1961-1970 | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

1961-1970

  • 1961

    Respublika rəhbərliyi də «Neftyanik»i yüksək pillələrdə görmək üçün böyük planlar hazırlamışdı. İlk növbədə futbol təşkilatçılığını, idarəçiliyini bilən məşqçiyə ehtiyac hiss olunurdu və Boris Andreyeviç Arkadyevin simasında bu şəxs tapıldı. O Arkadyevin ki, «Dinamo» (Moskva), OMİK, «Lokomotiv» (Moskva) ən güclü dövrlərinə məhz onun vaxtında çatmışdılar. SSRİ kimi ölkənin futbol üzrə yığma komandasının ilk baş məşqçisi də məhz Boris Arkadyev olmuşdu. Belə nüfuzlu şəxsin «Neftyanik»ə gəlməsi Azərbaycan futbolunun nüfuzunu birə-beş artırdı. Arkadyevin köməkçisi vəzifəsinə«Neftyanik»in keçmiş futbolçusu Əli Əbilzadə təyin edildi. Ona qədər ikinci məşqçi olmuş Tofiq Bəhramov isə komandanın rəisi vəzifəsinə keçdi.


    23-cü SSRİ çempionatının əsasnaməsində ötən ilki ilə müqayisədə kiçik dəyişiklik oldu. Bu dəfə yarımqruplarda ilk 5 yeri tutanlar 1-10, qalanları isə 11-22-ci yerlər uğrunda mübarizə aparacaqdı. Üstəlik birinci mərhələdə toplanan xallar ikincidə nəzərə alınırdı və sonuncu yeri tutan A sinfini tərk edirdi.


    Arkadyev heyətdə də ciddi reformalar apardı – Ə.Məmmədov, Y.Kuznetsov və A.Qolodets yenə komandanın əsas zərbə qüvvəsi qalsa da, yeni baş məşqçi baxışdan keçirdiyi yüzlərlə gənc arasından bir neçəsini heyətə cəlb etdi. Bunlar Kazbek Tuayev, Aleksandr Trofimov, Tofiq Axundov, Nadir Eynullayev idi. Həmin dövrlər komandanın qapısını qorumuş Çingiz İsmayılov Arkadyevin gəlişini belə xatırlayır: «Onun gəlişi ilə komandada çox dəyişiklik oldu. İstedadlı cavanların hamısını heyətə cəlb etdi və onlara etimad göstərdi. Arkadyevin israrı ilə komandanı «Yaxt Klub»dan «Spartak» stadionunun yanında olan mehmanxanaya köçürdülər. Amma bura da Boris Andreyeviçin xoşuna gəlmədi və daha rahat olan «Cənub» mehmanxanasına köçdük. «Neftyanik» burda da çox qalmayıb köhnə «İnturist»də məskən saldı. Artıq belə demək mümkünsə, peşəkarlaşma gedirdi, qaldığımız mehmanxanada da yemək yeyirdik. Komandaya Əliş Ləmbəranskinin bilavasitə rəhbərliyi ilə Bakı Şəhər Soveti nəzarət edirdi. Həmin vaxtlarda indiki Ordu stadionunun yanında komandanın təlim-məşq toplanışlarını keçirməsi üçün ilk dəfə olaraq fin evləri tikildi. Məşqləri də həmin stadionda keçirdilər».

    Yeni məşqçinin hazırlıq prosesinin bəhrəsi dərhal özünü göstərdi. Birinci dövrədə 12 xal toplayan «Neftyanik» cəmi iki dəfə məğlub oldu. Bu məğlubiyyətlərdən biri Moskvada «Torpedo» ilə görüşə təsadüf etdi. Oyuna əla başlayan bakılılar 2:0 hesabı ilə irəli çıxdılar. Oyunun gedişi də qələbədən başqa nəticədən xəbər vermirdi. Amma tallinli hakim Kalevistenin də səyləri nəticəsində moskvalılar hesabı bərabərləşdirdilər. Sonuncu dəqiqədə isə Valentin İvanov qələbə topunu vurdu. Bu epizodda yan xətt hakimi qayda pozuntusunu işarə etsə də, baş hakim oyundan kənar vəziyyətdən vurulan qolu hesaba aldı. Həmin hadisənin şahidi olmuş jurnalist Oqtay Atayev «Ot «Proqressa» do «Neftçi»» kitabında yazır: «Bu epizodun hakimlər otağında necə müzakirə edildiyini xatırlayıram. Hamı etiraf edirdi ki, ofsayd vardı. Kaleviste qeyri-kafi qiymət aldı (o, sonralar çempionatın oyunlarını idarə etmədi).

    - Bəs onda bu bədbəxt komanda neyələsin? – deyə B.Arkadyev soruşdu.

    Onda Ümumittifaq Hakimlər Kollegiyasına rəhbərlik edən N.Latışev yüngülcə cavab verdi:

    - Boris Andreyeviç, Siz ki bilirsiz, «oyundan kənar vəziyyətlər»ə görə etiraz qəbul olunmur və bu məsələlərə baxılmır!

    B.Arkadyevin kədərlə əlini yelləməkdən başqa çarəsi qalmadı».


    Birinci dövrənin vacib qələbələrindən biri də Xarkovda müharibədən sonra «Neftyanik»in məğlub edə bilmədiyi «Metallist» üzərində qazanıldı. Buna baxmayaraq, ikinci dövrədə komanda sabit oyun göstərə bilmədi və cəmi 4 xal qazanaraq, ilk «beşliy»ə düşmək şansını itirdi. Üstəlik, komanda ikinci mərhələdə də ancaq 18-ci olmaqla A sinfində yerini qoruya bildi. Bir il əvvəlki nəticəni yaxşılaşdırmaqla yanaşı, «Neftyanik»in oyununda da dəst-xətt hiss olunurdu.

    Mövsümün sonunu isə komanda hər il olduğu kimi, yoldaşlıq oyunları ilə başa vurdu. Əvvəlcə «Neftyanik» Bakıda SSRİ-nin əsas yığmasını qəbul etdi. Dünya çempionatının seçmə mərhələsinin son oyununda səfərdə Türkiyə ilə qarşılaşacaq SSRİ yığmasının baş məşqçisi Qavriil Kaçalin oyun stilinin yaxın olduğunu nəzərə alıb taktiki sxemləri sınaqdan keçirmək üçün komandamızla yoxlama görüşündə yetirmələrinin qüvvəsini sınadı. V.İ.Lenin adına Respublika stadionunda keçirilən matçda «Neftyanik» 4:2 hesabı ilə qalib gəldi. Məlumat üçün qeyd edək ki, SSRİ İstanbulda türkləri məğlub edib munidala yollanmaq imkanı qazandı. Bu oyunla yanaşı, «Neftyanik» Polşada keçirdiyi 4 görüşü də qələbə ilə başa vurdu. Baxmayaraq ki, Ə.Məmmədov, K.Tuayev və N.Eynullayev bu səfərdə komandaya kömək edə bilmirdi.

    «Neftyanik» kubok yarışlarında da pis nəticə göstərmədi. İlk mərhələdə Omskda yerli «İrtış» üzərində qələbə qazanıldı – 1:0. Növbəti mərhələdə doğma divarlar arasında Tallin Kalevinin müqaviməti qırıldı – 2:1 (əlavə vaxtda). 1/8 finalda isə Pavlovo-Okada keçirilən görüşlər bakılılar üçün çətin alındı. «Neftyanik» ilk görüşdə yerli «Torpedo»nun müqavimətini qıra bilmədi (0:0). Bu səbəbdən də ertəsi gün təkrar görüş keçirildi. Nəhayət, ikinci oyunda komandamız rəqibi məğlub edə bildi – 3:1. 1/4 finalda «Zenit»lə Leninqradda keçirilən bu qarşılaşmada bakılılar yalnız əlavə vaxtda məğlubiyyətlə barışmalı oldular – 1:2.

  • 1962

    Bu çempionatda da 22 komanda iki yarımqrupda mübarizə aparmalı idi. Hər yarımqrupdan ilk 6 yeri tutanlar final mərhələsinə yüksələcəkdi. Boris Arkadyev isə «Neftyanik»də bir il əvvəl başladığı işi davam etdirirdi. Amma artıq karyerasını başa vuran Ə.Məmmədov kimi lider futbolçuyla yanaşı Ç.İsmayılovla A.Terentyev də komandanı tərk etdilər. V.Semiqlazov isə orduya çağırılması ilə əlaqədar olaraq, OMİK-ə keçdi. Bəlkə də heyəti bir neçə əsas oyunçunun tərk etməsi ilə yaranan boşluqdan irəli gəlirdi ki, «Neftyanik» mövsümə yaxşı başlamadı. İlk 5 turda qələbəyə həsrət qalan futbolçularımız rəqib qapılarına yol tapa bilmədilər. Amma 6-cı turdan başlayaraq hər şey yaxşılığa doğru dəyişdi. Əvvəlcə komandamız səfərdə çempionatın lideri «Paxtakor»a 3:1 hesabı ilə qalib gəldi. Ardınca birinci dövrənin sonunadək davam edən uğurlu seriya «Neftyanik»in dövrəni «Paxtakor» və «Belarus»dan sonra yarımqrupda 3-cü olmasına imkan verdi. İkinci dövrənin ortalarından başlayan qeyri-sabitlik nəticəsində komandamız turnir cədvəlindəki problemləri sona yaxın həll etməyə məcbur oldu.


    «Neftyanik» sonadək ilk altılığa düşmək uğrunda mübarizə aparan komandalar arasında idi. Sonuncu – altıncı vəsiqəyə bakılılarla yanaşı Minsk «Belarus»u da iddialı idi. İş elə gətirdi ki, son vəsiqənin taleyi bu komandaların öz aralarındakı oyununda həll olundu. Sentyabrın 19-da Bakıda keçirilən matça şəhərdə həddən artıq böyük maraq vardı. V.İ.Lenin adına Respublika stadionunun dolması adi hal olsa da, həmin gün 35 minlik tribunalara 50 minə yaxın azarkeş yerləşmişdi. Hətta stadionun hasarları, tablonun və yaxınlıqdakı binaların üstü də dolu idi. Oyun futbolçularımızın təzyiqi ilə başladı. Lakin ikinci hissənin əvvəllərində rəqibin qəfil qolu hamını məyus etdi. Amma komandamız özünü itirmədi və Aleksandr Trofimovla Vyaçeslav Filatovun qolları «Neftyanik»in ilk dəfə olaraq, ilk «altılığ»a düşməsini təmin etdi. Bu, «Neftyanik»in və ilk növbədə B.Arkadyevin böyük uğuru idi. Artıq İttifaq çempionatında medallar uğrunda mübarizə aparmaq uğur hesab edilə bilərdi.


    Düzdür, 2-ci mərhələdə komanda elə bir uğur göstərə bilmədi. Bunun bir çox səbəbi vardı ki,ən əsasıtəqvimin düzgün tərtib edilməməsi idi. İkinci mərhələnin ilk oyununda «Neftyanik» doğma stadionda «Moldova» ilə xalları yarı böldü. Bunun ardınca komanda ikinci mərhələdəki bütün rəqibləri ilə səfərdə ardıcıl 6 oyun keçirməli oldu. Məhz bu səfər oyunları «Neftyanik»i fiziki və psixoloji cəhətdən sarsıtdı. Onsuz da səfər sindromunu sındırmağa çətinlik çəkən komanda ardıcıl 5 oyunda məğlubiyyətlə barışmalı oldu. «Neftyanik» yalnız sonda Kişinyovdakı oyunda bir xal qazana bildi. Uğursuz səfər oyunlarından sonra artıq məlum idi ki, bakılılar medallar uğrunda mübarizədən kənarda qalıblar. Hətta «ev»də keçirilən son oyunlardakı qazanılan xalların da komandaya köməyi olmadı. Sonda «Neftyanik» 10-cu yerlə kifayətlənsə də, bunu uğur hesab etmək olar. Bu çempionatda komanda üçün daha bir əhəmiyyətli hadisə baş verdi. İlk dəfə olaraq (həm də son), «Neftyanik»in oyunçusu ən yaxşı bombardir üçün təyin edilmiş «Trud» qəzetinin mükafatına sahib çıxdı. Futbolun sirlərinə Bakıda yiyələnmiş, ustalıq zirvəsinə «Neftyanik»də çatan, lakin sonradan komandaya dönük çıxmış 20 yaşlı Eduard Markarov üçün bu böyük uğur idi.

    Kubok yarışlarında isə «Neftyanik» gözlənilmədən ilk mərhələdə mübarizəni dayandırdı. Kirovabadda keçirilən, bir növ Azərbaycan derbisi sayılan görüşdə bakılılar yerli «Dinamo»ya minimal hesabla məğlub oldu.

  • 1963

     

    Yeni mövsüm ərəfəsində «Neftyanik»də gözlənilməyən dəyişikliklər baş verdi. Məhsuldar iki ilə baxmayaraq «Neftyanik» üçün böyük işlər görmüş Boris Arkadyev komandanı tərk etdi. Onun yerini məşqçi kimi debüt edən Ələkbər Məmmədov tutdu. Valentin Xlıstov onun köməkçisi, daha bir keçmiş futbolçu Turan Məmmədov isə rəis təyin olundu. Komanda hazırlıq prosesinin əsas mərhələsini Kislovodskda keçirərək iki dəfə «Paxtakor»la yoxlama oyununda qüvvəsini sınadı. Bir oyunu heç-heçə (3:3), digərini isə qələbə (2:1) ilə başa vuran «Neftyanik»in heyətində mövsüm üçün ciddi dəyişikliklər edilmədi. Son iki ildə əsas heyətin üzvünə çevrilmiş Kazbek Tuayevlə yanaşı, Adamas Qolodetslə Yuri Kuznetsov əsas zərbə qüvvəsi idi. Yeni baş məşqçi ilə komandanın nəticələrinin yaxşılaşacağına inam böyük idi. Təqvim də «Neftyanik»in istəyinə uyğun gəlirdi. Belə ki, komanda ilk 10 turun 8 oyununu Bakıda keçirdi. 


    İlk oyunda böyük üstünlüyə baxmayaraq, bakılılar 89-cu dəqiqədə Morqunovun kobud səhvi nəticəsində qol buraxaraq, OMİK-ə məğlub oldular. İlk qol və ilk qələbə elə ikinci turda «Kayrat»la oyuna təsadüf etdi – 2:1. «Ev»də üçüncü oyunda ikinci məğlubiyyət gələcək çempion «Dinamo»yla oyunda (0:2) baş versə də, ardınca 8 oyunluq məğlubiyyətsiz seriya başladı. Bunlardan cəmi birində – səfərdə «Moldova»yla oyun heç-heçə (0:0) bitdi. Qalan 7 matçda qələbə əldə edildi. Amma 10-cu və 11-ci turlar daha yaddaqalan oldu. Əvvəlcə «Neftyanik» Kiyev «Dinamo»sunu qəbul etdi. Azarkeşlərin yaddaşında dərin iz buraxan oyun komandamızın yüksək səviyyəsini göstərdi. Qonaqlar hesabı açsalar da, əvvəlcə Kuznetsov penaltidən cavab qolunu, sonra isə Markarov ikinci qolu vurdu. İkinci hissənin əvvəlində isə bu iki futbolçunun həyata keçirdiyi gözəl kombinasiya üçüncü qolla nəticələndi, yenə Markarov fərqləndi

    Kiyevlilər yalnız bir qolun əvəzini çıxa bildilər. Daşkənddəki oyun isə komandamızın mövsümdə ilk böyükhesablı qələbəsi kimi yadda qaldı. Düzdür, birinci hissədə «Paxtakor» təzyiq göstərir, hücumlar təşkil edirdi. Markarovun hesabı açması da meydan sahiblərini həvəsdən salmadı. Amma bakılılar fasiləyədək nəticəni qorudular. İkinci hissə «Neftyanik»in hücumları ilə başladı və bir-birinin ardınca Kuznetsov, Tuayev, Qolodets və Xaçaturov fərqlənərək hesabı 5:0-a çatdırdılar. Son dəqiqələrdə özbəklər yalnız bir qolun əvəzini çıxa bildilər. Bundan sonra komandada eniş başladı. 6 oyun ardıcıl qələbə qazana bilməyən bakılılar mövsümün ortasını olduqca qeyri-sabit keçirdilər. Bununla belə, çempionatı daha üst yerlərdə başa vurmaq imkanı vardı. Amma son üç görüşdə «Neftyanik» cəmi 2 xal toplaya bildi. Xüsusilə də son turda Bakıda «Spartak»la oyundan çox şey asılıydı. Qələbə komandamıza 6-cı yeri tutmaq imkanı verəcəkdi. Hadisələr də buna doğru gedirdi. Birinci hissədə Kuznetsov meydan sahiblərini hesabda irəli çıxardı. 


    Artıq 2-ci yeri təmin etmiş «Spartak»ın hesabı bərabərləşdirməsi də imkansız görünürdü. Əgər «Neftyanik»in əleyhinə işləyən Bakı küləyi olmasaydı. Oyunun sonlarına yaxın Y.Sevidovun qapı istiqamətində qaldırdığı topu tutmaq üçün irəli çıxan qapıçı Kosenkovu külək yanıltdı və onu digər küncə apardı. Artıq qapıçı da gücsüz idi və hesabın bərabərləşməsi nəticəsində komandamız 8-ci pilləyə düşdü. Bir il əvvəlki ilə müqayisədə «Neftyanik»də irəliləyiş təkcə turnir cədvəlində 2 pillə qabağa getmək yox, həm də oyun keyfiyyətinin artması idi. A.Kazımzadənin tərtib etdiyi 1964-cü ildə nəşr olunmuş təqvim-kitabçada 25-ci çempionat haqda yazılır: «Ötən mövsümü bir daha xatırlayın. O bizə nə qədər sevinc bəxş etdi! Yəqin ki, bütün dövrlər ərzində ilk dəfə olaraq biz – Azərbaycan futbol azarkeşləri də özümüzü «azarkeş kaqortası»nın tam hüquqlu üzvü hiss etdik. Buna səbəb isə bizim «Neftyanik»in ölkə çempionatında inamlı çıxışı, onun favoritlər üzərində böyük qələbələri və nəhayət, turnir cədvəlində layiq olduğu 8-ci yerdir. Sevindirici və çox vacib haldır ki, futbolçularımızın oyunlarında gözlə görünən tərəqqi yaranıb, heyətə istedadlı, qabiliyyətli, yaxın zamanda səviyyəli ustalara çevriləcəklərini vəd edən gənclər cəlb olunub».


    Mövsümün yekunlarına görə, K.Tuayevin «33 ən yaxşı oyunçu» sırasına düşməsi komanda üçün əlamətdar hal idi. İlk dəfə idi ki, «Neftyanik»in futbolçusu bu ada layiq görülürdü.

    Payızda çempionat bitən kimi «Neftyanik» Əlcəzairə yollandı. Burada Bon şəhərinin yığmasını 2:0, Oran şəhərinin yığmasını 3:0, «Konstanta»nı isə 5:0 hesabı ilə məğlub edən komandamız yalnız Əlcəzair yığması ilə heç-heçə oynadı – 0:0.

    «Neftyanik» keçən il olduğu kimi, bu dəfə də kubok yarışları ilə ilk mərhələdə vidalaşdı. Bakılılar Novosibirskidə yerli ordu futbolçularına əlavə vaxtda (1:3) məğlub oldular.

    yanik» keçən il olduğu kimi, bu dəfə də kubok yarışları ilə ilk mərhələdə vidalaşdı. Bakılılar Novosibirskidə yerli ordu futbolçularına əlavə vaxtda (1:3) məğlub oldular.

     

  • 1964

    Ötən ilki Əlcəzair səfərindən qayıtdıqdan sonra rəhbərlik komandanın istirahətə ehtiyacı olduğunu düşündü. Buna görə də yeni mövsümün hazırlığı A sinfinin digər komandaları ilə müqayisədə bir qədər gec başladı. Məşqlərə gec başlamağın fiziki hazırlıqda axsamalara səbəb olacağını təxmin etmək çətin deyildi. 


    Baş məşqçi Ə.Məmmədov ötən mövsüm qənaətbəxş nəticə göstərən heyəti də dəyişməmişdi. Yalnız 18 yaşlı Anatoli Banişevskinin əsas heyətin üzvünə çevrilməsi qeyd olunmalıdır. Bəlkə də ötən mövsümdən əsas heyətdə yerinin təmin olunduğunu hesab edənlər bunun daimi olacağını düşünmüşdülər. Həmin dövrün yekunlarına aid təqvim buraxılışlarından, həm də O.Atayevin «Ot «Proqressa» do «Neftçi»» kitabından aydın olur ki, «Neftyanik»in 26-cı çempionatda əsas çatışmazlığı oyunçuların məsuliyyətsizliyi olub: «Ötən mövsüm bitdikdən sonra bakılı futbolçuların düşdüyü eyforiya vəziyyəti, azarkeşlərin coşğusu, mətbuatın tərifli qiymətləri onlarla acı zarafat etdi. Sirr deyil ki, heç də hər futbolçu şöhrətin sınağından çıxmaq gücündə deyil. Bəziləri elə hesab etdilər ki, uğurlar öz-özünə gələcək, məşqlərdə özünə istirahət vermək və hardasa «rejim»i də pozmaq olar. Komandanın rəhbərliyi vəziyyəti vaxtında görə bilmədi, birdən ayılanda isə artıq gec idi. Nəticədə, əksər futbolçular 1964-cü il çempionatına idman formasından uzaq vəziyyətdə gəldilər. Təəccüblü deyil ki, mövsümboyu «Neftyanik» «ləngərləyirdi». 1965-ci ildə A.Kazımzadənin müəllifliyi ilə dərc olunan təqvimdə əvvəlki mövsümün yekunları haqda yazıdan da təxminən eyni şeyləri oxuyuruq. Dövrünün tanınmış jurnalistlərindən olan müəllif «bəzi futbolçuların lovğalığının, məşqlərə etinasızlığının» komandaya baha başa gəldiyini, artıq rəqibləri üçün heç bir qorxu yaratmadığını xüsusi vurğulayıb. Belə qeyri-müəyyən şəraitdə çempionata hazırlaşan «Neftyanik» mövsümə qələbə ilə başladı. Amma «Zenit» üzərində qazanılan qələbənin ardından «Spartak»a və Minsk «Dinamo»suna məğlubiyyət vəziyyətin acınacaqlı olduğuna işarə idi. Ümidsiz oyunlar o vaxtadək davam etdi ki, «respublika ictimaiyyəti narahat olmağa başladı və intizamı pozanları cəzalandırmağı tələb etdilər». 


    Hər halda, ikinci dövrəyə komanda daha məsuliyyətlə start verdi. Minskdə «Dinamo» üzərində qələbədən sonra Moskvada «Spartak» və OMİK-lə heç-heçələr «qara zolaq»dan uzaqlaşmaqdan xəbər verirdi. Bunların ardınca «Neftyanik» daha bir neçə yaddaqalan görüş keçirdi. Buraya Bakıda «Şaxtyor» üzərində qələbə və Kiyevdə heç-heçə daxildir. Bu nəticələrdən sonra komandanın birinci dəstəyə düşəcək son «dördlük»dən uzaqlaşmağa inamı xeyli artdı. Hər şeyi son dörd oyun həll etməli idi: «Torpedo» (Kutaisi), «Moldova» (Kişinyov), OİK (Rostov) və «Volqa» (Qorki) ilə oyunlarda heç olmasa 7 xal qazanmaq bakılıları xilas edə bilərdi. Əvvəlcə kutaisililərlə kişinyovlulardan planlaşdırılan 4 xal alındı. Güclü OİK-dən isə bir xal qoparmaq mümkün oldu. «Volqa»yla «Neftyanik»in taleyi son turda öz aralarında Bakıdakı oyundan asılıydı. Meydan sahiblərinə yalnız qələbə lazım olduğundan əsəblər gərilmişdi. Qonaqlar isə bütün oyunu müdafiədə keçirib bir xal almağa yaxın idilər. Amma sona az qalmış gənc Banişevskinin driblinqinin qarşısı cərimə meydançasında kobudluqla alındı. Valeri Hacıyevin penaltidən vurduğu qol komandamızı xilas etdi. Daha doğrusu, topların yaxşı fərqinə görə 14-cü olan «Volqa»nı qabaqladıq. İkinci dövrədə göstərdikləri oyunlardan sonra Kramarenko, Bruxti, Tuayev və Banişevski SSRİ-nin yığma komandasına cəlb olundular.

    «Neftyanik» kubok yarışına uğurla başladı. İlk oyunda Düşənbə «Energetik»i üzərində inamlı qələbə qazanıldı – 3:1. Lakin komanda sonrakı mərhələdə Kiyevdə büdrədi. «Dinamo» «Neftyanik»ə heç bir şans verməyib böyükhesablı qələbə qazandı – 4:1.

    «Neftyanik»in bu dəfəki xarici səfərləri Rumıniyaya və Pakistana oldu. Avropa ölkəsində keçirdiyi 4 oyunun 2-də məğlub olan bakılılar 1 heç-heçə və 1 qələbə ilə vətənə döndülər. Pakistan səfəri isə daha məhsuldar oldu. Komanda keçirdiyi 7 oyunun hamısında qalib gəldi, son matçda isə ölkənin yığma komandasının qapısından 10 cavabsız top keçirdi.
  • 1965

    Ötən mövsüm son anda A qrupunda qalan «Neftyanik» 27-ci SSRİ çempionatına daha ciddi hazırlaşmışdı. Hərbi xidməti başa vuraraq geri qayıdan Semiqlazov yenidən əsas heyətin üzvünə çevrildi. Karyerasını bitirmək qərarına gələn Qolodets isə baş məşqçinin köməkçisi təyin edildi.


    Komanda hazırlığın birinci mərhələsini respublikada keçirib Kislovodska yola düşdü. Oyun təcrübəsi və taktiki gedişləri sınaqdan çıxarmağı isə İranda keçirəcəyi yoxlama oyunlarına saxladı. Çempionatın başlamasına 10 gün qalmış «Neftyanik» 3 yoldaşlıq oyunu keçirmək üçün qonşu İrana yollandı. Burada ilk iki oyunda Tehranın «Tehran Cavan» və «Şüa» komandalarını müvafiq olaraq 4:0 və 1:0 məğlub edən bakılıların son rəqibi İran yığması oldu. Həmin ilə aid təqvim buraxılışlarına inansaq, komandamız 90 dəqiqə ərzində üstün olsa da, meydan sahibləri əks-hücumda fərqlənərək minimal hesabla qalib gəldilər.

    Çempionata isə komanda çox inamla başladı. İlk turda «Neftyanik» çempionluğa əsas namizəd «Torpedo»nu (Moskva) 3 cavabsız qolla yola saldı. Amma ikisi «ev»də olmaqla sonrakı dörd oyunda bakılılar bir qol belə vura bilməyib 6 top buraxdılar: 2 məğlubiyyət və 2 heç-heçə. Yenə də azarkeşləri qeyri-sabit oyun qrafiki gözləyirdi. Bu dəfə Rostovda hərbçiləri, Bakıda isə «Çernomorets»lə «Zenit»i məğlub edən «neftçilər» qapını toxunulmaz saxlayıb 4 qol vurdular. Amma son iki oyundan əvvəl komanda SSRİ kubokunun 1/16 final mərhələsində Ukraynada «Desna» (Çerniqov) ilə qarşılaşırdı. «Neftyanik» 0:1 hesabı ilə uduzaraq kubok uğrunda mübarizəni dayandırdı. Çempionatdakı iki qələbədən sonra səfərdə «Krılya Sovetov»a (1:3), OMİK-ə (1:3) və Tbilisi «Dinamo»çularına (0:1) məğlubiyyət vəziyyəti ağırlaşdırdı. Son 3 oyunda Bakıda 5 xal toplanılsa da, baş məşqçi Ələkbər Məmmədov işdən azad edildi.

    İkinci dövrənin əvvəlində ardıcıl iki məğlubiyyətdən sonra komanda Moskvaya, «Spartak»la oyuna yollandı. SSRİ-nin paytaxtında futbolçulara yeni baş məşqçi təqdim edildi: Vasili Sokolova həm də komandanın rəisi vəzifəsi həvalə olundu. Əhməd Ələsgərovla Valentin Xlıstov isə baş məşqçinin köməkçiləri təyin edildilər. Yeni məşqçi «Spartak» üzərində qələbəylə (2:0) başladı. Mövsümün sonuna yaxın isə komandanın oyununda sabitlik yarandı. Hər oyunda qələbəyə oynayan «neftçilər» yeni baş məşqçinin rəhbərliyi ilə daha 16 xal toplayaraq mövsümü 11-ci yerdə başa vurdu. Amma bir faktı da qeyd etmək lazımdır ki, çempionatda «Neftyanik» 5 dəfə penalti vurmaq hüququ qazansa da, 3 dəfə Markarov, 1 dəfə isə Valeri Hacıyev dəqiq olmadı. Yalnız Banişevskinin «Dinamo»nun (Kiyev) qapısına zərbəsi dəqiq oldu. Banişevskidən söz düşmüşkən, 1965-ci ildə ikinci dəfə olaraq, «Neftyanik»in üzvü «33 ən yaxşı» futbolçu arasında yer aldı. Bu cəmi bir il əvvəl əsas heyətdə özünə yer etməsinə baxmayaraq ölkənin yığma komandasına cəlb olunmuş Anatoli Banişevski idi. O, sol mərkəz hücumçusu mövqeyində Eduard Streltsovdan sonra ikinci oldu. Banişevski həm də Moskvanın «Yunost» radiostansiyasının dinləyicilər arasında keçirdiyi sorğuya əsasən SSRİ-nin ən yaxşı gənc idmançısı seçildi. Tolyanın yığma komandadakı çıxışları da diqqətdən kənarda qalmadı. Yığma komandaların bombardirlərinin mübarizəsində 9 qol vuran Pelenin ardınca 2-3-cü yerləri 7 qolla Banişevski ilə portuqaliyalı Eysebio bölüşdürdü.
  • 1966

    Azərbaycan futbolu 1966-cı ildə. Nəzərlərdə dərhal bürünc medallar canlanır. Həmin ildə 36 oyunluq marafonu major notlarla bitirən «Neftyanik» tarixində ilk dəfə o zamanlar üçün «kiçik Avropa çempionatı» kimi dəyərləndirilən SSRİ çempionatında üçüncü yeri tutur.

    Komandanın mövsümə tam hazırlıqlı gəlməsində baş məşqçi Vasili Sokolovun xidmətini danmaq, elə futbolun özünü danmaq olardı. Eyni zamanda mövsümlərarası dövrdə «yığılan enerji»ni çempionat boyu bacarıqla, ölçülü-biçili şəkildə xərcləmək də xüsusi bacarıq tələb edir ki, bu mənada da, birinciliyin 13 hissəsində «Neftyanik»ə rəhbərlik etmiş Əhməd Ələsgərovun əməyi böyükdür; məşqçi Valentin Xlıstovu da unutmaq olmaz.


    Heyətə gəlincə, əsas futbolçuların hamısı yerindədir, üstəlik Daşkəndin «Paxtakor» klubundan hücumçu Sergey Melkumov, axırıncı bir ili «Şinçi»də («Şinnik», Yaroslavl) çıxış etmiş yerli futbol məktəbinin yetirməsi Vitali Xluçin, Bakının «Dinamo» komandasından müdafiəçilər Rafiq Bağırov, Ravil Batrayev, eləcə də Nadir Eynullayev, Gəncə dinamoçusu, hücumçu Mübariz Zeynalov da «Neftyanik»ə dəvət olundu.


    Çempionatı, əvvəlcədən planlaşdırıldığı kimi, aprelin 17-də deyil, bir həftə tez başlamaq barədə SSRİ Futbol Federasiyasının qərarı hazırlıq planını alt-üst etsə də, məşqçilər çalışdılar ki, bu maneəni minimum itki ilə dəf eləsinlər. Hazırlığın həlledici mərhələsi Kislovodskda keçirildi: 20 gün sürən təlim-məşq toplanışında əsas diqqət fiziki hazırlığa, futbolçularda sürət və dözümlüyün artırılmasına yönəldildi, habelə gənclər sınaqdan çıxarıldı. Yekunda hücum və müdafiə xəttindən razı qalan məşqçilər, yarımmüdafiədə problemlər olduğunu bildirdilər ki, mövsümün startı ərəfəsində Bakıda təşkil edilən son məşqlərdə də məhz bu çatışmazlığın aradan qaldırılması üzərində işlədilər. Yeni futbol mövsümünün ilk rəsmi matçı ərəfəsində isə «Neftyanik» Bakıda iki yoxlama görüşü keçirdi: beynəlxalq dərəcəli hakim Tofiq Bəhramovun idarə etdiyi Rostovun OİK komandası ilə oyunun nəticəsi sevindirici oldu - 4:1, SSRİ kubokunun sahibi Moskvanın «Spartak» klubu ilə matç isə 1:1 hesabı ilə başa çatdı. Onda kimin ağlına gələrdi ki, mövsümün bürünc medalının taleyi də sonuncu turda məhz bu komandalar arasında görüşdə müəyyənləşəcək.


    Baş məşqçi Vasili Sokolov «Azərbaycan bədən tərbiyəçisi» qəzetinə verdiyi müsahibədə müxbirin «Yeni mövsümdə «Neftyanik» hansı oyun variantından istifadə edəcək?» sualını belə cavablandırır: «Biz ilk dəfə 1958-ci ildə braziliyalıların nümayiş etdirdiyi 4-2-4 variantından istifadə edəcəyik. Amma şəraitdən asılı olaraq 4-3-3 variantını da tətbiq edə bilərik».


    Beləliklə, aprelin 10-da 19 komandanın iştirakı ilə 28-ci SSRİ çempionatı başlayır. «Neftyanik» «A» qrupunun güclülər dəstəsində 9-cu mövsümünü keçirir. İlk oyunda Minskin «Dinamo» komandasını qəbul edən bakılılar heç-heçə ilə kifayətləndilər - 0:0. Ümumiyyətlə, «Neftyanik» 8 turdan sonra məğlubiyyətə uğramayan 4 kollektivdən biri idi, ancaq Leninqrad, Alma-Ata və Daşkənd səfərindən xalsız döndü. Komandamız səfərdən daha bir dəfə əliboş qayıtdı: 14-cü turda Tbilisidə, ardınca Yerevanda uduzdu. Məhz qonşu respublikaların komandalarına məğlubiyyətdən sonra baş məşqçi Vasili Sokolov istefa ərizəsi yazmadan postundan getdi və 16-cı turdan etibarən «Neftyanik» oyunlara Əhməd Ələsgərovun rəhbərliyi altında çıxdı.


    Komandamız birinci dövrəni 7-ci pillədə bitirdi və ikinci dövrəyə Moskvada «Dinamo»ya məğlubiyyətlə başladı, amma bir sıra mühüm matçlarda qələbə qazanmaqla yekunda mükafatçılar sırasına yüksəldi. Azərbaycan futbolçuları tarixində ilk dəfə Tbilisi «Dinamo»suna qalib gəlib, Kiyev dinamoçularını Ukrayna paytaxtında, SSRİ çempionu «Torpedo»nu Moskvada məğlub etdi və sonda Rostovun OİK kollektivindən cəmi 2 xal az toplayaraq üçüncü oldular. Halbuki, «Neftyanik» OİK-ə həm Bakıda (4:1), həm də Rostovda (3:1) qalib gəlmişdi.


    Komandamızın 1966-cı ildə keçirdiyi oyunların bəzisində elə hadisələr baş verdi ki, onlar barədə ayrıca danışmağa ehtiyac var:

    - OİK-lə Rostovdakı görüş «Neftyanik»in 3:1 hesablı qələbəsiylə yekunlaşdı. Mübahisə doğuran məsələ həmin matçda bizdən topları kimin vurmasıdır: «Azərbaycan bədən tərbiyəçisi», «Azərbaycan gəncləri» və «Bakı» qəzetləri iki dəfə Tuayevin, bir dəfə isə Banişevskinin fərqləndiyini yazsalar da, «Kommunist» qəzeti Tuayevlə Banişevskinin hərəyə bir top vurduğunu, meydan sahiblərindən isə A.Krivoborodovun «avtoqol» etdiyini bildirir. Oyunun protokoulnda da məhz bu göstərildiyindən statistikada belə qeydə alınıb;

    - SSRİ İdman Cəmiyyətləri və Təşkilatları İttifaqı Şurasının rəyasət heyəti futbol üzrə ölkə çempionatının keçirilməsi ilə əlaqədar 1966-cı il mövsümünün əvvəlində yeni əsasnamə qəbul etdi: əsasnaməyə görə, oyunların vaxtının dəyişdirilməsi qəti qadağan olunurdu. Buna baxmayaraq, bir çox hallarda oyunlar təyin edildiyi günlərdə keçirilmədi, hətta ölkə birinciliyi də nəzərdə tutulduğu vaxtda – noyabrın 20-də başa çatdırılmadı, finiş 10 gün gecikdi. Təbii ki, bu cür anormallıqlar «Neftyanik»dən də yan keçmirdi: komandamız oktyabrın 17-də Moskvada «Torpedo» ilə qarşılaşmalı idi. Lakin torpedoçularla oyun üçün bir gün əvvəl Moskvaya gələn komandamıza bildirildi ki, görüş oktyabrın 19-da olacaq;

    - Donetskdə «Şaxtyor»la oyunda da qəribə hadisə baş verdi. Qələbə təqdirində yerli futbolçular itirilmiş xalların sayına görə «Neftyanik» ilə fərqi ikiyə endirəcəkdilər. Bu mənada, qarşılaşmanın gərgin keçəcəyi əvvəlcədən məlum idi. Amma təşkilatçılar idmanla bir araya sığmayan üsullara əl atdılar: mövcud qaydaların ziddinə gedən Donetsk şəhər rəhbərliyi «Neftyanik»i hətta minimum şəraitlə də təmin eləmədi, futbolçularımız matçqabağı məşqləri kələ-kötür, daş kimi bərkimiş torpaq meydanda keçməli oldu;

    - Kiyevdə «Dinamo» ilə oyunun keçirildiyi gün (16 noyabr) Ukrayna yazıçılarının qurultayı işə başlayırdı. Amma «Dinamo» - «Neftyanik» görüşünə görə yazıçıların ali məclisi axşam iclasını təxirə saldı və qərara alındı ki, qurultay işini sabah davam etdirsin. Təklifi təkcə qurultay nümayəndələri deyil, qonaqlar da razılıq hissiylə qarşıladı. Ukrayna yazıçılarının qurultayında Azərbaycandan hörmətli ədibimiz İsmayıl Şıxlı da iştirak edirmiş… Təbii ki, təklifə müsbət münasibət bildirənlərdən biri də məhz o olub;

    - «Spartak»la sonuncu tur qarşılaşmasının vaxtı qəflətən dəyişdirildiyinə görə, təşkilatçılar Bakı küçələrini bir-bir gəzərək, səsgücləndiricilər vasitəsilə paytaxt sakinlərini, qonaqları, ilk növbədə isə futbol azarkeşlərini dəyişiklikdən xəbərdar edirdilər. Bu işin təşəbbüsçüsü, təşkilatçısı və icraçısı komandanın rəisi Şövkət Orduxanov olub.

    Oyuna tamaşaçı marağının nə qədər böyük olduğunu xüsusi qeyd eləməyə lüzum yoxdur: matç Azərbaycan televiziyası ilə birbaşa yayımlanır, eyni zamanda Gürcüstan və Ermənistana da translyasiya edilirdi. Rəqibindən bir xal irəlidə olan bakılıları heç-heçə də qane etdiyi halda, bürünc medalı qazanmaqdan ötrü moskvalılar mütləq qələbə qazanmalıydılar. Amma elə ilk dəqiqələrdən sürətli, hücum futbolu nümayiş etdirən «Neftyanik»in təzyiqinə davam gətirə bilməyən «Spartak» 18 və 22-ci dəqiqələrdə Banişevskinin zərbələri qarşısında aciz qaldı, 61-ci dəqiqədə isə «Neftyanik» daha bir top vurdu, Eduard Markarov fərqləndi - 3:0 və üçüncü yer! «Neftyanik»in bu zəfəri sözləri Şahin Hüseynə, musiqisi isə Rəşid Şəfəqə aid olan «Adın düşdü dildən-dilə» adlı mahnıda əksini tapmışdı.

    Azərbaycan futbol azarkeşlərinə SSRİ çempionatının bürünc medalını qazanmağın sevincini yaşadanların həmin gün, «Spartak»la oyundan dərhal sonra dillərinə gətirdikləri ürək sözləri:

    Sergey Kramarenko: «Qorxurdum ki, mənim bir səhvim matçın nəticəsinə həlledici təsir göstərsin. Amma həyəcan heç vaxt qapıçının müttəfiqi olmayıb. İndi isə mən matç ərəfəsində olduğundan daha çox həyəcanlanıram. Təsəvvür edin, biz bürünc medalların sahibiyik»;

    Nikolay Boqdanov: «Təəccüblənməyin, amma matçın bizim xeyrimizə qurtaracağına şübhə etmirdim. İndi sakitəm, sonra həyəcanlanacağam: həm bürünc medal, həm də idman ustası adı almaq böyük hadisədir»;

    Vladimir Bruxti: «Əsəbləşirdim – özüm üçün, müdafiəçilərimiz üçün, bütün futbolçularımız üçün. Təkcə bunu deyə bilərəm ki, indi rahat nəfəs ala bilirəm»;

    Vyaçeslav Semiqlazov: «Yəqin ki, məndən belə sözlər gözləyirsiniz: tamamilə sakit idim, özümə inanırdım, yox, əsla belə deyildi. Mən çox həyəcanlanırdım, gecə yata bilməmişdim, sevincimdən uşaq kimi ağlamağa hazıram. Mən öz vəziyyətimi izah edə bilmirəm»;

    Yaşar Babayev: «Gizlətməyəcəyəm, oyundan qabaq xeyli həyəcanlanırdım. Özümü çox xoşbəxt hiss edirəm. Uşaqlıqda mənim üçün ilk dəfə velosiped alındıqda heç bu qədər sevinməmişdim»;

    Anatoli Qryazev: «Belə anlarda həyəcansız ötüşmək mümkün deyil. Amma çalışırdım ki, bu hissləri özümdən kənarlaşdırım. Xoşbəxtəm, çünki məqsədə çatmışıq»;

    Aleksandr Trofimov: «Mən həm ailə haqqında, həm matç haqqında, bir qədər də medallar haqqında düşünürdüm. Qəribə işdir, meydançada… yorğunluq məni əldən salmışdı. İndi isə özümü çox yüngül hiss edirəm. Və… evə tələsirəm»;

    Valeri Hacıyev: «Əsəbimiz gərginləşmişdi, amma oyun başlayan kimi sakitləşdim. Sakitləşməyimizdə azarkeşlərin də köməyi oldu. Hər şey çox sadə baş verdi, rəqib qapısına daha 2-3 top vura bilərdik»;

    Mübariz Zeynalov: «Kaş ki mən bu matçda oynayacağımı əvvəlcədən bilməyəydim. O zaman az həyəcanlanardım»;

    Kazbek Tuayev: «Özümü gözəl hiss edirəm. Müvəffəqiyyət qazanacağımıza bir an da şübhə etmirdim. Mən hələ Rostovda qələbə qazananda uşaqlara demişdim ki, bürüncə yolumuz açıldı»;

    Anatoli Banişevski: «Oynamaq, qalib gəlmək, medallara layiq olduğumuzu sübut eləmək istəyirdim. Bu oyunda… qol vurmağı çox istəyirdim. İndi keçirdiyim hisslər, ikinci qolu vurandan sonra yarandı. Mən başa düşdüm ki, bürünc bizdədir. Sevinirəmmi? Məgər sevinməmək mümkünmü?!»

    Əsasnaməyə görə, mövsüm ərzində yalnız oyunların minimum 50 faizində çıxış edən futbolçuya medal verilə bilərdi. «Neftyanik»də 50 faizlik səddi adlayan, yəni, 18 oyunda meydana çıxan 12 futbolçu olur. Lakin intizamsızlığa görə komandadan xaric edilən, həm də əksər oyunları yarımçıq keçirən S.Melkumova medal verilmir. Əvəzində, müstəsna hal kimi, SSRİ yığma komandasındakı xidmətləri nəzərə alınaraq, 14 oyunda çıxış etməsinə baxmayaraq, A.Banişevskinin adı siyahıya salınır. Beləliklə, bürünc medal alan futbolçularımız (ardıcıllıq 66-cı il mövsümündə keçirdiyi oyun sayına görədir): V.Semiqlazov, V.Bruxti, S.Kramarenko, K.Tuayev, V.Hacıyev, A.Trofimov, E.Markarov, A.Qryazev, N.Boqdanov, Y.Babayev, M.Zeynalov, A.Banişevski. Mövsümün yekununda, mütəxəssislərin rəyinə əsasən, A.Banişevski və K.Tuayev SSRİ-nin «33 ən güclü futbolçusu» siyahısına daxil olur.

    Bürünc medallar futbolçularımıza təntənəli şəkildə təqdim edilir. Respublika stadionunda təşkil edilən möhtəşəm idman bayramı «Neftyanik» ilə Kirovabadın «Dinamo» kollektivlərinin yoldaşlıq-dostluq görüşü ilə başa çatır: Gəncə futbolçuları «bürünc «Neftyanik»i 2:1 hesabıyla məğlubiyyətə uğradırlar. Oyunun fasiləsində SSRİ Futbol Federasiyasının sədri Nikolay Ryaşentsev Azərbaycan SSR Futbol Federasiyasının sədri Adil Eldarov və federasiyanın baş məşqçisi Rauf Adıgözəlov ilə birlikdə «Neftyanik»in 12 futbolçusuna bürünc medalları təqdim edir. Nailiyyətdə böyük xidməti olmuş komandanın rəisi Şövkət Orduxanov, həmçinin məşqçilər Əhməd Ələsgərov və Valentin Xlıstov, inzibatçı Aydın İsmayılov və həkim Boris Xetaqurov isə diplomlarla təltif olunurlar.

    Bürünc medalla yaddaşımıza həkk olmuş 1966-cı il futbol mövsümündə «Neftyanik» daha bir neçə yaddaqalan oyun keçirdi. İlin ilk beynəlxalq matçında komandamız 1965-ci ildə Türkiyə çempionatını 3-cü pillədə bitirmiş «Gənclərbirliyi» klubu ilə üz-üzə gəldi. Qonaqlar müasir səviyyəli futbol nümayiş etdirsələr də, surətdə və texnikada daha üstün nəzərə çarpan futbolçularımız 5:2 hesabıyla samballı qələbə qazandı. «Neftyanik»dən qolların üçünü Tuayev, ikisini isə Zeynalov vurdu.

    Digər bir matç avqustun 10-da oldu – Fransanın «Tuluza» klubu ilə. Mövsümlərarası hazırlığı SSRİ-də keçməyi planlaşdıran Fransa futbolçuları bu məqsədlə bir neçə beynəlxalq yoldaşlıq matçında da qüvvəsini sınadılar: «Neftyanik» ilə oyunda daha çox kobudluqla diqqət çəkən fransızlar birinci hissənin ortalarında hesabı açdılar – qolu müsəlman mənşəli Sükan Əbdürrəhman vurdu. Amma 35-ci dəqiqədə Banişevskinin gözəl ötürməsindən sonra Zeynalov bərabərliyi bərpa etdi. İkinci hissəyə güclü hücumlarla başlayan «Neftyanik» 47-ci dəqiqədə hesabda irəli çıxdı: bu dəfə Tuayev fürsəti qaçırmadı – 2:1. Təəssüf ki, oyun fransızların təqsiri üzündən futbol bayramına çevrilməyib, insidentlərlə yaddaşlara «ağ ləkə» kimi köçdü. Məğlubiyyətlə barışmayan «Tuluza» futbolçuları kobudluğu o dərəcəyə çatdırdılar ki, daha onu cavabsız qoymaq mümkün olmadı: qapıçı S.Kramarenkonun rəqib oyunçulardan birini yumruqla vurması nəticəsində isə matçda 20 dəqiqə sürən fasilə yarandı. Amma hər halda stadionda qayda-qanun bərpa olundu və «Neftyanik» 1965/66-cı illər mövsümündə Fransa çempionatında 4-cü yeri tutmuş «Tuluza»ya qalib gəldi - 2:1.

    Komandamız oyunu bu heyətdə keçirdi: Hüseynov, Rzayev, Bruxti, Semiqlazov, Y.Babayev, Qryazev, Boqdanov, Tuayev, Zeynalov, Hacıyev, Y.Melkumov. Oyunun sonuna yaxın məşqçilər meydana gənc futbolçular Sergey Kramarenko, Rafiq Bağırov, Ağasəlim Mircavadov, Rüstəm Rəhimov, Nizami Salahov və Yuri Stekolnikovu buraxırlar.

    Əfsuslar olsun ki, çempionatdakı uğurlu çıxış kubok oyunlarında öz əksini tapmadı. Komanda ilk görüşdə Volqorqrad «Traktor»una əlavə vaxtda uduzmaqla (0:1) yarışdan kənarda qaldı.

  • 1967

    Ötən ilki uğurdan sonra rəhbərlik üçün futbolçuları stimullaşdırmaq çox çətin idi. Doğrudur, komandada müxtəlif cəza və cərimə sistemləri tətbiq olunmağa başladı. Burada məqsəd intizamı qaldırmaq olsa da, heç də istənilən nəticə əldə edilmədi. Əksinə, futbolçularda bir növ laqeydlik yaranmağa başladı. Komanda heç də həmişə sabit oynamır, bir oyunu yüksək səviyyədə keçirib, digərində tamamilə sönük təsir bağışlayırdı. Əsas çatışmayan cəhətlərdən biri də futbolçular zədələnərkən onları əvəz edə biləcək layiqli ehtiyat qüvvənin olmaması idi.


    Çempionatın startı bakılılar üçün uğurlu oldu. Artıq digər rəqiblər də komandamızdan ehtiyat edirdi. Marafon boyunca «Neftyanik» liderləri izləsə də, «Krılya Sovetov» üzərində 3:0 hesabı ilə qələbə qazanaraq vurulan qolların sayına görə liderə çatdı. Bu oyundan sonra isə maraqlı hadisə baş verdi. Bakıya gələn Moskva OMİK-i kuybışevlilərdən soruşmuşdular: «Necə oldu ki, 11 oyunda buraxdığınız top qədər bir oyunda qol buraxdınız?». «Özünüz görəcəksiniz necə» cavabından sonra moskvalılar müdafiəni gücləndirmək qərarına gəldilər… və qapılarından 4 cavabsız top buraxdılar. Qonaqların baş məşqçisi V.Bobrov isə oyundan sonra dedi: «Neftyanik» çempion olmağa qadirdir». Buna baxmayaraq, komandamız çempionatda yalnız 5-ci yeri tuta bildi. Bunun da səbəbi var idi. «Neftyanik» birinci dövrənin oyunlarında azarkeşləri sevindirsə də, ikinci dövrədə imkanlarından xeyli aşağı çıxış etdi. Hətta Kuybışev, Moskva, Kiyev və Odessadakı səfər oyunlarında cəmi iki xal toplayan komanda gözlənilmədən 10-cu yerə yuvarlandı. Buna baxmayaraq, baş məşqçi ƏhmədƏləsgərov nikbin idi: «Mən başa düşmürəm, niyə belə panika yaranıb? Heç bir qorxulu hadisə baş verməyib. Bizim «ev»də beş oyunumuz qalıb. Biz onların hamısını udub 5-ci yeri tutacağıq. Bu isə tariximizdə ikinci yaxşı nəticə olacaq…». Məşqçinin belə əminliklə danışması sevindirici olsa da, hər halda rəqiblər də asan deyildi. Bakılıları Moskvanın «Dinamo», «Spartak» və «Torpedo», Leninqradın «Zenit», Minskin «Dinamo» komandaları ilə ağır oyunlar gözləyirdi. Buna baxmayaraq, komandamız bütün oyunları yüksək səviyyədə keçirdi və Ələsgərovun söz verdiyi kimi, «Neftyanik» topların daha yaxşı fərqinə görə «Şaxtyor»u qabaqlayıb 5-ci yeri tutdu.


    Ölkə kubokunda da komandamız uğurlu nəticə əldə edə bilərdi. İlk mərhələlərdə Çelyabinsk «Lokomotiv»i (2:0) və Tbilisi «Dinamo»sunu (3:1) məğlub edən «Neftyanik» 1/4 finalda «Paxtakor»la qarşılaşdı. Bakıda keçirilən yeganə matçda özbəklər ciddi müqavimət göstərsə də, «bürünc komanda»nın məngənəsindən qurtulmaq onlara nəsib olmadı. Matçı 3:2 hesabı ilə qazanan «Neftyanik» adını dörd ən yaxşı komanda arasına yazdırdı. Artıq çoxları Əhməd Ələsgərovun yetirmələrini dayandırmağın mümkünsüzlüyünə inanmışdı. Tərs kimi bu dəfə püşk də bizdən üz döndərdi. «Neftyanik» dövlət rəhbərlərinin demək olar ki, nəzarətində olan ordu futbolçuları ilə üz-üzə gəldi. Bakıda keçirilən çempionat oyununda moskvalıların 4:0 hesablı məğlubiyyətini nəzərə alsaq, görüş bizimkilər üçün çətin olmamalıydı. Yeganə qorxu paytaxt klublarının «ev»də xüsusi əzmkarlıqla oynamasından və hakimlikdən ola bilərdi. Amma ilk matçda hakim Andzyulis ciddi səhvlərə yol vermədi. Əsas və əlavə vaxt bakılıların üstünlüyü ilə keçsə də, hesab açılmadı.

    Ertəsi gün tərəflər təkrar qarşılaşmalıydı. İkinci oyunda da OMİK-in rəqibindən üstün olmayacağı təqdirdə «Neftyanik» finala çıxacaqdı. Bəs neyləməli? Çox düşünmək lazım gəlmədi. Vilnüslü Kestyus Andzyulis təkrar oyundan əvvəl hərtərəfli «başa salındı». Bunun nəticəsi bizim üçün acı oldu. Əvvəlcə o, Anatoli Banişevskinin təmiz qolunu saymadı. Ardınca OMİK-in hücumçusu Qriqori Fedotov ilk topu ofsayddan vurdu. Laysman bayrağı qaldırsa da, baş hakim mərkəzi göstərdi. Andzyulis bununla işini bitmiş hesab etməyərək növbəti qanunsuz qərar verdi. Cərimə zərbəsi vurmaq üçün Vladimir Bruxti topu rəqib hücumçunun əlindən almaq istədi. Əvəzində qırmızı vərəqə alaraq vaxtından əvvəl paltardəyişmə otağına yollandı.

    Bu oyun barədə «Azərbaycan Bədən Tərbiyəçisi» qəzetinin 17 sentyabr 1967-ci il tarixli 111-ci (2168) sayında «Hakimin üç zərbəsi» başlıqlı yazının girişinə diqqət yetirək. Müəllif Y.Məmmədov yazır: «Neftyanik»in OMİK komandası ilə kubok matçını futbol həvəskarları uzun müddət unuda bilməyəcəklər. Ona görə ki, «nadir hakimlik nümunəsi» olan belə matçlara o qədər də tez-tez təsadüf olunmur. Yəqin ki, bu matça tamaşa edənlərin çoxunda təcrübəli hakim K.Andzyulis tərəfindən başçılıq edilən hakimlər heyətinin hərəkətlərini izləyəndə belə təsəvvür oyanmışdı ki, onlar gənc hakimlərə «oyunu belə idarə etmək olmaz» mövzusunda əyani vasitələrlə dərs verirlər».

    Oyundan sonra baş məşqçi Əhməd Ələsgərov isə bunları dedi: «Hesabın bizim xeyrimizə olmamasına baxmayaraq, futbolçulara heç bir etirazım yoxdur. Onlar yaxşı oynadılar. Açığını desək, 120 dəqiqə davam edən ilk oyundan sonra oyunçuların bir çoxu zədələnmişdi. Ancaq futbolçularımızın finala çıxmaq həvəsi o qədər böyük idi ki, sonrakı gün uşaqlardan heç bir şikayət səsi eşidilmədi. Bu dərəcədə qeyri-obyektiv hakimliyə rast gəlməmişdim. Andzyulis bizə üç zərbə endirdi. Bu zərbələrin hər biri görüşün nəticəsini rəqibimizin xeyrinə həll edə bildi».

    «Neftyanik» rəhbərliyi oyundan sonra protest verdi. Amma protest hakimliklə bağlı deyildi. Hər iki matçda paytaxt klubunun formasını əvvəlki mərhələlərdə digər komandaların heyətində oynamış bir neçə futbolçu geyinmişdi. Yarışların keçirilmə reqlamentinə zidd olsa da, bu qanunsuzluqlara göz yumuldu və protest rədd edildi. Beləliklə, sovet başbilənləri kubokun Bakıya gələn yolunu bağladılar.

  • 1968

    SSRİ-nin 30-cu yubiley çempionatı Azərbaycan azarkeşlərinin yaddaşında ilk dəfə olaraq Güclülər dəstəsində Respublikanın eyni zamanda iki komandasının olması ilə yadda qaldı. «Neftçi»yə Kirovabad «Dinamo»su da qoşuldu. Amma təcrübəsizlik özünü göstərdi və gəncəlilər sonuncu yerdən qurtula bilmədilər.


    Sovet dövründə 1968-ci il həm də komandamızın «Neftçi» adlandığı dövr kimi tarixə düşdü. Amma qeyd etmək lazımdır ki, hətta 50-ci illərdə belə azərbaycanca olan kitablarda komandamız məhz «Neftçi» adlanırdı. Yalnız rusdilli informasiya vasitələrində, kitablarda «Neftçi» sözünün ruscası - «Neftyanik» yazılırdı. Bax elə onlar üçün «Neftyanik» «Neftçi» oldu və həmin dövrdən sonra məhz ruslar da bizim kimi azərbaycanca olan addan istifadə etməyə başladılar. Amma bu ad dəyişikliyi tamam başqa pərdəarxası problemlər ortaya çıxardı. Adın dəyişməsinə səbəb Respublika rəhbərliyinin komandanın Azərbaycanı təmsil etməsini və buna görə də adın azərbaycanca olmasının vacibliyini əsas gətirməsi oldu. «Neftçi»yə nəzarət edən SSRİ Neft Sənayesi nazirliyi komandanın SSRİ-nin bütün neftçilərini təmsil etdiyini, buna görə də ad dəyişməsinin əleyhinə olsa da, Respublika rəhbərliyi qərarını dəyişmədi. «Neftçi» ittifaq neftçilərini deyil, Azərbaycanı təmsil etməyə başladığından nazirlik də komandaya maliyyə yardımı ayırmağı dayandırdı. Bu da təsirini göstərdi.


    Son iki mövsümlə müqayisədə «Neftçi» də ümidləri doğrultmadı. Doğrudur, burada heyətin əsas oyunçularının zədələnməsi böyük rol oynadı. Mövsümün əvvəlində Bruxti ilə Hacıyev zədələnərək demək olar ki, komandaya kömək edə bilmədilər. Bir neçə turdan sonra isə Nikolay Boqdanov da sıradan çıxdı. Banişevski ilə Kramarenko isə SSRİ-nin əsas yığmasına cəlb olundular. Bu, baş məşqçi Əhməd Ələsgərovu çətin vəziyyətə salmışdı. O, demək olar ki, heç cür stabil heyət qura bilmirdi. Heyətlə bağlı problemləri gənclərin hesabına aradan qaldırmaq yeganə çıxış yolu idi. Bu məqsədlə Əli Rəhmanov, Rafiq Əlizadə, Vitali Şevçenko, Yuri Stekolnikov, Nikolay Smolnikov tədricən əsas heyətə cəlb olundular. Heyətdəki problemlər zədəylə bitmədi. Birinci dövrədən sonra «Dinamo»ya kömək məqsədilə Mübariz Zeynalov Kirovabada yollandı.


    Sayca 27-ci olan ölkə kubokunda «Neftçi» rəqibini 1/16 finalda gözləyirdi. Keçən il kuboku qazanmağa daha yaxın olan komandamız elə də güclülərlə üz-üzə gəlmədi. 1/16 və 1/8 final mərhələlərində aşağı liqa təmsilçiləri Bakıdan əliboş döndülər. Əvvəlcə Ufa «Stroitel»inin (3:1), ardınca Aşqabadın eyni adlı komandasının (3:0) daşı daş üstə qalmadı. Ötən il olduğu kimi, yenə də 1/4 finalda, yenə Orta Asiya təmsilçisi – bu dəfə «Kayrat» üzərində yenə 3:2 hesabı ilə qələbənin ardından finala çıxmaq üçün yenə moskvalıları udmaq lazım idi. Bu qədər oxşarlıqlara rəğmən bu dəfə yarımfinal Bakıda olacaqdı. Buna baxmayaraq, arxayınlıq Moskva «Torpedo»sunu keçməyə imkan vermədi. Oyunun şahidləriylə söhbətimizdə hamı komandamızın imkanlarından aşağı çıxış etdiyini söylədi. Futbolçularımızın səhlənkarlığı nəticəsində «Neftçi» 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırdı.

  • 1969

    Hələ ötən ilin sonlarında yeni mövsümün əsasnaməsi müzakirə edilərkən xeyli mübahisəli məqamlar yaranmışdı. Çünki uzun fasilədən sonra yenə SSRİ Futbol Federasiyası ikipilləli çempionat keçirməyə və Güclülər Dəstəsində komandaların sayını azaltmağa qərar vermişdi. Belə ki, 1969-cu ildə elitanın 20 komandası iki yarımqrupda çıxış edəcəkdi. Burada ilk yeddiliyə düşənlər 1-14-cü yerlər uğrunda, qalan 6 iştirakçı güclülər arasında qalmaq uğrunda mübarizə aparacaqdı. Bu 6-dan isə son 4 yeri tutanlar birinci dəstəyə düşəcəkdi. Dörd komandanı isə birinci dəstənin dörd yarımqrupunun qalibləri arasındakı mini-turnirin yeganə qalibi əvəz edəcəkdi. Bütün bu qarışıq sistemsə 1970-ci ildə «güclü» komandaların sayının 17-yə endirilməsinə xidmət edirdi.


    Mövsümönsəsi proqnozlarda «Neftçi»nin 14 komanda arasına düşməkdə çətinlik çəkməyəcəyi güman edilirdi. Həm də «bürünc» futbolçularla yanaşı bir il əvvəl komandaya cəlb olunan gənclər artıq əsas heyətdə ümidləri doğrultmağa hazır idilər. Komandamız çempionata çox inamlı başladı. İlk turda Bakıda Kiyev «Dinamo»su ilə heç-heçədən sonra dalbadal 3 qələbə «Neftçi»ni yarımqrupun lideri etdi. Amma səfər oyunları başlayan kimi məğlubiyyətlər də qaçılmaz oldu. Düzdür, Sverdlovskda, Moskvada, Luqanskdakı uğursuzluqlar birinci dövrədən sonra 3-cü yerdə qərarlaşmağa mane olmadı. Bununla belə, futbolçularda mənfi istiqamətdə dəyişikliklər hiss olunurdu. 1970-ci ildə nəşr olunan M.Peyzellə O.Atayevin tərtib etdiyi Təqvim-məlumat kitabçasında 1969-cu ilin yekunlarına aid şərhdən də bunu sezmək olar: «Hər məğlubiyyətdən sonra ümidlərimiz daha da azalırdı. Komanda Bakıya qayıdarkən biz onun ruhdan düşdüyünün şahidi olduq. Hücumçuların əvvəlki kəskinliyi xeyli azalmışdı, müdafiə möhkəm deyildi, ağıllı kombinasiyalar və fəndlər gec-gec gözə dəyirdi. Markarov və Tuayev xəstələnmişdilər».

    Bütün bunlar komandaya təsirsiz ötüşməyə bilməzdi. Baş məşqçinin gənclərə güvənməkdən başqa çarəsi qalmadı. Amma onların da komandanın oyununa alışmasına vaxt lazım idi. Bu müddətdə isə gözlənilməz xallar əldən çıxmaqda davam edirdi. «Neftçi» bir-birinin ardınca Bakıda MOİK-ə, Luqanskda və Kuybışevdə uduzaraq ilk 7-liyə düşməmək təhlükəsi ilə üzləşdi. Komandanın taleyi iki ağır oyundan – Moskvada və Kiyevdə yerli «Dinamo»çularla qarşılaşmadan asılı idi. Yarımqrupda 7-liyə düşmək üçün bakılılara iki xal lazım idi. Həm Moskvada, həm də Kiyevdə meydan sahiblərinin 2:0 hesabı ilə irəli çıxmalarına baxmayaraq, futbolçularımız inanılmaz fədakarlıq göstərib hər iki oyunda heç-heçəyə nail ola bildilər. Bununla da 1-14-cü yerlər uğrunda mübarizəyə qoşulan komandamız burada artıq problemlərini həll etmiş təsiri bağışladı. Gənclərin püxtələşməsi – Yuri Stekolnikovun, Rafiq Quliyevin, Əli Rəhmanovun, Rafiq Əlizadənin və Vitali Şevçenkonun əsas heyətdə möhkəmlənməsi, Markarovla Tuayevin də sıraya qayıtması təsirini göstərdi. Final turnirində gəncləşmiş heyət güclü rəqiblərdən Kutaisi «Torpedo»çularından 3, minsklilərdən 4 xal alıb, Tbilisi «Dinamo»su ilə hər iki oyunu heç-heçə başa vurdu. Yaranan inam digər oyunlara təsirini göstərincə, komandamız uğurlu nəticələr əldə edib çempionatı 7-ci pillədə başa vurdu.

    1969-cu ilin martından avqustunadək sürən ölkə kuboku «Neftçi» üçün uğursuz oldu. Qoşulduğu 1/16 final mərhələsində Moskvada «Dinamo»ya 0:2 uduzaraq, turnirlə vidalaşdı.

    Bu il «Neftçi»nin xarici səfərləri İraqı və Küveyti əhatə etdi. Paytaxt Bağdadla yanaşı Ərbil, Mosul, Kərkük və Bəsrə şəhərlərində olan futbolçularımız burada 6, Əl-Küveytdə isə 2 oyun keçirdilər. İraqdakı oyunlardan «Neftçi» 5 qələbə, 1 heç-heçə, Küveyt yığması ilə iki oyundansa 1 qələbə və 1 heç-heçə ilə Bakıya döndü.
  • 1970

    «Neftçi» yeni mövsümün hazırlığına ilin ilk ayında başladı. Mövsümün əvvəli azarkeşləri nikbin düşünməyə sövq edirdi. «Zenit»in qapısından dörd qol keçirilməsi də «Neftçi»nin mövsümə yaxşı hazırlaşdığını göstərirdi. Banişevskinin hücum xəttinə qayıtması, futbolçuların həvəslə oynaması Minsk «Dinamo»su və «Çernomorets» üzərində qələbədə böyük rol oynadı. Moskva «Spartak»ı və «Torpedo»su ilə görüşlərdə isə komandamız üstünlüyə malik olsalar da, 1 xalla kifayətləndilər. Bakılılar ardıcıl dörd səfər oyununa məğlubiyyətsiz yollanırdı. Rostov, Kutaisi, Donetsk və Orconikidze səfərlərindən sonra da komandamızın məğlubiyyət qrafasında «0» qalmışdı. 


    Belə uğurlu seriyadan sonra kubokda da start uğurlu alındı. «Kayrat» üzərindəki qələbədən (0:0, 2:1) sonra isə «Neftçi» 1/8 finalın ilk oyununda «Paxtakor»u darmadağın etdi – 4:0. Cavab oyununa arxayın çıxan komandamızın 2:4 hesabı ilə uduzmasının heç bir əhəmiyyəti olmasa da, elə həmin Daşkənddə çempionatın növbəti turundakı məğlubiyyət ağır zərbə oldu. Sona üç dəqiqə qalmış buraxılan top ilk məğlubiyyəti rəsmiləşdirməklə yanaşı, Bakıda OMİK-ə, Voroşilovqradda «Zarya»ya və Moskvada «Dinamo»ya məğlubiyyətlərin də əsasını qoydu. Burada heyətin əsas üzvləri Banişevski, Hacıyev və Markarovun zədələnməsi, Stekolnikov, Şevçenko və Quliyevin SSRİ-nin müxtəlif yığma komandalarına cəlb olunması ilə əlaqədar bir neçə oyunu buraxmaları da rol oynamışdı. Heyətin digər üzvü Kazbek Tuayev isə ərizə ilə müraciət edərək komandanı tərk etmək istədiyini bildirdi. Futbol Federasiyasının 22 may 1970-ci il tarixli iclasının 8 saylı protokoluna əsasən, yığıncaqda futbolçunun «Orconikidzeyə köçməsi ilə əlaqədar olaraq «Spartak»da oynamağa» icazə istəməsi ilə bağlı ərizəsinə baxılıb və müsbət qərar çıxarılıb. Beləcə uzun illərdi komandamızın şərəfini qoruyan, 4 il əvvəlsə «bürünc» medal qazanan Tuayev «Spartak»a yollanıb bir neçə oyun keçirdikdən sonra baş məşqçi təyin edildi.

    Bu müddətdə «Neftçi» böhrandan çıxmağa çalışırdı. Ölkə kubokunun 1/4 finalında «Spartak» (Moskva) üzərindəki qələbənin(1:0) yaratdığı inam bir neçə vacib xalın qazanılmasına da təkan verdi. Bununla belə, «Neftçi» birinci dövrəni 16 xalla 9-cu yerdə tamamladı. Adətən ikinci dövrəni daha yaxşı keçirən bakılılar bu dəfə ümidləri doğrultmadılar. Fasilədən sonra futbolçular «özlərinə bənzəmirdilər». Komandada yaranan arxayınçılıq son 6 turda cəmi 3 xal qazanılması ilə nəticələndi.

    Son 4 ildə üçüncü dəfə ölkə kubokunda finala namizəd olan «Neftçi» bunun üçün Tbilisidə «Dinamo»nu udmalı idi. Yarımfinal qarşılaşması bərabər səviyyədə başlasa da, Banişevski ilə Stekolnikovun zədələnərək meydanı tərk etməsi Əhməd Ələsgərovun işini çətinə saldı. Onlara layiqli əvəz tapılmasa da, qapıçı Sergey Kramarenko gözəl oyunu ilə ümidləri ölməyə qoymurdu. Bununla belə, müdafiəçi Rafiq Quliyevin öz qapımıza vurduğu qol (protokolda qolun müəlltifi kimi L.Nodiya göstərilib) görüşdə yeganə oldu.

    «Neftçi» çempionatı 11-ci pillədə başa vura bildi. Həmişə hücumu ilə seçilən komanda bu dəfə həmin göstəriciyə görə son pillələrdə yer tutdu. Ancaq müdafiə xətti bu çempionatda çox gözəl oynadı. Yalnız medal qazanan komandalar və «Zarya» «Neftçi»dən az top buraxmışdılar.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism