Əli Rəhmanov | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Əli Rəhmanov

1960-cı illərdə komandamızın uğurlu çıxış etməsi bir çox gənclərin futbola gəlişinə təkan verdi. Elə sonralar «Neftçi»nin liderinə çevrilib, 6 il kapitan sarğısı daşıyan Əli Rəhmanov da həmin vaxt – 1965-ci ildə ən populyar idman növü ilə məşğul olmağa başladı. 18 yaşlı Ələkbərin (yəqin ki, çox az adam onun əsl adının belə olduğunu bilir) təcrübə toplaması üçün yarımmüdafiəçini ustaların yanına cəlb etdilər. Rəhmanov məhz beləcə yetişib, püxtələşdi. Sonralar o, həmin günləri belə xatırlayırdı: «Xoşbəxtliyim onda olub ki, yaxşı məşqçilərin əlinin altında böyümüşəm. Yaşar Babayev, Kazbek Tuayev, Valeri Hacıyev, Anatoli Banişevski, Vladimir Bruxti kimi futbolçulardan çox şey öyrənmişəm».

Məşqçilər Rəhmanovu 1968-ci ildə komandamızın əsas heyətinə cəlb etdilər. Tezliklə «Neftçi»nin aparıcı oyunçularından birinə çevrilən Rəhmanovun istedadlı olması barədə xəbərlər Respublikamızdan kənara da gedib çıxdı. Donetskin «Şaxtyor» klubu yarımmüdafiəçini öz heyətində görmək istəsə də, futbolçu Bakıdan ayrıla bilmədi. Çünki o, bu şəhərdə böyüyüb, burada özünü təsdiqləmişdi.

Yarımmüdafiəçinin ilyarım futboldan ayrı düşməsi ilə komandamızın güclülər dəstəsini tərk etməsi eyni vaxta təsadüf etdi. Bəzən talelərinin oxşarlığına görə Əli Rəhmanovu Sovet futbolunun ən parlaq simalarından olmuş Eduard Streltsovla müqayisə edirlər. O da Moskva «Torpedo»sunun forvardı kimi karyerasının ən yaxşı vaxtlarında dəmir barmaqlıqlar arxasına düşdü. Bəlkə də indiki nəsil Rəhmanovun nəyə görə həbs edildiyini eşidəndə təəccüblənəcək. Bəli, həmin vaxtlar valyuta saxlamaq ağır cinayətlərdən sayılırdı. Komandamızın futbolçusu 7 ay DTK-da (Dövlət Təklükəsizlik Komitəsi), 14 ay isə ciddi rejimli həbsxanada min cür əzab-əziyyət çəkdi. Amma bu da Əlini sındırmadı. O, dəmir barmaqlıqlar arxasından çıxdıqdan sonra yenidən «Neftçi»nin sıralarına dönərək, parlaq oyunu ilə azarkeşlərimizi sevindirməyə özündə güc tapdı. Meydandakı kimi həyatda da əzmkarlığı və döyüşkənliyi ilə lider olan Rəhmanov aldığı zərbədən özünü itirmədi. O dövr üçün nə qədər təəccüblü olsa da, Əli dəmir barmaqlıqlar arxasından çıxıb komandamıza döndükdən sonra kapitanlığı ona həvalə etdilər. Halbuki Sovet İttifaqı vaxtı Mərkəzi Komitə, DTK bu cür məsələlərə ciddi yanaşırdı. Görünür, həmin təşkilatların rəhbərləri də başa düşdülər ki, Əlinin elə bir günahı yoxdur. Əfsanəvi Konstantin Beskov yarımmüdafiəçini həbsxanaya düşməzdən qabaq SSRİ Olimpiya yığmasına cəlb etmək istəyirdi. Moskvadan komandamızın ünvanına teleqram gələndə, Rəhmanov artıq DTK zirzəmilərində əziyyət çəkirdi.

«Neftçi»nin yenidən Güclülər dəstəsinə yüksəlməsində onun böyük rolu oldu. Ümumiyyətlə, həmin vaxt heyətdə əla kollektiv formalaşdı. Rəhmanov təkcə xarakterinə görə yox, oyun keyfiyyətlərinə görə də əsl lider idi. Bütün standart vəziyyətləri, künc zərbələrini, cərimə zərbələrini o yerinə yetirirdi. «Neftçi» Güclülər dəstəsinə vəsiqə qazanandan sonra 3 il kapitanlıq sarğısını daşımış Rəhmanov 1980-ci ilin əvvəllərində futbolçu karyerasını başa vurdu. Sonradan özünü məşqçilikdə sınayan Rəhmanovun ilk klubu Naxçıvan «Araz»ı oldu. O, Qazaxın «Göyəzən» klubunu SSRİ kubokunun 1/4 finalına yüksəltdi. Rəhmanov Sovetlər dövründə Yevlaxın «Avtomobilçi» və Bakının «Torpedo» klublarını da çalışdırıb.

Uzun illərdən sonra doğma «Neftçi»yə qayıtmış mütəxəssis bir müddət Əhməd Ələsgərovun köməkçisi kimi də fəaliyyət göstərdi. O, müstəqillik illərində yenidən Naxçıvana qayıdaraq ağır vəziyyətdə olan «Araz»a rəhbərlik etdi. Rəhmanov bir müddət Olimpiya yığmasını da çalışdırdı. Mərhum futbolçunun oğlu Elçin də karyerasını məhz «Neftçi»də bitirdi. Uzun illər «ağ-qara» formanı daşıyan Elçin də atası kimi meydanın mərkəzində çıxış etdi. Meydanın mərkəzində də bir neçə il atasını əvəzlədi.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism