1981-1990 | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

1981-1990

  • 1981

    44-cü SSRİ çempionatı da «Neftçi» üçün əvvəlki illərdən fərqlənmədi. Yenə də əsas məqsəd Güclülər dəstəsində yerini qoruyub saxlamaq olacaqdı. Komandamızın bu mövsümə də hazırlığı ötən ilki kimi oldu: əvvəlcə Bolqarıstanın «Çerno More» (Varna) komandası Bakıya qonaq gəldi. Bir ay sonra isə «Neftçi» təlim-məşq toplanışı üçün bu ölkəyə yollandı. Səfər çərçivəsində bir neçə yoxlama oyunları da keçirildi.

    Futbol mövsümü yenə də kubok yarışlarının oyunları ilə başladı. Bu dəfə «Neftçi» Leninqrad qrupunda növbəti mərhələyə keçmək üçün mübarizə aparırdı. İlk görüşdə Xabarovsk hərbçiləri məğlub edilsə də, sonrakı oyunda «Zarya» ilə xallar yarı bölündü. Smolenski təmsil edən «İskra» üzərində də qələbəni Kutaisi «Torpedo»sundan alınan ağır zərbə əvəzlədi. Bu məğlubiyyət vəziyyəti çətinləşdirdi. Son görüşdə meydan sahibi olan «Zenit»lə qarşılaşmada komandaya yalnız qələbə lazım idi. Oyunboyu hesabda irəlidə olan «Neftçi» sonda məhsuldar heç-heçə (3:3) ilə kifayətlənməli oldu ki, nəticədə növbəti mərhələyə keçə bilmədi.

    Yeni mövsümün təqvimində əvvəlki illərə nisbətən dəyişiklik edilmişdi. İndi komandalar iki oyun ardıcıl «ev»də, iki oyun isə səfərdə keçirməli idilər. Bu iki səfər oyunu bir qayda olaraq bir-birinə yaxın şəhərlərdə keçirilirdi. «Neftçi»nin səfərdən nadir hallarda uğurlu oynadığını nəzərə alsaq, komandamız Bakıdakı turlar zamanı turnir vəziyyətini yaxşılaşdırır, sonrakı iki turda isə yenidən çətin vəziyyətə düşürdü. Bununla belə, birinci dövrədən sonra son iki-üç mövsümlə müqayisədə «Neftçi» yüksək eşalonu tərk etmək qorxusu ilə yaşamırdı. İkinci dövrənin sonunu isə komandamız daha yaddaqalan keçirdi. Bakıda «Kayrat», «Paxtakor» və OİK-lə oyunlarda qazanılan 6 xal «Neftçi»yə 32 xalla 10-cu yeri tutmağa imkan verdi. Amma bu nəticə daha yaxşı ola bilərdi. Burada bakılıların 10 oyunluq heç-heçə limiti bitdiyindən iki görüşün hər birinə görə bir xal almaması rol oynadı.

  • 1982

    Güclülər dəstəsinə qayıtdığı son 5 il ərzində yalnız burada yerini qorumaq uğrunda apardığı mübarizə komandaya təsirsiz ötüşə bilməzdi. Belə ki, futbolçular oyunlara stimulsuz çıxır, Güclülər dəstəsinin autsayderləri olduqları ilə bir növ barışırdılar. 1979-cu ildən komandada baş məşqçi vəzifəsini yerinə yetirən Ə.Ələsgərov da komandanı bu psixoloji durumdan çıxarmağa müvəffəq ola bilmirdi. «Neftçi»nin ən ağrılı problemi isə səfər sindromu sayılırdı. Bakıda istənilən rəqibi udmağı bacaran komanda səfərdə bunu edə bilmirdi. 1982-ci il çempionatında «Neftçi» səfərdən cəmi üç xal gətirə bildi.

    Ənənəvi olaraq, hazırlığın ilk mərhələsini Bakıda keçirən, sonra isə bu işi Soçidə davam etdirən komanda mövsümə pis başlamadı. Artıq fevralda kubok yarışlarına qoşulan bakılılar 3-cü zonaya düşən komandalarla mübarizə aparmalı idilər. Həm də qrup oyunları Bakı və Sumqayıt şəhərlərində keçirilirdi. İlk görüşdə Volqoqrad «Rotor»u ilə bərabərliyə qalan komandamız sonrakı oyunda Kiyev hərbçilərini məğlub etdi. Lakin rostovlular öz həmkarlarının heyfini çıxaraq, qrup turnirində «Neftçi»ni yeganə məğlubiyyətə düçar etdilər. Bu uğursuzluğa baxmayaraq, komanda ardıcıl iki görüşdə – «Pamir» və «Metallist»ə qalib gələrək, növbəti mərhələyə adladı. Bu mərhələdə «Neftçi» Daşkənddə «Paxtakor»a oyunsonrası penaltilərdə uduzaraq kubok yarışında mübarizəni dayandırdı.

    Əksəriyyət 45-ci çempionatı uğursuz saysa da, «Neftçi» mövsümə yaxşı başlamışdı. Dörd turdan sonra komanda 4-cü yerdə idi. Amma növbəti 3 oyundan sonra bakılılar 10 pillə gerilədilər. Belə qeyri-sabit çıxışlar arasında 8-ci turda «Neftçi» «Spartak»ı qəbul etdi. Adlı-sanlı rəqib qarşısında əsas məqsəd heç olmasa, 1 xal qazanmaq idi. Bunu Şıxlarovun hesabı açmasından sonra komandanın müdafiəyə çəkilməsindən də başa düşmək olurdu. Amma Soçnovla Rodionovun qolları nəticəsində qonaqlar 52-ci dəqiqədə hesabda irəli çıxdıqdan sonra bakılılar yenə hücumlarının kəsərini artırdılar. Sona 15 dəqiqə qalmış qonaqların müdafiəçiləri cərimə meydançasında Cavadovun driblinqinin qarşısını kobudluqla aldılar. Penaltini dəqiq yerinə yetirən Qəribov hesabı bərabərləşdirdi. Gess «Spartak»ı hesabda irəli çıxardıqda isə artıq «Neftçi»nin daha bir qol vuracağına heç kim inanmırdı. Həm də moskvalılar 7 oyunda qapılarından 2 top buraxmışdılar, Dasayev isə nadir hallarda bir oyunda 3 qol buraxırdı. Buna baxmayaraq, böyük əzmkarlıq göstərən «Neftçi» 15 minə yaxın azarkeşin dəstəyi altında irəli atıldı və Mixaylevski hesabı bərabərləşdirdi. Nəhayət, 89-cu dəqiqədə Şıxlarov özünün ikinci, komandasının isə qələbə qolunu vurdu. Bu oyundan sonra Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev komandanı qəbul etmiş, problemlərlə maraqlanmış və qarşıdakı oyunlarda uğurlar arzulamışdı. Futbolçular isə cənab Əliyevə imzalı top hədiyyə etmiş və qələbələr söz vermişdilər.

    «Neftçi» Bakıdakı 4-cü oyunda 4-cü qələbəsini Moskva «Dinamo»çuları ilə oyunda qazandı. Fasilə ərəfəsində 12-ci oyununu keçirən «Neftçi» Bakıda ölkə çempionu Kiyev «Dinamo»sunu qəbul etdi. Birinci hissədə Mixaylevskinin qoluna Xapsalis cavab versə də, meydan sahibləri ikinci hissəni daha istəkli keçirdi. Liderlərlə oyunlarda fərqlənməyə adət etmiş Şıxlarov hissəninəvvəlində ikinci qoluvurdu. Çempiona qarşı gözəl oyungöstərən komandamız hesabı qorumaqla turnir cədvəlində 7-ci pilləyə yüksəldi. İndi «Neftçi» liderdən 7 xal geri qalır, sonuncu yerdəki «Şaxtyor»u isə cəmi 4 xal qabaqlayırdı. Komandanın oyununda yüksəliş hiss olunurdu. Hətta Səmədağa Şıxlarovla Asim Xudiyev SSRİ-nin Olimpiya yığmasına cəlb olundular və komanda ilə birlikdə Trindad və Tobaqoya səfərə yollandılar.

    İspaniyada keçiriləcək dünya çempionatı ilə əlaqədar mövsümdə yaranan fasilə komandamızın xeyrinə olmadı. «Neftçi»nin lideri İsgəndər Cavadovun Moskva «Dinamo»suna keçidi də mənfi təsirini göstərdi. Komandada onun yerini tuta biləcək oyunçu tapılmadı. Bütün bu çatışmazlıqlara baxmayaraq, heç kim fasilədən sonra «Neftçi»nin son turlaradək Güclülər dəstəsini tərk etmək qorxusu ilə yaşayağacını gözləmirdi. Amma ardıcıl məğlubiyyətlər vəziyyəti pisləşdirdi.Lakin son turlarda özünü toparlayan «Neftçi» 16-cı yeri tutmaqla eyni xala malik «Kuban»ı qələbələrin sayına görə qabaqlaya bildi.

  • 1983

    «Neftçi» 46-cı SSRİ çempionatına böyük dəyişikliklərlə başladı. Əhməd Ələsgərovu Kazbek Tuayev, Rafiq Məmmədovu isə Rauf Adıgözəlov əvəz etdi. Kazbek Tuayevə Ruslan Abdullayev Ali Məşqçilər Məktəbini bitirib Bakıya dönən Ağasəlim Mircavadov köməkçi təyin edildilər. Komandanı böhrandan çıxarmaq üçün bəzi addımlar atıldı. Oyunlara daha yaxşı hazırlaşmaqməqsədilə 1967-ci ildə tikilmiş təlim-məşq bazası qısa müddətdə təmir olundu. Yüksək keyfiyyətli otaqlar, əla vəziyyətdə ot örtüklü meydança, videomaqnitofonla təchiz olunmuş nəzəri məşğələlər üçün otaq, hovuz, trenajor və mini-futbol zalları, tibbi-reabilitasiya mərkəzi, istirahət otaqları və gözəl mənzərə ilə əhatələnmiş həyət futbolçuların ixtiyarına verildi. Bir il əvvəl komandanı tərk etmiş İqor Ponomaryovla İsgəndər Cavadov da heyətə qaytarıldı. Artıq «Neftçi»dən uğur gözləmək vaxtı idi. Lakin komanda ilk qolunu 5-ci turda vurub, ilk qələbəsini 6-cı turda qazandı. Bundan sonra sanki futbolçularda inam yarandı və 8-ci turda mövsümdə ilk dəfə olaraq səfərdə (Kişinyov) 2 xal qazanıldı. Artıq oyunda sabitlik yaranmışdı. 10 turdan sonra «Neftçi» liderdən 5 xal az toplamaqla 10-cu yerdə idi. Komanda birinci dövrəni 15 xalla 14-cü yerdə başa vurdu. Dövrənin son oyununda Kiyevdə «Dinamo» ilə heç-heçə edən bakılılar «Şaxtyor» (3:1), «Spartak» (2:1), «Dinamo» Tb (3:2), «Ararat» (3:0) kimi rəqiblərə qalib gəlməklə kollektiv kimi formalaşdıqlarını göstərdilər. Həm də heyətdə Y.Vahabzadə, Ə.Ələkbərov, R.Həbibov, İ.Çeremisov, V.Sadıqov kimi gənclərin olması gələcəyə də ümidlə baxmağa imkan verirdi. Düzdür, gənc qapıçılar ümidləri doğrultmadığından artıq karyerasını bitirməyə hazırlaşan Sergey Kramarenko yenidən əlcəklərini geyinməli oldu. Mütəxəssislərin fikrincə, məhz 1983-cü ildə müəyyən mənada stabil heyət yaranmışdı. Və bu heyət əvvəlki illərlə müqayisədə Güclülər dəstəsində qalmaqda o qədər də çətinlik çəkmədi və 13-cü yeri tutdu.

    SSRİ Futbol Federasiyası kubok yarışlarının keçirilməsi qaydalarında növbəti dəfə dəyişiklik etdi. Belə ki, qrup oyunları ləğv edildi və köhnə qaydaya – olimpiya qaydasına qayıdıldı. Püşkatma nəticəsində rəqibi məlum olan komandalar biroyunluq mübarizədə qalibi müəyyənləşdirməli idilər. SSRİ kuboku uğrunda yarışda komandamızın bəxti gətirmədi. Elə 1/16 finalda «Neftçi» Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda OMİK-lə qarşılaşdı. Əsas vaxtı heç-heçə (1:1) bitən görüşdə moskvalılar oyunsonrası penaltilərlə qalib gəldilər – 4:3.

    «Neftçi» ili Suriyaya səfərlə başa vurdu. İlk dəfə 1969-cu ildə bu ölkədə olan komandanın həmin heyətindən indiki baş məşqçi K.Tuayev və hələ də qapını qoruyan Kramarenko qalmışdı. 14 il əvvəl olduğu kimi, «Neftçi» yenə də özü haqda xoş təəssürat yaratdı. Dəməşq klublarının yığma komandası (1:0), Hama əyalətinin yığma komandası (2:1), çempion «İttifaq» (1:0) ilə oyunlar komandamızın qələbəsi ilə, ölkə kubokunun sahibi «Kəramə» (2:2) ilə görüş isə heç-heçə bitdi.

  • 1984

    Suriya səfərindən qayıdan «Neftçi» ötənilki heyəti qorumaqla yanaşı əvəzedici heyətdən Azər İsayev, Eldar Nağıbəyov, Qəhrəman Əliyev, Nazim Süleymanov, Eldar Kərimov, Ukraynadan isə qapıçı Aleksandr Jidkov kimi gəncləri də cəlb etdi. Ruşen Xasanovla Oleq Axanov isə təcrübələri ilə komandaya kömək etməli idilər.

    «Neftçi» əvvəlki illərdən fərqli olaraq, oyun praktikasını yoxlama oyunları ilə deyil, Bakıda keçirilən turnirlə artırmaq qərarına gəldi. Belə ki, Bakı Şəhər Partiya Komitəsi və Baksovetin təşəbbüsü ilə Bakı Şəhər İcraiyyə Komitəsinin mükafatı uğrunda turnir təşkil edildi. «Neftçi» ilə yanaşı «Topedo» (Moskva), «Metallist» (Xarkov), «Çernomorets» (Odessa) və «Zarya» (Voroşilovqrad) turnirdə iştirak etdi. İştirakçılar üçün oyunlar və məşqlərlə yanaşı gəzintilərin də təşkil olunduğu turnir maraqlı alındı.

    Püşkatmaya əsasən mövsümün startının «Neftçi» üçün uğurlu alınacağını düşünmək olardı. Çünki «ev komandası» kimi tanınan bakılılar ilk 10 turun 6 oyununu doğma meydanda keçirməli idi. Amma hər şey gözlənilənlərin əksinə oldu. «Neftçi» 10 turdan sonra «ev»də keçirdiyi oyunların 4-də uduzmaqla cəmi 4 xal toplaya bildi. NəticədəKazbek Tuayev tutduğu işdən azad edildi. Onun yerinə təyin edilən Ruslan Abdullayevin qarşısına qoyulan əsas vəzifə fərqli deyildi: komandanı güclülər dəstəsində saxlamaq. Amma mövsümboyu «Neftçi»ni aşağı dəstəyə düşmək təhlükəsi tərk etmədi. Son iki oyun isə Daşkənddə «Paxtakor»a və Moskvada «Dinamo»ya qarşı idi. Özbəklər komandamızdan cəmi bir xal geri qalırdılar. Ona görə də qələbə meydan sahiblərinin taleyini xilas edirdi. Belə ki, son oyunda onların «ev»də Tbilisi «Dinamo»çularını udacağı şübhəsiz idi. Amma «Neftçi» çətin oyunda qolsuz heç-heçəni qoruya bildi və hər şey son tura qaldı. Gözlənildiyi kimi, «Paxtakor» son görüşdə «ev»də «Dinamo»nu məğlub etdi və aktivinə 9-cu qələbə ilə 23-cü xalı yazdırdı. «Neftçi»nin Moskvada «Dinamo» ilə dekabrın 4-də baş tutan oyunu hava şəriatinə görə qapalı manejdə keçirilirdi. Bu da süni örtükdə oynamamış bakılılar üçün əlavə çətinlik idi. Amma bunlara baxmayaraq, dramatik oyunda komandamız 3:2 hesabı ilə qalib gəlib yerini qoruya bildi.

    Bu dəfə də kubok uğrunda mübarizədə bakılılar uğursuz oynadılar. Elə 1/16 finalda Güclülər dəstəsinin debütantı Rostov OİK-i ilə qarşılaşan «Neftçi» Bakıda 2:4 hesabı ilə uduzaraq mübarizəni startdaca dayandırdı. Daha sonra futbol çinovnikləri kubok yarışları qaydalarında dəyişiklik etdilər. Kubokun qalibi artıq iki il ərzində müəyyənləşməli idi. Bu dəyişiklik SSRİ komandasının Kuboklar Kuboku turnirində uğurlu çıxış etməsi üçün idi. Dəyişiklikdən sonra «Neftçi» sentyabr ayında növbəti kubok yarışına qoşuldu. Lakin komanda yenə də ilk oyundan sonra mübarizəni dayandırmalı oldu. Odessada «Çernomorets»in qonağı olan «Neftçi» əlavə vaxtda məğlubiyyətə uğradı (2:3).

  • 1985

    1985-ci il mövsümü ərəfəsində SSRİ Futbol Federasiyası bir daha çempionatın əsasnaməsində dəyişikliyə yol verdi. 1979-cu ildən 18 iştirakçının qatıldığı ölkə çempionatında növbəti mövsümdən komandaların sayının 16-ya endirilməsi haqda qərar çıxarıldı. Buna görə də 17-18-ci yerləri tutan komandalar güclülər eşalonunu tərk edirdi. 15-16-cı yerləri tutan komandalarla Birinci liqada ilk iki yeri tutan komanda «Keçid turniri»ndə qarşılaşacaqdılar. Etiraf etmək lazımdır ki, bu məsələ «Neftçi»nin vəziyyətini xeyli çətinləşdirirdi. Bir il əvvəl son turda vəzifəsinin öhdəsindən gələn komanda ilə yeni mövsümə başlamağın riskli olduğunu düşünən İdman Komitəsinin rəhbərləri köklü dəyişikliyə əl atdılar. Əvvəlcə Ruslan Abdullayevi Vyaçeslav Solovyov əvəz elədi. Moskvanın SDKA klubunda çıxış etmiş Solovyov məşqçi kimi də böyük nüfuza malik idi. Onun «Krılya Sovetov», MOİK, «Paxtakor», Moskva, Kiyev, Tbilisi «Dinamo»ları ilə yanaşı, SSRİ-nin müxtəlif yaş qrupları üzrə yığmalarında da iş təcrübəsi vardı. Solovyovun gəlişi ilə heyət Vyaçeslav Çanov, Valeri Pançik, Mustafa Belyalov, Sergey Bazulev kimi oyunçularla gücləndirildi. Amma həmin mövsüm də aparılan islahatlar bəhrəsini gözlənilən səviyyədə vermədi.

    Komanda yenə mövsümün hazırlığının ilk mərhələsini Bakıda keçirdi. Keçən il olduğu kimi, yenə də Bakı şəhər İcraiyyə komitəsinin mükafatı uğrunda yarışda «Neftçi» uğurlu çıxış edib turnirin qalibi oldu. Buna baxmayaraq, komandamız çempionata o qədər də uğurlu başlamadı. Birinci dövrənin əvvəlində «Neftçi» 4 turdan sonra cəmi 2 xal toplasa da, sonrakı 4 matçda alınan 5 xal sayəsində vəziyyətini xeyli yaxşılaşdırdı. Amma Moskvada «Torpedo» ilə oyunda komanda böyükhesablı məğlubiyyətdən qaça bilmədi: burada kapitan Cavadovun hakimlə mübahisəyə görə qırmızı vərəqə alması da rol oynadı – 0:3. Əsas hücumçusunun olmamasına baxmayaraq, «Neftçi» 2-si paytaxtda «Dinamo»dan olmaqla hesabına daha 5 xal yazdır. Xatırladaq ki, qırmızı vərəqə aldıqdan sonra Futbol Federasiyası Cavadovu diskvalifikasiya etdiyindən, o, 5 oyun komandaya kömək edə bilmədi. Üstəlik, Novruz Əzimovun zədələnməsi də heyətdə problemlər yaratdı. Amma onun mövqeyində Fedorovski, Eldar Kərimov, Elşən Həsənov, Əli Rəhimov və Əsgər Abdullayev yoxlansa da, yalnız Abdullayevümidləri doğruldaraqəsas heyətə düşdü. Bununla belə, uğursuz nəticələrin ardından baş məşqçi vəzifəsində Solovyovu Ruslan Abdullayev əvəzlədi. İkinci dövrənin əvvəli də uğursuzluqla yadda qaldı. Burada əsas rolu komandanın ilk 8 oyundan 6-nı səfərdə keçirməsi oynadı. Ümumiyyətlə, bu mövsümdə bakılılar səfərdə keçirdikləri 17 oyunda cəmi 6 xal toplaya bilmişdilər. Amma maraqlıdır ki, İsgəndər Cavadov «Neftçi»nin SSRİ çempionatının Güclülər dəstəsində 800-cü qoluna məhz səfərdə (OİK-lə oyunda) imza atdı. Cavadov komandamızın yeganə böyükhesablı qələbəsində Bakıda «Kayrat»ın qapısına 3 qol vurmaqla da yadda qaldı.

    «Ev»də inamlı oyun isə davam edirdi. Bakıdakı son görüşdə «Torpedo» (Kutaisi) üzərində qalibiyyətlə «Neftçi»nin qələbə seriyası başladı. Bakılılar 6 oyun ardıcıl qələbə qazandılar. Kiyevdəki oyunu nəzərə almasaq, komandanın mövsümü lazımi nəticə ilə başa vurması problemsiz görünürdü. Həm də OİK (Rostov) ilə «Fakel» artıq güclülər dəstəsi ilə vidalaşmışdılar. 15-16-cı yerlərə düşməmək uğrunda 28 xalla «Neftçi» və «Dinamo» (Moskva), 29 xalla «Çernomorets» və «Torpedo» (Kutaisi), eləcə də 30 xalla «Kayrat», «Şaxtyor» və «Dinamo» (Tbilisi) mübarizə aparırdı. Amma gözlənilmədən «Neftçi» Bakıda nə odessalılara, nə də Moskva «Dinamo»çularına qalib gələ bildi. Nəticədə son oyunu «ev»də «Kayrat»a uduzan «Çernomorets»lə «Neftçi» keçid turnirində oynamalı oldular. Birinci dəstədən isə MOİK və «Dauqava» (Riqa) turnirə qatılmaq imkanı əldə etdi. Beləliklə, 4 komanda Moskvada örtülü manejdə 2 dövrədən ibarət turnirdə kimin növbəti mövsümü güclülər arasında keçirəcəyini müəyyənləşdirməli idi. «Neftçi»nin hər iki oyunda «Dauqava»ya qalib gəlməsi (3:0 və 4:0) həlledici oldu və «Çernomorets»lə MOİK-dən alınan daha 3 xal komandamızın turniri ikinci pillədə başa vurması ilə nəticələndi. Beləliklə, «Çernomorets»lə (9 xal) «Neftçi» (7 xal) həmin il birinci liqadan heç kimi güclülər dəstəsinə buraxmadılar.

    Kubok yarışında «Neftçi» son illərin uğursuz ənənəsini davam etdirdi. Komanda ilk mərhələdəcə Xabarovskda yerli OİK-ə uduzdu – 0:2.

     

  • 1986

    49-cu ölkə çempionatı ərəfəsində «Neftçi»də elə bir böyük dəyişiklik baş vermədi. Yalnız komandanın rəisi dəyişdirildi ki, bu iş də Azərbaycan SSR-nin əməkdar məşqçisi Mirzə Məhərrəmova həvalə edildi. Baş məşqçi isə keçən il olduğu kimi, yenə də Ruslan Abdullayev idi. Ona kömək edəcək Anatoli Qryazev çoxdan «Neftçi»də olsa da, digər köməkçi, 60-cı illərdə əvəzedici heyətdə oynamış Rafiq Bağırov məşqçi kimi debüt edirdi.

    Azarkeşlər komandamızı Bakıda elə ilk turda gördülər. Hamı «Neftçi»nin həmişə məğlub etdiyi «Kayrat» üzərində növbəti qələbəsini gözləyirdi. Amma gözlənilmədən alma-atalılar yeganə qolla qələbə qazandılar. Qalan 3 oyunda da futbolçularımız uğurlu çıxış edə bilmədilər və cəmi 3 xal topladılar. Amma bu xallardan biri Kiyevdə «Dinamo»dan alınmışdı. Yaddaqalan qələbələrdən biri isə 6-cı turda «Jalqiris» üzərində qazanıldı. Bu, «Neftçi»nin Güclülər dəstəsində 800-cü oyunu idi. Ardınca isə bakılılarda yaranan qələbə əzmi 10-cu turda Kutaisidə «Torpedo», 8-ci turdan təxirə salınmış oyunda Donetskdə «Şaxtyor» üzərində qələbələrə şərait yaratdı. Nəticədə komandamız 11-ci tur ərəfəsində turnir cədvəlinin 3-cü pilləsinə yüksəldi. İlk dövrəni uğurlu keçirən «Neftçi» dövrənin nəticələrinə görə 2-7-ci yerləri bölüşdürürdü. Bu qrupa aid olan 6 komanda liderdən cəmi 2 xal geri qalırdı. Artıq baş məşqçi özünəməxsus dəst-xətt yarada bilmişdi, liderlər üzərinə duşən işin öhdəsindən məharətlə gəlirdilər. Səfər oyunlarında da futbolçularımız ruhdan düşmür, əllərindən gələni əsirgəmirdilər. Mövsümün yekunu barədə danışan Azərbaycan Futbol Federasiyasının sədri Tofiq Fətullayev «Futbol-87» təqvim-məlumat kitabçasına müsahibəsində uğuru belə izah edirdi: «Sözsüz ki, keçən mövsüm «Neftçi» üçün çoxlu imkanların əldən verilməsi ili kimi qeyd edilmişdi. Komanda baş məşqçi Ruslan Abdullayevin başçılığı altında hazırlıq dövründə yaxşı çalışmış və bunun da nəticəsində çempionatın birinci dövrəsini kifayət qədər stabil keçirmişdi. Kollektiv matçdan-matça daha yaxşı oynamış, futbolçular həmrəylik, inam, görüşün 90 dəqiqəsi ərzində bütün meydança boyunca mübarizə aparmaq bacarığı nümayiş etdirmişlər. Bütün xətlərdə başçıların – müdafiədə Pançik və Jidkovun, yarımmüdafiədə Ponomaryovun, hücumda Cavadov və Əhmədovun rolu hiss olunmuşdu».

    49-cu çempionat Maşallah Əhmədov üçün daha da yaddaqalan oldu. Xüsusilə də birinci dövrənin son dörd oyununda 4 qol vuran hücumçumuz bombardirlər sırasına yüksəldi. Hətta onun oyunu barədə «Futbol-Xokkey» həftəliyində Yuri Vanyat yazırdı: «Təəssüf ki, Gəncə futbolunun bacarıqlı yetirməsi öz qolçuluq bacarığını Protasovla müqayiəsədə bir qədər gec açdı. Amma heç olmamaqdansa, gec olsa yaxşıdır. Və ümid etmək istərdik ki, Ponomaryov və Cavadov kimi təcrübəli futbolçuların da köməyi ilə Əhmədov Azərbaycan komandasının populyar bombardirləri – Banişevskinin, Tuayevin xoş ənənələrini davam etdirəcək». Lakin Əhmədov ümidləri nisbətən doğrultsa da, komandası hamını məyus etdi. İkinci dövrənin ortalarında artıq vəziyyəti idarə edə bilməyən baş məşqçi istefa ərizəsini yazmalı oldu. Onun yeganə qazancı birinci dövrədən sonra əldə edilən uğura görə verilən Azərbaycan SSR-in Əməkdar məşqçisi adı oldu. Buna baxmayaraq, «Neftçi» turnir cədvəlinin aşağılarına doğru yuvarlanaraq, yekunda 13-cü oldu.

    Komandanın zəif çıxışına rəğmən, mövsümdə yaddaqalan hadisələr İ.Cavadov, V.Pançik, M.Əhmədov və A.Jidkovun müxtəlif yığmalara çağırılması, eləcə də 1971-ci ildən sonra ilk dəfə futbolçumuzun SSRİ-nin «33 ən yaxşı»sı arasına düşməsi oldu. Bunu çempionatda «Neftçi»nin vurduğu 33 qoldan 13-nə imza atan M.Əhmədov bacardı.

    Çempionatdakı problemləri həll etməyə çalışan komanda bu dəfə də kubok oyununa ciddi əhəmiyyət vermədi. Buna görə də ikinci dəstə təmsilçisi «Ximik»ə Qrodnoda uduzmaqla (0:1) mübarizəni dayandırdı.

    İlk dəfə keçirilən Federasiya kubokunda isə «Neftçi»nin çıxışını qənaətbəxş saymaq olar. Qafqaz komandalarından təşkil olunmuş qrupa düşən bakılılar 2-ci yeri tutdular. «Ararat»a məğlub olan (1:3) «Neftçi» «Dinamo»nu (Tbilisi) udub (1:0), «Torpedo» (Kutaisi) ilə heç-heçə oynadı (2:2).

  • 1987

    Ötən ilki nəticələrdən sonra Futbol Federasiyasının rəhbərliyi belə nəticə çıxardı ki, heyətdə layiqli futbolçular var və onları düzgün idarə edən rəhbərlik lazımdır. Bu məqsədlə uzun müddət komandamızın qapısını qorumuş, sonralar isə teleradio şərhçisi kimi «Neftçi»nin yanında olmuş Çingiz İsmayılov rəis təyin edildi. Baş məşqçi postuna isə Aleksandr Sevidov dəvət edildi. Bu məşqçi 30 illik karyerası ərzində Kiyev (1971) və Moskva (1976) «Dinamo»larını SSRİ çempionu etmiş, 1977-ci ildə isə ikincilərə ölkə kubokunu qazandırmışdı. Sevidova Ağasəlim Mircavadovla Anatoli Qryazev köməkçi təyin edildilər. Onlarla yanaşı özü ilə birlikdə köməkçi qismində gətirdiyi, əvvəllər Moskva «Spartak»ında oynamış oğlu Yuri də atasına kömək etməli idi. Ondan başqa «Torpedo»dan qovulmuş Qosteninlə birgə Baqapov, Pivtsov və Prokopenko da yeni məşqçinin gətirdikləri arasında idilər. Hər mövsüm olduğu kimi yenə ümidlər böyük idi. Amma komanda startda iki heç-heçədən sonra ardıcıl 3 dəfə məğlubiyyətə uğradı. Heyətinə görə ən yaxşı dövrləri ilə müqayisə edilə biləcək komandamız 11 turdan sonra cəmi 7 xal toplaya bilmişdi və turnir cədvəlində sonuncu yeri tuturdu.

    Ümidləri doğrultmadığını anlayan Sevidovu oğlu ilə birlikdə istefaya göndərdilər. Baş məşqçi Ağasəlim Mircavadov, ikinci məşqçi isə Anatoli Qryazev oldu. Amma onları da asan sınaq gözləmirdi. Çünki bütün yoxlama oyunlarında gəlmə futbolçular əsas heyətdə çıxış etmiş və komanda oyununu onların üzərində qurmuşdu. Moskvalı futbolçuların gedişindən sonra Mircavadovla Qryazev demək olar ki, heyəti yenidən qurmalı oldular. Düzdür, bəzi obyektiv səbəblər vardı: Cavadovla Əhmədov müxtəlif səbəblərdən komandanın hazırlığı prosesində tam iştirak edə bilmədilər. Pançiklə Nazim Süleymanov isə zədə üzündən xeyli müddət heyətdən kənarda qaldılar. Xüsusilə də, ağır zədə alan Pançikin demək olar ki, çempionatın yarısını buraxması oyuna təsirini göstərdi.

    «Neftçi»də yaranan böhrandan çıxış yolunu tapmaq üçün iyun ayında Respublika Dövlət İdman Komitəsinin təşəbbüsü və komanda üzvlərinin də iştirakı ilə yığıncaq keçirildi. İclasda qeyd edildi ki, «Neftçi» uğursuzluq zolağını keçə və turnir cədvəlində vəziyyətini yaxşılaşdıra bilər. Deyilənlər ikinci dövrədə özünü doğrultdu. Artıq hiss olunurdu ki, kollektiv formalaşıb və oyunun keyfiyyəti yüksəlib. Çempionatla yanaşı, SSRİ Kuboku və Federasiya kubokunda da futbolçularımız uğurlu oyunlar keçirdi. Amma ikinci dövrənin ortalarında komandada gözlənilməz eniş başladı. Bir anda «Neftçi»nin başının üstünü birinci dəstəyə düşmək qorxusu aldı. Bununla belə, 13-cü turda Bakıda Kiyev «Dinamo»su üzərində qələbə (3:1) futbolçularda ruh yüksəkliyini artırdı və qalan iki oyunda Xarkovda «Metallist» üzərində qalibiyyət (2:0), Moskvada isə «Torpedo» ilə heç-heçə (1:1) «Neftçi»ni 9-cu pilləyə yüksəltdi. Heç kimin gözləmədiyi halda bakılılar son illərin ən uğurlu nəticəsini əldə etdilər.

    Uzun illərdən sonra komanda, nəhayət, kubok oyunlarında uğurlu çıxış etdi. Bu dəfə «ev» və səfər prinsipi ilə keçirilən mərhələ qarşılaşmalarında əvvəlcə «Paxtakor» sıradan çıxarıldı. Əndicanı təmsil edən komandanı «Neftçi» hər iki oyunda böyük hesabla (4:0, 3:0) məğlub etdi. Sonrakı rəqib «Kuzbass» da Bakıda böyükhesablı məğlubiyyətə uğradıldı – 5:0. «Neftçi» Kemerovoda uduzsa da (0:1), növbəti mərhələyə yüksəldi. Bu mərhələnin oyunları isə gələn il keçiriləcəkdi.

    Federasiya kuboku uğrunda yarışda da bakılılar uğurlu nəticə əldə etdilər. «Neftçi» «Dinamo» (Tbilisi), «Quriya» və «Ararat»ı qabaqlayaraq, qrup birincisi oldu. 1/4 finalda Moskva «Dinamo»sunu darmadağın edən (3:0) komandamız yalnız «Metallist»lə yarımfinal oyununda büdrəyərək (1:3)kubokdan əlini üzdü.

  • 1988

    1988-ci il Azərbaycan üçün Respublikanın bütün sahələrində olduğu kimi, futbola da təsirsiz ötüşməyən hadisələrin başlandığı il oldu. Respublika ərazisində döyüşlərin getməsi, Bakıda tez-tez mitinqlərin keçirilməsi SSRİ Futbol Federasiyası üçün də yaxşı bəhanə idi. SSRİ-nin futbol məmurları Respublikada sabitliyin olmamasını əsas gətirib «Neftçi»nin birinci dövrədəki oyunlarının hamısının səfərdə keçirilməsi haqda qərar çıxardı. Bu vəziyyətdə «Neftçi»sevərlər əziyyətlərə qatlaşmağa hazır olsalar da, bu qərar səfərdə zəif oynaması ilə seçilən komandamız üçün böyük zərbə oldu. Uzun müddət komandanın şərəfini layiqincə qorumuş qapıçı Aleksandr Jidkov Valeri Lobanovskinin dəvətini qəbul edib Kiyev «Dinamo»suna yollandı. Ağır zədə almış Yaşar Vahabzadə mövsümün sonuna yaxın bir neçə oyunda meydana çıxa bilsə də, Mehman Allahverdiyev mövsümün sonunadək heyətə qayıda bilmədi. Səfər oyunlarında da nəticələr bir-birindən ağır gəlirdi. Həm uğursuzluq, həm də respublikada baş verənlər futbolçularımızın bütün diqqətini oyunlara yönəltməsinə mane olurdu. Baş məşqçi Ağasəlim Mircavadov üçün də komandanı toparlamaq çox çətin idi. Gah bir şəhərdə, gah o birində meydana çıxmaq, saysız uçuşlar futbolçuları da əldən saldı. Uğursuz keçən birinci dövrədən sonra komandanın Güclülər dəstəsində qalması üçün son şans çempionatın axırında yetişdi. İqor Ponomaryovla birlikdə SSRİ-nin Olimpiya yığmasının heyətində çıxış edən kapitan Yunis Hüseynovun Pekindəki beynəlxalq turnirdə zədələnərək bir neçə matçda meydana çıxa bilməməsinə baxmayaraq komandamızın son 9 turdan 8-ni Bakıda keçirməsi böyük üstünlük idi. Amma sentyabrda Mircavadov istefaya göndərildi. Qısa zaman üçün bu vəzifə keçmiş kapitan Rəşid Özbəyova tapşırılsa da, tezliklə məşqçilər şurası yaradıldı. Amma belə ağır vaxtda, hər şeyin liderlərin həll etməsinin vacib olduğu dövrdə bir neçə məşqçinin olması komandanı pis vəziyyətə saldı. Çıxış yolunu futbolumuzun yetirməsi, bir vaxtlar kapitan kimi uzun müddət «Neftçi»nin lideri olmuş Yuri Kuznetsovun Moskvadan baş məşqçi vəzifəsinə dəvət edilməsində gördülər.

    Taleyi üçün həlledici olan «ev oyunları» seriyasının ilk oyununu «Zenit»ə qarşı keçirən komandamız 1:2 hesabı ilə məğlub oldu. Minsk «Dinamo»su üzərində 2:0 hesablı qələbənin qazanılması futbolçularda əhval-ruhiyyənin düzəlməsinə səbəb olsa da, paytaxt «Dinamo»suyla matç gözlənilməz məğlubiyyətlə bitdi – 0:1. Bu nəticə futbolçularımızı təmiz ruhdan saldı, çempionatın bitməsinə üç tur qalmış futbolumuzun uzun illər lideri olmuş, həmişə komandamızın əsas yükünü çiyinlərində daşımış İsgəndər Cavadov bəzi səbəblərə görə «Neftçi»dən getdi. Artıq mitinq meydanlarına axışan insanlar da futbola gəlməkdə maraqlı deyildilər və son oyunları demək olar ki, boş tribunalar önündə keçirən bakılılar birinci dəstəyə düşməkdən qurtula bilmədilər. Çempionat sona çatar-çatmaz Kuznetsov komandanı tərk edib Moskvaya qayıtdı.

    Ötən ildən 1/4 finala çıxmış «Neftçi» Vilnüsdə «Jalgiris»lə qarşılaşdı və məğlubiyyətlə (1:2) barışmalı oldu. Bu mərhələdə komandalar arasında bir oyun keçirildiyindən, «Neftçi» kubok oyunları ilə vidalaşdı. Yayda isə növbəti kubok yarışları başladı. İlk olaraq Smolensk «İskra»sı iki oyunda məğlub edildi (2:0, 2:1). 1/8 finalda rəqib Minsk «Dinamo»su oldu. Minskdə keçirilən ilk qarşılaşmada «Neftçi» qapısından iki cavabsız top buraxdı.Bakıda keçirilməli olan cavab matçı növbəti ilə qaldı.

    Həmin ilin uğursuzluqları fonunda isə sevindirici hadisələr Federasiya Kubokunda baş verdi. Qrupda «Kayrat», «Şaxtyor», «Dinamo» (Tbilisi) ilə birlikdə oynayan komanda ikinci olmaqla, növbəti mərhələyə adladı. Burada o, «Jalgiris»i oyunsonrası penalti seriyası ilə üstələdi. Yarımfinalda isə «Spartak» səddi keçildi – 2:1. Yalnız finalda «Kayrat»a uduzaraq (1:4), komanda kuboku başı üzərinə qaldıra bilmədi.

  • 1989

    Yeni mövsüm ərəfəsində ilk iş komandaya baş məşqçinin təyin edilməsi oldu.Yenidən Ağasəlim Mircavadova müraciət etdilər. Rəşid Özbəyovu komandada saxlamaqla yanaşı, Anatoli Qryazevi də dəvət edən baş məşqçinin qarşısına qoyulan məqsəd Güclülər dəstəsinə qayıtmaqdan ibarət idi. Rəis vəzifəsində isə Çingiz İsmayılov qaldı.

    Baş məşqçinin ilk qarşılaşdığı problem heyətlə bağlı idi. Heyətin aparıcı üzvlərinin olmaması onu gənclərə güvənməyə vadar edirdi. «Neftçi» birinci dəstəyə düşən kimi Pançik, Belyalov Fedorovski komandanı tərk etmişdi. İqor Ponomaryov isə «Neftçi»nin də razılığı ilə SSRİ Futbol Federasiyası tərəfindən İsveçin «Norçepinq» komandasına satıldı.

    Əvəzində, Vəli Qasımov, Samir Ələkbərov, Yunis Hüseynov, Nazim Süleymanov, Vidadi Rzayev, Arif Əsədov, Yaşar Vahabzadə, Rasim Abışov əsas heyətdə möhkəmləndilər. Onlarla bərabər gənc C.Əliyev, Y.Esaulov, T.Əhmədov, M.Bayramov və M.Qurbanov da «Neftçi»yə cəlb olundular. Respublikada vəziyyət ağır olaraq qalsa da, komandada aparılan iş Güclülər dəstəsinə vəsiqə verən yerlərdən birini tutmağa hesablanmışdı.

    Düzdür, Bakıda keçirilən ilk iki turun oyununda cəmi bir xal qazanıldı. Amma sonrakı 9 turun 5-də qalib gələn bakılılar 4 dəfə də heç-heçə oynadılar. Xüsusilə də Bakıda 6-cı turun oyunu daha prinsipial keçdi. Əhməd Ələsgərovun başçılıq etdiyi «Nistru»yla oyunda qonaqlar hesabı açsa da, Ələkbərovun və Qasımovun (2) qolları «Neftçi»yə qələbə qazandırdı. Yeri gəlmişkən, bu komandaların ikinci dövrədə Kişinyovda keçirilən oyunu da prinsipial alındı. Əvvəlcə Qasımovla Süleymanov fərqləndi. İkinci hissənin əvvəlində «Neftçi»nin sabiq lideri İsgəndər Cavadov penaltidən fərqlənsə də, Ələkbərovun daha iki qolu qələbəni təmin etdi. Bununla belə, komanda ardıcıl xal itkilərindən sonra birinci dövrəni 10-cu yerdə tamamladı. «Neftçi» ikinci dövrəyə pis başlamasa da, baş məşqçi Ağasəlim Mircavadov növbəti dəfə istefaya göndərildi. Onu o zaman Əlcəzairdə çalışan Ruslan Abdullayev əvəzlədi. 1986-cı ildə olduğu kimi Abdullayevə Rafiq Bağırovla yanaşı Şamil Heydərov və Əli Rəhmanov köməkçi təyin edildilər. Amma komandamızı böhrandan çıxarmaq mümkün olmadı. Qeyri-sabit çıxış qrafikinin ardından yalnız 8-ci ola bildik.

    1989-cu il komandamızın tarixində başqa əlamətdar hadisə ilə həmişə yadda qalacaq. Məhz bu il ilk dəfə olaraq «Neftçi» Futbol Klubu yaradıldı. Düzdür, bu hadisə artıq 1988-ci ilin dekabr ayında baş vermişdi. Lakin bütün işlər 1989-cu ildə görülməyə başlandı. Azərbaycan SSR Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin, Ümumittifaq Həmkarlar İttifaqları Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti respublika şurasının və Azərbaycan Futbol Federasiyasının qərarı ilə müstəqil «Neftçi» futbol klubu yaradıldı. Bu isə o demək idi ki, klub özünün ştat vahidlərini, onların maaşlarını özü müəyyənləşdirə bilərdi. Komandanın büdcəsi isə əsasən təsisçi təşkilatların ayırdığı vəsaitdən, fərdi üzvlük haqqlarından, klubun təşkil etdiyi pullu tədbirlərdən, idman lotereyalarının keçirilməsindən, reklam xidmətlərindən əldə olunan gəlirlərdən formalaşmalı idi. Təsisçidən söz düşmüşkən, klubun ilk təsisçisi «İdman» İstehsalat Birliyi oldu. «Neftçi»nin ilk prezidenti, güləş üzrə keçmiş dünya çempionu Aydın İbrahimov seçildi. Klubun tarixində böyük əməyi olmuş Ələkbər Məmmədov isə klubun fəxri prezidenti oldu.

    Güclülər dəstəsinə çıxmaq vəzifəsini yerinə yetirə bilməyən «Neftçi» kubok oyunlarında da fərqlənə bilmədi. Ötən ilin sentyabrında 1/8 finalın ilk matçında məğlub olduğu (0:2) Minsk «Dinamo»suna cavab qarşılaşmasında Bakıda da həmin hesabla uduzan komandamız yenidən yarışdan kənarda qaldı. Mövsümün ortasında başlayan növbəti kubok yarışlarında isə «Neftçi» əvvəlcə İjevskdə «Zenit»i məğlub etdi (1:0). Növbəti mərhələdə Qazaxda «Göyəzən» səddi də keçildi – 2:1. Lakin komanda 1/16 finalda «Rotor»la görüşlərdə büdrədi. Düzdür, Bakıda keçirilən ilk oyunda «Neftçi» 2:1 hesabı ilə qələbə qazandı. Lakin Volqoqraddakı cavab oyununda 0:3 hesabı ilə məğlubiyyət «Neftçi»ni kubok yarışından uzaqlaşdırdı.

    Birinci dəstə komandaları arasında keçirilən Federasiya kubokunda isə komanda uğurla yarışdı. Qrup oyunlarında Zaporojye «Metallurq»u (2:0) və Orconikidze «Spartak»ı (3:0) ilə oyunlar da qələbə qazanan, OİK (Rostov) və «Torpedo» (Kutaisi) ilə görüşlərdə xalları yarı bölən «Neftçi» qrup birincisi olmaqla, növbəti mərhələyə adladı. Lakin yarımfinalda «Quriya» ilə görüşməkdən imtina etdiyi üçün mübarizəni dayandırdı.

  • 1990

    «Neftçi» peşəkar əsaslara keçsə də, bu, həyatda çox ləng gedirdi. Peşəkarlıq təkcə klubun adında yox, bütün işlərində özünü göstərməli idi. Lakin Respublikada siyasi və iqtisadi həyatın gərginliyi nəzərdə tutulan bütün işlərin həyata keçirilməsinə çətinlik törədirdi. Bu gərginlik heyətin tam komplekləşdirilməsinə də mane olurdu. Keçən il mövsümün sonunda komandaya baş məşqçi təyin olunan Ruslan Abdullayev yenidən vəzifəsini icra etməli idi. «Neftçi»də artıq nəsildəyişmə prosesi də gedirdi. Abdullayev bu məqsədlə əsasən yerli gənclərin xidmətindən yararlanmaq qərarına gəldi. İlk olaraq Nazim Süleymanov Moskva «Spartak»ına keçdi. Maşalla Əhmədov isə ümumiyyətlə futbolçu karyerasına son qoydu. Bundan başqa, Novruz Əzimov, Yaşar Vahabzadə, Vaqif Sadıqov, Vyaçeslav Lemiş də komandanı tərk edənlər arasında idilər. Yeni gələnlər arasında Ərani Beydiyev, Vaqif Şirinov, Elşad Tahirov, Arif Zərbəliyev, Mehman Yunusov, Səttar Əliyev, Zöhrab Qədiyev diqqəti daha çox cəlb edirdi.

    SSRİ artıq demək olar ki, laxlayırdı. İmperiya qüvvələri isə nəyin bahasına olursa olsun, ölkəni saxlamağa çalışırdı. Respublikamızda da vəziyyət bütün ölkə ilə müqayisədə daha ağır idi. Artıq Ermənistan ilə demək olar ki, silahlı münaqişə başlamışdı. Onlar havadarları olan rus şovinistləri ilə birləşib DQMV-ni Respublikamızdan ayırmaq istəyirdilər. Lakin Azərbaycan bir nəfər kimi mübarizəyə qalxmışdı. Belədə millətimizin müqavimətini qırmağın qeyri-mümkünlüyünü görən Moskva Bakıya ordu yeritdi və «20 yanvar» faciəsini bizlərə yaşatdı. Bu qanlı hadisələr zamanı «Neftçi» İstanbulda idi. Türkiyədə Azərbaycan günləri çərçivəsində mədəniyyət xadimləri ilə birgə futbolçularımız da səfərə yollanmışdı. Tədbirlər çərçivəsində «Neftçi» «Qalatasaray»la qarşılaşdı. Məhz bu matçdan (2:2) sonra futbolçulara Bakı qırğınları barədə xəbərlər çatdı. Hətta Türkiyə baş verənlərdən dəhşətə gəlmiş, yerli mətbuat isə futbolçularımızın nə vəziyyətə düşdüklərini manşetə çıxardıqları xəbərlərlə oxuculara çatdırmışdı. «Milliyet» qəzeti manşetə bu sərlövhəni çıxarmışdı: «Futbolçu gəldilər, əsgər dönürlər!».

    Bakıya dönən komandamız dərhal Şəhidlər Xiyabanını ziyarət etdi. Hamıya məlum idi ki, bu şəraitdə futbol yada düşmürdü. Buna baxmayaraq, növbəti SSRİ çempiontının başlamasına az qalırdı. Lakin futbol mövsümü ərəfəsində Gürcüstan və Litva komandaları çempionatdan çıxdılar. Artıq hamıya məlum idi ki, SSRİ imperiyası və bu imperiyanın futbol çempionatının tam dağılması zamana bağlıdır.

    Belə bir gərgin şəraitdə «Neftçi» həvəslə olmasa da, birinciliyə hazırlaşırdı. Çempionatın açılış oyununu Moldovada keçirən komanda «Tiras»la xalları yarı böldü. Sonra Bakıya dönən «Neftçi» «Kayrat» və «Paxtakor»la oyunlardan 3 xal qazandı. Lakin əsas rəqibləri olan «Lokomotiv» (Moskva) və «Spartak»la (Vladiqafqaz) səfərdəki oyunlar göstərdi ki, komanda onlardan bir çox oyun komponentlərinə görə geri qalır. Düzdür, «Neftçi» ayrı-ayrı «ev» görüşlərində («Kuban», «Şinnik», «Metallurq» Z) gözəl oyun göstərsə də, səfərdəki sönük oyunlar bütün ümidlərin üzərindən xətt çəkirdi.

    Vladiqafqaz «Spartak»çıları ilə Sumqayıtda keçirilən görüş «Neftçi»nin bütün ümidlərini heçə endirdi. Bu məğlubiyyətdən sonra bakılılar artıq çempionatı birtəhər başa çatdırmaq barədə düşünürdülər. Nəticədə komanda keçən il olduğu kimi, yenə də birinciliyi 8-ci yerdə başa vurdu.

    «Neftçi» kubok yarışına isə ümumiyyətlə qoşulmaqdan imtina etdi. Ruslan Abdullayev əsas məqsədin güclülər dəstəsinə keçmək olduğunu bəyan edərək «Novbahor»la oynamaq üçün Nəmənqana getmədi.Bununla da «Neftçi»nin «SSRİ kuboku» epopeyası sona çatdı.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism