-ci ildən bu iş davam etdirildi və qısa zaman kəsiyində tikinti başa çatdı. Bu arena o dövrdə Zaqafqaziyada ən möhtəşəmi idi. Buna qədər «Neftyanik» öz oyunlarını «Dinamo» stadionunda (indi stadionun yerində «Hilton» oteli yerləşir) və Stepan Razin qəsəbəsində yerləşən «Lenin komsomolu» (indiki Bakıxanov qəsəbəsindəki İ.Qayıbov adına stadion) arenasında keçirirdi. Hər iki stadion yaşıl örtüksüz idi. Təzə stadiona isə Lənkərandan ot örtüyü gətirildi (bu örtük yalnız 2002-ci ilin martında təzələndi). Stadiona «xalqlar atası» İ.V.Stalinin adı verildi. Buna səbəb zəhmətkeş xalqın arzu və istəyi oldu. Açılış mərasimində MK katibi Mircəfər Bağırovın şəxsən özü iştirak etdi. Təntənəli açılış yüksək səviyyədə təşkil olunmuş, gənc idmançıların nümunəvi çıxışları ilə keçirildi. Bayramdan sonra isə meydana «Neftyanik» ilə «Spartak» komandalarının futbolçuları çıxdı. Oyunun ilk dəqiqələrində bakılıların oyunu heç cür alınmırdı. Hiss olunurdu ki, futbolçular bərk həyəcan keçirirlər. Hesab 36-cı dəqiqədə Ələkbər Məmmədovun zərbəsindən sonra açıldı. Məhz bu, Respublika stadionunda vurulan ilk qol kimi qeydə alındı. Fasilədən sonra futbolçular həyəcan yükünü atıb, gözəl oyun göstərə bildilər. Qonaqlar oyuna daha üç dəfə mərkəzdən başlamalı oldular. Ardıcıl qələbələr komandanı turnir cədvəlinin ikinci pilləsinə yüksəltdi.


    Çox təəssüflər olsun ki, «Neftyanik» gözlənilmədən sonrakı oyunu autsayder, Petrozavodskın «Qırmızı ulduz» komandasına məğlub oldu. Bütün oyun ərzində üstünlüyə baxmayaraq, bakılılar qonaqların müdafiə xəttini yara bilmədilər. Bu məğlubiyyət hələ faciədən xəbər vermirdi. Lakin çox vacib iki xal itirildi. Bakıdakı son görüşü isə İvanovonun «Qırmızı bayraq» komandası ilə keçirilən «Neftyanik» oyunu qələbə ilə başa vurdu.


    Bundan sonra bakılılar 6 oyunluq səfər yürüşünə çıxdılar. Turnir cədvəlindəki vəziyyət və rəqibin səviyyəsi «Neftyanik»in güclülər dəstəsinə üç vəsiqədən birinin qazanacağına tam əminlik yaratmışdı. İlk iki səfər qələbəsi bu ümidləri daha da artırdı. «Neftyanik» Aşqabadda «Spartak»ı (3:0), Stalinabadda «Dinamo»nu (3:1) məğlub etdi. Bu qələbələr komandanı turnir cədvəlində ikinci pilləyə yüksəltdi.


    Lakin sonrakı oyun faciənin - 14 oktyabrdakı Daşkənd faciəsinin başlanğıcını qoydu. Bu tarixdə komanda Daşkənddə yerli «Zabitlər evi» komandası ilə qarşılaşdı. Oyunun başlanğıcı elə də pis deyildi. Komanda ilk dəqiqələrdən hücuma keçdi. Tezliklə «Neftyanik» penalti qazandı. Ə.Məmmədovu cərimə meydanında yıxdıqlarına görə hakim 11 metrlik nöqtəni göstərdi. Lakin İ.Abramaşvilinin zərbəsi dəqiq olmadı. Buna baxmayaraq, komanda hücumlarını davam etdirirdi. Meydan sahibləri isə əks hücumlarla cavab verirdi. Bu da müdafiə xəttində çaşqınlıq yaradırdı. Bu çaşqınlıq nəticəsində müdafiəçi Q.Jamkoçyan ardıcıl iki dəfə topu öz qapısından keçirdi. Bundan sonra bakılılar yalnız oyunun sonuna yaxın Terentyevin zərbəsi ilə bir cavab topunu vura bildilər. Beləcə komanda acı məğlubiyyətə düçar oldu. Bu oyunu izləyənlər arasında olan əməkdar idman ustası A.Danqulov belə demişdi: «Mən futbolda bundan böyük faciə görməmişdim».


    Frunzedəki oyun daha ağır nəticələndi. Komanda məsuliyyətin ağır yükünə tab gətirə bilmədi. Oyunçular sanki meydanda nə edəcəklərini bilmirdilər. Bunun nəticəsi olaraq «Neftyanik» qapısında üç cavabsız top gördü. Sonrakı iki səfər görüşündə – Alma-Ata və Yerevanda komanda qolsuz heç-heçəyə nail oldu. Bu nəticə ilə bakılılar turnir cədvəlində 4-cü pillədə qərarlaşdılar. Beləcə güclülər dəstəsinə keçməyin bir addmlığında dayandılar.


    Nəticədə böyük ixtisarlar oldu. Komandada əsas heyətdən bir-neçə futbolçu qaldı, məşqçilər qovuldular. Ən çox zərər çəkənlər isə İ.Abramaşvili və M.Pavlidi oldu. Onlara Bakını tərk etmək göstərişi verilmişdi. Pavlidi Qubaya köçüb, yerli komandada oynayan məşqçi oldu. İ.Abramaşvili isə HHQ-yə keçdi. O, iki il ərzində Moskva komandasında müvəffəqiyyətlə çıxış etdi.


    «Neftyanik»in SSRİ kubokundakı çıxışı da uğurlu alınmadı. Komanda ilk görüşdəcə Bakıda «Dauqava»ya məğlub olaraq (0:2) yarışlardan kənar qaldı.

  • 1952

    Baş məşqçi Şirəli Şirəliyev komandanın hazırlıq prosesinin ilk mərhələsini Bakıda keçirdi. Fevralın ortalarından isə «Neftyanik» Soçiyə təlim-məşq toplanışına yollandı. Baş məşqçi SSRİ Futbol İttifaqına göndərdiyi və Rusiya Dövlət Arxivindən əldə etdiyimiz hesabatında qeyd edib: «Fiziki hazırlıq və gimnastika məşqləri bir qədər ixtisar edilib. Əsas diqqət maksimal qaçış və cəld start sürətinin artırılmasına yönəlib. Dözümlülüyə hesablanmış çalışmalara da diqqəti artırmışıq. Texniki hazırlıq tam həcmdə aparıldı». Ş.Şirəliyev onu da vurğulayıb ki, oyunçuların məşqlərə münasibəti yaxşı olub. Bakılılar keçirdikləri 4 yoxlama oyununun birində qalib gəlib, 3-nü isə heç-heçə başa vurub. Çempionatın ilk mərhələsi komandamız üçün uğurlu alındı.




    Yarışların iki mərhələdə keçirilməsi haqda qərar verildi. Birinci mərhələnin oyunları ölkənin 3 şəhərində - Bakıda, Xarkovda və İvanovoda keçirildi. Bakıdakı oyunlarda «Neftyanik»in rəqibləri «Torpedo» (Qorki), «Burevestnik» (Kişinyov), Kiyev və Sverdlovskun Zabitlər Evi komandaları oldu. Təmsilçimiz oyunları yüksək səviyyədə keçirdi. «Neftyanik» əvvəlcə kiyevlilərlə qarşılaşdı. «Dinamo»nun bir neçə üzvü ilə də güclənmiş ZE ilk dəqiqələrdən ciddi müqavimət göstərdi. Amma oyunu gözəl keçirən Ə.Məmmədov iki dəfə olduqca çətin vəziyyətdən qol vuraraq birinci hissədə qələbəni təmin etdi. Fasilədən sonra qonaqlar təzyiqi artırsalar da, müdafiəçilərimiz səhvə yol vermədilər.


    Sverdlovsklularla oyun daha çətin keçdi. Gənclərdən təşkil olunmuş komanda özünü yaxşı tərəfdən göstərdi. Birinci hissədə Ə.Əbilzadə qapıya doğru sürətlə irəliləyərək hesabı açdı. Amma hissənin sonuna yaxın hərbçilər hesabı bərabərləşdirdilər. Fasilədən sonra təzyiqi artıran bakılılar Timakovun qolu ilə irəli çıxdılar və qələbəni qorudular. İki oyunda gücün sərf edilməsi «Torpedo»ya qarşı matçda özünü göstərdi. Artıq birinci hissədə qorkililər qapımıza 2 top vurdular. Fasilədən sonra «Neftyanik» hücumları artırsa da, yalnız Terentyev bir qol vura bildi. Bundan sonra hesabı bərabərləşdirmək imkanı olsa da, Yuri Kuznetsov 11 metrlik zərbəni dirəyə vurdu. Məğlubiyyətə baxmayaraq, birinci yerin taleyi «Burevestnik»lə oyunda həll olundu. Həm bakılılara, həm də kişinyovlulara qələbə lazım idi. Tərəflər dəfələrlə qapı qarşısında təhlükəli vəziyyətlər yaratsalar da, qonaqların qapıçısı ilə yanaşı Karmayev də bütün ustalığını nümayiş etdirdi. İkinci hissənin əvvəlində isə müdafiəçi Xlıstov hesabı açaraq komandamıza qələbə qazandırdı. Qrupun birincisi olan «Neftyanik»lə yanaşı 2-3-cü yerləri bölüşdürən «Burevestnik»lə «Torpedo» da 1-9-cu yerlər uğrunda mübarizə aparmağa imkan verən ikinci mərhələyə yüksəldilər. İvanovodan Tbilisi Zabitlər Evi, «Qırmızı bayraq» (İvanovo), «Dinamo» (Alma-Ata), Xarkovdan isə «Spartak» (Vilnüs), «Lokomotiv» (Xarkov) və HDQ (Moskva) bu hüququ qazandılar.




    İkinci mərhələnin oyunları iyulda başladı. 10-18-ci yerlər uğrunda oyunlar Rostovda bir dövrədə oynanılsa da, final mərhələsinin oyunları «ev»də və səfərdə prinsipi ilə keçirildi. «Neftyanik»in birinci oyunu Leninqradda HDQ ilə oldu və komandamız Anoşkin və Terentyevin qolları ilə qalib gəldi. Xarkovlularla oyunlarda qələbə qazana bilməyən bakılılar bu dəfə də «ənənə»ni pozmadılar – 0:2. Bakılı azarkeşlər isə sevimli komandanı əsas mərhələdə ilk dəfə «Burevestnik»lə matçda gördülər. «Neftyanik» azarkeşlərini xeyli sevindirdi. Əvvəlcə Baskov 25 metrlik məsafədən zərbə ilə hesabı açdı, az sonra isə Məmmədovun yerinə yetirdiyi küncdən zərbə heç kimin gözləmədiyi halda birbaşa qapıya daxil oldu. Birinci hissədə Timakov 3-cü qolu vursa da, qonaqlar hissənin son saniyələrində və 60-cı dəqiqədə fərqlənərək fərqi minimuma endirdilər. Vəziyyətin bu həddə çatması azarkeşləri həyəcanlandırsa da, qalan dəqiqələrdə Məmmədovla Kuznetsovun qolları son nəticəni müəyyənləşdirdi – 5:2. Alma-Ata «Dinamo»su və Vilnüs «Spartak»ıyla oyunlardan da qələbə gözlənilməsinə baxmayaraq, komandamız hər iki görüşü imkanlarından çox aşağı səviyyədə keçirib heç-heçə ilə kifayətləndi. Bakıdakı son oyunda tbilisililəri məğlub edən «Neftyanik» İvanovo və Qorkiyə yollandı. «Qırmızı bayraq»ı Məmmədov, Timakov və Kaqakovun qolları ilə məğlub edən cənublular qorkililərlə heç-heçə oynadılar. Əvvəlcə meydan sahibləri hesabı açsa da, Kuznetsov iki müdaifəçini ustalıqla aldadıb güclü və dəqiq zərbə vurdu. Bu nəticə «Neftyanik»ə ilk dövrədən sonra 11 xalla turnir cədvəlini birinci pillədə başa vurmağa imkan verdi. Hamı A sinfinə «Neftyanik»i əsas namizəd sayırdı. Amma ikinci dövrədə anlaşılmayan hadisələr baş verdi. Baş məşqçinin hesabatında göstərilib ki, birinci dövrənin ortalarında mərkəz müdafiəçisi V.Şevçenko və sol kənar hücumçusu Ə.Əbilzadə ağır zədə alaraq uzun müddətə sıradan çıxdılar. Komanda ikinci dövrəyə bu iki aparıcı futbolçusuz başladı. İkinci dövrənin əvvəlindəki uğursuzluğa daha bir neçə futbolçunun zədələnməsi əlavə olundu. V.Anoşkinlə V.Baskov iki, N.Hüseynov isə üç oyunda komandaya kömək edə bilmədi. Bunlara əsasən Şirəliyev təxminən beş oyunda beş əsas oyunçusuz çıxış etdiklərini, onları aşağı dəstədən gələn təcrübəsiz gənclərin əvəz etdiyini və buna görə də «Neftyanik»in sonadək rəqabətə davam gətirə bilmədiyini vurğulayırdı. Zədələrdən söz düşmüşkən, komandanın həkimi Kamal Axundov SSRİ Futbol Federasiyasına göndərdiyi hesabatda səhvini etiraf edib: «Bəzi səbəblərə görə bir neçə oyunçu (V.Anoşkin, V.Xlıstov, O.Timakov) zədəli halda meydana çıxmağa məcbur oldu. Bu isə onların müalicə prosesini ağırlaşdırdı və uzatdı – bunu mövsüm ərzində özümün yeganə səhvim hesab edirəm». Nəticədə, ikinci dövrədəki 8 oyunun cəmi birini udub, ikisini heç-heçə edib, beşini isə uduzan «Neftyanik» bir il əvvəl olduğu kimi, birinci dövrəni liderlər qrupunda bitirməsinə baxmayaraq, yekunda 7-ci oldu.




    SSRİ kuboku uğrunda mübarizədə də «Neftyanik» heç nə ilə yadda qalmadı. 1/32 finalda səfərdə «Dinamo» (Daşkənd) üzərində qələbə (5:0) növbəti mərhələyə vəsiqə versə də, 1/16 final oyunları çətin keçdi. Yarımfinala qədər mərhələlər bir oyundan ibarət olsa da, «Neftyanik» HDQ (Moskva) ilə iki dəfə qarşılaşmalı oldu. Bakıdakı birinci oyunun əsas və əlavə vaxtı heç-heçə (2:2) bitdi. Ertəsi gün keçirilən görüşdə isə komandamız qələbə qazandı – 2:0. 1/8 finalda rəqib kubokun gələcək sahibi Moskva «Torpedo»su oldu. SSRİ paytaxtında əlverişsiz hava şəraiti üzündən Xarkovda keçirilən oyunda moskvalılar asanlıqla qələbə qazandılar – 4:0.
  • 1953

    İki il məqsədin bir addımlığında olan komanda sonda vəzifəsinin öhdəsindən gələ bilmədiyindən, rəhbərlik işə qarışmalı oldu. Şirəli Şirəliyev baş məşqçi vəzifəsindən azad edildi. Onun yerinə isə Viktor Novikov təyin edildi. Rəhbərlik V.Novikova böyük ümidlər bəsləyirdi.


    «Neftyanik»in heyətində elə bir ciddi dəyişiklik baş vermədi. A.Kaqakov, N.Mılnikov, Ş.Əmirov və A.Litvinov komandanı tərk etdi. A.Kaqakovdan başqa digərləri heç də heyətin əsas üzvləri deyildilər. Komandaya isə gənc oyunçular – Ş.Əliyev, M.Rıjov, M.Cavaxyan və B.Bataşov cəlb edildilər. Əsas məqsəd təcrübəli məşqçinin rəhbərliyi ilə komandanın özəyini saxlayaraq Güclülər dəstəsinə vəsiqə qazanmaq idi.




    Çempionatın startı komanda üçün uğurlu alındı. İlk üç görüşdə qalib gəlməklə bakılılar rəqiblərini 19 dəfə məyus edə bildilər. Ancaq səfərə çıxan kimi komandanın köhnə mərəzi yenidən ortaya çıxdı. Bakılılar səfərdə tərtib edilən təqvimə görə səkkiz oyunu ardıcıl olaraq səfərdə keçirməli idilər. Bu səfər görüşlərinin ilk üçündə komanda ikisi böyük hesabla olmaqla məğlubiyyətə uğradı. Lakin Orta Asiya turnesindəki dörd qələbə «Neftyanik»in turnir cədvəlindəki mövqeyini xeyli yaxşılaşdırdı. Komandanın son üç görüşünü Bakıda, özü də əsas rəqiblərə qarşı keçirməli olması azarkeşlərin ürəyində böyük ümidlər oyatmışdı. Ancaq «Neftyanik» həmişə olduğu kimi, bu dəfə də çempionatın sonluğunu çox pis başa vurdu. İlk olaraq Bakıda Yerevan «Dinamo»suna məğlubiyyət komandanı ağır duruma saldı. Bundan sonra «Torpedo» (Rostov) və «Spartak»la (Tbilisi) oyunlardakı heç-heçələr bütün ümidləri puç etdi. Daha sonra ilk mərhələdə 4-cü yeri tutan komandamız 2-ci mərhələdə 10-12-ci yerlər uğrunda mübarizə aparmalı oldu. Bakıda keçirilən həmin mini-turnirdə «Neftyanik» bir oyunu udub, digərini uduzmaqla 11-ci yerlə kifayətlənməli oldu.




    Çempionatdakı kimi kubok yarışlarında da bakılılar yaxşı start götürdülər. İlk mərhələdə «Qırmızı ulduz» (Petrozavodsk) komandası məğlub edildi – 4:2. Növbəti mərhələdə Moskva «Ximik»i inadkar oynasa da, «Neftyanik» iki oyunluq mübarizədən sonra bu səddi də dəf etdi – 1:1, 4:1. Lakin 1/32 finalda «Neftyanik» gözlənilmədən Leninabad şəhərinin komandasına uduzmaqla (4:8), yarışdan kuənar qaldı.

  • 1954

    «Neftyanik»in yeni mövsümdə çıxış edəcəyi B qrupunun oyunları gec başlasa da, A qrupunun «Spartak» (Moskva) – «Torpedo» (Qorki) və «Lokomotiv» (Moskva) – «Torpedo» (Qorki) oyunları bakılı azarkeşləri darıxmağa qoymadı. O vaxt hava şəraiti ilə əlaqədar şimal şəhərlərinin komandaları mövsümün əvvəlində «ev» oyunlarını cənub şəhərlərində keçirirdilər. Aşağı qrupun oyunları isə aprelin 18-də start götürməli idi. Burada 36 komanda 3 yarımqrupda mübarizə aparacaqdı ki, «Neftyanik» də onlardan birincisində yer almışdı.


    Komandamız hazırlığa yanvarın ikinci yarısında başladı. Bu barədə baş məşqçi Viktor Novikov «Fizkulturnik Azerbaydjana» qəzetinin 27 yanvar 1954-cü il tarixli sayında yazırdı: «Əsas diqqət topla davranışa, texniki hərəkətlərə və zərbələrə yönəlib. Fiziki hazırlıq çərçivəsində gimnastika, akrobatika və yüngül atletika təmrinləri yerinə yetirilir. Hər gün bir saat nəzəri məşğələlərə həsr olunur. Hazırlıq prosesində komandanı tərk edən Vladimir Karmayev və Viktor Şevçenkodan başqa digər futbolçular iştirak edirlər. Heyətə bir neçə gənc futbolçu dəvət etmişik ki, bu da ehtiyat qüvvənin hazırlanması məqsədi daşıyır». «Neftyanik» Bakıdakı hazırlıq mərhələsini başa vurduqdan sonra martın 11-də Batumiyə təlim-məşq toplanışına yollandı. Çempionat ərəfəsində Pavlidi və Abramaşvili komandaya qayıtdı. Yuri Kuznetsov isə çox yaxşı formada idi. Mövsüm yeni başlamışdı ki, bakılıların Finlandiyaya səfər məsələsi gündəmə gəldi. Buna görə də komandanın bir neçə oyunu iyul ayınadək təxirə salındı.


    SSRİ komandaları arasında B qrupunu iştirak edənlərdən ilk dəfə ölkə sərhədlərini aşan «Neftyanik»in səfəri olduqca uğurlu alındı. Futbolçularımız fin komandalarının qapısından üst-üstə 39 top keçirdilər. Səfərin uğurlu alınması futbolçuların əhval-ruhiyyəsinin artmasına kömək etdi. Çempionatın birinci dövrəsi bitsə də, komandanın bir neçə oyunu hələ də qalırdı.


    Birinci dövrənin sonuna yaxın Alma-Ata «Lokomotiv»i 16 xalla lider idi. Yerevan «Spartak»ı 14 xala, Leninabad şəhərinin komandası (Tacikistan) 13 xala malik idi. Onları «Neftyanik» də daxil olmaqla bir neçə komanda izləyirdi. Liderlərə yaxınlaşmaq üçün oyunlardan minimum itkiylə çıxmaq lazım idi. Bakılıların DZE (Tbilisi) ilə səfərdəki oyunu çətin keçdi. Matçın əvvəlində meydan sahibləri hesabı açdılar. Amma tezliklə qonaqlar üstünlüyü ələ aldılar. Timakov qapıçı ilə təkbətəkdən yararlana bilmədikdən az sonra Pavlidinin zərbəsini müdafiəçilər boş qapıdan çıxardılar. Nəhayət, künc zərbəsindən sonra Zeytulla Süleymanov başla hesabı bərabərləşdirdi. İkinci hissə başlayan kimi «Neftyanik» irəli atıldı.Mikuçadzenin vurduğu top dirəkdən dönsə də, 47-ci dəqiqədə o, iki müdafiəçini aldadıb Süleymanovu zərbə mövqeyinə çıxardı və Zeytulla ikinci qolu vurmaqda çətinlik çəkmədi. Matçın sonuna yaxın isə Cavaxyan 15 metrlik məsafədən güclü zərbə ilə 3-cü qolu vurdu. Birinci dövrənin son oyununda isə «Neftyanik» Leninabad şəhərinin komandasını darmadağın etdi – 7:1. Mikuçadze, Pavlidi və Kuznetsov bu oyunu yüksək səviyyədə keçirdilər. Çelyabinsk «Avanqard»ı ilə oyun isə qalmaqalla yadda qaldı. Avustun 3-də keçirilənmatçın birinci hissəsindən sonra baş hakim D.Remişvili azarkeşlərin ona daş atdıqlarını bəhanə gətirərək ikinci hissəyə çıxmaqdan imtina etdi. İki gün sonra oyun yenidən keçirildi. Əbilzadənin əvəzinə start heyətində meydana çıxan Borisbəy Bataşov sağ cinahla irəliləyib qapı qarşısına ötürmə verdi. Anoşkin topu saxlamadan uzaq küncə dəqiq zərbə vurdu. Tezliklə Bataşov özü gözəl kombinasiyadan sonra ikinci qolun müəllifi oldu. Hissəninsonuna yaxın qonaqlar hesab arasındakı fərqi azaltdılar. Amma Bataşov fasiləyədək 2 top fərqini bərpa etdi. İkinci hissədə də Bataşovun fəallığı davam etdi. Çeçen əsilli futbolçumuz bir neçə rəqib oyunçudan sıyrılıb sürətlə qapıya doğru irəlilədi. Sonuncu müdafiəçi onu qarşılamağa tələssə də, Bataşovun yerlə zərbəsi hesabı 4:1-ə çatdırdı. Təəssüf ki, arxayınlaşan futbolçularımız vaxtından əvvəl «silahı yerə qoydular». Sağ cinahda Yaralovun və qapıda Əliyevin olduqca zəif oyunu nəticəsində çelyabinsklilər 2 qol vurdular. Sona 10 dəqiqə qalmış isə qonaqlar hesabı bərabərləşdirdilər. Heç-heçəyə baxmayaraq, «Neftyanik» yarımqrupda ikinci yerə qalxdı. İkinci dövrədə Frunzedə «İskra» ilə oyun da məhsuldar alındı. Meydan sahiblərinin ikinci dövrədə uduzmamasına baxmayaraq, 3-cü dəqiqədə Pavlidinin ötürməsindən sonra Anoşkin hesabı açdı. Amma Mkrtıçovun kobud səhvi nəticəsində frunzelilər cavab qolunu vurdular. Müdafiəçilərimiz özünə gəlməmiş 12-ci dəqiqədə hesab 2:1 oldu. Birinci hissəninortalarında futbolçularımız əvvəlcə oyunu, 40-cı dəqiqədə isə hesabı bərabərləşdirdilər: Abramaşvilinin müdafiəçini aldadıb Xlıstova ötürməsini sonuncu qapıdan keçirdi. Müdafiəmizdəki səhv isə fasiləyə bu hesabla getməyə imkan vermədi – 3:2. Fasilədə məşqçi Cavaxyanın əvəzinə meydana Bataşovu buraxdı. Komandamız tam üstünlüyə yiyələnsə də, Terentyevin yanlış ötürməsi nəticəsində qapımıza 4-cü qol vuruldu. Meydan sahibləri müdafiəyə çəkilərək hesabı qorumağa çalışdığından onların müqavimətini qırmaq çətin idi. Amma sona 18 dəqiqə qalmış Bataşov təkbaşına irəlilədi və uzaq məsafədən dəqiq zərbə ilə fərqi minimuma endirdi. Alqış sədaları kəsilməmiş topu qəbul edən Bataşov 3 müdafiəçini məharətlə aldadıb qapıçı ilə təkbətək çıxdı və hesabı bərabərləşdirdi. Bayaqdan hesabı qorumağa çalışan frunzelilər nə edəcəklərini bilmirdilər. Oyunun sonuna 5 dəqiqə qaldığını bildirən qonq səsindən dərhal sonra Pavlidi 5-ci qolu vurdu. Son dəqiqələrdə oyunun qəhrəmanı Bataşov fərqlənərək «Neftyanik»in qələbəsini təmin etdi – 6:4.


    20 oyundan sonra bakılılar 32 xalla lider idi. «Spartak» (Yerevan) 31 xalla (19 oyundan), «Lokomotiv» (Alma-Ata) isə 25 xalla (17 oyundan) növbəti mərhələyə vəsiqə verən 2 yerə iddia edirdilər. Amma sonda alma-atalılar mübarizədən kənarda qaldı və «Neftyanik» ilə «Spartak» final mərhələsinə yüksəldilər. Komandamız Stalinoda keçirilən final mərhələsində ümidləri doğrulda bilmədi. Bataşovla Kuznetsovun parlaq oyununa baxmayaraq, toplanan xallar növbəti ili A sinfində keçirməyə imkan vermədi. Kuznetsovun oyunu mütəxəssislərdə o qədər təəssürat yaratdı ki, o, B sinfində oynamasına baxmayaraq, SSRİ yığmasına dəvət aldı. İlk dəfə idi ki, ölkənin əsas komandasına aşağı dəstədən oyunçu cəlb olunurdu.


    «Neftyanik» kubok yarışlarının oyunlarını Bakıda keçirsə də, çox irəliləyə bilmədi. Bakılılar əvvəlcə Azərbaycan kubokunun sahibi Budyonnu adına zavodun komandası ilə qarşılaşdılar. O vaxtkı əsasnaməyə görə Respublika kubokunun sahibi ölkə kubokunda çıxış edə bilərdi. Gözlənilənlərin əksinə olaraq, oyun «Neftyanik» üçün elə də asan keçmədi. Komanda öz həmyerlilərini minimal hesabla məğlub edə bildi. «Balaca qardaş» nəyə qadir olduğunu sübut etmək üçün meydanda var gücü ilə oynayırdı. Həmin mövsümdə əla oyun nümayiş etdirən Borisbəy Bataşovun dublu «Neftyanik»i növbəti mərhələyə çıxardı. Lakin növbəti mərhələdə komanda əsl fiaskoya uğradı. Kiyev hərbçilərini (DZE) qəbul edən bakılılar artıq ilk yarıdan sonra anladılar ki, növbəti mərhələyə adlamaq mümkün deyil. Kiyevlilər «Neftyanik»in müdafiəçilərinin səhvindən üç dəfə qapımıza yol tapa bildilər. İkinci hissədə oynunun axarı dəyişmədi. Komandalar hərəyə bir top vura bildilər. Bununla da böyükhesablı məğlubiyyətlə(1:4) barışmalı olan «Neftyanik» kubokdan kənarda qaldı.

  • 1955

    Bu il də əvvəllər olduğu kimi «Neftyanik» A qrupuna çıxmaq uğrunda mübarizə aparmalı idi. Amma heyət ötən il vəzifənin öhdəsindən gəlməyən heyətdən güclü deyildi. Ona görə də komandamızın məqsədə çatacağına inananlar az idi.


    Bir il əvvəlki ilə müqayisədə B sinfində oyunlar iki zonada keçirilirdi. «Neftyanik»in yer aldığı B zonasında əsas mübarizənin həmyerlilərimizləyanaşı Tbilisi hərbçiləri və Qorki «Torpedo»su arasında gedəcəyi gözlənilirdi. Amma bəri başdan deyək ki, onlar, nə də bakılılar ümidləri doğrultdular. 1956-cı ildə M.Miriyevin redaktorluğu ilə çapdan çıxmış kitabda 1955-ci ilin yekunlarına aid yazıda qeyd olunub: «Neftyanik» bakılı azarkeşlərin ümidlərini doğrultmadı. Keçmiş baş məşqçi Viktor Novikov çempionat başlayana qədər, elə ondan da sonra daim eksperimentlər apardı. O, hücum xəttinin oyunçularını müdafiədə, yarımmüdafiədə sınaqdan keçirir və əksini edirdi. Nəticədə, çoxlu sayda hücumçusu olmasına baxmayaraq, komandada heç olmasa minimum sayda da səviyyəli müdafiəçi yox idi. Bu elə ilk matçlardaca «bəhrəsini» verdi: ardıcılüç oyun məğlubiyyətlə başa çatdı». «Neftyanik»i izləyən qeyri-sabitlik burada da özünü göstərdi. Nəhayət, 6-cı oyunda bakılılar Tbilisi Zabitlər Evinin komandasını darmadağın etdilər – 4:1. 4 oyundan 6 xalın əldə olunduğu Ural səfərində futbolçularımızın oyunu yaxşılığa doğru dəyişdi. Bakıdakı son oyunlarda da uğurlu nəticələr birinci dövrədən sonra «Neftyanik»i 19 xalla 5-ci yerə çıxardı.




    İyulda V.Novikovu N.Rasskazovla əvəzləyən rəhbərlik bununla sabitliyə nail olmağa çalışırdı. Komanda ikinci dövrəyə böyükhesablı qələbə ilə başladı. Saratovda yerli «Energiya» ilə matçın birinci dəqiqəsində Qalkin hesabı açdı. Ardınca Bataşov hesabı 2:0-a çatdırdı və ikinci hissədə bu futbolçular hərəyə daha bir dəfə fərqləndilər. Stalinqrad «Torpedo»suyla matçda isə hadisələr tam əksinə cərəyan etdi. 1:4 hesablı məğlubiyyətdən sonra ardıcıl heç-heçələr «Neftyanik»i hədəfdən xeyli uzaqlaşdırdı. Əvvəlcə Daşkənddə «Spartak», sonra Alma-Atada «Urojay» və Bakıda Rostov «Torpedo»suyla oyunlarda cəmi 3 xal qazanıldı. Krasnodarda yerli «Neftyanik»ə və Bakıda tbilisililərə böyükhesablı məğlubiyyət demək olar ki, bütün ümidləri dəfn etdi. Krasnodarlılarla oyunda hesabı R.Məmmədov açsa da, hissənin sonunda qapıçı Sanayanın səhvindən sonra meydan sahibləri cavab qolunu vurdular. İkinci hissədə isə gözlənilmədən qonaqlar daha 3 top buraxdılar. «Neftyanik» birinci dövrədə 4:1 məğlub etdiyi Tbilisinin DZE komandası ilə matçda tarixinin ən böyük hesablı məğlubiyyətini yaşadı – 1:7. Bir faktı qeyd etmək yerinə düşər ki, ikinci dövrədə bakılılar düz 6 heç-heçə etdilər. Beləliklə, «Neftyanik» öz zonasında 6-cı yeri tutaraq, qarşıya qoyulan vəzifəni yerinə yetirə bilmədi. İkinci dövrənin əvvəllərində komandanın lideri Yuri Kuznetsovun Moskva «Dinamo»suna çağırılması da mənfi təsirini göstərdi. Bakını tərk edən hücumçu bir də A qrupunda «Neftyanik»ə qoşuldu.




    Kubok uğrunda mübarizədə də Bakı təmsilçisi ümidləri doğrultmadı. Əvvəlcə Bakının Zabitlər Evinin komandası ilə oyunda 3:2 qalib gələn «Neftyanik» 1/64 finalda Türkmənistan kubokunun sahibi olan Krasnovodsk şəhərinin komandasını darmadağın etdi – 12:1. Növbəti mərhələdə isə odessalıların oyuna gəlməməsi üzündən «Pişevik»lə matç baş tutmadı. 1/16 finalda «neftçi»lər Voronej şəhərinin komandasını 1:0 məğlub etsə də, 1/8 finalda Vilnüs «Spartak»ına məğlubiyyət (0:3) mübarizəni dayandırmaqla nəticələndi.




    «Neftyanik» ili Bakıda iki beynəlxalq yoldaşlıq görüşü keçirməklə başa vurdu. Əvvəlcə Livan yığması şəhərimizin qonağı oldu. Gənc afrikalılar təcrübəli rəqibləri qarşısında təzyiqə davam gətirə bilmədilər. Qonaqların qapıçısı M.Şahin bir neçə vəziyyətdə komandasını xilas etsə də, hissəninortalarında Ə.Əbilzadə hesabı açdı, az sonra B.Bataşov ikinci qolu vurdu. Futbolçular fasiləyə 3:1 hesabıyla yollansalar da, ikinci hissədə komandalar daha bir dəfə fərqləndilər – 4:2. Kabul şəhərinin komandasıyla oyun da azarkeşlərin marağına səbəb oldu. Qonaqların müqavimət göstərməkdə çətinlik çəkdiyini hesab da göstərir. Birinci hissədə Bataşov, Borkin, Mikuçadze, Smirnov və Əbilzadə əfqanların 17 yaşlı qapıçısı Həbib Zəkəriyyəni 5 dəfə məyus etdilər. İkinci hissə bir qədər sönük keçdi və Borkin daha bir qol vuraraq ümumi hesabı müəyyənləşdirdi – 6:0.

  • 1956

    Yeni mövsümdə B sinfində 36 komanda iki yarımqrupda mübarizə aparırdı. Birinci yarımqrupda rəqabət o qədər güclü deyildi və iki komanda liderliyə iddia edirdi. Amma «Neftyanik»in yer aldığı digər yarımqrup gərginliyi ilə seçilirdi. Mövsüm ərzində burada 6-7 dəfə lider dəyişikliyi oldu. Bakılıları Tbilisi Zabitlər Evi, «Krılya Sovetov» (Kuybışev) kimi komandalarla çox çətin oyunlar gözləyirdi. Çempionat ərəfəsində Azərbaycan SSR İdman Komitəsinin Futbol bölməsinin iclasında mövsümə hazırlıq barədə məlumat verən baş məşqçi V.Panyukov heyətdəki çatışmazlıqdan gileylənmişdi: «Komandada yarımmüdafiəçi qıtlığı var. Bu mövqedə Çistoxvalovu, Sultanovu da istifadə etmək olar. Qapıçılarla bağlı da problemimiz həll olunmamış qalır. Gələcəkdə bu məsələni həll etmək üçün Stalin adına stadionda qapıçılar məktəbi yaradılmalıdır». Yeri gəlmişkən, martın 23-də keçirilən həmin iclasın protokolunda qeyd olunub ki, iştirakçılar «Neftyanik»in hazırlıq prosesini və təlim-məşq toplanışını qənaətbəxş hesab edib.




    Komandamızın mövsümə yaxşı başlaması hazırlığın həqiqətən qənaətbəxş olması təsəvvürü yaradır. «Neftyanik» ilk altı turda beş qələbə qazanaraq liderliyə yüksəldi. «Neftçilər» «Krılya Sovetov»a, «Spartak»a (Yerevan) və «Neftyanik»ə (Krasnodar) 1:0, Voronej və Stalinqrad futbolçularına isə 3:1 hesabları ilə qalib gəlib 12 mümkün xaldan 10 xal toplayaraq cədvələ liderlik edirdilər. Xüsusilə də yerevanlılarla oyun çox gərgin keçdi. Bu oyunda qələbə komandamızı liderliyə çıxaracaqdı. Oyun haqda həmin dövrün mətbuatında geniş bəhs olunub: «Bakı və Yerevan futbolçularının görüşü həmişə gərgin keçir. Təəccüblü deyil ki, bu rəqiblərin oyunu Respublika stadionuna 30 mindən çox tamaşaçı topladı. Oyunun əvvəlindən gərgin mübarizə qızışır. Yavaş-yavaş təşəbbüs meydan sahiblərinə keçir və «Spartak»ın qapısı qarşısında daha tez-tez gərginlik yaranır. Qonaqların müdafiəçiləri və qapıçı İsraelyan daha böyük təzyiq altında oynayırlar, amma bakılılar uzun müddət üstünlüyü reallaşdıra bilmirlər. Oyunun taleyini Mikuçadzenin vurduğu yeganə qol həll etdi». Birinci dövrənin sonuna yaxın isə bakılılar böyükhesablı qələbə qazandılar. Stalinabad «Kolxozçu»su ilə görüşün birinci hissəsində Terentyev və Smirnov fərqləndilər. İkinci hissədə isə «Neftyanik» daha sürətli oynadı. İki dəfə fərqlənən Qalkinlə Smirnovdan başqa, Əbilzadə, Terentyev və Mikuçadze də qol vuraraq hesabı 7:0-a çatdırdılar. Qonaqların yeganə qolunu isə avtoqola imza atan futbolçumuz Zinin vurdu. Amma «Neftyanik» əvvəllər də rast gəlinən qeyri-sabitlik nəticəsində liderliyini uzun müddət saxlaya bilmədi. Xüsusilə də səfərdəki uğursuzluqlar komandanı liderlərdən uzaqlaşdırdı. İkinci dövrə də istənilən kimi başlamadı. Bakıda Tbilisi Zabitlər Evinin komandasına uduzan «Neftyanik» Orta Asiya səfərinə yollandı. Burada Daşkənd və Alma-Atada uduzub 4 oyunda mümkün xalların yarısı ilə kifayətlənməli oldu. Oyunçularla məşqçi arasındakı narazılıqların böyüməsinə bu amil də təsir göstərdi. Baş məşqçi Viktor Panyukovu «Neftyanik» (Krasnodar) üzərində 11:4 hesablı qələbə də xilas etmədi. Oyunun ertəsi günü onu müvəqqəti olaraq Kamal Axundov əvəz etdi. Ardınca Kuybışevdə və Yerevanda məğlubiyyət, Stalinqrad və Rostovda isə heç-heçələr bakılılara baha başa gəldi. Səfər uğursuzluğunun öhdəsindən bu il də gələ bilməyən komandamız «ev»dəki son 7 oyunu nisbətən qənaətbəxş keçirsə də, bu heç nəyi dəyişmədi. Qorki «Torpedo»suna məğlubiyyətdən (2:3) sonra Molotovun komandası ilə heç-heçə (2:2) ilk xalı gətirdi. İjevsk, Çelyabinsk və Sverdlovsk futbolçuları üzərində müvafiq olaraq 1:0, 2:0 və 5:3 hesablı qələbələr də ümid edilən nəticəni vermədi. Yekunda «Neftyanik» ötən il olduğu kimi, voronejlilərlə eyni sayda - 39 xal toplasa da, topların daha yaxşı fərqinə görə 5-ci oldu.




    «Neftyanik» yenə də azarkeşləri beynəlxalq oyunlarla sevindirdi. Efiopiya və İndoneziya ilə yanaşı, 30 illik fasilədən sonra iranlı futbolçular Bakının qonağı oldular. Afrikalılarla matç komandamızın üstünlüyü ilə keçdi. Əvvəlcə Terentyev hesabı açdı, sonra Mikuçadze daha üç qol vurdu. Qonaqlar fasiləyədək bu qollardan birinin əvəzini çıxa bildilər. İkinci hissənin əvvəllərində efiopiyalılar daha iki dəfə fərqləndilər. Əvvəlcə hücumçu Kebbede fərqi azaltdı, sonra isə müdafiəçi topu öz qapısına göndərərək fərqi bərpa etdi. Daha bir qol vuran Mikuçadze nəticəni müəyyənləşdirdi – 6:2. İndoneziyalılarla görüş bir qədər çətin keçdi. Sürətli futbolçulara malik qonaqlar artıq 9-cu dəqiqədə hesabı açdılar. Amma daha artığına onların gücü çatmadı. Oyunu yüksək səviyyədə keçirən Əbilzadə 33-cü dəqiqədə cavab qolunu vurdu. İkinci hissədə «Neftyanik»in üstünlüyü daha aşkar şəkil aldı. Hissənin əvvəlində Əbilzadə ikinci qolu, sona 5 dəqiqə qalmış isə 3-cü qolu vuraraq 3:1 hesablı qələbəni rəsmiləşdirdi. Payızda isə Tehran şəhərinin yığma komandası «Neftyanik»in rəqibi oldu. Oyun bərabər səviyyədə başladı. Qonaqlar daha təhlükəli hücumlar təşkil etsə də, qapıçımız Çingiz İsmayılov məharətlə həmlələri dəf edirdi. Fasiləyə iki dəqiqə qalmış qonaqların kapitanı Brumandın zərbəsini İsmayılov qaytarsa da, özünü yetirən Hatəmi hesabı açdı. İkinci hissədə futbolçularımızın irəli atılmağından istifadə edən qonaqlar əks-hücumda ikinci qolu vurdular. Bakılıların çoxsaylı hücumları isə nəticəsiz qalırdı. Meydan sahibləri yalnız qollardan birinin əvəzini çıxaraq məğlubiyyətlə barışmalı oldular – 1:2. Yoldaşlıq oyunlarındakı məhsuldarlığa baxmayaraq, hücum xəttinin dişsizliyi çempionatda özünü daha qabarıq göstərdi. Bu barədə ilin yekunlarına aid təqvim-məlumat kitabçasında yazılıb: «Hücumçulardan Mikuçadze daha səmərəli oldu. Buna baxmayaraq, «Neftyanik»in hücum xəttində nöqsanlar çoxdur».




    SSRİ xalqlarının spartakiadasının təşkil olunması ilə əlaqədar olaraq bu il ümumiyyətlə kubok yarışları keçirilmədi.

  • 1957

    Artıq neçə illərdir «Neftyanik»in qarşıya qoyulan məqsədə çata bilməməsi respublika rəhbərliyini dəyişiklikləri davam etdirməyə məcbur edirdi. Bu dəfə yeni mövsümə komandanı yeni baş məşqçi Oleq Timakov hazırlayırdı. Köməkçi məşqçi də dəyişmişdi. Timakova İsay Abramaşvili kömək edirdi. Həmin dövrə aid təqvim kitabçasında K.Malafriyevin yazdığı felyetonda da azarkeşlərin yeni məşqçiyə ümidi təsvir olunub: «Yeni məşqçi Timakova böyük ümidlər bəslənir. Axı bu futbol aləminin ən böyük ulduzlarından biridir. Timakovun Moskva «Spartak»ının heyətində parlaq oyununu öz gözləri ilə görən əksəriyyət onu şöhrətli top ustalarının sırasına aid edir. İndi də hamını bir sual düşündürür – Timakov öz təcrübəsini bizim bakılı idmançılara aşılamağı bacaracaqmı? Bacarmalıdır, mütləq bacarmalıdır». Bəri başdan deyək ki, Timakov da bacarmadı. Baxmayaraq ki, «Neftyanik» mövsümə pis başlamadı. B sinfinin 3-cü yarımqrupunda əsasən Qafqaz və Orta Asiya komandalarına rəqib olan bakılılar startda azarkeşlərə ümid vəd edirdi. Artıq 8 turdan sonra 4 «ev», bir o qədər də səfər oyunundan Timakovun yetirmələri 12 xal toplamışdı. Amma yenə də itkilərlə müşayiət olunan Orta Asiya səfərindən sonra komandamız liderlərdən xeyli geri düşdü. Birinci dövrənin sonunda «Neftyanik» Bakıda «Kayrat»a qalib gəlsə də (1:0), gözlənilmədən frunzelilərə böyük hesabla uduzdu (1:5) və dövrəni 5-ci yerdə qapadı. Komandanın qapısını qoruyan, «birinci dövrədə zəif oynasaq da, ikinci yarını yaxşı keçirdik» deyən Çingiz İsmayılovun həmin dövrəyə aid xatirələri də maraqlıdır: «Ermənilərlə oyunlar həmişə prinsipial olurdu. Həmişə də bu oyuna görə xüsusi mükafatlar qoyulurdu. Çünki ermənilər də bizə qarşı oyunlara xüsusi hazırlaşırdılar, nəyin bahasına olursa-olsun Azərbaycan komandasına uduzmaq istəmirdilər. 1957-ci ildə Bakıda İrəvan «Spartak»ı ilə oyun ərəfəsində də ermənilər bir az artıq-əskik sözlər danışmışdılar deyə, rəhbərlik əsəbiləşmişdi. Görüşdən qabaq gəlib bizə dedilər ki, bu oyunu udun, yaxşı mükafat olacaq. Hesabda 0:1 geri düşsək də, Mikuçadzeylə Qalkinin qolları qələbə gətirdi. 2:1 udduğumuza görə futbolçuların hərəsinə bir bahalı makintoş bağışladılar».




    Yeni baş məşqçinin işi öz bəhrəsini ikinci dövrədə verdi. «Neftyanik» birnəfəsə keçirdiyi 15 oyunun 11-də qələbə qazanıb, 3-nü heç-heçə başa vurub, cəmi birində uduzdu. Amma birinci dövrədə liderlər çox qabağa qaçdığından bakılılar yalnız 3-cü olaraq qoyulan məqsədə bu dəfə də çata bilmədilər. Mətbuatda qapıçı Ç.İsmayılovun, müdafiəçi V.Denisovun və hücumçu K.Eynullayevin mövsümü yüksək səviyyədə keçirdiyi bildirilirdi.


    Bütün gücünü çempionatda qarşıya qoyulan məqsədə sərf edən «Neftyanik» kubok oyunlarına elə bir əhəmiyyət vermədi. Məhz bu səbəbdən də komanda Kirovda keçirilən yerli dinamoçularla oyunda məğlubiyyətə uğradı – 1:2. «Neftyanik» kubok yarışını ilk mərhələdə dayandırmalı oldu.


    «Neftyanik»in beynəlxalq oyunları sırasına bu il daha bir neçəsi əlavə olundu. Komandamız əvvəlcə aprel ayında İrana yollanaraq, Tehranda iki oyun keçirdi. Əli Əbilzadənin 1960-cı ildə çapdan çıxmış «Neftyanik»in səfərləri» kitabında bu oyunlar haqda geniş bəhs olunub. Ə.Əbilzadənin xatirələrinə görə, bakılılar «Tac» komandası ilə birinci oyunda böyük üstünlüyə malik idilər və asanlıqla qalib gəldilər – 3:0. Üç gün sonra keçirilən ikinci oyun isə çətin keçdi. Bunun səbəbini də Ə.Əbilzadə belə izah edib: «Hələ birinci görüşdən sonra ən yaxşı idmançıları Tehrana çağırmaq üçün Rəştə, Abadana və başqa şəhərlərə teleqram göndərilmişdi. Biz ikinci dəfə meydançaya çıxanda İran komandasında yeni müdafiəçilər, yarımmüdafiəçilər gördük. Deməli, «Neftyanik» komandası Tehran futbolçuları ilə deyil, İranın yığma komandası ilə yarışmalıdır». Bu oyunda meydan sahibləri müdafiəçi Turan Məmmədovun kobud səhvindən sonra hesabı açsa da, Qalkin və Mikuçadze komandamızı irəli çıxardı. Sona yaxın isə iranlılar daha bir qol vuraraq nəticəni müəyyənləşdirdilər – 2:2. Seylona səfər isə daha asan keçdi. Elə nəticələr də hər şeyi deyir: Kolombo ştatının komandası üzərində 16:3, Kolombo şəhərinin yığması üzərində 14:1 və ölkə yığması üzərində 3:2 hesablı qələbələr. Kambocada da «Neftyanik» 3 oyun keçirdi. Pnom-Pen şəhərinin gənclər yığmasına 5:1, paytaxt yığmasına isə iki dəfə 2:0 hesabları ilə qalib gəldilər.

  • 1958

    İlin əvvəlində beynəlxalq turneyə yollanan «Neftyanik» çempionatın hazırlığına digər komandalara nisbətən çox gec başladı. Bütün yanvar ayını səfərə sərf edən bakılıların baş məşqçisi Oleq Timakov ilk məşqi fevralda keçə bildi. Amma bu zaman məlum oldu ki, heç də hamı məşqə hazır deyil – bəzilərinin istirahətə, bəzilərinin müalicəyə ehtiyacı var. Yeni cəlb olunanların isə ustalığı komandaya layiq deyil. Mövsümün sonunda Azərbaycan SSR Futbol bölməsinin sədri K.Axundov 22 noyabr 1958-ci tarixli «Azərbaycan Bədən tərbiyəçisi» qəzetində yazırdı: «Hazırlıq prosesində, nəzəri dərslərdə çoxsaylı səhvlər buraxılmışdı. Bu səhvlər kollektivin üzvlərinin texniki və taktiki ustalığının inkişafında, fiziki hazırlığında özünü göstərdi. Buna görə bütün günahı yoldaş Timakovun üzərinə atmaq düzgün olmazdı. Xeyr, düzünü demək lazımdır – səhvlərin və boşluqların yaranmasının əksəriyyətində günahın böyüyü idmançıların özündədir. Onların bəzilərinin passivliyi, intizamsızlığı, yüksək səviyyəli futbolçuya çevrilmək üçün lazım olan əsl idman əməksevərliyinin çatışmaması tam güclə oynamağa imkan vermədi».


    Komanda üzvlərindən artıq 8 ildir heyətdə olan Terentyev, Denisov ümidləri doğrultmasa da, təcrübəli Əbilzadə, Mikuçadze və Əmirovla yanaşı, Ələsgərov, Babayev, Kosenkov, Qalkin kimi gənclər böyük ümid bəxş edirdilər. Zülqərniyev çalışqan, texniki və taktiki cəhətdən savadlı olsa da, hərəkətlərində son anda özünəinam çatışmırdı. Mövsümöncəsi ən uğurlu transfer isə Dikarev idi. Ucaboy və fiziki cəhətdən güclü olan müdafiəçi tezliklə əsas heyətə düşdü. Ötən mövsüm qarşıya qoyulan vəzifəni yerinə yetirə bilməməsinə baxmayaraq, heyətdə elə də ciddi dəyişikliklər olmadı. Bununla belə mövsümün əvvəlində «Neftyanik»in A sinfinə qayıtmasına ümid böyük idi.


    Təqvim də komandamız üçün uğurlu idi. Bakılılar ilk 5 turun oyunlarını Bakıda keçirməli idilər. Əvvəlcə Yerevan «Spartak»ını 1:0 hesabı ilə məğlub edən futbolçularımız bir həftə sonra stalinoluların qapısına 4 cavabsız top vurdular. Amma sonrakı 3 oyunda cəmi 3 xal qazanıldı. Növbəti qələbəni isə düz 6 tur gözləmək lazım gəldi. Birinci dövrədən sonra «Neftyanik» 20 xalla turnir cədvəlinin ortalarında qərarlaşmışdı, liderlərlə xal fərqi isə o qədər də böyük deyildi. Birinci dövrədən sonra komandanın əsas müdafiəçilərindən olan Turan Məmmədov ali məktəbdə oxumaq üçün karyerasını bitirdi. Onun mövqeyini baş məşqçi Timakov gənc Dikarevə tapşırdı və müdvfiəçi məşqçinin yanılmadığını sübut etdi. Yeri gəlmişkən, T.Məmmədovun bir çox vəzifələrdən keçən yolu məhz bu vaxt başladı. Bir çox komanda yoldaşları kimi Çingiz İsmayılov da Məmmədovu yaxşı xatırlayır: «Turan «Kompressor» zavodunda işləyə-işləyə zavodun komandasında oynayırdı. Sonra da onu «Neftyanik»ə götürdülər. Savadlı idi, Bədən Tərbiyəsi İnstitutunda oxuyurdu. Yaxşı müdaifəçi idi, Seyşel adalarına səfər zamanı isə komandamızın kapitanı idi. Dərslərə görə məşqlərdən icazə alırdı deyə, Timakov dedi ki, ya futbol oyna, ya da institutda oxu. O da oxumağı üstün tutdu. İnstitutu bitirdikdən sonra da elə orada qalıb işlədi. «Neftçi» İdman Cəmiyyətində işçi və «Neftyanik»də rəis işlədikdən sonra isə «Neftçi» Cəmiyyətinin Mərkəzi Şurasının sədri oldu».


    Çempionata qayıdaraq onu qeyd etmək lazımdır ki, komandamız ikinci dövrəni daha zəif keçirib 7-cı yerlə kifayətləndi. Ölkə kuboku uğrunda mübarizəyə 1/256 finaldan başlayan bakılılar «ev»də «Kuban»la qarşılaşdılar. Zibrovun qoluna Cavaxyan cavab verdi. Qalibi müəyyənləşdirmək üçün təyin olunan əlavə vaxtda isə komandamız daha bir qol buraxıb mübarizəni elə ilk mərhələdəcə dayandırdı. Mövsüm bitdikdən sonra baş məşqçi Oleq Timakov komandadan xaric edildi.

  • 1959

    İldən ilə «Neftyanik»in zəif nəticələr göstərməsi Respublika İdman Komitəsinin rəhbərlərini bəzi dəyişikliklərə əl atmağa məcbur edirdi. Belə ki, 1959-cu ildə Azərbaycanı hansı komandanın təmsil edəcəyini müəyyənləşdirmək üçün Respublika birinciliyinin qalibi ilə «Neftyanik» arasında keçid oyunları keçirilməsi təklif edildi. 1958-ci ilin noyabrında «Neftyanik» Respublika çempionu olan «Orconikidzeneft» trestinin kompressor təsərrüfatı komandası ilə keçid oyunları keçirdi. İlk oyunda komandaları meydana hakim Tofiq Bəhramov çıxardı. Əvvəlcədən qeyd edək ki, hər iki oyun gərgin keçdi. Birinci oyunun ilk yarısında hesab açılmadı. 



    Üstəlik, Cavaxyan zədələnərək meydanı tərk etdiyindən «Neftyanik» azlıqda oynamalı oldu. Komandamızın heyətində Əbilzadə ilə Qalkin çox fəal idilər. İkinci hissənin əvvəlində Mikuçadzenin fərqlənməsinə müdafiəçi Malkin mane olsa da, az sonra o cərimə meydançasında əllə oynadı və hakim Tofiq Bəhramov penalti təyin etdi. Penaltidən fərqlənən Əbilzadə tezliklə hesabı 2:0-a çatdırdı. Amma Cavaxyanla yanaşı, Əbilzadənin də zədələnərək ikinci oyunu buraxması «Neftyanik»ə baha başa gələ bilərdi. Belə ki, heyətində təhlükəli Fətullayev, Timakov kimi futbolçular olan «Orconikidzeneft» hesabı açdı, tezliklə Mövsümov ikinci qolu vurdu. Amma fasiləyə az qalmış Qalkin fərqi azalda bildi. İkinci hissədə Məmmədnağı Babayevin və Klim Xaçaturovun zərbələrindən sonra komandamızqələbə qazana bildi. Beləliklə, 1959-cu ildə Respublikamızı SSRİ çempionatında məhz «Neftyanik» təmsil etməli oldu. Lakin keçid oyunları bir daha göstərdi ki, komandadakı vəziyyət qənaətbəxş deyil.




    1959-cu il mövsümünə «Neftyanik» böyük kadr dəyişikliyi ilə başladı. Komandanın rəisi vəzifəsinə Şirəli Şirəliyev təyin edildi. İşindəki ciddi qüsurlara görə ötən mövsümün sonunda komandadan uzaqlaşdırılmış baş məşqçi O.Timakovun yerinə isə müharibəyə qədərki dövrdə Azərbaycan futbolunun dahisi sayılan Konstantin Kuznetsov gətirildi. K.Kuznetsova kömək məqsədi ilə yenə də keçmişin məşhur futbolçusu Pavel Reyx onun köməkçisi oldu. Heyəti gücləndirmək məqsədi ilə Respublikamızın bir qrup gənc futbolçusu – A.Babayev, A.Manafov, A.Kazakov, T.Fətullayev, V.Yudanov, V.Hacıyev, N.Ayrapetov, S.Muradov və V.Xluçin komandaya cəlb edildi.




    Komanda mövsümün ilk oyununu uğurla keçirdi. Uzun müddətli fasilədən sonra «Neftyanik» nəhayət, yenidən Respublika təmsilçisi ilə qarşılaşdı. Bu dəfəki rəqib isə yenicə yaradılmış Kirovabadın «Tekstilşik» komandası oldu. Bakılılar çətinlik çəkmədən rəqibi məğlub edə bildi. Ancaq oyun göstərdi ki, komanda mövsümə heç də yaxşı hazırlaşmayıb. Növbəti oyun bu fərziyələri təsdiq etdi. Tbilisi hərbçiləri Bakıda iki cavabsız top vurmaqla qalib gəldilər. Ermənistan səfərindən iki oyuna bir xalla dönən komanda ən acınacaqlı məğlubiyyətini doğma meydanda «Kuban»dan aldı. Krasnodarlılar komandamızın qapısından beş cavabsız top keçirdilər. Düzdür, Nalçikdəki səfər oyununda «Neftyanik» V.Smirnovun topu sayəsində «Spartak» üzərində qələbə qazana bildi. Lakin növbəti oyunda komanda yenidən fiaskoya uğrayaraq Stavropolda «Spartak»dan dörd cavabsız qol buraxdı. Artıq məlum idi ki, komanda nəinki Güclülər dəstəsinə keçə bilər, hətta B sinfində yerini qorumaq ona çətin olacaq. K.Kuznetsovun komandanı böhrandan çıxara biləcəyi şübhə doğurduğundan, yenidən rəhbərlik işə qarışmalı oldu. Birinci dövrədən sonra o vəzifəsindən azad edildi. Komandaya yeni baş məşqçi kimi Venyamin Krılov təyin edildi.




    Yeni baş məşqçinin debütü uğurlu alındı. Onun gəlişi SSRİ kuboku yarışlarının başlanmasına təsadüf etdi. İlk görüşdə «Neftyanik» doğma meydanda «Terek»ə qalib gəlməklə (3:1) növbəti mərhələyə adladı. Bu mərhələdə komanda Stavropolda «Spartak» üzərində əlavə vaxtda çətin qələbə qazandı – 2:1. Bu qələbə azca da olsa, azarkeşlərə birinci dövrədə Stavropoldakı acı məğlubiyyəti unutdura bildi. Komanda yalnız 1/16 finalda Stalinqradda «Traktor»a minimal hesabla məğlub olmaqla kubok yarışından kənarda qaldı.


    Onu da qeyd edək ki, baş məşqçi kubok oyunlarında E.Piriyev, Lısov, Lakin, Udunyan kimi gəncləri sınaqdan keçirdi. Çox təəssüf ki, onların heç biri komandada möhkəmlənə bilmədi.




    Kubokda olduğu kimi, komanda ikinci dövrəyə uğurla başlayaraq, Kirovabaddan qələbə ilə döndü. Ancaq sonra «ev»də üç ardıcıl oyun keçirən və bunlardan yalnız birində qələbə qazanılandan sonra məlum oldu ki, komanda artıq əsas vəzifənin öhdəsindən gələ bilməyəcək. Düzdür, V.Krılov komandanın oyununda müəyyən müsbət dəyişikliklər edir. Komanda artıq acı məğlubiyyət almasa da, oyunda hələ tam stabillik yox idi. «Neftyanik»in veteranları ilə gəncləri arasında vəhdət təşkil edilmədiyindən, komanda öz oyununu tapa bilmirdi. Mövsümün sonunda səfərdə keçirilən oyunlarda üç ardıcıl məğlubiyyət isə «Neftyanik»i turnir cədvəlinin aşağılarına atdı. Bakılılar yalnız «Temp» və «Tekstilşik»i qabaqlamaqla B sinfində öz yerini qoruya bildi.


    1959-cu ili «Neftyanik»in tarixində ən uğursuz mövsüm hesab etmək olar. Artıq komandada islahatların aparılması labüd idi.

  • 1960

    Son 2-3 ili B sinfində zəif keçirən «Neftyanik» SSRİ Futbol Federasiyasının apardığı islahatlar nəticəsində tarixində ikinci dəfə A sinfində oynamaq hüququ qazandı. Bu qərara əsasən güclülər sinfini 12 komandadan heç biri tərk etmədi və B sinfindən 10 komanda onlara qoşuldu. Yeni əsasnamədə 22 komandanın hər birində 11 komanda olmaqla 2 yarımqrupa bölünməsi nəzərdə tutuldu. Bu yarımqruplarda ilk üç yeri tutanlar 1-6, sonrakı üç yeri tutanlar isə 7-12-ci yerlər uğrunda mübarizə aparacaqdı. İlk altılıq uğrunda mübarizəyə qoşulmaq debütant üçün çox çətin olsa da, 7-12-ci yerlərə iddia etmək mümkün idi. Bu məqsədlə respublika rəhbərliyi «Neftyanik»i gücləndirmək istiqamətində addımlar atdı. İlk növbədə Moskva «Dinamo»sundan SSRİ yığmasının üzvləri Ələkbər Məmmədovla Yuri Kuznetsov doğma komandaya qaytarıldılar. Onların məsləhəti ilə daha iki «Dinamo»çu – Adamas Qolodets və Yevgeni Baykov da heyətə cəlb edildilər. Bəri başdan qeyd edək ki, Baykov heyətə düşməkdə problemlə üzləşdi və tezliklə geri döndü. Amma «üçlük» əlindən gələni əsirgəməsə də, heyətdə Güclülər dəstəsi komandaları ilə oyun təcrübəsi olmayanların çoxluğu lazımi nəticələrin əldə olunmasına imkan vermirdi. Çempionatın əvvəli isə komanda üçün daha zəif keçdi: ilk üç oyunda «Lokomotiv» (Moskva) komandamızın qapısına 4, «Spartak» (Moskva) 3, «Admiralteyets» (Leninqrad) isə 2 cavabsız qol vurdu. 4-cü turda Kuybışevdə «Krılya Sovetov»la oyun 1:1 bitdi və «Neftyanik» ilk qolunu vurmaqla yanaşı, ilk xalını da əldə etmiş oldu. Bunun ardınca Bakıda «Şaxtyor»la (Donetsk) matç da eyni hesabla tamamlandı. Birinci dövrədəki yeganə qələbə isə Vilnüsda «Spartak» üzərində qazanıldı. Bu, komandamızın birinci dövrədəki son xalları oldu və yekunda cəmi 4 xal əldə edildi.


    Buna baxmayaraq, dövrələrarası fasilədə baş məşqçi V.Krılov bəzi çatışmazlıqları aradan qaldıra bildi. Üstəlik, keçirilən yoldaşlıq görüşləri də təcrübə toplamaq baxımından çox xeyirli oldu. Almaniya Demokratik Respublikasının «Motor» (0:0), İndoneziyanın «Persica» (5:2) klubları Bakıya səfər edənlərdən oldular. Ən yaddaqalan matç isə Bakıda Türkiyənin güclü klublarından olan «Qalatasaray»a qarşı keçirildi. Türklərin heyətində yığmanın kapitanı Turqay Şeren və bütün Avropada ad çıxarmış Metin Oktay kimi futbolçuların çıxış etməsinə baxmayaraq, «Neftyanik» 3:1 hesabı ilə qalib gəldi. Komandamız ikinci dövrədə də azarkeşlərini sevindirməkdə davam etdi. «Kayrat», MOİK, «Spartak» (Vilnüs) və Moskvada «Spartak» üzərində qazanılan 4 qələbə ilə daha 2 heç-heçə bakılıların vəziyyətini xeyli yaxşılaşdırdı. Amma birinci dövrədəki itkilər «Neftyanik»in «Spartak» (Vilnüs), digər yarımqrupda son iki yer tutan «Moldova» (Kişinyov) və «Kalev»lə (Tallin) birgə yalnız 19-22-ci yerlər uğrunda mübarizə aparmasına imkan verdi. Birinci mərhələdə toplanılan xalların silindiyi və komandaların sıfırdan başladığı bu mini-turnirdə bakılılar 21-ci olmaqla A sinfində yerini qoruya bildi.

    Mövsüm bitdikdən sonra hər il olduğu kimi, «Neftyanik» xarici səfərlə – bu dəfə Sudan və Efiopiyaya yollandı. Xartumda «Muroda» klubu ilə oyun uğursuz başlasa da, ikinci hissədə Ə.Məmmədov, Y.Kuznetsov və A.Qolodetsin vurduğu qollar 3:2 hesablı qələbəni təmin etdi. «Merih»lə oyunda da Ə.Məmmədovla (2 qol) A.Qolodets əsas fiqurlar oldular – 3:1. Sudan yığmasının əsasını təşkil edən «Hilal»la görüş daha çətin alındı. Ölkənin ən güclü klubu qələbəyə köklənsə də, Y.Kuznetsovun 2 qolu komandamızın qələbəsində (3:2) həlledici oldu.

    Efiopiyaya səfər isə daha asan keçdi. Əvvəlcə paytaxt Əddis-Əbəbənin yığma komandası darmadağın edildi – 7:0. Qollardan altısını Qolodets vurdu. O, sonrakı oyunda Dərədava əyalətinin yığmasının qapıçısını da məyus etdi. Kuznetsovun daha iki qolu qələbəni möhkəmləndirdi – 3:1. Həmin dövrün mətbuatının verdiyi məlumata görə, havaların olduqca isti keçməsi bakılıların işini çətinləşdirirdi. Bu, Efiopiya yığması ilə oyunda özünü daha çox büruzə verdi. Birinci hissədə qonaqların çaş-baş qalmasından istifadə edən rəqib qapımızdan 2 top keçirdi. Amma fasilədən sonra artıq özünə gələn «Neftyanik» Qolodetsin het-triki sayəsində 5:2 hesablı qələbə qazandı. Son oyunda Asmara şəhərinin komandasına 3:1 hesabı ilə qalib gələn bakılılar vətənə məğlubiyyətsiz döndülər.


    Sona çatan mövsümdə komandada Kamil Eynullayev, Vyaçeslav Semiqlazov, Robert Çançaleyşvili və Anatoli Qryazev kimi oyunçular da parladı. Baykovla yanaşı «Lokomotiv»dən (Moskva) gəlmiş İvan Marqunovun heyətə düşə bilməməsi həmin il güclü rəqabətdən xəbər verirdi. Bunları nəzərə alaraq komanda yeni mövsümə ümidlərlə yollandı.

    Kubok yarışlarının nizamnaməsində ötən il dəyişiklik edildiyindən, «Neftyanik» bu il oyun keçirmədi.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism