2001-2007 | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

2001-2007

  • 2001/02

    Yeni mövsüm ərəfəsində «Neftçi»də kimin gedəcəyi, kimin qalacağı məlum deyildi. Gözlənilmədən 4 ildir klub üçün hər şey etmiş prezident Aqil Paşayev getdi. Onun istefasından sonra başsız qalmış komanda düz-əməlli hazırlıq keçmir, futbolçular formalarını saxlamaq üçün yüngül məşqlərlə kifayətlənməli olurdular. Bir müddət davam edən qeyri-müəyyənlik iyunun sonlarında bitdi və «Neftçi» «Azərneftyağ» İstehsalat Birliyinin himayəsinə keçdi, zavodun direktoru Ramiz Mirzəyev isə klubun prezidenti seçildi. Abdullayev işini davam etdirsə də, tezliklə yığmanın ikinci məşqçisi, komandamızın keçmiş kapitanı Rəşid Özbəyov baş məşqçi təyin edildi. Əsas transferlər də onun gəlişi ilə həyata keçirildi. «Turan»dan istedadlı yeniyetmə Rəşad Sadıqov, Ruslan Abbasov, Georgi Kilasoniya və Nadir Nəbiyevlə müqavilə bağlanıldı. Təcrübəli Qurban Qurbanov isə «Neftçi» ilə «Fakel» arasındakı razılığa əsasən dekabradək icarə əsasında Bakıya döndü. Hazırlıq prosesində Özbəyovun tətbiq edəcəyi taktiki sxemlər sınaqdan çıxarılsa da, cəmi 20 gün sonra o da vəzifəsindən getdi. Səbəbini isə belə açıqladı: «Kluba sadəcə kömək etmək məqsədilə getmişdim və razılaşmışdıq ki, əgər rəhbərlik istəsə, qalıb işimi davam etdirə bilərəm. Amma həmişə deyirdim ki, müəyyən müddətdən sonra müqavilə əsasında işləyəcəm. Nəhayət, həmin vaxt yetişdi. UEFA kubokunda iştirak ərizəsini verəndə dedim ki, adımı yazsanız gərək müqavilə bağlayaq. Onlar isə «hələlik işlə, baxarıq» dedilər. Dedim ki, müqaviləsiz daha işləmirəm».

    Bu vaxt isə «Neftçi»nin UEFA kubokunda ötən il qarşılaşdığı «Hit-Qoritsa» ilə ilk oyununa cəmi 7 gün qalırdı.Komanda yenidən Oqtay Abdullayevə tapşırıldı. O oyun ərəfəsində təlim-məşq toplanışına hazırlaşdığı bir vaxtda, oyuna cəmi iki gün qalmış rəhbərlik yenidən dəyişikliyə əl atdı. Bu dəfə baş məşqçi vəzifəsinə Kazbek Tuayev təyin edildi. Faktiki olaraq, bu, 26 gün içində 3-cü təyinat idi.Normal hazırlıq keçə bilməmələrinə baxmayaraq, azarkeşlər futbolçulardan ötənilki məğlubiyyətin əvəzinin çıxılmasını gözləyirdi. Amma sloveniyalılarla Bakıdakı matçda hesab açılmadı. Bir həftə sonra keçirilən cavab oyununun 78-ci dəqiqəsində buraxdığı qol «Neftçi»ni mübarizədən kənarlaşdırdı.

    Komandanın əsl gücünü çempionatda ortaya qoyacağına ümid böyük idi. Baxmayaraq ki, Tuayev təcrübəli Tərlan Əhmədovu komandadan xaric etdi. İcarə müqaviləsi bitən Qurban Qurbanov isə dekabrda Rusiyaya döndü. 11-ci Milli çempionat yeni əsasnamə ilə keçiriləcəkdi və iki mərhələdən ibarət idi. Birinci mərhələdə ilk 6 yeri tutan komandalar sıfırdan başlamaqla 1-6-cı, sonrakılar isə 7-12-ci yerlər uğrunda mübarizə aparacaqdı. Çempionatın əvvəlində «Xəzər Universiteti» ilə heç-heçədən sonra rəhbərliyin qərarı ilə «Neftçi» Respublika stadionundan imtina etdi və «ev» oyunlarını Bakıxanov qəsəbəsindəki İsmət Qayıbovadına stadionda oynamaq haqda qərar verdi. Amma buradakı debüt də uğurlu olmadı və komanda «Şəmkir»ə uduzdu. «Turan» və «Qarabağ-Azərsun»la oyunlardakı itkilərə baxmayaraq, «flaqman»ın ilk «altılığ»a düşəcəyi heç kimdə şübhə doğurmurdu. Həm də birinci mərhələdə toplanan xalların silinməsi və «Neftçi»nin də daxil olduğu liderlərin sona bir neçə tur qalmış əsas məqsədə çatması çempionata marağı azaltdı. Hamı ilk «altılıq»da maraqlı mübarizə gedəcəyini gözləyirdi. Digər tərəfdən isə AFFA ilə klublar arasında münaqişə dərinləşməkdə davam edirdi. Fuad Musayevin haqsızlıqlarına dözmək istəməyən klublar israrla onun istefasını tələb edirdilər. Belə qalmaqallı şəraitdə çempionatın birinci mərhələsi bitdi və çempionluq uğrunda əsas mübarizə başladı. «Altılıq» ərəfəsində komandamız ukraynalı Roman Zub və türkmən Arif Mirzəyevi də heyətə cəlb etdi. Amma onların komandanı gücləndirdiyini demək doğru olmazdı. «Altılığ»a «Şəfa»yla heç-heçə ilə başlayan bakılılar üçün bu, böyük itkiydi. Çünki cəmi 10 tur oynanıldığından hər xal itkisi baha başa gələ bilərdi. Bu azmış kimi, ikinci turda futbolçularımız Bakıda «Kəpəz»in də müqavimətini qıra bilmədilər – 0:0. 3 turdan sonra «Şəmkir» 9 xalla lider idi. «Neftçi», «Kəpəz» (4 oyun) və «Şəfa» (3 oyun) ondan 4 xal geri qalırdılar. Amma «Şəmkir»in Bakıda oyunları qaldığından ona çatmaq mümkün idi ki… «Şəfa» - «Xəzər Universiteti» oyununun son saniyələrində hakim Xaqani Məmmədovun qonaqların qapısına penalti təyin etməsi gözlənilməyən nəticələrə gətirib çıxardı. Artıq haqsızlıqlara dözməyən klublar çempionatı AFFA-nın bayrağı altında oynamaqdan imtina etdi. Çempionatı və ölkə kubokunu qaldığı yerdən Təşkilat Komitəsi davam etdirsə də, UEFA bu nəticələri tanımadı və 11-ci Azərbaycan çempionatı başa çatmamış çempionat kimi tarixə düşdü. Təbii ki, UEFA Azərbaycan klublarını qitə kuboklarına buraxmadı.

  • 2002/03

    Başa çatmayan ötən mövsümdən sonra yeni mövsümün başlayacağı səbirsizliklə gözlənilirdi. Amma klublar Fuad Musayevin rəhbərlik etdiyi AFFA-nın bayrağı altında oynamaq istəmir, onların ayrıca təşkil etdiyi alternativ çempionatı isə UEFA tanımırdı. Digər komandalar kimi, «Neftçi» də yalnız məşqlər və yoxlama oyunları ilə kifayətlənirdi. Belə futbolsuz günlər 2002-ci ilin noyabrınadək davam etdi. Məhz noyabrda rəhbərlik klubumuzun yaranmasının 65 illiyi münasibətilə turnir təşkil etmək qərarına gəldi.

    İsmət Qayıbov adına stadionda keçirilən turnirdə 8 komanda iki qrupda mübarizə aparacaqdı. Qruplarda birinci yeri tutanlar finalda qalibi müəyyənləşdirəcəkdi. Yarımçıq qalan mövsümlə müqayisədə «Şəmkir»dən İsmayıl və Aqil Məmmədovlar, «Şəfa»dan Samir Abasov heyəti gücləndirmişdi. Arif Əsədov, Fərrux İsmayılov, Ədəhim Niftəliyev isə komandanı tərk edərək «Qarabağ»a yollanmışdılar. Ümumiyyətlə, «Azərsun» şirkəti «Qarabağ»ı himayəyə götürəndən sonra bir çox güclü futbolçular bu kluba yığışdılar.

    Flaqman «Neftçi-65» turnirində A qrupuna başçılıq etdi. «Dinamo-Bakılı», «Şahdağ» və həvəskar komanda olan «Ulduz» da bu qrupda yer aldılar. B qrupunda isə «Qarabağ-Azərsun»la bərabər OMİK, «Turan» və Sumqayıt «Xəzər»i mübarizə aparırdı.

    İlk turda «Neftçi» həvəskarlar liqasında yarışan «Ulduz»la qarşılaşdı. Həvəskar klub olmasına baxmayaraq, mingəçevirlilərin heyətində güclülər dəstəsində təcrübə toplamış futbolçular yer almışdı. İlk yarıda Vadim Vasilyevin dubluna qonaqlar bir qolla cavab verdilər. İkinci hissə daha da gərgin keçdi. Yalnız oyunun sonlarına yaxın İsmayıl Məmmədovun qolu «Neftçi»nin qələbəsinə şübhə yeri qoymadı. İkinci görüşdə «Neftçi»nin rəqibi «Şahdağ» oldu. İlk oyundan fərqli olaraq flaqman bu dəfə müqavimətə rast gəlmədi və rəqib qapısından beş cavabsız top keçirdi. Son turda «Neftçi»nin rəqibi «Dinamo-Bakılı» oldu. Bu komandaların xalları bərabər olsa da, top fərqi «Neftçi»də daha yaxşı idi. Heç-heçə «Neftçi»ni, yalnız qələbə isə dinamoçuları finala yüksəldirdi. Məhz bu səbəbdən görüş gərginliyi ilə seçildi. Rəqib hesabı açsa da, «Neftçi» tezliklə cavab qolunu vura bildi. Lakin ikinci yarının əvvəlində Rəşad Sadıqovun avtoqolu komandanı çətin vəziyyətə saldı. Yalnız sona yaxın Aqil Məmmədovun cavab qolu komandanı finala çıxardı.

    Digər yarımqrupda isə «Qarabağ-Azərsun» çətinlik çəkmədən rəqiblərini geridə qoyaraq «Neftçi»nin finaldakı rəqibi oldu. Həlledici oyunda ilk yarı qolsuz bitsə də, ikinci hissədə Arif Əsədovun qolundan sonra Vadim Vasilyev hesabı bərabərləşdirdi. Bundan sonra hətta əlavə vaxtda da komandalar hesabı dəyişə bilmədilər. Hər şeyi penaltilər həll etdi. Hər iki komandanın futbolçularının ilk üç zərbəsi qolla nəticələndi. Lakin «Qarabağ»lı Paşa Əliyevin dəqiq zərbəsindən sonra İsmayıl Məmmədov dirəyi nişan aldı. Turnirin yeganə legioneri Dmitri Kudinovun qolu isə «Qarabağ-Azərsun»un qələbəsini təmin etdi. Beləcə, «Neftçi» öz yubileyinə həsr olunmuş turnirin baş mükafatını qazana bilmədi.

    AFFA ilə klublar arasındakı qarşıdurma hələ də davam etdiyindən 2003-cü ilin əvvəlində də ölkə çempionatı start götürmədi. İşə dövlət strukturları və ali dünya futbol qurumları qoşulsa da, məsələ həllini tapmaq bilmirdi. Artıq bir çox futbolçularımız qonşu ölkələrə üz tutmağa başlamışdı. Ən çox oyunçu axını isə İrana oldu. Ölkədə qalan futbolçular futbolsuzluqdan əziyyət çəkirdilər. Tərəflər arasında güzəşt olmadığından oyunçuların nə vaxt yaşıl meydana dönəcəkləri məlum deyildi. Belə bir vaxtda Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə peşəkar futbol klubları arasında «Həmrəylik kuboku» keçirilməsi qərara alındı. Turnirin baş sponsoru «Azərsun Holdinq» şirkəti oldu. Turnirin informasiya dəstəyi «Lider TV», «525-ci qəzet» və «Səhər» analitik informasiya qəzeti oldu. 2003-cü il yanvarın 29-da «Neftçi» futbol klubunun bazasında «Həmrəylik kuboku»nun püşkatma mərasimi keçirildi. Püşkatmaya görə mübarizə hərəsində 5 komanda olmaqla iki yarımqrupda gedəcəkdi. «Neftçi» «Ümid», «Şahdağ», «Ulduz» və «Turan»la birgə A yarımqrupuna düşdü. B yarımqrupunda isə «Qarabağ-Azərsun», «Xəzər», «Ədliyyə», MOİK və «Kəpəz» komandaları mübarizə aparacaqdı. Hər yarımqrupdan iki komanda yarımfinala çıxacaq, qaliblər baş mükafat, məğlublar isə 3-cü yer uğrunda yarışacaqdı. Turnirin keçirilməsinin əsas məqsədi futbolçuların ustalığını artırmaq, onların oyun təcrübəsini bərpa etmək, klublar arasında həmrəyliyə nail olmaq idi.

    İlk turda «Neftçi» çətinlik çəkmədən «Turan» üzərində inamlı qələbə qazandı. Növbəti turda «Şahdağ»ı minimal hesabla yenməsi «Neftçi»nin gücünün göstəricisi deyildi. Komandanın yaratdığı qol vəziyyətləri bir neçə oyuna bəs edərdi. Artıq iki turdan sonra «Neftçi»nin növbəti mərhələyə keçəcəyi şübhə doğurmurdu. Lakin belə arxayınçılığın nəticəsi bu oldu ki, flaqman yenicə peşəkar statusu almış «Ulduz»la görüşdə meydanı qolsuz bərabərliklə tərk etdi. Bu, qrup mərhələsində «Neftçi»nin yeganə xal itkisi oldu. Sonuncu turda bakılılar yenidən öz oyunlarını göstərərək «Ümid»i məğlub edib, yarımqrupun oyunlarını lider kimi başa vurdular.

    Digər yarımqrupdan isə növbəti mərhələyə «Qarabağ-Azərsun»la «Ədliyyə» keçə bildi. Çox təəssüf ki, Azərbaycan futbolunun liderlərindən biri olan «Kəpəz» maliyyə böhranı üzündən turniri yarımçıq tərk etdi.

    Yarımfinalda «Neftçi»nin rəqibi «Ədliyyə» oldu. Oyunu yüksək səviyyədə keçirən flaqman hər hissədə bir qol vuraraq finala vəsiqə qazandı. Finaldakı rəqib heyətinə görə o dövrdə daha güclü olan «Qarabağ-Azərsun» idi. Oyun əsl finala layiq şəraitdə keçdi. Hər iki komanda inadla mübarizə apararaq kuboka sahib çıxmaq istəyirdi. Komandaların oyunçuları futbolsuzluq şəraitində özlərini sübut etmək istəyirdilər. İlk olaraq «Neftçi» fərqlənsə də, ağdamlılar hesabı bərabərləşdirdilər. Buna baxmayaraq, «Neftçi» artıq təşəbbüsü ələ almışdı. Sonda məhz bu üstünlük nəticəsində komandamız qələbə qolunu vurmaqla kuboku başı üzərinə qaldırdı. Lakin heç bir turnir ölkə çempionatının və kubokunun yerini verə bilməzdi. Belə turnirlər nə qədər yüksək səviyyədə keçirilsə də, böyük önəm kəsb etmirdi. Buna görə də ölkənin futbol ictimaiyyəti səbirsizliklə çempionatın yenidən keçiriləcəyi günü gözləyirdi.

  • 2003/04

    İki turnirin keçirilməsi ilə oyun təcrübəsini saxlamağa çalışan klublar başa düşürdülər ki, çempionat olmasa Avropa kuboklarına çıxmaq da mümkün olmayacaq. Beləcə, ikinci ilardıcıl Azərbaycan avrokuboklarsız qaldı. Klublar federasiyanın növbədənkənar konfransının çağırılmasını və yeni seçkilərin keçirilməsini tələb edirdilər. Əks halda onlar çempionata çıxmayacaqdılar. 2003-cü ilin əvvəlindən başlayan danışıqlar nəhayət nəticə verməyə doğru gedirdi. UEFA və FİFA-nın nümayəndələrinin Bakıya səfərləri, onların dövlət nümayəndələri, AFFA və klub təmsilçiləri ilə görüşlərindən sonra razılıq əldə edildi. Klublar çempionata başlamağa, federasiya isə növbədənkənar konfrans çağırıb seçkinin vaxtını müəyyənləşdirməyə razılıq verdi. Beləliklə, mayın 17-də 12-ci ölkə çempionatı start götürdü. Heyətini Vidadi Rzayev, Hüseyn Məhəmmədovla gücləndirən «Neftçi» ertəsi gün son illərin barışmaz rəqibi «Şəmkir»lə matça yollandı və birinciliyə məğlubiyyətlə başladı. Ardınca uzun məğlubiyyətsiz seriya başladı. Birinci dövrənin sonunadək flaqman MOİK və «Xəzər Universiteti» ilə oyunlarda sensasion sayıla biləcək heç-heçələrə yol verdi, qalan bütün görüşləri isə qələbə ilə başa vurdu. Heyətdə xüsusilə Vadim Vasilyev liderlik keyfiyyətləri ilə seçilir və ən çətin anlarda vurduğu qollarla komandanı xilas edirdi. Birinci dövrədən sonra bakılılar turnir cədvəlinin ön sıralarında idilər.

    Birinci dövrə ilə ikinci arasında yaranan fasilə yalnız yığma komandanın oyunu və kubok matçlarının keçirilməsi ilə bağlıydı. Çempionat erkən başladığından dekabradək oynamaq, qış aylarında fasiləyə çıxmaq planlaşdırılırdı. İkinci dövrənin ilk turunda «Neftçi» əsas rəqiblərindən olan «Şəmkir»i qəbul etdi. Oyun qonaqların hücumları ilə başladı və artıq 23-cü dəqiqədə onlar hesabı açdılar. Futbolçularımızın bütün cəhdləri nəticəsiz qaldı və ikinci hissənin əvvəlində Badri Kvaratsxeliya ikinci topu qapımızdan keçirdi. Bundan sonra oyunu xilas etmək üçün komandamız bütün qüvvəsi ilə irəli atıldı və ən sadiq oyunçumuz İqor Getman fərqi minimuma endirdi. Sona 15 dəqiqə qalmış isə Aqil Məmmədov hesabı bərabərləşdirdi. Amma komandamız bununla kifayətlənməyərək həmlələrini davam etdirdi. Və iki dəqiqə sonra qonaqlar cərimə meydançasında Vasilyevə qarşı kobud oynadılar. Artıq qələbənin bir addımlığındaykən hakimin təyin etdiyi penaltini Vidadi Rzayev qeyri-dəqiq vurdu. 2003-cü ilin sonunadək çempionatda 21 tur oynanıldı. Komandamız bütün oyunları qələbə ilə başa vuraraq yeni ilə «Qarabağ» və «Şəmkir»lə birlikdə liderlər qrupunda yollandı.

    Dekabrın sonunda AFFA-nın hesabat-seçki konfransı keçirildi. Son anda Fuad Musayev namizədliyini geri götürdü və «Neftçi»nin prezidenti Ramiz Mirzəyev federasiyanın yeni rəhbəri seçildi. 2004-cü ilin ilk günlərində o, «Neftçi»nin rəhbərliyindən istefa verdi, klubisə «Azərneftyanacaq» Neft Emalı Zavodunun təsisçiliyinə keçdi. Yanvarın 26-da İdarə Heyətinin iclasında Rövnəq Abdullayev flaqmanın yeni prezidenti seçildi. Ukraynadan vətənə dönən Mahmud Qurbanov, Cahangir Həsənzadə, Rusiyadan qayıdan Qurban Qurbanov, «Şəfa»dan isə Zaur Tağızadə ilə müqavilə imzalandı. Yeni oyunçularla güclənən «Neftçi» çempionluğa əsas namizədlərdən sayılırdı və bunun üçün ilk növbədə «Qarabağ»a qalib gəlmək lazım idi. Oyuna azarkeş marağı böyük olduğundan tərəflərin razılığı ilə matç T.Bəhramov adına Respublika stadionunda keçirildi. 15 min tamaşaçının izlədiyi görüşdə hesabı ZaurTağızadənin ənənəvi cinah keçidindən sonra Qurban Qurbanov açdı. Tezliklə meydan sahibləri cavab qolunu vursa da, daha maraqlı oyun göstərən komandamızın növbəti hücumu zamanı müdafiəçi İlham Yadullayev Qurbana qarşı kobud oynadı və zərərçəkən özü penaltini dəqiq yerinə yetirdi. Bundan iki dəqiqə sonra isə oyunun qəhrəmanının ötürməsindən sonra Eltay Aslanov gözəl qol vurdu. Qələbə sayəsində «Neftçi» liderliyi ələ keçirdi. MOİK-lə matç daha çətin keçdi. Meydan sahibləri var qüvvəsi ilə komandamızdan xal almağa çalışır, bəzənsə bunun üçün kobudluqdan çəkinmirdilər. Hətta artıq 7-ci dəqiqədə qapıçı Anar Bayramovun kobudluğu Qurban Qurbanova həyatı bahasına başa gələcəkdi. Dili qatlanan kapitana futbolçuların anında müdaxiləsi onu xilas etdi. Amma kapitanın zədələnməsi də liderliyi əzmlə qoruyub sonda 4-cü çempionluğu qeyd etməyə mane olmadı. Mövsümün finişini əla keçirən komanda ən yaxın rəqibini 5 xal qabaqlayıb ölkəmizi Çempionlar Liqasında təmsil etmək hüququ qazandı.

    Ölkə kubokunda da komandanın qarşısına qoyulan məqsəd əsas mükafata sahib çıxmaq idi. Burada da əsas mərhələ 2004-cü ildə keçirildi. 1/4 finalda «Şəfa»nı mübarizədən kənarlaşdıran (6:1, 1:0) «Neftçi»nin yarımfinalda rəqibi çempionatda güclü təsir bağışlamayan «Bakılı» oldu. T.Bəhramov adına Respublika stadionunda keçirilən ilk oyunda komandamız gözlənilmədən minimal hesabla məğlub oldu – 0:1. «Şəfa» stadionundakı cavab matçındaisə futbolçularımız ilk oyundakı qolun əvəzini çıxmaq üçün hücum futboluna üstünlük verdilər. Amma demək olar ki, oyunun böyük hissəsini müdafiədə keçirən rəqib bütün həmlələrin qarşısını uğurla alırdı. Belə vəziyyət 84-cü dəqiqəyədək davam etdi. Final fitinə 6 dəqiqə qalmış Zaur Tağızadənin sağ cinahdan ötürməsini Aqil Məmmədov qapıdan keçirərək iki oyunun nəticəsinə görə hesabı bərabərləşdirdi. Əlavə vaxtda hesab dəyişməyincə, qalib oyunsonrası penaltilərlə müəyyənləşdi. Ağır oyunun psixoloji yükündən qurtula bilməyən «Bakılı»nin gənc oyunçularından fərqli olaraq komandamızın üzvləri bütün zərbələri dəqiq yerinə yetirib «Şəmkir»lə finalda qarşılaşmaq hüququ qazandılar. Final matçı da gərgin keçdi. Hər iki tərəf ilk növbədə səhvə yol verməməyə çalışır, qapının toxunulmazlığı haqda fikirləşirdilər. Tərəflərin bir neçə qol vəziyyəti yaratdığı anlarda isə qapıçılar səhvsiz oynadılar. Əsas vaxtda qapılara qol vurulmadı və ümidlər daha 30 dəqiqə uzandı. Əlavə vaxtın birinci hissəsinin son dəqiqəsində komandamız cərimə zərbəsi vurmaq hüququ qazandı. Mahmud Qurbanovun uzaqdan vurduğu zərbədən sonra müdafiəçilərə dəyən top hücuma qoşulmuş Samir Abasovun qarşısına düşdü və o şansı əldən vermədi – 1:0. İkinci əlavə hissədə «Şəmkir» çox çalışsa da, «Neftçi»nin tarixində ikinci dəfə «qızıl dubl» etməsinə mane ola bilmədi. Nəticədə flaqman 7 illik həsrətdən sonra çempionluğa, 5 illik fasilədən sonra kuboka və 9 ildən sonra «qızıl dubl»a qovuşdu.

  • 2004/05

     

    İki illik fasilədən sonra Azərbaycan klublarının Avropaya dönməsi bir qədər həyəcanla gözlənilirdi. Birinci vitse-prezident Abbas Abdullayevlə vitse-prezident Namiq Quliyevin yollandığı püşkatma Bosniya-Hersoqovina və Rusiya klublarını komandamıza rəqib seçdi.

    Yeni mövsümün hazırlığını Bakıda başlayan «Neftçi» təlim-məşq toplanışı və yoldaşlıq oyunları keçirmək üçün Kislovodska yollandı. Zədəli kapitan Qurban Qurbanov müalicəsini davam etdirmək üçün paytaxtda qaldı. Komandamızla müqaviləsi ola-ola AFFA-nın da təzyiqi ilə «Turan»a keçməyə məcbur edilən Nadir Nəbiyevdən fərqli olaraq, yeni qoşulan İlham Yadullayev də toplanışa getdi. Rusiyada Pyatiqorskun «Maşuk-KVM» komandası ilə oyun zamanı rəqibin heyətində çıxış edən Anatoli Tebloyevi bəyənən baş məşqçi Kazbek Tuayev onu Bakıya baxışa dəvət etdi. Tebloyevlə bərabər Bolnisinin «Sioni» klubundan hücumçu Şalva İsiani ilə yarımmüdafiəçi David Svanidze də baxışa gəldi və Çempionlar Liqası ərəfəsində hər üç oyunçuyla müqavilə bağlandı. Bəri başdan deyək ki, İsiani «Şiroki Briyeq»lə oyunlardan sonra, Svanidze isə birinci dövrə bitən kimi geri qayıtdılar.

    İyul ayında «Şiroki Briyeq» klubu ilə ilk görüş eyniadlı şəhərdə oldu. İlk dəqiqələrdən futbolçularımızda yaranan çaşqınlıq meydan sahiblərinin 2 top fərqilə irəli çıxmasına səbəb oldu. Amma sona az qalmış Zaur Tağızadənin vurduğu qol cavab görüşü üçün lap yerinə düşdü. Bir həftə sonra Bakıdakı cavab qarşılaşması tamamilə komandamızın üstünlüyü şəraitində keçdi və Emin Quliyevin vurduğu yeganə qol «Neftçi»ni tarixində ilk dəfə qitə turnirlərində növbəti mərhələyə çıxardı. İkinci mərhələdə OMİK-lə Bakıda keçirilən ilk matç hər iki tərəfin şansları olmasına baxmayaraq qolsuz bitdi. Moskvadakı görüş ərəfəsində qarşısına böyük hədəflər qoyan OMİK Amerika Kubokunu («Kopa Amerika») qazanan Braziliya yığmasının hücumçusu Vaqner Lavı heyətinə qatdı. Hər şey də onun ikinci hissədə meydana çıxması ilə dəyişdi. Buna qədər UEFA kubokunun gələcək sahibi üstünlüyə malik olsa da, futbolçularımız həmlələrin qarşısını uğurla alırdı, bəzən isə əks-hücum təşkil edirdilər. Belə vəziyyətlərin birində Qurbanov qapıçı ilə təkbətək çıxsa da, son anda moskvalı qolkiper Akinfeyevin bəxti gətirdi və onun çiyninə dəyən top qapı xəttindən çıxdı. Lavın meydana çıxması ilə hücumlarının sayını artıran ruslar iki dəfə fərqlənərək növbəti mərhələyə adladılar.

    Komanda Bakıya dönüb çempionatın oyununa hazırlaşsa da, Tuayev vətənə bir qədər gec qayıtdı. OMİK-lə oyuna görə «Neftçi»nin birinci turda «Bakı»yla oyunu da təxirə salındı. Baş məşqçisiz ilk oyuna çıxan futbolçularımız əvvəlki gücünü itirmiş «Şəmkir»i son dəqiqələrdə vurduğu yeganə qolla çətinliklə məğlub etdi. Bəri başdan deyək ki, komandamız 3-cü turun «Karvan»la təxirə salınmış oyunu da nəzərə alınmaqla sonraya keçirilən iki matçdan cəmi bir xal toplaya bildi ki, bu da turnir cədvəlindəki vəziyyətə çox pis təsir göstərdi. Autsayderlərdən olan «Gənclərbirliyi», «Göyəzən», «Bakılı», «MKT-Araz» kimi rəqiblər üzərində qələbələr gözlənilmədən «ev»də MOİK-lə heç-heçə və səfərdə «İnter»ə məğlubiyyətlə əvəz olundu. Birinci dövrənin gedişində heyətə xorvat Tomislav Vişeviçlə nigeriyalı Stenli Udenkvorun cəlb olunması da kömək etmədi. Bu arzuolunmaz start və liderlərdən xeyli aralı düşmək rəhbərliyin səbr kasasını doldurdu. Vitse-prezident Namiq Quliyevin ardından Kazbek Tuayev də istefaya göndərildi. 2004-cü ilin ortalarından icraçı direktor işləyən Ramin Musayev vitse-prezident təyin edildi, baş məşqçi isə sovet dövründə uzun müddət «Neftçi»də işləmiş Ağasəlim Mircavadov oldu. Hər iki nəfərin qarşısına qoyulan əsas məqsəd komandada ruh yüksəkliyini qaldırmaq və intizamı bərpa etmək idi. Bəribaşdan qeyd edək ki, hər iki şəxs həm futbolçularda əhval-ruhiyyənin, həm də intizamın yüksək olması üçün xeyli iş gördü. Bunun nəticəsində komanda Tovuzda məğlubiyyət və Cəlilabadda heç-heçə istisna olmaqla qalan oyunlardan qələbə ilə ayrılıb, liderlərə bir qədər yaxınlaşdı.

    «Neftçi» yanvarda MDB və Baltikyanı ölkələrin çempionlarının ənənəvi «Birlik Kuboku» turnirində iştirak edəcəyindən qış fasiləsini digər komandalardan tez bitirdi. Oyun dəsti-xəttimizə uyğunlaşa bilməyən Svanidze ilə Udenkvor, eləcə də Yadullayev komandanı tərk etdilər. Əvəzində, hərbi xidmətdə olan gənclər – Elnur Allahverdiyevlə Rəşad Sadiqov komandaya qayıtdı. Moskvaya səfər ərəfəsində isə son dövrlərin ən uğurlu transferi - gürcü Georgi Adamiya, eləcə də Ruslan Qafitulin və xorvat Darko Çordaşla müqavilə bağlanıldı. İssa Nikiema isə baxış üçün Moskvaya aparıldı və bəyənilməyərək geri qaytarıldı. «Birlik Kuboku» tarixində cəmi bir dəfə 1/4 finala çıxmağa müvəffəq olan Azərbaycan komandasından heç kim uğur gözləmirdi. Amma turnirin favoriti «Şerif» və «Nebitçi» üzərində qələdə «Neftçi»ni 1/4 finala çıxardı. Burada isə azərbaycanlıları əbədi rəqib və əzəli düşmən – ermənilərlə döyüş gözləyirdi. Oyun ətrafında həddən artıq ajiotaj vardı, Rusiyada yaşayan yüzlərlə həmvətənimiz, Bakıdan onlarla azarkeş oyunu izləmək üçün cəmi min nəfər tutan «Dinamo» manejinə axışırdı. Amma tribunalar dolduğundan əksəriyyət Moskvanın dözülməz şaxtasında bayırda qalmasına baxmayaraq sonadək orada gözlədi. Əsəbi keçən görüşün birinci hissəsində futbolçularımızın üzərində dəhşətli psixoloji təzyiq hiss etməsi «Pünik»in ərazi üstünlüyünə yiyələnməsinə səbəb olsa da, ikinci hissəyə «Neftçi» daha inamlı başladı. Yüksək səviyyədə keçirilən 45 dəqiqə Azərbaycana iki möhtəşəm və tarixi qol, düşmən üzərində qələbənin yaratdığı həddi-hüdudu bilinməyən sevinc, tariximizdə ilk dəfə yarımfinala çıxmaq, ermənilərə isə Yerevanda daş-qalaq gətirəcək məğlubiyyət bəxş etdi. Yarımfinalda Adamiyanın iki gözəl qolu ilə Kiyev «Dinamo»suna qalib gələn bakılılar finalda turnirə yarımfinaldan qoşulan Moskva «Lokomotiv»inə rəqib oldular. Onu da əlavə edək ki, «Lokomotiv» kimi «Dinamo» da yarışa yarımfinaldan qoşulub «sıfır»dan başladığından bu mərhələdə bütün iştirakçıların vərəqə göstəriciləri «sıfırlanmış» və «Pünik»lə matçda qırmızı vərəqə alan Rəşad Sadıqov kiyevlilərə qarşı oynamışdı. Finalda Rusiya çempionu güclü heyətlə oynamasına baxmayaraq, hesabı gözəl reyddən sonra Zaur Tağızadə açdı. Amma rusiyalı yan xətt hakimlərinin «səyləri» bütün hücumlarımızı yarımçıq saxladığı halda, «Lokomotiv» iki dəfə fərqlənib turnirin qalibi oldu. Burada 8 günə 5 oyun keçirən futbolçularımızın həddən artıq yorulması da rol oynadı. Bununla belə, gümüş medal, Adamiyanın bombardir olması və Vidadi Rzayevin turnirin ən yaxşı oyunçu seçilməsi «Neftçi»nin aktivinə yazıldı. Bu uğurdan sonra komandamızın üzvlərini qəbul edən ölkə prezidenti İlham Əliyev cənablarının ermənilər üzərində qazanılan qələbəyə görə hamıya minnətdarlığını bildirdi, futbolumuzun inkişafında «Neftçi»nin bu uğurunun böyük rol oynayacağını vurğuladı. Klubun prezidenti Rövnəq Abdullayev isə ölkə başçısına «Neftçi»nin formasını, atributlarını və «Birlik Kuboku»nun gümüş medalını təqdim edərək, bu uğurun ulu öndər Heydər Əliyev cənablarının idmana göstərdiyi qayğının bəhrəsi olduğunu söylədi.

    Çempionatın ikinci dövrəsi ərəfəsində komanda son hazırlıq prosesini Antalyada keçirdiyi təlim-məşq toplanışı ilə yekunlaşdırdı. İkinci dövrəyə «Bakı»yla heç-heçə ilə başlayan «Neftçi» ardıcıl qələbələrlə liderlər qrupuna daxil olmuşdu ki, «İnter», ardınca isə gözlənilmədən «MKT-Araz»la «ev»də heç-heçələr vəziyyəti çətinləşdirdi. İkinci dövrənin ortalarında isə heyəti gücləndirmək məqsədilə sloveniyalı hücumçu Tomislav Mişura və gürcü Valeri Abramidze ilə də müqavilə bağlanıldı. Futbolçularımız çempionatın həlledici mərhələsi sayılan son 5 tura liderlərlə bir sırada gəlsə də, «Qarabağ»la Suraxanıda keçirilən dramatik oyun çempionluq şansını azaltdı. Əvvəlcə ağdamlılar hesabı açdı, sona 9 dəqiqə qalmış Tomislav Mişura cavab qolunu vurdu. Amma meydan sahibləri hakimin əlavə etdiyi dəqiqələrdə qələbə qolunu vura bildilər. Çempionluq şansının qalması üçün «Neftçi» əsas rəqibləri olan «Turan» və «Xəzər-Lənkəran»ı Bakıda, «Gəncə»ni isə səfərdə udmalıydı. Bütün bu qarşılaşmaları birnəfəsə keçirən futbolçularımız inanılmaz əzmkarlıq göstərərək vacib olanı olduqca çətin mübarizədə əldə etdilər. «Şəfa» birinci dövrədən sonra çıxışını dayandırdığından, son turda texniki qələbə alan komandamız çempionluğunu rəsmiləşdirmək üçün digər rəqiblərinin oyunlarını gözləməli idi. Gəncədə son dəqiqələrdə vurulan penalti ilə qələbə qazanan «Xəzər-Lənkəran» xalını «Neftçi» ilə bərabərləşdirdi və əsasnaməyə görə çempion «qızıl oyun»da müəyyənləşməli oldu. Klub tarixinin daha bir şərəfli oyunu iyunun 10-da 25 minə yaxın azarkeşin gözü qarşısında Gəncə şəhər stadionunda keçirildi. Milli çempionatlar tarixində ilk dəfə olaraq əcnəbi hakimin idarə etdiyi matça Azərbaycanın hər tərəfindən futbolsevərlər gəlmişdi, bütün ölkə bu qarşılaşma ilə nəfəs alırdı. Karlo Bertolininin start fitindən sonra lənkəranlılar irəli atılıb hesabı açdılar. Ən çətin anlarda toparlanmağı bacardığını dəfələrlə nümayiş etdirən «Neftçi» futbolçuların döyüşkən ruhu nəticəsində ikinci hissədə Ruslan Abbasovun uzaq məsafədən vurduğu qarşısıalınmaz zərbə ilə hesabı bərabərləşdirdi. Bir neçə dəqiqə sonra isə Zaur Tağızadə qələbə qolunu vurdu. Komandamız əzmkar keçirdiyi mövsümü layiqli qələbə ilə başa vurub 5-ci çempionluğuna qovuşdu.

    Bir il əvvəlkindən fərqli olaraq «Neftçi»nin «qızıl dubl» etməsinin qarşısını bu dəfə hakimlər aldı. 1/8 finalda «Bakılı»nı məğlub edən (3:2) çempion 1/4 finalda «İnter»lə qarşılaşdı. «Ev»də birinci oyun 0:0 bitdiyindən, hər şey cavab oyununda həll olunmalı idi. O cavab oyununda ki, «Şəfa» stadionunda artıq 15-ci saniyədə hakim İmanxan Sultani Ruslan Abbasova yersiz qırmızı vərəqə göstərib qonaqları azlıqda qoydu. Hər iki tərəfin cəhdlərinə baxmayaraq, əsas vaxtda hesab açılmadı. Əlavə vaxtda isə Sultani bu dəfə Anatoli Tebloyevə ikinci «sarı»nı göstərdi. Rəqibə, hakimə və azlıqda qalmanın yaratdığı psixoloji təzyiqə qarşı mübarizə aparan futbolçularımız sonuncuya qalib gələ bilmədilər. Komandamız oyunsonrası penaltilərdə «silahı» yerə qoymalı oldu.

     

  • 2005/06

    Komandanın çempion olmasına baxmayaraq, baş məşqçi Ağasəlim Mircavadov heyətdə ciddi dəyişikliklərə əl atdı. Əvvəlcə müqaviləsi bitən kapitan Qurban Qurbanov, Emin Quliyev və Mahmud Qurbanov komandanı tərk etdilər. Hüseyn Məhəmmədov, Tomislav Vişeviç və Anatoli Tebloyevlə isə məşqçi yollarını ayırdı. Onların əvəzinə «Turan»dan Nadir Nəbiyev, «Bakı»dan Aleksandr Çertoqanov, Moldova yığmasının yarımmüdafiəçisi Vadim Borets və yuqoslavlar - qapıçı Vladimir Miçoviçlə hücumçu Branimir Subaşiç heyətə cəlb edildilər. Əksəriyyət gələnlərin gedənlərin yerini doldura bilməyəcəyini ehtimal etsə də, Çempionlar Liqasındakı oyunlar bu ehtimalları alt-üst etdi. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlının iştirak etdiyi püşkatma mərasimində məlum oldu ki, ilkin mərhələdə «Neftçi»nin rəqibi İslandiya çempionu «Hafnarfyordur» komandası olacaq. Cütün qalibini isə ikinci mərhələdə məşhur «Anderlext» (Belçika) gözləyirdi.


    Komandamız Çempionlar Liqasına hazırlığını elə Bakıda keçirdi. Yoxlama oyunlarında yeni futbolçuların komandaya uyğunlaşması sevindirici oldu. İslandlarla ilk matç Bakıda keçirildi. «Neftçi» ilk dəqiqələrdən qonaqları topsuz qoyaraq bir neçə təhlükəli hücumlar həyata keçirdi. Belə hücumların birində künc zərbəsindən sonra müdafiəçilərin qaytardığı topu Aqil Məmmədov dəqiq zərbəylə uzaq küncə göndərdi. Bununla belə, İslandiya çempionu irəli atılmır, imkan düşdükcə əks-hücuma keçməyə çalışırdılar. Komandamız isə sonadək ikinci qolu vurmağa çalışdı və hakimin əlavə etdiyi dəqiqələrdə Tağızadənin sağdan havayla ötürməsini meydana yeni daxil olmuş Tomislav Mişura qapıdan keçirdi. Ekzotik İslandiyadakı oyunun taleyini də demək olar ki, o həll etdi. Birinci hissədə hücumu hücuma calayan meydan sahiblərinin həmlələri qarşısında futbolçularımız çətinliklə dayanırdı. Bu azmış kimi Çertoqanov da qırmızı vərəqə alaraq komandamızı çətin vəziyyətə saldı. İkinci hissə eyni ssenari ilə başlasa da, topu mərkəzdə alıb 4-5 müdafiəçini keçərək fərqlənən Mişuranın qolu ikinci mərhələnin qapısını araladı. Nadir Nəbiyevin qolundan sonra meydan sahibləri fərqlənsə də, «Neftçi» Azərbaycan klubları arasında ilk dəfə olaraq Avropa kuboklarında səfərdə qələbə qazanıb, eyni rəqibi iki dəfə məğlub etdi. İkinci mərhələdəki «Anderlext»lə Brüsseldəki matça meydan sahibləri çox yaxşı hazırlaşmışdılar. Möhtəşəm azarkeş dəstəyi onlara güc, bizimkilərə isə başağrısı oldu. Start həyəcanını boğa bilməmiş qapımızda ilk qol, ardınca ikinci və üçüncü… Artıq özünü itirən komandamıza sanki heç nə kömək edə bilməzdi. Təcrübəli belçikalılar 5:0 qalib gəlib Bakıya rahat yollandılar. Amma T.Bəhramov adına Respublikastadionunda artıq 4-cü dəqiqədə Subaşiçə qarşı kobudluğa görə təyin olunan penaltini Borets qola çevirdi. Qarşıdakı 15 dəqiqə ərzindəbu futbolçu iki dəfə təkbətək çıxdığı epizodlarda da dəqiq olsaydı, bu cütün taleyinin necə olacağı bilinməzdi.


    Çempionlar Liqasından sonra Cahangir Həsənzadə heyəti tərk edərək «Qarabağ»a yollandı. Milli çempionat ərəfəsində hamı «Neftçi»nin rəqiblərindən xeyli üstün olduğunu düşünsə də, komandamız birinci dövrəni zəif keçirdi. Xüsusilə də «ev» oyunlarında gözlənilməz xalların itirilməsi komandamızı çətin vəziyyətdə qoydu. Səfərdə «MKT-Araz»ı, «Turan»ı, «Xəzər-Lənkəran»ı udan bakılılar T.Bəhramov adına Respublika stadionunda «Karvan», «Bakı», «Olimpik», «İnter», hətta «Gənclərbirliyi» ilə heç-heçə oynayıb «Gəncə»yə məğlub oldu. Nəticədə birinci dövrədən sonra «Neftçi» lider «Karvan»dan 4 xal geridə idi.


    Qış fasiləsindən yanvarın əvvəlində qayıdan komandamızın ilk sınağı Moskvada oldu. Ötən il olduğu kimi «Neftçi» MDB ölkələri çempionlarının «Birlik Kuboku»nda Azərbaycanı təmsil etməli idi. Turnirə hazırlığı Bakıda keçən baş məşqçi Ağasəlim Mircavadov baxışa gələn futbolçulardan bolqar Svetoslav Stefanovu bəyənərək heyətə daxil etdi. Əvəzində komandadan xaric edilən Darko Çordaş, zədəli Zaur Tağızadə ilə Rəşad Sadıqov turnirdə bizə kömək edə bilməyəcəkdi. Qrupdakı ilk iki oyunu qələbə ilə başa vuran futbolçularımız «Aktobe» ilə heç-heçə oynayıb qrup qalibi kimi 1/4 finala yüksəldi. Burada isə «Paxtakor»la mübarizə çətin keçdi. Tərəflərin səylərinə baxmayaraq, əsas vaxtda hesab açılmadı. Turnirin əsasnaməsinə görə, əsas vaxtdan dərhal sonra penalti zərbələri yerinə yetirildi. Futbolçularımız bu seriyada dəqiq olsalar da, özbək futbolçulardan ikisinin zərbəsini turniri yüksək səviyyədə keçirən qapıçı Vladimir Miçoviç dəf etdi. Sonuncu penaltini yerinə yetirməli olan qapıçının zərbəsinə ehtiyac olmadı. Yarımfinalda yenə də «Neftçi» «Pünik»lə oynamalı idi. Amma yarımfinala bir gün qalmış ermənilərin Moskvanı tərk etdikləri məlum oldu. Futbolçularımızın qarşısına çıxmaqdan qorxan ermənilər gecəylə oteldən çıxaraq Yerevana qaçmışdılar. Buna görə də «Neftçi» ikinci il ardıcıl olaraq finala yüksəldi. Olduqca maraqlı keçən final oyununda «Kaunas» hesabı açsa da, futbolçularımız özlərini itirmədilər. Altı mindən çox soydaşımızın dəstəyi ilə irəli atılan komandamız nümayiş etdirdiyi gözəl oyun nəticəsində Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq «Birlik Kuboku»nu qazandılar. Bakıda aeroportdan şəhərədək düzülmüş azarkeşlər futbolçularımzı qəhrəman kimi qarşıladılar. Komanda üzvlərini qəbul edən ölkə başçısı İlham Əliyev bu qələbəyə görə təşəkkür edərək, futbolçularımıza bir il əvvəl kuboku qazanacaqları haqda verdikləri sözə əməl etdiklərinə görə minnətdarlığını bildirdi.


    Moskvada nümayiş etdirilən futboldan sonra mütəxəssislər «Neftçi»nin tezliklə çempionatda da liderliyi ələ keçirəcəyini proqnozlaşdırırdılar. İkinci dövrənin ilk 5 matçında qələbə qazanaraq rəqib qapılarından 16 top keçirən komandamız Bakıda «MKT-Araz»la heç-heçə oynayaraq az qala çempionluq şanslarını itirəcəkdi. Amma liderlərin də büdrəməsi ümidləri artırdı. Qələbələri sıralayan «Neftçi» 24-cü turda «Bakı»nı məğlub etməklə tarixdə ilk dəfə ardıcıl 3-cü çempionluğu qeyd edəcəkdi. Mayın 7-də keçirilən oyunun demək olar ki, əvvəlindən axırınadək üstünlük tərəfimizdə oldu. Buna baxmayaraq, hücumçularımız əldə etdikləri qol epizodlarından yararlana bilmədilər. Sona 6 dəqiqə qalmış isə müdafiəmizdəki yeganə səhvdən yararlanan Qomeş «Bakı»nı «qızıl»a, «Neftçi»ni isə «bürünc»ə doğru aparanqolu vurdu. Çempionluğa digər namizəd «Karvan»la Yevlaxdakı qolsuz heç-heçə bütün ümidlərindən üstündən xətt çəkdi. Buna qədərsə ölkə kubokunda «Qarabağ»la çətin yarımfinal mərhələsində mübarizəni dayandırdığından (0:0, 0:1) «Neftçi» yalnız «bürünc» medalla kifayətlənməli oldu.

  • 2006/07

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism