1991-2000 | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

1991-2000

  • 1991

    Son illər Respublikanı bürüyən problemlər azalmaq bilmirdi. «Neftçi»nin büdcəsi xeyli azalmışdı, maliyyə vəziyyətinə görə Respublikanın əsas komandası birinci liqada belə ortabablar arasında idi. Buna baxmayaraq, bakılıların Güclülər dəstəsinə qayıtmaq vəzifəsinin öhdəsindən gələcəyinə inam böyük idi. Üçüncü mövsüm ardıcıl olaraq komandaya rəhbərlik edən Ruslan Abdullayevin əsas üstünlüyü heyətin özəyini qoruya bilməsi idi. Təcrübəlilərlə yanaşı, Emin Ağayev, İqor Getman, Tərlan Əhmədov kimi gənclər də əsas heyətin «astanasında»ydı. Hazırlığın gedişində son illərdə yaranan problemlər yenə özünü göstərdi, çempionatın startında isə «Neftçi»nin işlərinin asan olmayacağı ortaya çıxdı. Belə ki, birinci turda Abovyan «Kotayk»ı ilə matç baş tutmadı. Komandamız səfər oyununa getmədiyinə görə texniki məğlubiyyət aldı. Lakin bu, futbolçularımızı ruhdan salmadı və ardınca çempionatlar tarixində ilk dəfə olaraq onlar Stavropoldan («Dinamo» ilə oyundan) qələbə ilə qayıtdılar – 1:0. Neçə illərin çatışmazlığı olan qeyri-sabitliyin hələ də aradan qalxmadığını növbəti oyunlar göstərdi. Bakılılar «ev»də «Zimbrul»la heç-heçə oynayıb (0:0) «Bukovina»ya qalib gəldilər - 3:1. Səfərdə «Fakel»lə qolsuz heç-heçədən sonra «Neftçi»ni faciəvi Kamışin səfəri gözləyirdi. 0:4 hesablı məğlubiyyətdən sonra Ruslan Abdullayev vəzifəsindən getdi. Onu Tunisdən vətənə gətirilən Kazbek Tuayev əvəz etdi və qarşısına Güclülər dəstəsinə çıxmaq vəzifəsi qoyuldu. Amma debütdəcə komanda Bakıda «Novbahor» və «Neftçi»yə (Fərqanə) uduzdu. 4 turdan sonra liderlər qrupunda qərarlaşmış bakılılar 9 turdan sonra 20-ci yerdə idilər. Bu vaxt əvvəllər də rast gəlinən hadisə baş verdi – cəmi dörd oyun keçirən Tuayev istefa verdi. Artıq «Neftçi»də demək olar ki, qalmaqallı vəziyyət yaranmış, qarşıya qoyulan vəzifənin yerinə yetirilməsinin mümkünsüzlüyünü hamı anlamışdı. 24 may 1991-ci il tarixli «İdman» qəzetinə müsahibə verən klubun prezidenti Aydın İbrahimov də bunu etiraf edirdi: «Tuayev üç məğlubiyyətdən sonra getmək qərarına gəldi. Biz də ona qarşı çıxmadıq. Müvəqqəti olaraq komandaya Məşqçilər Şurası rəhbərlik edəcək. Artıq Güclülər dəstəsinə çıxmaq məqsədinə çatmaq mümkün olmayacaq. Ona görə də gələcəyi düşünüb daha yaxşı mütəxəssis gətirmək niyyətindəyik».

    Baş məşqçi axtarışları cəmi iki tur çəkdi ki, bu müddətdə də komandaya Məşqçilər Şurası rəhbərlik etdi. «Uralmaş»la oyun ərəfəsində Əhməd Ələsgərov «Neftçi»nin baş məşqçisi oldu və ilk matçda qələbə qazandı – 1:0. Ə.Ələsgərov futbolçuların funksional, fiziki, psixoloji hazırlıqlarının aşağı səviyyədə olduğunu, bir sözlə «komandanın məsul oyunlara hazır olmadığını» bildirdi. Buna baxmayaraq, o elitaya vəsiqə qazanmaq şansının hələ də qaldığına inanırdı. Amma turlar keçir, «Neftçi» isə autsayderlərdən uzaqlaşa bilmirdi. Birinci dövrədən sonra liderlə xal fərqi 8 olan komanda 8 qələbə, 4 heç-heçə və 9 məğlubiyyətlə 13-cü yerdə idi.

    Mövsümün gedişində qapıçı Elxan Həsənovla Arzu Mirzəyev «Kəpəz»ə köməyə yollandılar. Gəncədən isə perspektivli Faiq Cabbarov Bakıya gəldi. İkinci dövrədə də Ələsgərov köklü dəyişikliklər edə bilmədi. Bu ərəfədə komandaya cəlb olunan futbolçular da ümidləri doğrultmadılar. Dövrənin ortalarında Vladislav Qədirov ciddi zədə alaraq uzun müddətə sıradan çıxdı. Nəticədə, «Neftçi» mövsümü 15-ci yerdə başa vurdu.
  • 1992

    Son SSRİ çempionatını I dəstədə bədbin notlarla bitirən «Neftçi» yeni mövsümə səylə hazırlaşırdı. Baş məşqçi Əhməd Ələsgərov sözün həqiqi mənasında komandanın əvvəlki şöhrətini qaytarmaq istəyirdi. Lakin ölkədəki siyasi hadisələr həyatın bütün sahələrinə sirayət etdiyi kimi, futboldan da yan ötməmişdi.

    1991-ci il mövsümündən sonra Baltikyanı ölkələr və Gürcüstanla yanaşı, Ukrayna da öz müstəqil çempionatını keçirəcəyini bəyan etdi. Bir müddət sonra SSRİ-nin dağılması ilə nəticələnən siyasi proseslər MDB adlı təşkilatın yaranmasıyla yekunlaşdı. İttifaqın futbol mətbəxinə rəhbərlik edən Vyaçeslav Koloskov isə MDB çempionatı keçirmək ideyasını ortaya atdı. Orta Asiya, Rusiya Ermənistanla yanaşı, Azərbaycan da bu çempionatın keçirilməsinə razılıq vermişdi...

    Yarış təşkilatçıları «Neftçi»ni güclülər dəstəsinə qoşmuşdular. Artıq püşk atılmış, təqvim də tutulmuşdu. Belə vəziyyətdə «Spartak» oynamaqdan imtina etdi. Komandanın baş məşqçisi Oleq Romantsev bunun səbəbini yeni iqtisadi münasibətlərlə izah etdi, «Spartak»ın Bakı, Düşənbə, Daşkəndə getməsi üçün əlavə xərclərin mənasız olduğunu bildirdi. Bundan sonra digər Moskva klubları da «Spartak»a qoşuldu. Bu bəyanat MDB Respublikaları komandalarını çempionatdan qovmağa bərabər idi. Moskva klublarının mövqeyi bəlli olandan sonra Koloskov və ətrafı öz iddialarından əl çəkməyə məcbur oldular.

    Yalnız bundan sonra futbolumuza rəhbərlik edən şəxslər müstəqil çempionatın keçirilməsinin vacibliyini başa düşdülər. Qısa müddətdə AFFA yaradıldı, ilk müstəqil milli çempionatın keçirilməsi qərara alındı. SSRİ dağılarkən «Neftçi»nin Moskvadakı bank hesabında olan 2 milyona yaxın rubl, İqor Ponomaryovun İsveçə satışından gələn 1600 dollar vəsait ölkəmizə köçürüləndən sonra klub onu müharibəyə yardım fonduna verdi.

    İttifaq miqyaslı yarışlara hazırlaşan «Neftçi» Respublika birinciliyində oynamalı oldu. Bu fakt oyunçuların psixologiyasına təsirsiz ötüşmədi. Bəzi oyunçular bu durumla barışmayıb komandanı tərk etməyi üstün tutdular.Buna baxmayaraq, «Neftçi» heyətin özəyini qoruya bildi. İlk çempionata 26 komanda buraxıldı. Komandalar iki yarımqrupa bölündülər. İlk mərhələdə onlar ilk altılığı müəyyənləşdirməliydilər, ikinci mərhələdə isə medalların sahibləri müəyyən edilməliydi. Ancaq «Neftçi» yarışa ilk turdan qatıla bilmədi. Buna səbəb isə ilk turdakı rəqib Bakı «İnşaatçı»sının İran səfərində olması idi. Komanda yalnız 3-cü turdan çempionata qoşuldu. «Neftçi» müstəqilliyin birinci görüşündə «Xəzər»i qəbul edirdi. Sumqayıtlıların heyətində komandamızın bir neçə keçmiş oyunçusu da çıxış etdiyindən rəqib çox güclü idi. Oyun gərginliyi ilə seçildi. Bakılılar yalnız sona 3 dəqiqə qalmış Yunis Hüseynovun penaltidən vurduğu qolla qələbə qazandılar. Bir maraqlı məqam isə ondan ibarətdir ki, bu görüşdən sonra «Neftçi»nin futbolçusu Novruz Əzimov könüllü olaraq cəbhəyə yollandı. Hadisələri bir qədər qabaqlayıb qeyd edək ki, «Neftçi» çempion olandan sonra AFFA-nın qərarına əsasən, 1 oyun keçirməsinə baxmayaraq, Novruz Əzimova qızıl medal təqdim edildi.

    Bundan sonra ardıcıl 12 oyun bakılılar məğlubiyyətin nə olduğunu bilmədilər. Əyalətlərdə əzəmətinə şübhə olmayan «Neftçi» superkomanda kimi heyrət doğururdu. SSRİ dönəmində uzun illər daxili çempionatda çıxış etmiş klublar indi Respublikanın bir nömrəli komandasına qarşı oynamalı idilər. «Neftçi»nin şan-şöhrəti psixoloji cəhətdən həmin komandaları əzirdi. «Neftçi» hətta ardıcıl 9 oyunda öz qapısının toxunulmazlığını da təmin edə bilmişdi. Komandamızın qələbə seriyası 13-cü turadək davam etdi. Çempionatda iddiası ilə seçilən «Xəzər» flaqmanla oyuna sanki son döyüş kimi çıxmışdı. Qələbələrdən arxayınlaşan «Neftçi» milli çempionatda ilk yeganə böyükhesablı məğlubiyyətini Sumqayıtda almış oldu. Bu oyunla həm də Yunis Hüseynovun seriyası qırıldı. Ardıcıl 12 oyunda rəqib qapıçıları məyus edən kapitanın bu görüşdə rekordu da qırıldı. Komandamız ilk mərhələnin sonuna qədər də məğlubiyyət acısı dadmadı. İkinci mərhələdə əvvəlki xallar hesaba alındığından «Neftçi»nin üstünlüyü açıq-aşkar idi. Bəlkə də bu üstünlüyün nəticəsindən vəzifəni əvvəldən yerinə yetirən futbolçularımız final mərhələsini bir qədər zəif keçirdi. Gəncədəki və «Qarabağ»la «ev»dəki uğursuzluqlara baxmayaraq, komandamız ilk çempionluğunu oktyabrın 24-də Respublika stadionunda rəsmiləşdirdi. Həmin gün «Turan»la qarşılaşan lider ilk «qızıl»ına qovuşdu. Qonaqlar hesabı açsalar da, Samir Ələkbərov 42-ci dəqiqədə qızıl qolu vurdu. O, həm də «Neftçi»nin ölkə çempionatındakı 100-cü qolunun müəllifi idi. Mövsümün sonunda Samir Ələkbərov Azərbaycanın ilk müstəqil çempionatının ən güclü futbolçusu seçildi.

    Çempionatda rəqib tanımayan komanda kubok yarışında elə də uğurlu çıxış etmədi. İlk oyunda Qaxda «Kürmük»ü minimal hesabla məğlub edən bakılılar növbəti oyunda büdrədi. Komanda 1/4 finalda «İnşaatçı» (Bakı) səddini keçə bilmədi – 1:2. Kubok yarışında «Neftçi»nin ilk qolunun müəllifi isə Samir Ələkbərov oldu.

  • 1993

    Ölkəmizdəki daxili vəziyyətə, gedən müharibəyə baxmayaraq, AFFA ikinci çempionatı da təşkil edə bildi. Gələcəkdə «payız-yaz» sisteminə keçməklə əlaqədar olaraq bu çempionat qısa zaman kəsiyində keçirildi. Komandalar iki yarımqrupa bölünərək yarımfinalçıları müəyyənləşdirməli idilər. İkinci mərhələdə isə yarımfinalçılar müxtəlif əyarlı medalların sahiblərini ayırd edəcəkdilər.

    İlk çempionatdan sonra Əhməd Ələsgərov komandanı tərk etmək qərarına gəldi. Onun ardınca, çempion heyəti Əsgər Abdullayev, Dmitri Kramarenko, İlham Qəmbərov, İqor Getman və Vladislav Nosenko tərk etdi. Çempionatın gedişində isə «Neftçi» Yunis Hüseynov, Rasim Abuşov və Emin Ağayevi də itirdi.

    Mövsümə hazırlıq məqsədi ilə komanda Şəhidlərin xatirəsinə həsr olunmuş turnirə qatılaraq qalib oldu. Bakılılar final görüşündə «Kəpəz»i məğlub etdi.

    Yanvarın 25-də «Neftçi» «Birlik kuboku» turnirinə qatılmaqla müstəqil futbolumuzda ilk dəfə olaraq beynəlxalq arenaya çıxdı. Lakin turnirdəki ilk çıxış çox uğursuz alındı. «Neftçi»ni gücləndirmək məqsədilə yığma komandanın bir neçə üzvü heyətə cəlb edildi, amma bu əks-reaksiya verdi və komanda heç cür oyununu göstərə bilmədi. Bakılılar ilk oyunda «Skonto» ilə bərabər mübarizə aparsalar da, minimal hesabla yenildilər. Demək olar ki, MDB yığması olan «Spartak»a isə həmin turnirdə nəinki «Neftçi», heç kim müqavimət göstərə bilmədi.

    Ə.Ələsgərovdan sonra komandanın sükanı arxasına keçən Sergey Kramarenkonun (mövsümün gedişində onu bu vəzifədə Vaqif Sadıqov əvəzlədi) debütü uğursuz alınsa da, Bakıya qayıtdıqdan sonra «Səhər» qəzetinin təşəbbüsü ilə keçirilən ilk Superkubok uğrunda görüşdə komandamız ölkə kubokunun qalibi «İnşaatçı»nı (Bakı) məğlub etdi – 4:1.

    «Neftçi» çempionatda «A» qrupunda mübarizə aparmalı idi. Burada komandanı güclü və stabil heyətə malik olan «Kəpəz» və «Turan»la çətin mübarizə gözləyirdi. Bəzi futbolçular əyalət komandalarına keçmişdilər. Hətta iş o yerə çatmışdı ki, mövsümqabağı heyəti komplektləşdirmək istəyən «Neftçi» buna nail ola bilmədi. Yalnız çempionat oyunları başlayandan sonra Aydın Ələkbərov və Zöhrab Qədiyev komandaya cəlb edilmişdi. İlk turlardan sonra məlum oldu ki, çempionun əsas rəqibləri həqiqətən də «Turan» və «Kəpəz»in simasında Qərb təmsilçiləri olacaq. Maliyyə cəhətdən də «Neftçi» bəzi klublardan çox geri qalırdı. Yaxşı ki, belə bir mürəkkəb şəraitdə komandaya kömək edənlər işdən soyumamışdılar. Futbolçu Ərani Beydiyevin atası Müseyib Beydiyev çempionun demək olar ki, yeganə sponsoru idi. Bütün çətinliklərə baxmayaraq, «Neftçi» ilk dövrəni liderlər qrupunda başa vurdu. Lakin qrupda 3-cü yeri tutan komanda pley-off mərhələsinə vəsiqə qazanmayaraq mövsümü medalsız bitirdi.

    «Neftçi» kubok yarşında da sonadək irəliləyə bilmədi. OİK (6:0, 0:1) və Sumqayıt «Xəzər»i (0:0, 0:0, 4:3 – penaltilərlə) mübarizədən kənarlaşdırılsa da, 1/4 finalda «Qarabağ» səddi keçilməz oldu – 1:2, 0:0.

  • 1993/94

    Növbəti dəfə keçirilən çempionat yeniliklərlə yadda qaldı. AFFA ilk dəfə olaraq çempionatı «payız-yaz» sistemi üzrə keçirdi. Burada əsas məqsəd Avropa futboluna qoşulduqdan sonra onlarla ayaqlaşmaq idi. İlk iki çempionatdan fərqli olaraq bu dəfə komandalar çempionu iki dövrədən ibarət dairəvi yarışda müəyyən edəcəkdilər. Artıq həm də komandaların ötənilki çempionatlarla müqayisədə sayı azaldılaraq 16-ya endirilmişdi.

    «Neftçi» çempionata səylə hazırlaşırdı. Gənc mütəxəssis Vaqif Sadıqov heyətə bir neçə gənc futbolçu dəvət etmiş və gənclərlə təcrübəli futbolçuların vəhdətindən ibarət döyüşkən kollektiv yarada bilmişdi. Komanda mövsümöncəsi keçirdiyi bütün yoxlama görüşlərində qələbə qazanmışdı. Çempionat başlayanda birillik fasilədən sonra Əsgər Abdullayev də komandaya qoşuldu. Çempionatın gedişində məlum oldu ki, çempion adına beş komanda – «Neftçi», «Kəpəz», «Turan», «Qarabağ»«Xəzər» daha iddialıdır. Birinci dövrə qalmaqalsız ötüşdü və adları çəkilən komandalar turnir cədvəlinin ilk pillələrini tutdular. İkinci dövrə ərəfəsində məlum oldu ki, AFFA tezliklə UEFA-nın tamhüquqlu üzvü olacaq və çempion komanda ölkəmizi ilk dəfə olaraq avrokuboklarda təmsil edəcək.

    Məhz bundan sonra, ikinci dövrənin start götürməsiylə «Neftçi» hakim təzyiqləri ilə üzləşdi. «Turan»la Tovuzda baş tutmuş oyun isə kuliminasiya nöqtəsi oldu. Belədə komanda Bakıda «Kəpəz»lə və Yevlaxda «Avtomobilçi» ilə oynamaqdan imtina etdi. Ardıcıl iki texniki məğlubiyyət AFFA Rəyasət Heyətinin 1994-cü il 25 aprel tarixli 15 nömrəli qərarıyla və AFFA nizam-intizam kodeksinin 2-ci bəndinin 4-cü maddəsinə uyğun olaraq, Bakı klubunun çempionatda və ölkə kuboku uğrunda yarışlarda iştirak hüququndan məhrum edilməsiylə nəticələndi. Yığma komandalarımızın mənafeyi nəzərə alınaraq «Neftçi»nin üzvlərinin digər klublarda çıxış etməsinə icazə verildi. Bu qərarla razılaşmayan flaqman apellyasiya verərək Tovuz qarşılaşmasının təkrar keçirilməsini tələb etdi. Ancaq tələb təmin edilmədiyinə görə «Neftçi» çempionatdan kənarda qaldı. Növbəti6 oyunda da komanda texniki məğlubiyyət alaraq çempionatı 8-ci pillədə başa vurdu.

    Flaqman bir neçə yoldaşlıq görüşünün ardından yeni yaradılmış Peşəkar Futbol Liqasınin çempionatına qoşuldu və hətta ikinci yeri tutdu. Amma UEFA PFL-i qeyri-qanuni qurum adlandırdığından bu nəticələr heç yerdə qeydə alınmadı.

    Komanda çempionatdan çıxarıldığından, kubok görüşlərini də başa çatdıra bilmədi. İlk mərhələdəki rəqibi «Göytəpə» oyuna gəlmədiyinə görə texniki qələbə alan «Neftçi» 1/8 finalda «Viləş» (Masallı) səddini keçsə də (4:0, 1:2), 1/4 finalda «Qarabağ»la oyunlara çıxmayaraq mübarizədən kənarda qaldı.

  • 1994/95

    III çempionatdan sonra AFFA-dan küskün olan «Neftçi» Peşəkar Futbol Liqasında yarışmağa başladı. Azərbaycan-Ukrayna cəmiyyətinin sədri Zakir Tağıyev tərəfindən yaradılmış PFL bir növ AFFA-ya alternativ olaraq öz çempionatını keçirirdi. AFFA da öz növbəsində Azərbaycan çempionatını təşkil etmişdi. Bəzi klublar PFL-də çıxış etdiyindən UEFA məsələyə qatışmalı oldu. Onlar birmənalı şəkildə bildirdilər ki, yalnız AFFA tərəfindən keçirilən yarışın iştirakçıları beynəlxalq miqyaslı turnirlərdə iştirak edəcəklər. Yalnız bundan sonra bəzi komandalar, o cümlədən də «Neftçi» ölkə birinciliyinə qoşuldu.Bir-neçə turun arxada qalmasına baxmayaraq, AFFA «Neftçi»ni çempionatın güclülər dəstəsinə buraxdı. Bakı təmsilçisi3-cü turdan çempionata qoşuldu. Tezliklə PFL dağıldı.

    Komandanın rəisi Çingiz İsmayılov «Neftçi»ni tərk etdi. Güclü maliyyə böhranı keçirən «Neftçi»ni Rasim Rəfiyev himayəyə götürdü. Beləliklə, 1994-cü ilin yayından klubun tarixində «Riad» dövrü başladı və komandanın maliyyə vəziyyəti xeyli yaxşılaşdı. Düzdür, komandanın əsas himayədarı R.Rəfiyev olsa da, o, klubda vitse-prezident idi. Klubun rəsmi prezidenti vəzifəsindəisə Aydın İbrahimov qaldı.

    Komandanın çempionatdakı çıxışlarını bərpa etməsi, rəhbərliyi heyəti gücləndirməyə məcbur etdi. Düzdür, «Neftçi»nin özəyi demək olar ki, qalmışdı. Aparıcı futbolçular olan E.Həsənov, A.Ələkbərov, K.Bayramov, M.Əzimov, B.Musayev və Y. Hüseynov bütün olanlara baxmayaraq, kluba sadiqliyini qoruyub saxlamışdılar. «Neftçi»ni tərk edən futbolçulardan biri - əsas fiqur olan Samir Ələkbərov Mingəçevirə getmişdi. Əsgər Abdullayev və Ərani Beydiyev isə futbolçu karyeralarına son qoydular. Komandanın maliyyə imkanları yaxşılaşdığından, yeni futbolçu gətirmək çətin deyildi. Ancaq bir çox aparıcı futbolçular artıq öz klubları ilə müqavilə bağladıqlarından bu bir qədər çətinlik törədirdi.

    «Neftçi»ni yeni mövsümə hazırlayan Vaqif Sadıqov bu arada ciddi maliyyə burulğanında olan, böhran içində çabalayan Sumqayıt futboluna üz tutdu. O, bir vaxtlar çiyin-çiyinə oynadığından yaxşı tanıdığı futbolçuları komandaya dəvət etdi. «Xəzər»dən «Neftçi»yə keçən qapıçı Rauf Salamov, müdafiəçilər Mehman Yunusov, Vüqar İsmayılov və hücumçu Nazim Əliyev ustalıq səviyyələrini «Neftçi»də bir daha təsdiqlədilər. Nazim Əliyev rəqib qapılarından 26 top keçirməklə nəinki «Neftçi»nin,ümumilikdə çempionatın ən məhsuldar hücumçusu oldu. Bu futbolçulardan başqa, Vyaçeslav Lıçkin də «Neftçi»ninheyətində Azərbaycan çempionatında debüt etdi. Yeni götürülən futbolçulardan Əli Abışovun və Rusiyadan qayıdan Əfqan Talıbovun da komandaya az xeyri dəymədi. İkinci dövrədə ilk legioner futbolçu da dəvət edildi. Bu, Gürcüstandakı çıxışları ilə məşhur olan Otari Korqalidze idi. Düzdür, istər çempionatda, istərsə də kubokda az oyun keçirsə də, legioner hər iki yarışda qol hesabını aça bildi. O, həm də Azərbaycan kubokunu başı üzərinə qaldıran ilk əcnəbi futbolçu kimi tarixə düşdü.

    Uzun fasilədən sonra nəhayət, «Neftçi» çempionatdakı çıxışlarını bərpa etdi. Çempionata xüsusi hazırlıq keçirilməməsinə baxmayaraq, komandanın startı çox əla alındı. İlk oyunda «Viləş»i böyük hesabla (4:0) məğlubiyyətə uğradan «Neftçi» ilk dövrədə uduzmayan iki komandadan biri oldu. İlk dövrədən sonra məlum oldu ki, çempionluq uğrunda «Neftçi»nin əsas rəqibləri «Kəpəz», «Turan» və «Qarabağ» olacaq.

    Dövrələrarası fasilədə «Neftçi» futbolumuzu «Birlik Kuboku»nda təmsil etdi. Əslində bu hüquq «Turan»a məxsus idi. Lakin onların imtinası nəticəsində missiya «Neftçi»yə həvalə edildi. Komanda turnirdə uğurlu çıxış etməsə də, nəhayət, ilk qələbəsini qazandı.

    İkinci dövrə başlayandan sonra da bakılılar qərb təmsilçiləri ilə bərabər rəqabət apara bilirdilər. Lakin əfsuslar olsun ki, «Neftçi» məhz Tovuz və Gəncədə büdrəməklə çempionluq şansını azaltdı. Buna baxmayaraq, «Neftçi»nin iki illik fasilədən sonra medalçılar arasına düşməsini uğur hesab etmək olar.

    «Neftçi»nin kubok yarışlarındakı çıxışı daha uğurlu alındı. Komanda ilk mərhələdə Salyan «Plastik»ini çox asanlıqla keçdi. Sonrakı iki mərhələdə həmşəhərliləri olan «Bakı fəhləsi» və «İnşaatçı» ilə oyunlarda da problemlə üzləşmədi. Yarımfinalda daha bir Bakı klubu «Xəzri» müqavimət göstərsə də, flaqman bu səddi də keçə bildi. Yalnız «Kür»lə final oyunu gərginliyi ilə seçildi. O dövrdə iddialı kluba çevrilən və mükafata həris olan «Kür» bakılılarla sona qədər mübarizə apardı. Yalnız Yunis Hüseynovun oyunun sonuna yaxın cərimə zərbəsindən vurduğu qol «Neftçi»yə kuboku qazandırdı. Komanda kubokdakeçirdiyi 9 oyunun hamısında qalib gəlməklə mükafata sahib çıxdı.

    Ümumilikdə götürdükdə isə çempionat və kubok yarışlarında üst-üstə keçirdiyi 33 görüşdən yalnız 3-də məğlub olması «Neftçi»nin əsl qüvvəsinin göstəricisi idi. Əfsuslar olsun ki, bu nəticələr yalnız daxili yarışlara aid idi. Mövsümün yekunlarına görə, komanda tarixində ilk dəfə Avropa səhnəsinə çıxdı. «Neftçi» ölkə kubokunun sahibi kimi Kuboklar Kubokunda yarışmalı oldu.

  • 1995/96

    Ötən çempionatı medalla bitirən «Neftçi» növbəti mövsümə səylə hazırlaşırdı. İlk olaraq Otar Korqalidze komandanı tərk etdi. Çünki baş məşqçinin fəlsəfəsinə görə yaşı ötmüş legionerdənsə gənc yerli istedad daha səmərəli ola bilərdi. Bundan başqa, Mirbağır İsayevlə Əfqan Talıbov da komandadan getdilər. Əvəzində bir illik İsrail və Mingəçevir karyerasından sonra Samir Ələkbərov «Neftçi»yə qayıtdı. Vladimir Tuayev də «ağ-qaralar»ın heyətinə qatıldı.

    Mövsümə ciddi hazırlaşan bakılılar hələçempionat başlamamış ilk kuboklarını qazandılar. Onlar «Səhər» qəzetinin keçirdiyi Superkubokda qalib oldular. Finalda futbolçularımız «Turan»ı məğlub etdilər – 1:1 (penaltilərlə - 8:7).

    «Neftçi»nin yeni mövsümə hazırlığı ilk dəfə qatıldığı qitə kuboklarında uğurlu çıxışa hesablanmışdı. Amma komandamız Kipr «Apoel»i səddini keçə bilmədi. Nikosiyada məğlubiyyətlə (0:3) barışmalı olan bakılılar Sumqayıtda keçirilən cavab qarşılaşmasında bunun əvəzini çıxa bilmədilər – 0:0. Son nəticədə bu göstəricini o dövr üçün pis hesab etmək olmaz. Ona qədər artıq «Turan» və «Kəpəz» Azərbaycanı Avrokuboklarda təmsil etmiş və bütün görüşləri məğlubiyyətlə başa vurmuşdular. «Neftçi»nin qazandığı bir xal isə nəinki komandanın, ümumiyyətlə Azərbaycanın klub səviyyəsində qazandığı ilk xal oldu. Komandamız burada da öz imzasını qoya bildi.

    AFFA V çempionatın keçirilməsiüçün reqlamentdə dəyişiklik etdi ki, nəticədə çempionat yenidən iki mərhələli sistemlə keçirildi. Əvvəlcə komandalar iki dövrəlik ilkin mərhələni başa vurmalı idilər. İkinci mərhələdə isə onlar 1-6 və 7-12-ci yerlər uğrunda mübarizə aparacaqdılar. Özü də komandalar ikinci mərhələyə sıfırdan deyil, qızıl xallarla başlamalı idilər. Bu, komandaların hər bir oyuna əzmlə çıxmasına görə edilmişdi. «Neftçi» çempionata çox inamla başladı. Bakılılar ilk 11 oyunda məğlubiyyət acısı dadmayıb, yalnız Tovuzdakı 12-cigörüşdə məğlubiyyətə düçar oldular. Qış fasiləsində isə komandada ciddi kadr dəyişiklikləri oldu. Vaqif Sadıqov vəzifəsindən istefa verdi. «Neftçi»yə yeni baş məşqçi rəsmi olaraq Asif Əliyev təyin edildi. A.Əliyev məhz rəsmi olaraq baş məşqçi hesab edilirdi. Əslində isə bu belə deyildi. O vaxt millinin də baş məşqçisi olan Kazbek Tuayev komandaya rəhbərlik edirdi. A.Əliyev isə Böyükağa Ağayev kimi onun köməkçilərindən biri idi. Baş məşqçidən başqa, bəzi oyunçular da komandanı tərk etdilər. Füzuli və Xaqani Məmmədov qardaşları Rostova üz tutdular. Komandanın hücum xəttinin liderlərindən olan Nazim Əliyev isə Bakı təmsilçisini «Qarabağ»a dəyişdi. Bəxtiyar Musayev hərbiyə çağırıldığından OİK-in şərəfini qorumalı oldu. Bu oyunçulardan başqa, Əli Abuşov, Qulammirzə Əsədullayev, Kamil Bayramov da komandanı tərk etdilər. Əvəzində bir neçə güclü oyunçu heyətə cəlb edildi. «Turan»dan İlham Məmmədovla Vidadi Rzayev Bakıya köçdülər. Rasim Abuşov «Qarabağ»dan «Neftçi»yə gəldi. Belə ciddi kadr dəyişikliklərinə məruz qalan komanda yenə də öz iddiasından əl çəkmirdi. Yeni gələn məşqçilər dəstəsi V.Sadıqovun işini davam etdirə bildilər. «Neftçi» çempionatın ilkin mərhələsini 5-ci pillədə başa vurdu. Qızıl xalların sayına görə komanda «Kəpəz»dən 2, «Xəzri»dən isə 1 xal geri qalırdı.

    AFFA-nın qərarına əsasən, ikinci mərhələnin oyunları medala iddialı komandalar arasında Bakı və Sumqayıt şəhərlərində keçirildi. Bu isə komandaların eyni şəraitdə yarışmaları üçün idi. Final mərhələsinə çıxmış komandalardan yalnız «Kür-Nur» üçün demək olar ki, çempionat bitmiş hesab edilə bilərdi. Qalan beş komandanın hər birinin qızıl medallara sahib çıxmaq şansları var idi. Bu da çempionatın necə gərgin keçəcəyinin göstəricisi idi. Final oyunlarının başlamasından sonra məlum oldu ki, «Qarabağ» belə gərgin mübarizəyə hazır deyil və ağdamlılar bu mübarizədən kənarda qaldılar. Qalan dörd komanda isə medalları öz aralarında bölməli idilər.

    «Neftçi» ikinci mərhələyə inamla başladı. Bununla belə, komanda ilk zərbəni «Kəpəz»dən aldı. Çox maraqlıdır ki, «Neftçi» ikinci mərhələdə məğlub olduğu hər iki oyunu «Kəpəz»ə qarşı keçirmişdi. Lakin «ağ-qaralar» digər rəqibləriylə yaxşı oynayaraq bir daha məğlubiyyət acısı dadmadılar. Bunun nəticəsidir ki, sonda «Neftçi»nin oyunçuları qızıl medalları boyunlarından asa bildilər. Bununla da flaqman ikinci çempionluğuna qovuşdu.

    «Neftçi» kubokda da əla oynadı. İlk iki mərhələdə bakılılar çətinliklə üzləşmədən «Göyəzən»lə, «Şirvan-Orxan»ı mübarizədən kənarlaşdırdılar. «Neftçi» ilk məğlubiyyəti 1/4 finalda «Kəpəz»dən aldı – 0:1. Cavab görüşündə isə əlavə vaxtda Abuşovun qolu (2:0) komandanı yarımfinala çıxardı. Bu mərhələdə «Bakı fəhləsi» ilə keçirilən görüşlər gərginliyi ilə bərabər qalmaqalla da yadda qaldı. Nominal ev sahibi olan «Neftçi» doğma divarlar arasındakı ilk görüşdə bərabərliyə qaldı – 1:1. Hər iki tərəf təkrar görüşə daha səylə hazırlaşırdı. Bununla belə, «Neftçi» fasiləyə qədər iki dəfə topu rəqib qapısından keçirə bildi. Məhz ikinci top böyük mübahisəyə səbəb oldu. «Bakı fəhləsi» oyunun ikinci hissəsini davam etdirməkdən imtina etdi və «Neftçi» finala çıxdı. Burada komanda Ağdam «Qarabağ»ını məğlub etməklə (3:0) ikinci dəfə ardıcıl kuboka yiyələndi və tarixində ilk dəfə olaraq «qızıl dubl»a imza atdı. Bu, bütün komandanın - rəhbərlikdən tutmuş oyunçulara qədər hamının fədakar əməyi sayəsində baş verdi. Çempionatı yüksək səviyyədə keçirən Vidadi Rzayev isə mövsümün ən yaxşı oyunçusu seçildi.

    Qələbənin baş memarı Kazbek Tuayevlə yanaşı, onun köməkçiləri Böyükağa Ağayevlə Asif Əliyevin də əməyi danılmazdır. Burada bir haşiyəyə çıxıb bəzi qeydlər etmək yerinə düşər. Rəsmi sənədlərə görə, 1996-cı il yanvarın 25-də «Neftçi»yə baş məşqçi Asif Əliyev təyin olundu. Komanda məhz onun başçılığı altında «qızıl dubl»a, sonra isə gümüş medallara yiyələnib. Lakin həmin vaxt Tuayev də komandada idi. Əliyev sadəcə hüquqi əsasda bu vəzifəni yerinə yetirsə də, əslində Tuayevin köməkçilərindən biri idi. Bununla belə, Əliyev təxminən 5 il (1995-2000) fasiləsiz «ağ-qaralar»ın düşərgəsində çalışır. Futbolumuzun ən məşhur mütəxəssisləri Kazbek Tuayev, sonra isə Ruslan Abdullayevlə Əhməd Ələsgərov da Asif Əliyevin köməyindən yararlanıblar. Sonradan «Neftçi»yə «öz komandası» ilə gələn Asəf Namazovun istəyi ilə klubu tərk etsə də, Əliyev bu düşərgəyə 5 il sadiq qalan yeganə mütəxəssisdir.

  • 1996/97

    Komanda qısa fasilədən sonra yenidən bir araya gəldi. Buna səbəb çempion kimi respublikamızı UEFA kubokunda təmsil etməsi idi. O dövrdə Avropa futbol təşkilatı ölkəmizin çempionunu yalnız UEFA kubokuna buraxırdı. Məşqçilər korpusu bu məsuliyyəti dərk edir, növbəti mövsümə səylə hazırlaşırdı. Lakin təəssüf ki, turnir ərəfəsində təcrübəyə malik heyəti qoruyub saxlamaq mümkün olmadı. Bəzi oyunçular komandanı tərk etmək arzusunda olduqlarını bildirdilər. Vyaçeslav Lıçkinlə Vladimir Tuayev Rusiyaya üz tutdular. Mais Əzimov, Mehman Yunusov, Vüqar İsmayılov, Rauf Salamov və Rauf Mehdiyev isə digər klublara keçdilər. İtkilərə baxmayaraq, komanda təcrübəli futbolçuları da heyətinə cəlb edə bildi. Azad Mütəllimov, Ceyhun Tanrıverdiyev, Ədəhim Niftəliyev, Mahmud, Musa və Qurban Qurbanovlar komandaya qatıldılar. «Neftçi»də yeganə qapıçı qalan Elxan Həsənova əvəzedici kimi Xaliq Qafarov gətirildi. Məşqçilər korpusunda isə heç bir dəyişiklik olmadı. Yenə də komandaya, yığmanın da baş məşqçisi olan Kazbek Tuayev başçılıq edirdi. Lakin rəsmi sənədlərdə bu vəzifə Asif Əliyev tərəfindən icra olunurdu.

    Bütün kadr dəyişiklərinə baxmayaraq, «Neftçi» Avropa turnirinə səylə hazırlaşırdı. Onlar hətta icarə əsasında digər futbolçuları da komandaya cəlb etdilər. «Neftçi» sanki mini-yığma təsiri bağışlayırdı. Düzdür, heyətdə güclü futbolçular olsa da, onların bir-yerdə oynamaq təcrübəsinin az olduğu hiss olunurdu. Mövsüm öncəsi respublikanın müxtəlif komandaları ilə keçirdikləri yoldaşlıq görüşlərində bunu sezmək olurdu. Bütün bunlara baxmayaraq, «Neftçi» avrokuboklarda Azərbaycan futbol tarixində yeni bir səhifə yazdı. Bakılılar Bolqarıstan «Lokomotiv»i üzərində tarixi qələbə qazandılar – 2:1. Düzdür, cavab görüşündə acı məğlubiyyətə (0:6) uğrasalar da, hər halda, Azərbaycan futboluna öz damğalarını vura bildilər.

    AFFA daxili çempionatda yenidən dəyişiklik etdi. Çempionat sınaqdan çıxmış dairəvi sistemlə iki dövrədən ibarət keçirildi. Bundan başqa, futbol aləmində analoqu olmayan daha bir qərar çıxarıldı. AFFA ölkə çempionunu təyin etmək üçün təkcə əsas komandaların yığdığı xalları əsas götürmədi. Uşaq futbolunun inkişafına təkan verməkdən və klubları bu işə məcbur etmək üçün paralel olaraq iki yaş qrupunda yeniyetmə komandaların da çempionatı keçirildi. Məhz hər iki yaş qrupunda yığılan xalların cəmi iki yerə bölünərək əsas komandanın göstəricisinə əlavə olunacaqdı. Bu göstəriciyə görə daha çox xal toplayan komanda çempion sayılacaqdı.

    «Neftçi» çempionata çox iddialı başladı. Flaqman ilk doqquz oyunun hamısında qələbə qazandı ki, bunun da altısı böyükhesablı idi. Qurban Qurbanov və Samir Ələkbərov timsalında güclü hücum tandemi yaranmışdı. Bu tandem komandanın vurduğu qolların yarıdan çoxuna imza atmışdı. Başda Arif Əsədov olmaqla müdafiə xətti də keçilməz sədd yarada bilmişdi. «Neftçi» yalnız Qərb təmsilçiləri ilə oyunlarda ilk itkilərinə məruz qaldı. Buna baxmayaraq, birinci dövrəni turnir cədvəlinin yüksək pilləsində başa vurdu. İlin sonunda komandanın üzvü Vidadi Rzayev Azərbaycanın ən yaxşı futbolçusu seçildi. Lakin Kazbek Tuayev yığmanın baş məşqçisi postundan istefa verdi və məşqçilik lisenziyasından məhrum edildi. Nəticədə «Neftçi» rəhbərliyi məcbur olub Moskvaya baş məşqçi kimi Ağasəlim Mircavadovu apardı. «Ağ-qaralar» isə turnirdə hər üç görüşü məğlubiyyətlə başa vurdular. Dövrlərarası fasilədə komanda yenidən kadr dəyişikliyinə məruz qaldı. Ədəhim Niftəliyev və Azad Mütəllimov kimi futbolçular komandanı tərk etdilər. Əvəzində Elnur Qəmbərovla U-18-də oynayan Ramil Həbibov heyətə cəlb edildi. Bundan başqa, Musa Qurbanov komandaya qayıtmaqla hücum xəttini bir qədər də gücləndirdi. Musa çempionatın əvvəlində iki oyunda «ağ-qara» formada çıxış etmişdi. Lakin «Neftçi» ilə «Kür-Nur» transfer məsələsində razılaşmadıqlarına görə Musa yenidən Mingəçevirə qayıtmalı olmuş, yalnız ikinci dövrədən komandaya qoşulmuşdu.

    «Neftçi» fasilədən sonra da uğurlu çıxışlarını davam etdirirdi. İlk turlardan son tura qədər komanda cədvəldəki ilk yeri əldən vermədi. İlk dövrədən sonra məlum oldu ki, dörd komanda - «Neftçi», «Qarabağ», «Xəzri» və «Turan» qızıl medallara əsas namizəddilər. İkinci dövrədə «Neftçi» bu komandalardan yalnız «Qarabağ»a məğlub olmuş, digər iki komandadan isə xal qoparmışdı. Heyətdə çıxış edən oyunçuların say azlığına baxmayaraq, uğurlu tempi axıra qədər qoruyub saxlaya bilmişdi. Çempionatın ağırlığının əsas heyətin on iki üzvünün çiyinlərinə düşməsinə baxmayaraq, onlar büdrəməyib əsas komandaların yarışında finişə birinci çatdılar. Sona qədər çempionu izləyən «Qarabağ» mövsümü ikinci pillədə başa vurdu. Qurban Qurbanov isə rəqib qapıçılarını 34 dəfə məyus etməklə 6-cı çempionatın bombardiri oldu. Lakin klubun sevimli anları çox sürmədi. Yeniyetmə komandaların yarışında «Neftçi» yalnız 10,5 xal toplaya bildi. Bu göstərici komandalar arasında dördüncü nəticə idi. Məhz yeniyetmələrin zəif çıxışı, «Neftçi»ni qızıl medallardan məhrum etdi. Ümumi göstəricilərə görə, AFFA «Qarabağ»ı çempion elan etdi və qızıl medalları tələsik ağdamlılara verdi. Məhz bu qərar indiyə qədər sürən mübahisələrə səbəb oldu. AFFA «Qarabağ»ı çempion elan etsə də, UEFA Çempionlar Liqasına «Neftçi»ni buraxdı. Belə ki, avropalılar daxili çempionatın hansı qaydada keçirilməsindən asılı olmayaraq, yalnız əsas komandaların göstəricilərini əsas götürürdülər. Yalnız çempionun Çempionlar Liqasında oynadığını, ölkəmizi isə bu turnirdə «Neftçi»nin təmsil etdiyini nəzərə alaraq, komandamızı çempion sayanlara haqq qazandırmamaq mümkün deyil. Komanda bütün xətlərdə əla oyun göstərirdi. Hücum xətti isə daha məhsuldar oynayırdı. «Neftçi» rəqib qapılarından 98 top keçirmişdi. İlk çempionatda vurduğu 104 qoldan sonra bu, komandanın ən yüksək göstəricisi idi.

    Flaqman Azərbaycan kubokuna da fəal başladı. Bakı təmsilçiləri olan «Araz» və OİK üzərində ardıcıl dörd qələbə bakılılara iki mərhələ keçməyə imkan verdi. «Neftçi» yalnız 1/4 finalda iki il özündə saxladığı kubokdan məhrum oldu. Komanda bu mərhələdə «Qarabağ»ı «ev»də məğlub etsə də (3:2), səfərdə məğlubiyyətdən (0:1) qaça bilmədi. Rəqib meydanında daha çox qol vurduğuna görə, yarımfinala ağdamlılar çıxdılar.
  • 1997/98

    Qalmaqalla sona çatan ötən mövsümdən sonra yeni çempionat ərəfəsində də «Neftçi»də sular bulanmağa başladı. Prezident Aydın İbrahimovun komandanı maliyyələşdirə bilməməsi məlum idi. Bütün yükü üzərində daşıyan vitse-prezident və sponsor Rasim Rəfiyevin imkanları tükənməkdə idi. Komandaya yeni dəstək lazım olsa da, prezident İbrahimov flaqmandan əlini çəkmək istəmirdi. «Neftçi»nin ağır günlərində ona sahib çıxan «Abşeron» otelinin sahibi Aqil Paşayevin həm də prezident seçilməsi, İbrahimovun isə postundan getməməsi hətta komandanın mövcudluğunu sual altında qoyurdu. Digər tərəfdən isə klubun futbolçulara ötən ildən külli miqdarda borcu qalmışdı. A.Paşayev bu borcları da ödəməyə razı olmuşdu. İbrahimovun müqavimətindən yeganə çıxış yolu «Neftçi» Peşəkar Futbol Klubunun yenidən təsis edilməsi idi. Beləliklə, 1997-ci il iyunun 27-də «Abşeron» otelində keçirilən iclasda Rasim Rəfiyevin sahibi olduğu «Riad» firmasının təsisçiliyi ilə «Neftçi» PFK yaradıldı. Təsisçi «Riad» firması Aqil Paşayevi prezident kimi tanısa da, A.İbrahimov özünün prezident olduğunu və məhz onun rəhbərlik etdiyi komandanın Çempionlar Liqasında oynayacağını bildirirdi. Hətta buna baş məşqçi Kazbek Tuayevi və futbolçuları da inandıra bilmişdi. Amma «Neftçi» PFK yeni prezidentin rəhbərliyi ilə yeni heyət toplamağa və qitə kuboklarının hazırlığına başladı. Baş məşqçi təyin olunan Ruslan Abdullayev və federasiya nə qədər çalışsalar da, futbolçuları inandırmaq mümkün olmadı. Bir qədər irəli gedərək, onu qeyd edək ki, A.İbrahimovun prezident, K.Tuayevin isə baş məşqçi olduğu komanda hətta «Vidzev»lə (Polşa) oyuna çıxmaq üçün stadiona da gəldi. Amma qapıda onları polis qarşılayıb, «Neftçi»nin artıq stadionda olduğunu bildirdi. Yalnız bundan sonra bütün oyunçular aldadıldıqlarını anladılar.

    Buna qədərsə yeni rəhbərlik çıxış yolunu gənclərdən ibarət heyət qurmaqda axtardı. Çempionlar Liqasında «Vidzev»lə oyuna 3 həftə qalmış «Sumqayıt»dan Mehman Yunusov, Vüqar İsmayılov, Kamal Quliyev, Xaqani Məmmədov, OİK-dən İlham Yadullayev, Ədəhim Niftəliyev və Eyvaz Vəliyev, «Fərid»dən Zaur İsmayılov, Ceyhun Sultanov, Tərlan Mahmudov və Etibar Tarıverdiyev, U-18-dən Ruslan Musayev «Abşeron» otelində məskunlaşaraq Respublika stadionunda hazırlığa başladılar. Oyuna bir neçə gün qalmış isə çempion heyətdən Elxan Həsənov, Yunis Hüseynov, Vidadi Rzayev, Musa və Qurban Qurbanovlar, eləcə də Arif Əsədovla Yaşar Vahabzadə də «Neftçi»yə qoşuldular. Komandanın bu qədər vacib oyuna necə hazırlaşdığını təsəvvür etdikdə nəticəni proqnozlaşdırmaq çətin deyildi. Belə də oldu: 0:2, 0:8.

    Milli çempionat ərəfəsində təcrübəlilərdən E.Həsənov, Y.Hüseynov, A.Kərimov, V.Rzayev, M.Qurbanov və Q.Qurbanov komandada qaldı. Qalmaqallı təsisetmədən sonra mətbuatda AFFA prezidenti Fuad Musayevin «Neftçi»ni dağıtdığını söyləyən Samir Ələkbərov federasiyanın tamamilə haqsız qərarı ilə ömürlük futboldan uzaqlaşdırıldı. Hücum xəttində yaranan problemi aradan qaldırmaq üçün Paşa Əliyev heyətə cəlb edildi. Püşk komandamız üçün uğurlu oldu. 5 turdan sonra yalnız Sumqayıtda heç-heçə ilə kifayətlənməli olan futbolçularımız qalan 4 matçda qələbə qazandılar. Doğrudur, 7 turdan sonra «Xəzri» çempionatı tərk etdiyindən 2-ci turdakı qələbə ləğv edildi. 6-cı turda «Neftçi» ilk məğlubiyyətlə üzləşdi. Çempionluğa əsas namizədlərdən «Kəpəz»ə qarşı müqavimət göstərə bilməyən flaqman 0:2 hesabı ilə uduzdu. Amma bu son deyildi və növbəti turda komandanı tarixdə ilk dəfə olaraq, «Viləş»ə Bakıda sensasion məğlubiyyət gözləyirdi. İki məğlubiyyətdən sonra turnir cədvəlindəki vəziyyət xeyli pisləşdi və Ruslan Abdullayev 4 aylıq fəaliyyətinə son verdi. «Neftçi» müvəqqəti olaraq məşqçi Asif Əliyevə tapşırıldı. Baş məşqçi axtarışı isə uzun sürmədi: seçim qalmaqalda daha bir zərbə alan Kazbek Tuayevin (onun məşqçi lisenziyası əlindən alınmışdı) üzərində dayandı. Onun baş məşqçi işləmək hüququ olmadığından rəsmi sənədlərdə məhz A.Əliyevin adı gedirdi. Bu dəyişiklik də bir nəticə vermədi. Dekabrda başa çatan birinci dövrədə «Neftçi» «ev»də «Şəmkir»lə heç-heçə oynayıb, «Qarabağ»la OİK-ə uduzdu. Bununla komandanın çempionluq uğrunda mübarizə aparmaq gücündə olmadığı bilindi. Amma problemlər bitmək bilmirdi: dövrələrarası fasilədə heyətdəki anlaşılmazlıq üzündən komanda Mosvkaya «Birlik Kuboku»na yollanmaqdan imtina etdi.

    Tuayev dövrələrarası fasilədə dəyişikliklərə əl atmalı oldu. Dövrənin sonuna yaxın komandanı tərk edən Musa Qurbanovdan sonra ötən çempionatın bombardiri Qurban Qurbanov Rusiyadan gələn təklifə müsbət cavab verdi. Onların yerini doldura biləcək futbolçu tapmaq mümkün olmadığından məşqçi gənclərə güvənmək məcbüriyyətində qaldı. Bu isə özünü doğrultmadı. İkinci dövrənin ilk 7 turunda «Neftçi» yalnız müsabiqədənkənar iştirak edən U-18 üzərində qələbə qazana bildi. Daha 6 xalsa çempionatı tərk edən «Sumqayıt» və «Qarabağ» (Bərdə) üzərindəki texniki qələbəyə görə gəldi. İkinci dövrədə futbolçularımız cəmi 4 qələbə qazanmışdı. Mövsümboyu komandanı izləyən xoşagəlməzliklərin nəticəsində «Neftçi» yalnız 6-cı ola bildi.

    Ölkə kuboku uğrunda yarışlarda da qarşıya qoyulan hədəf əlçatmaz oldu. Tuayevin yetirmələri yarımfinaladək irəliləsə də, burada onları heyətinə görə ən güclü komanda olan «Kəpəz» gözləyirdi. Nəticədə həm Bakıda, həm də Gəncədə eyni hesabla(1:2) uduzan flaqman müstəqil futbol tarixinin ən uğursuz mövsümünü keçirib heç nə əldə edə bilmədi. Yalnız ilk dəfə keçirilən əvəzedici heyətlərin çempionatında komanda ikinci yeri tutdu.

  • 1998/99

    Ötən mövsümdəki uğursuzluqdan sonra bu il qarşısına çempion olmaq məqsədi qoyan «Neftçi» heyəti gücləndirmək istiqamətində bəzi işlər gördü. Amma heyəti tərk edən oyunçular da az olmadı. Keçən ili əsas heyətdə keçirən Vidadi Rzayev, Yunis Hüseynov, Paşa Əliyev, Mehman Yunusov, Aslan Kərimov, Ceyhun Sultanov, Xaqani və Füzuli Məmmədovlar komandanı tərk etdilər. Əvəzində Samir Xairov, Elçin Rəhmanov, «Anji»dən qayıdan İqor Getman, «Qarabağ»dan Bəxtiyar Musayev və daha bir neçə futbolçu ilə müqavilə bağlandı.

    8-ci çempionat ötənilki ilə müqayisədə yeni qaydada keçirildi. İki dövrəli birinci mərhələdən sonra komandalar birinci «altılıq»da, ikinci və üçüncü «dördlük»lərdə mübarizəni davam etdirəcəkdi.Çempionatın startında «Neftçi» ötənilkindən o qədər də fərqlənmirdi. İlk 3 oyundan 2-də uduzan bakılılar gələcək autsayderlərdən lazımi xalları alsa da, qeyri-stabil oyun göz önündəydi. Buna görə də rəhbərlik heyəti gücləndirmək istiqamətində təcili addımlar atmaq barədə fikirləşirdi. Hətta Rusiyadan kor-koranə dəvət edilən futbolçular müxtəlif vaxtlarda cəmi 1 oyunda iştirak etməklə sadəcə statist rolunu oynayırdılar. Nəticədə Ukraynadan hücumçu Leonid Kalfa, yarımmüdafiəçi Aleksey Stukas və müdafiəçi Vladimir Poşexontsev Bakıya gəldi. Kalfa ilk oyunlardan vurduğu vacib qollarla komandaya köməyi dəyəcəyini göstərdi. O hətta ikinci dövrədə «Şahdağ»la 11:0 bitən matçda 5 qol vurmaqla tarixə düşdü.

    Bu vaxt «Neftçi» liderdən 7 xal geridə idi. Nəticədən narazı qalan rəhbərlik Tuayevi istefaya göndərmək qərarına gəldi. Onun yerinə namizədi isə çox axtarmaq lazım olmadı. Əhməd Ələsgərov artıq neçənci, sonradan məlum olacaq ki, həm də sonuncu dəfə «Neftçi»yə baş məşqçi təyin olundu. Bir çoxları «Neftçi»ni hesabdan silsə də, yeni baş məşqçinin qarşısına qoyulan məqsəd məhz çempionluq idi. Hətta vitse-prezident Rasim Rəfiyev mətbuata verdiyi müsahibədə də birinci yer üçün vuruşacaqlarını bildirirdi. Komandamızın liderlə xal fərqi böyük olsa da, bu qorxulu deyildi. Belə ki, «altılığ»a bütün iştirakçılar «sıfır»dan başlayacaqdı. Bakılılar isə «altılıq» problemini demək olar ki, həll etmişdilər. Həlledici mərhələ ərəfəsində ömürlük diskvalifikasiyası iki ilədək azaldılan Samir Ələkbərov da komandaya qoşuldu. «Fakel»dən qayıdan Tərlan Əhmədov da «alıtılığ»ın ilk oyununa özünü yetirdi. Hər xalın qızıl qiymətində olduğu həlledici mərhələnin ilk oyununda «Neftçi» adını «ANS Pivani»yə dəyişən keçmiş «Bakı Fəhləsi»nin müqavimətini qıra bilmədi. «Şəmkir» üzərində qələbənin ardından Ələsgərovun yetirmələrini Gəncədəhaqsızlıqla üzləşəcəyi ağır oyun gözləyirdi. Samir Xairovu meydandan qovan baş hakim 88-ci dəqiqədə qapımıza haqsız penalti təyin etməklə 3 xalı gəncəlilərə «bağışladı». «Qarabağ»la Sumqayıtdakı oyun da çətin keçdi. Birinci hissədə ağdamlılar hesabı açandan sonra komandamız üstünlüyü ələ aldı. Hücumçularımız bir-birinin ardınca qol epizodlarını boşa verdi və daha üç xal itirdi – 0:1. «ANS Pivani» ilə növbəti heç-heçədən sonra liderdən xeyli aralanan «Neftçi» Bakıda «Kəpəz»ə 3 cavabsız qol vursa da, bu heç nəyi dəyişmədi və komandamız yalnız bürünc medalla kifayətləndi.

    Əvəzində futbolçularımız kubok uğrunda mübarizəni möhtəşəm keçirdilər. 1/8 finalda güclü «Qarabağ»ı yarışdan kənarlaşdıran (0:0, 2:0) bakılılar 1/4 finalda «Bakılı»ya qalib gəldilər – 4:0. Birinci oyundakı məğlubiyyətdən sonra «Bakılı» cavab oyununa gəlmədi. «Turan»ın da işini birinci oyunda həll edən (3:0, 0:1) komandamızı finalda «Şəmkir»lə çətin görüş gözləyirdi. Final darıxdırıcı keçdi və ehtiyatla oynayan tərəflər əsasən qapının toxunulmazlığını qorumağa çalışdılar. Əsas və əlavə vaxtda qol olmadı və qalibi penaltilər müəyyən etdi. Bu mərhələdə qapıçımız Cahangir Həsənzadə Mehman Yunusovun zərbəsini qaytarmaqla kuboku üçüncü dəfə qazanmağımıza kömək etdi – 5:3.

  • 1999/00

    Mövsümə UEFA kubokunun ilkin mərhələsində keçirəcəyi oyunla başlayacaq «Neftçi» hazırlıq mərhələsinə Bakıda başladı. Baş məşqçi Əhməd Ələsgərov heyətdə demək olar ki, əsaslı dəyişikliklər etməyə qərar verdi. Onun təklifi ilə rəhbərlik Samir Əliyev, Ədəhim Niftəliyev və Elşən Qəmbərovu transfer etdi. Yaxın hədəf UEFA kubokunda mərhələ keçmək olsa da, bütün işlər nəhayət ki, çempion olmağa hesablanmışdı. Üstəlik, Zaur Tağızadə də Avropa kubokları ərəfəsində heyətə qoşuldu. Əvəzində məşqçi Samir Ələkbərovdan imtina etdi.

    UEFA kubokunun ilkin mərhələsində iştirak edən komandalardan ən güclüsü vaxtilə Avropa Çempionlar Kubokunu qazanmış «Srvena Zvezda» idi ki, püşk məhzonu komandamızın bəxtinə çıxardı. Hamı yuqoslavları şəksiz favorit sayırdı. Amma Bakıdakı ilk görüşə Ələsgərovun futbolçuları psixoloji, fiziki və taktiki cəhətdən yaxşı hazırladığı ilk dəqiqələrdən ortaya çıxdı. Artıq 27-ci dəqiqədə Vadim Vasilyev hesabı açdı. İkinci hissədə də üstünlüyə malik komandamız növbəti hücum zamanı hesabı 2:0-a çatdırdı. Amma cəmi iki dəqiqədən sonra stadiona toplaşan minlərlə azarkeş sevimlilərinin əzəmətli rəqib qarşısında fərqi artırmasına doyunca sevinməyə macal tapmamış Boşkoviçin uzaqdan zərbəsi və Cahangir Həsənzadənin kobud səhvi nəticəsində fərq bir topa endi. Daha iki dəqiqə keçdi və şok… Hesab artıq 2:3 idi. Nə azarkeşlər, nə futbolçular, nə də buraxdığı kobud səhvlərdən özünü itirən Cahangir nə baş verdiyini anlamaq gücündə idi. Futbolçularımız tezliklə özlərini ələ alsalar da, hesab dəyişmədi. Bir həftə sonra keçirilən cavab matçında da yuqoslavlar minimal hesabla qalib gəlib növbəti mərhələyə adladılar.

    IX çempionat «Neftçi» üçün yaxşı başladı. İlk turlardan qələbələri sıralayan komandamız 5-ci turda gözlənilmədən «Şəfa» ilə heç-heçə oynadı. Növbəti matçda Bakıda çempionluq uğrunda əsas rəqib «Şəmkir»lə matçda da hesab açılmadı. 7 turdan sonra iki aylıq fasiləyə yollandıqda «Neftçi» ilə «Şəmkir»in 17 xalı vardı. «Kəpəz» isə bir xal geri qalırdı.

    Fevralda bitən fasilədə heyətdə ciddi dəyişikliklər olmadı. Amma 8-ci turda federasiya ilə yola getməyən klublar meydana çıxmadılar. AFFA-nın Nizam-İntizam Komitəsinin qərarı ilə «Viləş»dən başqa bütün klublara texniki məğlubiyyət verilsə də, liderlər qrupunu təşkil edən «Neftçi», «Kəpəz» və «Şəmkir» mövqelərini qoruyurdu. Birinci dövrənin yekunu ərəfəsində AFFA komandamıza qarşı qanunsuzluğa yol verdi və heç bir əsas gətirmədən qapıçı Cahangir Həsənzadənin «Şəfa»ya keçməli olduğu haqda qərar çıxardı. Bütün cəhdlərə baxmayaraq, əsas qapıçını heyətə qaytarmaq mümkün olmadı və sifariş ərizəsində C.Həsənzadədən başqa gənc Fərhad Əfəndiyevin adını yazan «Neftçi» çətin vəziyyətə düşdü. «Şəfa»nın qapıçını transfer etməsinə şərait yaradan AFFA komandamıza təcrübəli qapıçı götürməyə icazə vermədi. Əlacsız qalan Ə.Ələsgərovun təcrübəsiz Əfəndiyevə güvənməkdən başqa yolu qalmadı. Ondan bir qədər əvvəl isə təcrübəli Tərlan Əhmədov komandanı tərk etmiş, Zaur Tağızadə ilə Elçin Rəhmanovsa hərbi xidmətə yollanmışdı. Heyətdəki problemləri aradan qaldırmadan ikinci dövrənin birinci turunda Gəncədə uduzan flaqman ilk məğlubiyyətini aldı və «Şəmkir» aradakı fərqi artırdı. Sanki ruhdan düşən futbolçular «Qarabağ»la heç-heçədən sonra «Şəmkir» və «Viləş»ə uduzub çempionluq yarışından qopdular. Masallıdakı məğlubiyyətdən sonra Əhməd Ələsgərov istefa verib daimi yaşadığı Odessaya qayıtdı, komanda müvəqqəti olaraq Şamil Heydərova tapşırıldı. «Neftçi»də atmosferin korlanması daha bir neçə matçda xal itkisi və yekunda 3-cü yerlə nəticələndi.

    Çempionatdan fərqli olaraq ölkə kubokunda «Neftçi» inamlı təsir bağışlayırdı. «Şəfa-2»(3:0, 3:1) və «ANS-Pivani» (1:0, 1:0) səddini geridə qoyan komanda yarımfinalda «Kəpəz»i keçə bilməyərək (0:1, 0:0) kubok yarışı ilə vidalaşdı. Ölkə kubokunun finalında «Qarabağ»a qalib gələn «Kəpəz» kubokun, «Neftçi» isə bürünc medalın sahibi kimi UEFA kubokuna vəsiqə qazandılar.

  • 2000/01

    «Neftçi»nin görməli olduğu ilk iş baş məşqçi probleminin həll edilməsi idi. Bir neçə namizəd olsa da, rəhbərlik seçimini komandamızın keçmiş oyunçusu, ölkə daxilində və İranda iş təcrübəsi olan, yığma komandanın məşqçilər şurasının üzvü Asəf Namazovun üzərində saxladı. Məsuliyyəti tam dərk etdiyini söyləyən yeni məşqçi vətənə qayıtmış ukraynalı üçlüyün əvəzinə heyəti Müşfiq Hüseynov, Ramiz Məmmədov, Zaur Hidayətov, Arif Əsədov, Mais Əzimov kimi təcrübəli futbolçularla gücləndirdi. Onun ilk sınağı ölkə çempionatında Quba «Şahdağ»ına qarşı oldu və 3:0 hesablı qələbə ilə azarkeşləri ümidləndirdi. Bundan 5 gün sonra isə UEFA kubokunun ilkin mərhələsində ilk oyun keçirildi. Püşkatma mərasiminə «Neftçi»dən heç kim yollanmasa da, bəxtimizin gətirdiyini düşünmək olardı. Avropada o qədər də tanınmayan «Hit-Qortsa» ilə Bakıdakı görüş də bunu təsdiq etdi. Elə birinci hücumdaca M.Hüseynov hesabı açdı. Minimal üstünlüyə baxmayaraq, rəqibin səviyyəsi Sloveniyaya ümidlə yollanmağa əsas verirdi. Cavab görüşündə meydan sahibləri erkən qolla hesabı açsalar da, Fərrux İsmayılovun ötürməsindən sonra Bəxtiyar Musayev cavab qolunu vura bildi. Baş məşqçi hesabı qorumaq üçün hücumçu V.Vasilyevi müdafiəçi V.Nuriyevlə əvəz etdi. Amma onun 90-cı dəqiqədə kobud səhvi bütün ümidləri puça çıxardı. Bundan 3 dəqiqə əvvəl isə sonuncu müdafiəi İ.Yadullayev topu rəqib hücumçuya «bağışladı» və Zloqar ikinci qolu vurdu. Beləliklə, tariximizdə ilk dəfə ikinci mərhələnin bir addımlığında iki müdafiəçimizin kobud səhvləri hər şeyin üzərindən xətt çəkdi. Çempionatdakı uğurlu çıxışa baxmayaraq, Namazov sentyabrda istefaya göndərildi. Onun yerinə isə məşqçilik təcrübəsi olmayan Oqtay Abdullayev təyin edildi. İ.Cavadov məsləhətçi, Şamil Heydərov, Yaşar Vahabzadə və Şakir Qəribov köməkçi məşqçi oldular. 4-cü turdan Cahangir Həsənzadə, 5-ci turdan isə Tərlan Əhmədov komandaya qayıtdı.

    Birinci dövrədə qələbələri sıralayan «Neftçi» ilk turlardan liderliyi ələ keçirdi. 3 xal geri qalan «Şəmkir»lə Bakıdakı heç-heçə də turnir cədvəlindəki vəziyyətə təsir göstərmədi. Komandanın növbəti xal itkisi «Dinamo»yla oyuna təsadüf etsə də, bu, birinci dövrəni lider kimi bitirməyə mane olmadı. İkinci dövrədə də Gəncə və Tovuz kimi çətin səfərlərdə 3 xal əldə edən futbolçularımız Masallıda büdrədilər. Hücumçularımız dəfələrlə yüzfaizli qol vəziyyətləri əldə etsələr də, meydan sahibləri qapılarını toxunulmaz saxlaya bildilər. Həyəcan siqnalı olan bu heç-heçədən sonra ən yaxın izləyicimiz «Şəmkir» fərqi 3 xala endirdi. Sona 3 tur qalmış Şəmkirdə əsas rəqiblər arasında keçirilən oyunda «Neftçi»ni heç-heçə də qane edirdi. Amma artıq 30-cu dəqiqədə ikinci sarı vərəqə alan Zaur İsmayılov komandamızı çətin vəziyyətə saldı. Azlıqda qalan futbolçularımız meydan sahiblərinin 2 qoluna cavab verə bilmədilər. Çempionatın əsas mərhələsində «Neftçi»ylə «Şəmkir» eyni miqdarda xal topladığından çempion Sumqayıtda keçirilən «Qızıl oyun»da müəyyənləşməli idi. Oyunu normal keçirən kapitan Arif Əsədovun yeganə səhvi komandamıza baha başa gəldi. 20-ci dəqiqədə qapımıza vurulan künc zərbəsi zamanı topu uzaqlaşdırmaq istəyən Əsədov avtoqola imza atdı – 0:1. Nəticədə gümüş medalla kifayətlənən «Neftçi» ölkə kubokunun Sumqayıtda keçirilən finaloyununda zəif çıxış edərək«Şəfa»ya uduzdu – 1:2.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism