Əli Əbilzadənin küçə futbolundan usta komandayadək
keçdiyi yol o qədər də uzun olmayıb. 1946-cı ildə 16 yaşlı Əli o vaxtlar
Mərkəzi Pionerlər Sarayında yaranmış futbol bölməsinə üzv yazılıb. İlk məşqdən
sonra tanınmış futbol mütəxəssisi olan Mixail Alimkin ona hücumda oynamağı
məsləhət görüb. Bu onun sevincinə səbəb olub. Axı o, qol vurmağı çox sevirdi. Bu, onda alınırdı. Üç ildən sonra onu
«Neftyanik»ə dəvət ediblər. Onda məşqçilər bu gənc hücumçunun komandamızın
heyətində vurduğu qollarla azarkeşləri çox sevindirəcəyini gözləyirdi. Əli də
ümidləri doğrultdu. Leninabad (keçmiş Düşənbə) komandası və İndoneziyanın yığma komandası ilə oyunlarda
Əbilzadənin "het-trik”ə imza atması onun bombardirlik keyfiyyətinin yüksək
olduğunu göstərdi.
Vaxtilə «Neftyanik»də bir yerdə oynamış idman ustası
Çingiz İsmayılov Əlini çox gözəl və
zarafatcıl insan kimi xatırlayır: «Sonralar o, Bakının «Dinamo» komandasında
məşqçi olanda məni də ora dəvət etmişdi. Əli yaxşı məşqçilik istedadına malik
idi. O, oyunu çox gözəl başa düşürdü. Oyunun gedişində futbolçuları nə vaxt
əvəzetməsini yaxşı bilirdi. Onun həmişə əvəzetməsindən sonra oyunun gedişində
dönüş yaranırdı».
Əlinin ən yaxın dostlarından biri Azərbaycanın əməkdar
jurnalisti, məşhur futbol şərhçisi Valid Sənani olub: Bizim dostluğumuzun səbəbkarı
1959-cu ildə «Neftçi»nin Kamboca və Tailanda səfəri oldu. O vaxt mən radionun
«Xəbərlər» baş redaksiyasının müdiri işləyirdim. İdman xəbərlərini və «İdman»
radiojurnalını bizim redaksiya hazırlayırdı. «Neftçi» səfərdən qayıdan günün
sabahı biz Əlini səfər haqqında danışmaq üçün radioya dəvət etdik. Əli rus
məktəbini bitirdiyindən azərbaycanca sırf məhəllə dilində danışırdı. Buna görə
onun üçün bir səhifə mətn yazdıq. Bunu senzura tələb edirdi. Sovet dövründə
senzura mütləq verilişi oxuyur, sonra efirə icazə verirdi. Əli yazılı mətni çox
çətinliklə oxuduğundan xahiş etdi ki, efirə verməyək, onu, özünün dediyi kimi,
camaat arasında biabır etməyək. Mətni onun adından diktor oxudu. O gündən bizim
yoldaşlığımız, daha sonra ailəvi dostluğumuz başlandı. «Neftçi»nin oyunundan,
«Neftçi» səfər matçlarından qayıdandan sonra mütləq ya bizim evdə, ya da
onlarda görüşür, komanda qalib gələndə sevinclə, fəxrlə oyunun ən yaxşı
məqamlarını yada salır, uduzanda isə çalışırdıq oyundan danışmayaq. Əli məndən
xahiş edirdi ki, onunla yalnız azərbaycanca danışım. Əlinin atası Bağır kişi
vaxtilə Bakının məşhur qəssablarından idi. Buna görə də Çəmbərəkənddə Əlini
qəssab Bağırın oğlu deyə çağırırdılar. Bir dəfə uşaq-gənclər nəşriyyatının baş redaktoru
Hacı Hacıyevlə söhbət əsnasında
«Neftyanik»in səfərlərindən söz düşdü və Hacı müəllim Əliyə təklif etdi ki, bu
barədə kitab yazsın. Əli mənə müraciət etdi və birlikdə «Neftçi»nin səfərləri»
kitabını yazdıq. Kitab futbol azarkeşləri arasında çox tez yayıldı. Əli
Əbilzadə çox səmimi, nikbin, zarafatcıl, dostluğa sadiq bir insan idi. Onu
tanıyanlar Əlinin xatirəsini həmişə hörmətlə yad edirlər. Allah ona rəhmət
eləsin».
1961-ci ildə B.Arkadyev Əliyə ikinci məşqçi olmağı təklif
etdi. O vaxt Əlinin 31 yaşı
vardı. Bu yaş sovet futbolunda «qoca» hesab edilirdi. Əli gözləmədiyi bu
təklifə çox sevindi. O, Arkadyev kimi məşqçinin köməkçisi olması ilə fəxr edir,
ondan bacardıqca çox şey öyrənməyə çalışırdı. Bu da Əlinin sonrakı illərdə
məşqçi kimi fəaliyyətində özünü göstərdi. Sonralar Əli Əbilzadə respublikanın
bir çox komandalarında baş məşqçi kimi sərbəst işlədi. Hətta «Göyəzən»in baş
məşqçisi işləyən zaman onun alicənablığı bütün SSRİ-yə yayılmışdı. Epizodların
birində qazaxlı müdafiəçi gənc komanda yoldaşını sillə ilə vursa da, hakim bunu
görmədi. Amma Əbilzadə gördü və… müdafiəçini kənara çağırıb soyunub-geyinmə
otağına yolladı. Komanda isə qalan dəqiqələri azlıqda keçirmək məcburiyyətində
qaldı.
Onun sonuncu iş yeri Şamaxıda olub. 1993-cü ildə
Şamaxının «Şirvan» komandasının baş məşqçisi idi. Amma burada işini sona
çatdıra bilmədi. Aprelin 11-də Neftçalada yerli komanda ilə oyundakı qələbədən
sonra Bakıya qayıdan keçmiş hücumçu bir neçə saat sonra evində qəfil
ürəktutmasından vəfat etdi.