1971-1980 | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

1971-1980

  • 1971

     

    Hələ ötən il mövsüm bitən kimi baş məşqçi Əhməd Ələsgərov, məşqçi Valentin Xlıstov və komandanın rəisi Rauf Adıgözəlov vəzifələrindən azad edildilər. Ələkbər Məmmədov baş məşqçi, 50-ci illərdə komandamızın həkimi olmuş, sonralar isə Futbol Federasiyasına rəhbərlik etmiş Kamal Axundov rəis təyin edildilər. Orconikidze «Spartak»ına rəhbərlik edən Tuayev isə futbolçu kimi heyətə qayıtdı. Əvəzində Markarov komandanı tərk etmişdi. Banişevski də artıq əvvəlki formasını yığmış və Şevçenko ilə birlikdə həm «Neftçi»nin hücum xəttini təşkil edirdi, həm də SSRİ yığmasına cəlb olunurdular. Hazırlıq prosesi də normal keçmiş və futbolçular mövsümə tam hazır idi. Hətta təlim-məşq toplanışları çərçivəsində komandamız Bakıda, Kislovodskda, Daşkənddə, Aşqabadda xeyli yoxlama oyunları keçirmiş və heç birində məğlub olmamışdı. 

    Banişevski və Şevçenko ilə yanaşı, komandanın əsas yükünü yarımmüdafiədə Tuayev, Hacıyev, Semiqlazov və Smolnikov, müdafiədə Bruxti, Y.Babayev, Quliyev və Lyoqki çiyinlərində daşımalı idi. Rəsmi oyunlara isə ölkə kuboku uğrunda mübarizə ilə start verildi. 1/16 finalda «Lokomotiv» (Moskva) səddini dəf edən (1:0; 0:0) «Neftçi» 1/8 finalda bütün ittifaqa səs saldı. Ötən çempionatın gümüş mükafatçısı və kubokun sahibi Moskva «Dinamo»su ilə Tbilisidə keçirilən ilk oyunda Smolnikov və Şevçenkonun qolları qələbəni (2:0) təmin etsə də, ruslar görəcəkləri günün Bakıda olduğundan xəbərsiz idilər. Cavab oyununda K.Beskov və L.Yaşinin rəhbərlik etdiyi «Dinamo»nun daşı-daş üstə qalmadı və Banişevskinin het-trikinə Smolnikovun daha bir qolu qoşulunca 4:0 hesablı qələbə hamını çaşdırdı. Çempionatın startında da uğurlu oyunlar davam etdi. Bakıda Kiyev «Dinamo»su ilə heç-heçəni «Karpatı» üzərində böyükhesablı qələbə, Moskvada «Torpedo» və OMİK-lə heç-heçələr izlədi. Bunun bir səbəbi də heyətdəki itkilərlə bağlı idi. «Torpedo»yla matçda yarımmüdafiəçi çatışmadığından 3 müdafiəçi orta sahədə oynamağa məcbur olmuşdu. Bununla belə, Bakıda «Spartak» (Moskva), «Dinamo» (Minsk) və «Paxtakor» üzərindəki qələbələr komandamızı çempionatın favoritləri arasına çıxardı. Xüsusilə də «Spartak» üzərində qələbə deyəsən Moskvada oturanlara xoş gəlmədi. Əvvəlki oyunlarda da hücum futbolu göstərən «Neftçi» moskvalıları 5:3 hesabı ilə darmadağın etdi. Belə qollu qarşılaşmalardan sonra 9 turun yekununa görə «Neftçi»dən Şevçenko, Banişevski və Tuayev hərəyə 5 qolla bombardirlər siyahısında idilər. Bakılı hücumçulara artıq SSRİ-nin yığma komandasında da ehtiyac duyulmuşdu. Banişevski ilə Şevçenko yığmanın heyətində Avropa çempionatının seçmə mərhələ oyunlarında çıxış etdilər. Birinci kiprlilərin, ikinci isə ispanların qapısına qol vurdu.

    Birinci dövrədə hər şey bakılıların istədiyi kimi gedirdi. «Neftçi» lider Kiyev «Dinamo»sundan 5 xal geri qalaraq 4-cü yeri tuturdu. Vurulan topların sayına görə isə komandamız hamını qabaqlayırdı. Baxmayaraq ki, R.Mirzəyev zədələnərək uzun müddətə sıradan çıxmış, Şevçenko, Smolnikov, Kramarenko və Y.Babayev zədə üzündən bəzi oyunları buraxmalı olmuşlar. Cərrahiyyə əməliyyatından yeni qayıtmış M.Zeynalov hələ həmişəki formasından uzaq idi. Ölkə kuboku uğrunda «Spartak»la yarımfinal oyununda 5:0 hesabı ilə məğlub olan «Neftçi» çempionatın ikinci dövrəsini olduqca zəif keçirməsinə rəğmən 9-cu yeri tutdu.

     

  • 1972

    «Neftçi» mövsümə itki ilə başladı. Ən böyük itki mövsümün yekunlarına görə ən yaxşı sol kənar hücumçusu kimi «33 ən yaxşı» arasına düşən Vitali Şevçenkonun «Neftçi»ni tərk edərək Kiyev «Dinamo»suna yollanması idi. Kazbek Tuayevlə Yaşar Babayev isə karyeralarını bitirməyə qərar verdilər. Üstəlik, Kramarenko da komandaya kömək edə bilməyəcəkdi. Əvəzində «Spartak»dan (Orconikidze) H.Mirikov, Kirovabaddan E.Kadoyev Bakıya dəvət olundular. Əsas heyətdə ötən ilki liderlərlə yanaşı gənc R.Əlizadə, R.Mirzəyev, T.Abbasov da debüt edəcəkdi.

    Komanda mövsümə kubok yarışlarından qoşuldu. Bakıda birinci dəstə təmsilçisi «Metallurq» minimal hesabla məğlub edildi. Zaporojyedəki cavab görüşündə isə bakılılar ağır məğlubiyyətə (0:3) uğrayaraq kubok yarışlarını dayandırdılar.

    Çempionatın ilk iki oyununu Bakıda keçirən komandamız «Dinamo» (Minsk) və «Torpedo»ya (Moskva) 1:0 hesabı ilə qalib gəlsə də, bunlar aldadıcı təsəvvürlər idi. Çünki Leninqrad, Moskva və Tbilisidə ardıcıl 3 məğlubiyyət komandanı tamamilə ruhdan salmışdı. Vəziyyət turdan-tura ağırlaşır, futbolçular özünəinamı bərpa edə bilmirdilər. Hətta çempionatın lideri «Zarya» üzərində 3:1 hesablı qələbə də heç nəyi dəyişmədi və yenə də uğursuzluqlar sıralandı. Hər bir komandanın tarixində olan eniş dövrü «Neftçi» üçün məhz 1972-ci ildə başladı. Futbolçularımız Bakıda Kiyev «Dinamo»suna 1:4, Lvovda «Karpatı»ya 0:2, Dnepropetrovskdə isə «Dnepr»ə 0:5 hesabı ilə uduzduqdan sonra Azərbaycan Futbol Federasiyası baş məşqçi Ələkbər Məmmədovu istefaya göndərdi. Rauf Adıgözəlov artıq neçənci dəfə rəis, Gennadi Jarkov baş məşqi, Anatoli Qryazev isə onun köməkisi təyin edildi. Buna baxmayaraq, «Neftçi» ikinci dövrəni də olduqca zəif keçirib birinci dəstəyə düşməkdən qurtula bilmədi. Jarkov da komandaya heç nə ilə kömək edə bilmədi və bir neçə aylıq fəaliyyətdən sonra «Neftçi» ilə xarici səfərə çıxıb bir daha geri qayıtmadı.
  • 1973

    Uzun müddət Güclülər dəstəsində mübarizə aparan «Neftçi» bu dəfə oraya yüksəlmək üçün çalışacaqdı. Mövsümün əvvəlindəki proqnozlarda favoritlərin arasında ilk növbədə komandamızın adı çəkilirdi. Hamı bakılıların elə birinci cəhddən vəzifənin öhdəsindən layiqincə gələcəyini düşünürdü.

    Komanda mövsümün hazırlığına yeni baş məşqçi Valentin Xlıstovun rəhbərliyi altnda başladı. Ona ötən mövsümdən qalan A.Qryazev və keçmiş futbolçumuz A.Trofimov köməkçi təyin edildilər. V.Bruxti, V.Şexov, A.Semiqlazov, R.Abdullayev komandanı tərk etsə də, heyətin əsas hissəsini qorumaq mümkün oldu. Əsas futbolçulardan heç kim komandanı tərk etmədi. Mövsümün əvvəlində Rostov OİK-indən Füzuli Cavadov, iyulda isə Sumqayıtdan Asəf Namazov «Neftçi»yə dəvət edildilər. Komandanın təcrübəliləri – A.Banişevski, Y. Stekolnikov və N.Smolnikova böyük ümidlər bəslənilirdi.

    1973-cü il çempionatı həm Güclülər dəstəsində, həm də Birinci dəstədə SSRİ Futbol Federasiyasının tətbiq etdiyi yeniliklə yadda qaldı. Belə ki, danışılmış oyunların qarşısını almaq məqsədilə heç-heçələr «ləğv edildi». Əsas vaxt heç-heçə bitən kimi oyunsonrası penaltilər vurulmalı, bu zaman penaltilərlə qalib gələn komanda bir xal almalı idi. Penaltilərlə məğlub olan komandaya isə xal verilmirdi. O dövrdə bu yenilik böyük söz-söhbət yaratdı, neçə komanda haqsız xallar itirdi, neçə oyunda əsəblər tarıma çəkildi. Hətta «Neftçi» «Kuzbass»la matçda oyunsonrası penaltilərlə 11-10 hesabı ilə qalib gəldi.

    İlk turlardan bakılılar güclülər arasından gəldiyini göstərə bilmədi. 5 turdan sonra hesabına 5 xal yazdıran «Neftçi» liderlərdən uzaq düşmüşdü. Buna baxmayaraq, qarşıdakı 4 oyunu inamla keçirib onlara yaxınlaşmaq mümkün oldu. İndi «neftçilər» yalnız «Metallurq» (Lipetsk) və «Nistru»dan (Kişinyov) cəmi bir xal geri qalırdı. Hətta 5-ci turda Bakıda gözlənilmədən lipetsklilərə məğlub olmasaydılar, futbolçularımız liderliyi ələ keçirə bilərdilər. 12-ci turda səfərdə əsas rəqiblərdən «Nistru»ya məğlubiyyət də heç yerinə düşmədi. Birinci dövrənin sonunadək qalan 8 turun 7 oyununda (1 turda «Neftçi» istirahət etdi) komandamız 5 qələbə qazanıb, 1 heç-heçə və 1 məğlubiyyətlə barışmalı oldu. Özü də bu 5 matçda futbolçularımız 17 qola imza atdılar və fasiləyə ikinci pillədə yollandılar. Hesabında 24 xal olan bakılılar lider «Nistru»dan 4 xal geri qalır, «Metallurq»u isə top fərqinə görə qabaqlayırdılar. Amma onları izləyən «Çernomorets»lə «Lokomotiv» (Moskva) də iki vəsiqəyə iddialı idilər. Bir sözlə, ikinci dövrədə gərgin mübarizə gözlənilirdi.

    Dövrələrarası fasilədə Asəf Namazovun gətirilməsi də müdafiənin gücləndirilməsinə xidmət edirdi. İkinci dövrəyə «Neftçi» 3 oyuna iki qələbə ilə başlasa da, 27-ci turadək yalnız məğlubiyyət və heç-heçənin bir-birini əvəzləməsi şansları lap azaltdı. Komanda turnir cədvəlinin üst sıralarında olsa da, liderlərlə xal fərqi böyük idi. Bu fərqi aradan qaldırmaq üçün yalnız əsas rəqiblərlə şəxsi görüşlərdə qələbə qazanmaq vacib idi. Təqvim də elə idi ki, 35-ci turdan başlayaraq, «Neftçi» ardıcıl liderlərlə qarşılaşırdı. Lipetskdə Banişevskinin qolu sayəsində əsas vaxt heç-heçə bitsə də, oyunsonrası penaltilərdə bakılılar daha dəqiq oldular və bir xala yiyələndilər. Bu nəticənin futbolçulara müsbət təsir edəcəyi gözlənilsə də, Moskvada «Lokomotiv» sona 4 dəqiqə qalmış vurduğu qolla qələbə qazandı. Ardınca isə Bakıda «Çernomorets» və «Nistru» ilə oyunlarda meydan sahibləri hesabı açsalar da, hər iki halda 3 top buraxaraq məğlub oldular. Artıq bu iki komanda elitaya çıxmaq məsələsini həll etdiyindən, komandamız üçün vəsiqələr əlçatmaz olduğundan ruhdan düşən futbolçularımız «Pamir»lə «Alqa»ya da uduzub dördüncü yerlə kifayətlənməli oldular.

    Komanda ölkə kubokunda da heç nəyə nail ola bilməyib, 1/8 finalda mübarizəni dayandırdı. İlk mərhələdə bakılılar «Karpatı» ilə hər iki oyunu bərabərliklə bitirsələr də (1:1, 0:0), yalnız səfərdə vurulan top hesabına növbəti mərhələyə adlaya bildilər. 1/8 finalda isə «Ararat»a hər iki görüşdəki məğlubiyyət (0:1, 1:3) komandanı yarışdan kənar saldı.
  • 1974

    İlk cəhddən Güclülər dəstəsinə keçə bilməyən komanda yeni futbol mövsümünə səylə hazırlaşırdı. Məşqçilər korpusunda ciddi dəyişiklik baş vermədi. Ancaq müxtəlif səbəblər üzündən bir qrup futbolçu komandanı tərk etdi. Bunlar V.Lyoqki, R.Mirzəyev, Y.Stekolnikov, N.Eynullayev, N.Leksin, A.Banişevski, R.Əlizadə, N.Andreyev və R.Kəmalətdinov idilər. Əsasən yerli kadrlara güvənən V.Xlıstov «Neftçi»yə Respublika komandalarından Arif Orucov, Əbdülqəni Nurməmmədov, Səmədağa Şıxlarov, Adil Hüseynov və Rövşən Qocayevi dəvət etdi. İlk təlim-məşq toplanışlarını Bakıda keçirən komanda əsasən fiziki hazırlığa fikir verirdi. Soçidə keçirilən ikinci mərhələdə isə komanda taktiki gedişləri sınaqdan keçirirdi.

    Nəhayət, birinci dəstənin startı azarkeşlərə ümid verdi. «Neftçi» beş turdan sonra liderliyi ələ keçirdi, 7 tur isə məğlubiyyət acısı dadmadı. Yalnız 8-ci turda Kuybışevə yollanan komandamız meydan sahiblərinin yeganə qolu ilə məğlub oldu. Buna baxmayaraq, bakılılar liderliyi əldən vermədi. Hətta birinci dövrənin ortalarında qeyri-sabit oyun və itirilən bir neçə xaldan sonra da iki vəsiqədən birinin Bakıda olacağına şübhə yox idi. Düz 17 tur futbolçularımız liderliyi əldən vermədilər. Bundan sonra birinci dövrənin sonuna yaxın yorğunluq özünü göstərdi və «Neftçi» 3-cü pilləyə düşdü. 24 xala malik komandamızı bir xal artıq toplamış «Krılya Sovetov»la OİK (Rostov) qabaqlayırdı. Daha üç komandanın da 23 xalı vardı. Ötən il olduğu kimi, birinci dövrə demək olar, heç nəyi müəyyənləşdirmədi və «Neftçi»nin böyük xal fərqi ilə irəlidə olacağını düşünənlərdə bir qədər tərəddüd yarandı. Amma birinci dövrəni şərh edən futbol mütəxəssisi N.Morozov yazırdı («Ot «Proqressa» do «Neftçi»): «Hazırkı «Neftçi» mənim xoşuma gəlir. Amma deməzdim ki, kollektiv baxımlı oynayır. Hələlik o, enerji, məqsədyönlü mübarizə və qələbə arzusu hesabına uğur qazanır».

    Deyəsən, «Neftçi»nin bu enerjisi ikinci dövrənin ortalarına yaxın tükəndi. Çünki komanda demək olar ki, eyni heyətlə oynayırdı. Əsas oyunçuları əvəz etməyə layiq gənclər olmadığından onlar istirahətə imkan tapmırdılar. İkinci dövrənin ikinci turunda «Neftçi» yenidən liderliyi ələ keçirdi. Uğurlu seriya nəticəsində liderlik uğrunda əzmlə döyüşən komandamızda olan yorğunluq əhval-ruhiyyəyə də mənfi təsir göstərdi. Düz 8 tur özünə gələ bilməyən futbolçularımız bu müddətdə cəmi 9 xal toplaya bildi və 5-ci pilləyədək endi. Bundan istifadə edən «Lokomotiv»lə (Moskva) OİK (Rostov) irəli çıxdılar. Yekunda da elə onlar Güclülər dəstəsinə vəsiqə sahib oldular.

    Kubok yarışında keçənilki nəticə təkrarlandı. İlk mərhələdə «Paxtakor»u asanlıqla keçən (3:0, 1:2) «Neftçi» növbəti mərhələdə yenidən mənfur qonşularımızın komandasına uduzaraq (0:2, 1:1) mübarizəni dayandırdı.

  • 1975

    Artıq iki ildir qarşıya qoyulan məqsədə çata bilməyən «Neftçi» heyətdə ciddi dəyişikliyə yol vermədi. Məşqçi heyətində də dəyişiklik olmadı. Yalnız «Çernomorets»ə yollanan Rafiq Əlizadənin yoxluğu itki sayılırdı. Onun əvəzinə Kirovabaddan Elbrus Abbasov, «Proqress»dən Şakir Qəribov və BTİİK-dan Roman Cəfərov heyətə cəlb edildi. Abbasov Füzuli Cavadovla birgə komandanın əsas hücum qüvvəsini təşkil etməli idi. Orta xətdə Əli Rəhmanovla Nikolay Smolnikov, arxa xətdə Rəşid Özbəyovla Asəf Namazov oyunun əsas yükünü çiyinlərində daşımalı idilər. Hazırlıq mərhələsində də baş məşqçi Valentin Xlıstov məhz bu oyun sistemləri üzərində işləmişdi. Bakıda mövsüm ərəfəsində «Çernomorets»lə keçirilən yoldaşlıq oyunundakı 3:0-lıq qələbə də bu taktiki sistemin düzgünlüyündən xəbər verirdi.

    Düzdür, çempionatın əvvəlində heç də hər şey plan üzrə getmirdi. İlk 7 oyunda cəmi 8 xal toplayan bakılılar tezliklə «oyunlarını tapdılar» və sonrakı 7 oyunda 11 xal əldə etdilər. 10 turdan sonra «Dinamo» (Minsk), «Tavriya» və «Kayrat» 14 xalla lider idilər. «Neftçi» isə onlardan bir xal geri qalırdı. 11-ci turda Simferopola yollanan bakılılar ikinci hissədə F.Cavadov və E.Abbasovun qolları ilə inamlı qələbə qazandılar. Alma-atalıların Kişinyovda, minsklilərinsə Kazanda xal itirməsi komandamıza «Dinamo»yla birgə liderliyə şərik olmaq imkanı verdi. Amma belə şans gözlənilmədən autsayder «Metallist»lə matçda əldən verildi. Bu barədə «Sovetski Sport» qəzeti yazırdı: «Bugünlərdə «Neftçi»nin futbolçuları səfərdə lider Simferopol «Tavriya»sı üzərində inamlı qələbə qazandılar, bir neçə gün sonra isə Xarkovda autsayderlərdən birinə, yerli «Metallist»ə uduzdular. «Tavriya»yla oyunda bakılılar ilhamla və fədakarlıqla mübarizə aparıb nəyə qadir olduqlarını göstərdilər. «Metallist»lə oyunda isə onları elə bil dəyişmişdilər. Nəzərə alsaq ki, bu mövsüm komandanın heyəti o qədər də dəyişikliyə məruz qalmayıb və oyunçuların anlaşması qaydasındadır, onda belə qeyri-stabilliyi əzmkar-psixoloji hazırlığın qüsurları ilə izah etmək olar».

    Şərhçi haqlı idi. Oyunda qeyri-sabitlik o dərəcədə idi ki, 14 turdan sonra yeganə lider olan «Neftçi» 16 turun yekununda artıq 9-cu pilləyə yuvarlanmışdı. Ardıcıl məğlubiyyətlərdən Minskdə 1:5 hesabı ilə uduzmaq daha məyusedici oldu. Doğrudur, ikinci dövrədə komandamız bu məğlubiyyətin cavabını elə eyni cür də verdi. Yarımmüdafiədə Əli Rəhmanovun, bir qədər irəlidə Nikolay Smolnikovun, hücumda isə Füzuli Cavadovun oyunu nəticəsində liderin müdafiə xətti təzyiqə davam gətirmədi. Amma nə bu, nə də «Tavriya» və «Metallist» üzərində 4:0 hesablı iki qələbə komandamızın qarşısına qoyduğu məqsədə çatmasına kömək etmədi. Buna qədər bakılılar 6 oyunun birində məğlub olub, 5-ni isə heç-heçə başa vurmuşdu. İtirilən 7 xal liderlə arada 5 xallıq fərq yaratmışdı. İlk iki pillədə qərarlaşan «Krılya Sovetov»la «Dinamo» sonadək mövqelərini əldən vermədilər və iki vəsiqəyə sahib çıxdılar. «Neftçi»nin çıxışı barədə o vaxt A.Norakidze yazırdı: «Bakı komandası mənə köhnədəbli təsiri bağışladı: qısa paslar, irəliyə doğru ləng hərəkətlər, orta xətt və hücumçular arasında qeyri-kafi əlaqə». Komanda oyunundakı qeyri-sabitlik, mövsüm boyu fiziki qüvvənin düzgün bölüşdürülməməsi sonda «Neftçi»yə əsas məqsədə çatmağa imkan vermədi.

    Çempionat oyunlarından əvvəl başlayan kubok yarışında da komanda elə bir uğur qazanmadı. 1/32 finalda Bakıda Kutaisi «Torpedo»sunu minimal hesabla məğlub edən komanda növbəti mərhələdə «Karpatı» ilə qarşılaşmalı oldu. Lakin Lvovda keçirilən görüşdə qapısından dörd cavabsız qol buraxan komanda mübarizədən kənar qaldı.

  • 1976

    Birinci dəstədəki dördüncü ilində rəhbərlik əvvəlki səhvlərdən nəticə çıxardığını və bu dəfə mütləq qarşıya qoyulan məqsədə çatacağını açıqlamaqdan çəkinmirdi. Komanda üçün demək olar, hər cür şərait yaradılmışdı. Baş məşqçi Valentin Xlıstov məşqləri intensiv keçirirdi. Onun rəhbərliyi altında heyət demək olar ki, üç il ərzində tam cilalanmışdı. Xətlərarası əlaqələr də normallaşmışdı. Baş məşqçi yalnız komandanın fiziki gücünü çempionat boyu düzgün bölüşdürmək üstündə çalışırdı. R.Quliyevlə R.Əlizadə komandaya qayıtmışdılar. Bundan başqa, yerli komandalardan A.Miroşnikov, Q.Əhmədov, A.Xudiyev, V.Oqerçuk, A.Korman komandaya cəlb edilmişdi. İlk toplantısını Bakıda keçirən komanda sonra Tbilisiyə səfər etdi. Burada «Nedelya» həftəlik qəzetinin mini-futbol turnirində iştirak edən «Neftçi» «Dinamo» Tb (2:1), «Torpedo» Kt (1:1) və «Ararat»la (1:4) qarşılaşdı. Hazırlığın növbəti mərhələsində isə komanda Eşerada keçirilən «Bahar» turnirinin iştirakçısı oldu. Burada bakılılar ilk oyunda «Paxtakor»a uduzsalar da, sonra «Rubin» (2:0) və «Kuzbass»ı (3:2) məğlub edə bildilər. Lakin rəhbərlik üç il ardıcıl məqsədin biraddımlığında dayanan Xlıstova inanmayaraq, çempionatın startına az qalmış onu baş məşqçi vəzifəsindən azad etdi. Onun yerinə Leninqrad və Moskva komandalarında çıxış etmiş Gennadi Bondarenkonun baş məşqçi vəzifəsinə təyin edilməsi azarkeşlərə böyük ümid verdi. Bondarenko Bakıya gəlməmişdən əvvəl Riqa «Dauqava»sına rəhbərlik etmişdi. O da «Neftçi»ni növbəti il elitada görürdü. Baxmayaraq ki, uzun illərin əvəzedilməz qapıçısı S.Kramarenko Ə.Ələsgərovun yanına - «Çernomorets»ə yollanmışdı, ona layiqli əvəzedici tapıldı. Bəri başdan deyək ki, Mingəçevirdən gətirilmiş Yuri Romenski onun yoxluğunu hiss etdirmədi. Həm də artıq neçə il idi ki, heyət demək olar eyni futbolçulardan təşkil edilirdi. Azarkeşləri sevindirən daha bir məqam isə dahi Banişevskinin yenidən futbola və «Neftçi»yə qayıtması oldu. O oynayan məşqçi kimi cəlb edilsə də, meydanda olmaqla komandaya böyük güc verirdi.

    Adətən mövsümə uğurlu başlayıb sonradan çətinlik yaşayan «Neftçi»də bu dəfə hadisələr fərqli cərəyan edirdi. Bakılılar startda gözlənilməz xallar itirməklə vəziyəti xeyli qəlizləşdirdilər. 7 turdan sonra komandamız cəmi 9 xal toplayaraq beşinci yerdə qərarlaşmışdı. Bununla belə göstərilən oyun bəzi mütəxəssislərdə xoş təəssürat yaratsa da, bəziləri komandanın hər il olduğu kimi yenə səfər oyunlarında zəif çıxış edərək xal itkilərinə məruz qalacağını proqnozlaşdırırdı. Amma 1976-cı il mövsümü «Neftçi»nin tarixində səfərdə ən yaxşı oyunlar keçirdiyi mövsüm olaraq qaldı. Yaroslavlda «Şinnik» (3:0) və Kazanda «Rubin» (2:1) üzərindəki qələbələr ikincilərin yanıldığının ilk siqnalları oldu. Xüsusilə də ikinci matç çox çətin keçdi və bakılıların necə əzmkar olduqlarını ortaya çıxardı. Meydan sahibləri hesabı açmaqla yanaşı üstünlüyü də əldən vermirdilər. Bu vəziyyət Banişevskinin meydana çıxması ilə dəyişdi. Veteran hücumçu iki gözəl qol vurmaqla «Neftçi»yə qələbə və «Kayrat»la birgə liderliyi gətirdi. Artıq mövsümün ortalarında hər kəs Bakı təmsilçisini turnirin favoriti hesab edirdi. Azərbaycan Futbol Federasiyasının sədri, komandamızın keçmiş həkimi və rəisi Kamal Axundov mövsümün yekununa aid şərhində bildirirdi: «Artıq avqust-sentyabr aylarında mətbuat «Neftçi»nin imkanlarına və perspektivlərinə yüksək qiymət verməyə başladı. Ümumittifaq dərəcəli hakim İ.Samusenkov sentyabrın əvvəllərində «Sosialistiçeskaya industriya» qəzetində yazırdı: «Birinci dəstə üzrə ölkə çempionatında yaranmış vəziyyəti qiymətləndirərkən mən riskə yol verməyərək qabaqcadan deyə bilərəm: Bakının «Neftçi» komandası gələn il güclülər qrupunda oynamaq hüququ qazanacaq. Mənim bu inamım nəyə əsaslanır? Əvvəla, rəqəm göstəricilərinə. Liderliyi hələ mayın ortalarında ələ keçirən bakılılar onu indiyədək əldən verməyiblər. Ən yaxın rəqibləri onlardan dörd-beş xal çox itiriblər. İkincisi, bu, başlıca məsələdir, komandanın oyun keyfiyyətini nəzərdə tuturam». Mütəxəssislərin əksəriyyəti komandamızın rəqib meydançalarında yüksək iradə və məharət nümayiş etdirməsini tərifləyir, futbolçuların texnikasına, hücum üslubunu seçmələrinə yüksək qiymət verirdi».

    Mövsümün sonluğu heç də asan keçmədi. Orta Asiya səfərinə yollanan «Neftçi» Alma-Ata və Daşkənddə eyni hesabla uduzaraq (0:1) «Kayrat»ın fərqi aradan qaldırmasına imkan yaratdı. Hər iki liderin 43 xalı olsa da, komandamız Kemerovoda «Kuzbass»a, Bakıda isə «Terek»ə qalib gələrək vəziyyəti düzəltdi. «Paxtakor» liderlərdən 3 xal geri qalırdı və alma-atalılarla bakılıların finişə birinci çatacaqları şübhə doğurmurdu. Amma mövsümün sonunda futbolçularımızın yorulması «Kayrat»ın irəli çıxmasına şərait yaratdı. Buna baxmayaraq, onlar ikinci pillədə qərarlaşaraq, 1977-ci ili güclülərlə bir sırada keçirməyə nail oldular. Ümumiyyətlə isə həm vurulan qollara, həm topların fərqinə görə komandamız hamını qabaqlayırdı. «Neftçi» səfərdə də hamıdan çox – 20 xal toplamağa nail olmuşdu. Bakıdan isə heç kim qələbə ilə qayıda bilmədi. Mövsümü yuksək səviyyədə keçirən hücumçumuz Elbrus Abbasov 28 qolla birinci dəstənin ən sərrast futbolçusu oldu. Burada onun Banişevski kimi ustadla yanaşı çıxış etməsi də böyük rol oynadı.

    Komandanın uğuru Respublika rəhbərliyinin də diqqətindən kənarda qalmadı. Azərbaycana rəhbərlik edən Heydər Əliyev «Neftçi»ni qəbul etdi. Bu qəbul barədə «Azərinform» agentliyinin yaydığı məlumatda deyilir: «Əliyev yoldaş «Neftçi» komandasının müvəffəqiyyətlərini təhlil edərkən kollektivi mövsümə yaxşı hazırlamış, onu sıx birləşdirmiş, ümumiyyətlə, bütün komandanın və ayrılıqda hər bir futbolçunun səyini lazımi istiqamətə yönəltmiş komanda rəhbərlərinin, onun məşqçilərinin böyük rolunu qeyd etmişdir. Komandada nəinki ancaq idman işi, tərbiyə işi də yaxşı təşkil olunmuş, sağlam şərait yaradılmışdır.Hər bir futbolçu və ümumiyyətlə bütün komanda Azərbaycan idmanının şərəfini, kollektivin şərəfini hər şeydən üstün tutmuşdur. Bu isə qazanılmış qələbənin əsas səbəblərindən biridir».

    Əsas məqsədi Güclülər dəstəsinə çıxmaq olan komanda kubok oyunlarına elə bir önəm vermədi. Hələ çempionatın startından əvvəl başlamış kubok yarışında «Neftçi» Bakıda Aşqabadın «Kolxozçu» komandasının ciddi müqaviməti ilə rastlaşsa da, səddi keçə bildi – 2:1. Növbəti mərhələdə isə Donetsk «Şaxtyor»u ilə səfər oyununda əlavə vaxtda uduzaraq(0:1), yarışla vidalaşmalı oldu.

  • 1977

    Dörd illik fasilədən sonra yüksək liqaya qayıtmaq «Neftçi»nin qarşısına burada möhkəmlənmək vəzifəsi qoyurdu. Ötən mövsüm haqda «bütün oyunçular intizama əməl edir, nümunəvi şəkildə məşğul olur və oyunlarda sonadək döyüşürlər. Əlbəttə, «Neftçi» oyunçularının hazırlıq və ustalıq səviyyəsi lazımi səviyyədən uzaqdır. Amma belə hallarda iradə köməyimizə çatırdı» deyən baş məşqçi Bondarenko güclülər arasında da təkcə buna arxayın ola bilməzdi. Rəqabətə davamlı heyət formalaşdırmaq üçün Sergey Kramarenko komandaya qaytarıldı, «Avtomobilçi»də oynayan gənclərdən Səmədağa Şixlarovla yanaşı, Asim Xudiyev və İsgəndər Cavadov, Bakı «Spartak»ından isə ümidverici İqor Ponomaryovla Vladimir Mixaylevski heyətə cəlb olundular. Bondarenko da mətbuata verdiyi müsahibədə qarşıya qoyulan vəzifənin çətinliyini gizlətmirdi: «Birinci liqada keçirilən dörd il «Neftçi»ni çox dəyişib. Kramarenko, Banişevski və Smolnikovdan başqa, digər oyunçular güclülər dəstəsi haqda ancaq kənardan eşidiblər. Əlbəttə, birinci liqa ilə güclülər dəstəsi arasında böyük fərq var. Birinci liqada vərdiş etdiyimiz sürətlə oynaya bilirdik. Bir az «axsayanda» texnikalı oyunumuzla bunu aradan qaldırırdıq. Amma güclülər dəstəsinin tələbləri başqadar, burada oyunçu həmişə seytnotdadır. Ötən mövsüm birinci dəstənin bombardiri olmuş Elbrus Abbasov buradakı templə ayaqlaşa bilmir. Ayaqlaşa bilmir və həvəsdən düşür. Mənim futbolçuların taktiki, fiziki və texniki hazırlıqları barədə qorxum yoxdur. Çəkindiyim yeganə şey sürətdir. Söhbət adi sürətdən getmir. Mən düşünmək sürətini nəzərdə tuturam: düşünmək sürəti və ona sıx bağlı olaraq, topu qəbul etmək, sinxron manevrlər etmək – sürətli və zamanında və nəhayət ötürməni vermək».

    Çempionatın əvvəlində Moskva «Dinamo»su və OMİK-i ilə layiqli oyun və qazanılan heç-heçələr azarkeşlərə ümid bəxş etdi. Əsas yük təcrübəlilərin üzərinə düşsə də, komandanın yarısı olan Banişevskinin ciddi zədələnməsi məşqçini çətin vəziyyətə saldı. Buna baxmayaraq, birinci dəstədə açıq futbolla nəticə əldə edən Bondarenko taktikasına sadiq qalmaq niyyətində idi. Hücum futbolu göstərib səfərdə«Dinamo»ya(Tbilisi) 1:4, «Dnepr»ə 0:3 uduzmaq da onu yolundan döndərmədi. «Müdafiə futbolu qənaətbəxş nəticə verə bilməz. Oyunçuların qapının qarşısına yığışması uzağı vurulacaq qolun dəqiqəsini uzada bilər» fəlsəfəsinə sadiq qalan məşqçi inadından dönmədi. Amma heyətdə yaranan problemlər optimal heyəti qurmağa imkan vermirdi. Ötən mövsümün bombardiri Abbasov heç cür ümidləri doğrulda bilmirdi. Heç gənclər də yüksək liqanın həyəcanından qurtulmadılar. Təsadüfi deyil ki, komandanın bombardiri 9 qolla təcrübəli Smolnikov oldu. Baş məşqçi də heyətlə bağlı çətinlikləri mətbuatda müzakirəyə çıxarmışdı: «Etiraf etməliyəm ki, heyəti komplektləşdirmək məsələsi bizim qarşımızda dayanan böyük problemdi. Biz güclülər dəstəsində yer qazanan kimi müxtəlif suallar yaranmağa başladı: komandanı necə gücləndirməli? Kənardan dəvət olunan oyunçulara üstünlük verməli, yoxsa çətin mübarizədə komandanı güclülər sırasına çıxaranlara güvənməli? Mənim üçün cavab aydın idi: «Neftçi» hər iki yolla getməyə üstünlük verdi. Amma komanda tamamilə özününkülərdən - yerli futbolçulardan təşkil olunanda daha güclü oynayırdı».

    Mövsümün yarıdan çoxunu ilk onluq ətrafında keçirən «Neftçi» sona yaxın gözlənilmədən «təhlükəli zona»ya yaxınlaşdı. Burada Alma-Atada məğlubiyyət və ardıcıl 3 heç-heçə rol oynadı. Bakıda «Zarya» üzərində qələbə ilə səfərdə «Karpatı» ilə heç-heçə vəziyyəti düzəltsə də, Kiyevdəki məğlubiyyət hər şeyi son tura saxladı. Birbaşa rəqib olan «Dnepr»lə Bakıdakı heç-heçə növbəti mövsümü də güclülərlə bir yerdə keçirməyi təmin etdi.

    Yalnız Güclülər dəstəsində yerini qorumaq haqda fikirləşən komanda kubok yarışlarına elə bir əhəmiyyət vermədi. Nəticədə «Neftçi» ilk oyundaca birinci dəstədə mübarizə aparan Minsk «Dinamo»suna səfərdə 0:5 hesabı ilə məğlub oldu.

  • 1978

    «Neftçi» yeni mövsümdə çox şeyə ümid etsə də, deyəsən eyni problemlər qalmaqdaydı. Heyətdəki dəyişikliklər qapıçı Yuri Romenskinin «Çernomorets»ə keçməsi və yeni gənclərin cəlb olunması idi. 1978-ci il SSRİ-nin və «Neftçi»nin tarixində bir neçə hadisə ilə də əlamətdar oldu. İlk dəfə olaraq çempionatda danışılmış oyunların qarşısını almaq üçün heç-heçələrə limit tətbiq edildi: hər bir komanda ilk 8 heç-heçəyə görə xal alırdı. Sonrakı heç-heçələrə isə xal verilmirdi. Həm də SSRİ Futbol Federasiyası Güclülər dəstəsindəki komandaların sayını artırmaq qərarına gəldiyindən yalnız bir iştirakçı birinci dəstəyə düşəcəkdi.

    «Neftçi» yeni mövsümün hazırlığı çərçivəsində Leninqradda «Nedelya» həftəliyinin mükafatı uğrunda keçirilən turnirin iştirakçısı oldu. Burada bakılılar Kiyev «Dinamo»suna 0:2 hesabı ilə uduzandan sonra Donetsk «Şaxtyor»u üzərində 3:1 hesabı ilə qələbə qazandılar. Qrup turnirinin son oyununda isə Leninqrad «Dinamo»su ilə heç-heçə (1:1) etdilər. Bu, komandamıza 3-cü yer uğrunda mübarizə aparmağa imkan verdi. «Neftçi» Leninqrad «Zenit»inə penaltilərlə qalib gələrək turnirdə üçüncü yeri tutdu. Ardınca komanda baş məşqçi G.Bondarenkonun rəhbərliyi altında Eşeraya təlim-məşq toplanışına yollandı. O, hazırlığın bu hissəsinə və yoxlama oyunlarına xüsusi önəm verirdi.

    Mövsümün ilk rəsmi oyunları isə SSRİ kubokunda keçirildi. 1/16 finalda «Şinnik»ə (Yaroslavl) hər iki görüşdə minimal hesabla qalib gələn «Neftçi» Odessa OİK-i ilə oyunları olduqca qeyri-sabit keçirdi. Bakıda 4:0 kimi inamlı hesabla qalib gələn bakılılar az qala sensayiyaya imkan verəcəkdilər. Odessalılar cavab oyununda qapımıza 3 cavabsız qol vurdular ki, burada qapıçı Miroşnikovun təcrübəsiziliyi özünü göstərdi. «Şaxtyor»la 1/4 finalda səfərdəki nəticə (0:0) yarımfinalın yaxında olduğuna ümid verirdi. Amma cavab görüşündə qapıçının kobud səhvindən buraxılan qol ümidləri dəfn etdi. Sona yaxın isə donetsklilər ikinci dəfə fərqləndilər.

    Bu qeyri-sabitlik çempionatın startında «Neftçi»ni çətin vəziyyətə saldı. Komanda ilk qələbəsini 5-ci turda «Kayrat» üzərində qazansa da, baş məşqçi oyunlardan narazı deyildi: «Biz belə nəticəyə gəldik ki, oyunçular fiziki və taktiki cəhətdən oyunlara hazırdır. Amma hücumda, xüsusilə də qol vəziyyətlərindən istifadə etməkdə olan çatışmazlıqlar üzə çıxır. Bakıdakı oyunlara yaxşı hazırlaşırıq, amma səfərə çıxdıqda meydançayla bağlı problem yaranır. Məsələn, «Lokomotiv» əsasnaməni pozaraq bizə stadion verməkdən imtina etdi». Bu, «Neftçi»nin rastlaşdığı ilk haqsızlıq deyildi. Həm «Lokomotiv», həm «Zenit», həm də «Kayrat»la matçlarda hakimlərin qeyri-obyektivliyi təsirini göstərirdi. Digər tərəfdən birinci dövrədə heyətdə tez-tez məcburi dəyişikliklər baş verirdi. Kramarenko, Miroşnikov, Özbəyov, Namazov, Qurbanov, Əlizadə və digər aparıcı futbolçular tez-tez zədələnərək müxtəlif müddətə sıradan çıxırdılar. Məşqçilər onların yerini gənclərlə doldurmalı oldular. Asim Xudiyevlə Şakir Qəribov müdafiədə, Səmədağa Şıxlarov isə ön xətdə inamlı çıxış edərək əsas heyətdə yer qazandılar. Heyətdəki bu sabitlik yavaş-yavaş oyunlara da keçirdi. Komanda çempion «Dinamo» (Kiyev) ilə səfərdə heç-heçə oynamış (1:1), Bakıda isə «Spartak»a 3:1 hesabı ilə qalib gələrək turnir cədvəlindəki vəziyyətini nisbətən düzəltmişdi. Sona beş tur qalmış Bakıda «Dnepr» üzərində qələbə Güclülər dəstəsində yerin təmin olunması demək idi. Bu oyun həm də onunla yadda qaldı ki, A.Banişevski 100-cü qolunu vuraraq «Qriqori Fedotov» klubuna daxil oldu. İsgəndər Cavadov isə «Neftçi»yə çox kömək olacaq qollarının əsasını məhz bu görüşdə qoydu. Komandada artıq intizamın da yoluna qoyulduğu qeyd olunmalıdır. Təsadüfi deyil ki, ilk 19 turda komanda bir sarı vərəqə belə almamışdı. Yalnız 20-ci turda Bəxtiyar Qulamov ilk cəzalanan oyunçumuz oldu.

    Mövsümün sonuna yaxın isə çempionatdakı qısa fasilədən istifadə edən «Neftçi» yoldaşlıq görüşləri keçirmək üçün İrana yollandı. Burdakı 6 oyunun hamısında qələbə qazanan komandamız son görüşü Sapamdarjda yerli komandayla keçirdi. 3:2 hesablı qələbə ona görə yaddaqalan oldu ki, ikinci hissədə özünü pis hiss edən Sergey Kramarenkonu ikinci qapıçı olmadığından Asəf Namazov əvəzlədi. Mövsüm həm də Banişevski üçün yaşıl meydanla vida ili oldu.O, Moskvaya oxumağa yollandı, Bakıya məşqçi kimi qayıtmaq üçün…

  • 1979

    Üç illik fəaliyyətdən sonra G.Bondarenko öz xahişi ilə komandanı tərk etdi. Rəhbərlik yenə də kənardan məşqçi gətirməkdə israrlı idi. Yeni mövsüm ərəfəsində G.Bondarenkonu SSRİ yığmasının və «Spartak»ın keçmiş kapitanı, paytaxt klubu ilə 5 dəfə ölkə çempionu olmuş, «Omoniya» (Kipr), «Şinnik» (Yaroslavl), «Spartak», «Panionios» (Yunanıstan), eləcə də İran yığmasında məşqçi və baş məşqçi olmuş İqor Netto əvəzlədi.

    Mövsüm yenə kubok uğrunda mübarizəylə başladı. İlk dəfə olaraq, kubok turnirində Güclülər dəstəsinin komandaları qrup mərhələsindən yarışa qoşuldular ki, burada da 6 komanda arasında qrup birinciləri 1/4 finala vəsiqə qazanırdı. «Neftçi» oyunlarının Soçidə keçirildiyi 5-ci qrupda «Spartak» (Moskva), OİK (Odessa), «Zvezda», «Terek» və «Maşuk»la birgə mübarizə aparırdı. 4 oyunda qalib gəlib, moskvalılara uduzan komandamız yalnız ikinci ola bildi.

    Komanda çempionatdakı ilk qolunu və ilk qələbəsini Kuybışevdə keçirilən dördüncü tur oyununda qeyd etdi. Bu, son üç ildə «Neftçi»nin səfərdə qazandığı ilk qələbə idi. Amma dövrə sona yaxınlaşdıqca vəziyyət pisləşirdi, ilk dövrədən sonra komanda 9 xalla sonuncu yerdəydi. 17 oyunda vurulan 7 qol yaxşı heç nə vəd etmirdi. Nəticədə İ.Netto birinci dövrədən sonra Moskvaya döndü, onu Naxçıvan «Araz»ının baş məşqçisi Əhməd Ələsgərov əvəzlədi. «Neftçi»nin rəhbərliyi də dəyişdi. Komandanın rəisi Respublika İdman Komitəsinin sədri Rafiq Məmmədov oldu. Yeni baş məşqçi «Araz»da çıxış edən odessalı futbolçular – Sapojnikov, Pavlenko, Kaçur və Sokolovskini də Bakıya gətirdi. Təbii ki, yeni baş məşqçinin qarşısına qoyulan məqsəd «Neftçi»ni Güclülər dəstəsində saxlamaq idi. İkinci dövrənin ilk iki turunda komandamız səfərdə «Zenit»lə heç-heçə edib, «ev»də «Kayrat»a qalib gələrək sonuncu yerdən bir pillə yuxarı yüksəldi. Alma-atalılarla oyun çox gərgin keçdi və qonaqlar heç-heçəni saxlamağa yaxın idilər. Amma 90-cı dəqiqədə Əbdülqəni Nurməmmədovun uzaqdan vurduğu güclü zərbə qarşısında oyunu yüksək səviyyədə keçirən qonaqların qapıçısı Ordabayev dəaciz idi. «Təhlükəli zona»dan uzaqlaşma isə 25-ci tura təsadüf etdi. Çempionatın lideri «Şaxtyor»la oyunun komandamız üçün ağır keçəcəyi əvvəlcədən aydın idi. Görüşü yüksək səviyyədə keçirən komandamız çempionatın bombardiri Staruxinin qoluna O.Abdullayev, A.Namazov və İ.Cavadovun qolları ilə cavab verərək güclü rəqibini gözlənilmədən məğlubiyyətə uğratdı. Həm də mövsümdə ilk dəfə «Neftçi» 15-ci pilləyə yüksəldi. Düzdür, növbəti oyunda Rostov OİK-i ilə görüş ağır keçdi. Komandamız 2 dəfə hesabda irəli çıxsa da, arxayınçılıq qonaqların hesabı bərabərləşdirməsi ilə nəticələndi. Üstəlik, son dəqiqələrdə Kramarenko özünə qarşı kobudluq edən rəqib hücumçunu vurduğuna görə qırmızı vərəqə aldı. Heç-heçə limitini bitirmiş OİK-in xal almaması «Neftçi»nin əsas rəqiblərindən bir qədər də uzaqlaşmasınasəbəb oldu. Amma əsas qapıçının yoxluğu növbəti oyunlarda özünü göstərdi: bakılılar OMİK və «Dinamo»ya ümumilikdə 2:7 hesabı ilə məğlub oldular. Bu oyunlarda qapını qoruyan Miroşnikovun həyəcanlanması və səhvləri komandaya da sirayət edirdi. Əsasən müdafiə xətti güclü təzyiq altında idi. Lakin cəza müddəti bitən Kramarenkonun dönüşü vəziyyəti bir qədər yaxşılaşdırdı. Son görüşlərdə lazımi nəticələri əldə edən «Neftçi» mövsümü 14-cü pillədə başa vuraraq, qarşıya qoyulan məqsədə çatdı. Bu işdə Ə.Ələsgərovun təcrübəsi və məşqçilik bacarığı böyük rol oynadı. Məhz onun əməyi sayəsində «Neftçi» Güclülər dəstəsində yerini qorudu.

  • 1980

    Olimpiada ilə əlaqədar bütün SSRİ ərazisində idman ili kimi xatırlanan 1980-cı il «Neftçi» üçün uğurlu başladı. Ötən mövsüm əvəzedicilərin turnirində ikinci yeri tutan komandamızın bir neçə üzvü əsas komandaya cəlb olundu. Mövsümün yorğunluğunu Çexoslavakiyaya səfərlə çıxaran «Neftçi» hazırlığa Bakıda başlasa da, oyun təcrübəsi baxımından Bolqarıstana səfər yerinə düşdü. Burada mini-futbol turnirinə qatılan komanda «Neftçi-1» və «Neftçi-2»yə bölünərək iki qrupda mübarizə apardı. Birinci qrupda «Neftçi-1» «JSK-Spartak-2» ilə heç-heçə (4:4) oynayıb, «Çerno-More-1»ə 1:2 hesabı ilə uduzub, «Beloslav»a isə 2:1 hesabı ilə qalib gələrək ikinci yeri tutdu. İkinci qrupdakı «Neftçi-2» isə «JSK-Spartak-2»yə 7:1, «Devna»ya 3:1 qalib gəlib birinci yeri təmin etdikdən sonra əhəmiyyətsiz oyunda «Çerno-More-2»yə 3:4 uduzdu. Qrup birinciləri – «Çerno-More-1» və «Neftçi-2» finala yüksəldi. Əsas vaxtın heç-heçə (1:1) bitdiyi oyunda penaltilərlə meydan sahibləri qalib gəldi – 5:4. «Neftçi-1» isə qaliblərin ikinci komandasını 5:2 hesabı ilə məğlub edib 3-cü yeri tutdu. S.Kramarenko turnirin ən yaxşı qapıçısı, S.Şıxlarov isə ən texnikalı oyunçusu adını qazandı. Ə.Ələsgərov müsahibəsində Bolqarıstan səfərinin heyəti müəyyənləşdirmək baxımından vacib rol oynadığını bildirdi.

    Rəsmi oyunlar da komandamız üçün uğurlu başladı. SSRİ kubokunun Bakıda keçirilən qrup oyunlarında «Neftçi» 5 oyunun hamısında qalib gələrək 10 xalla birinci yeri tutdu və 1/8 finala vəsiqə qazandı. Bu oyunlarda 13 qol vuran «Neftçi»nin heyətində Səmədağa Şıxlarov xüsusilə fərqləndi. Şıxlarov bu qollardan beşinin müəllifi oldu. Amma bakılıların 1/4 finala yolunu «Paxtakor» bağladı. Kubok yarışlarında ilk dəfə qarşılaşan rəqiblərin yeganə oyunu Daşkənddə keçirildi. Şıxlarovla Cavadov bir neçə dəfə qola yaxın olsalar da, oyunun əsas vaxtında hesab açılmadı. Əlavə vaxtda (102-ci dəqiqə) isə Nartaciyev hesabı açdı. 9 dəqiqə sonra Sokolovski bərabərlik qolunu vurdu. Qoldan sonra üstünlük yenə «Neftçi»nin tərəfinə keçdi. Hətta künc zərbəsindən sonra Cavadov 2 metrdən qapıya «düşə» bilmədi. Əvəzində, 120-ci dəqiqədə qapımıza hücum zamanı top müdafiəçimizin əlinə dəydi və yerevanlı Nalbandyan penalti nöqtəsini göstərdi. Tseretelinin dəqiq zərbəsi «Neftçi»ni 1/8 finalda dayanmağa məcbur etdi.

    Ələsgərov 43-cü çempionata heyətdə edilən dəyişikliklərlə yollandı. Komandanın yeni kapitanı İsgəndər Cavadov seçildi, Kramarenko Namazov kimi təcrübəliləri isə məşqçi artıq əsas heyətdə layiq görmürdü: «Ən yaxşı formada olanlar meydana çıxacaq. Tezliklə zədəsini sağaldacaq Leksinə böyük ümid bəsləyirəm. Əlbəttə, bütün mövsümü bir heyətdə keçirmək mümkün deyil. Əvəzedici heyətdə də xeyli istedadlı gənclər var və onlardan istifadə etməyi duşunurəm». Ələsgərov həmçinin aparılan yoxlama oyunlarının nəticələrinə görə futbolçuların yaxşı fiziki formada olduğunu da qeyd etmişdi. Amma çempionatın başlanğıcı gözlənilməz oldu. 9 turdan sonra «Neftçi» 4 xalla cədvəlin sonunda idi. Bu anlaşılmaz çıxışın səbəbini rəhbərlik oyunçularda görərək, Ələsgərovla birlikdə gəlmiş odessalılarla yanaşı, Şıxlarovla Namazovu da komandadan xaric etdi. Nəticədə 10-cu turda ilk qələbə və nisbətən sabit oyunlar seriyası başladı. Əvvəlki mövsümlərdən elə də fərqlənməyən «Neftçi» sonda güclülər dəstəsindəki yerini qoruya bildi.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism