Məmmədəli İsmayılov | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Məmmədəli İsmayılov

«Neftçi»nin yaranma tarixindən danışarkən, komandanın heyətindəki ilk futbolçuları ayrıca xatırlamağa ehtiyac var. Xüsusilə də komandamızın ilk azərbaycanlılarını. Onların sayı isə lap az – cəmi üç nəfər olub. Qapıçı Məcid Cəfərovla hücumçu Kənan Əbiyev haqda demək olar ki, heç bir məlumat yoxdur. Amma Məmmədəli İsmayılov – ilk kapitanımız barədə mütləq geniş ictimaiyyətə məlumat vermək lazımdır. Barmaqla sayılası qədər az olan azərbaycanlı futbolçulardan biri Məmmədəli İsmayılov komandanın ilk kapitanı seçildi. O dövr üçün bu, böyük hadisə idi. Hətta güclü oyunu ilə ad çıxarmış Mirmehdi Ağayev «Temp»də bu şərəfə nail ola bilməmişdi. Bu fakt ona görə qeyd olunmalıdır ki, «Neftyanik»in yaranması Azərbaycanın tarixinə qanlı illər kimi düşən dövrə təsadüf edirdi. Represiya dövrü kimi tarixə düşmüş həmin illərdə Azərbaycanda, demək olar ki, heç bir təşkilata azərbaycanlıların rəhbərlik etməsinə imkan verilmir, həmyerlilərimiz hər yerdə təqib olunurdu. Buna qarşı çıxan ziyalı və imkanlı aristokrat təbəqənin nümayəndələri isə sorğu-sualsız güllələnir, Sibirə sürgün edilirdilər. Belə qan qoxusu gələn dövrlərdə Məmmədəli İsmayılov öz liderlik keyfiyyətləri hesabına kapitan olmuşdu.

Komanda haqda ilk məlumatın verildiyi «Azərbaycan bədən tərbiyəçisi» qəzetinin 21 mart 1937-ci il tarixli nömrəsində ilk kapitan Məmmədəli İsmayılovun futbol mövsümü haqda fikirləri də dərc olunmuşdu: «Bizim komanda Lenin mədən sənayeçiləri bədən tərbiyəsi kollektivi nəzdində, əsasən gənclərdən təşkil olunub. Bir neçə təcrübəli oyunçuyla gücləndirildikdən sonra biz çıxış etməli olduğumuz Ümumittifaq yarışlarında yaxşı nəticələr əldə edə bilərik. «Tərəqqi» komandasının şanlı ənənəsi olan kollektiv oyun bizim gənclər tərəfindən yaxşı mənimsənilib ki, bunun da bizə çox xeyri dəyə bilər».

İsmayılovun müdafiədəki oyununu çox az adam xatırlaya bildi. Bəziləri onun Çingiz İsmayılovla qohum olduğu barədə fikirlər bildirsə də, keçmiş qapıçı bunu inkar etdi. Çingiz müəllim yalnız onu dedi ki, Məmmədəli fiziki göstəriciləri ilə oyundaşlarından seçilirdi. Buna səbəb isə Məmmədəli İsmayılovun futbolla yanaşı reqbi ilə də məşğul olması idi. Vaxtilə İsmayılovun həyatını araşdıran məşqçi Bəşir Əliyev onun yaxınlarından yalnız Sabunçu qəsəbəsində yaşayan qızını tapa bilib: «Məmmədəlinin şəklini də elə o vaxt qızından almışdım. Yoxsa arxivdə onun haqda məlumat çox az idi».

Məmmədəlinin çox maraqlı ləqəbi də olub. Təkcə azarkeşlər deyil, futbolçu yoldaşları da onu «Mindi» ləqəbi ilə tanıyırmışlar. Deyilənə görə, bu ad ona oyunların birindən sonra verilib. Rəqibi ilə top uğrunda mübarizəyə qalxan Məmmədəli fiziki göstəricilərindən istifadə edib daha yüksəyə tullanıb və birbaşa rəqib futbolçunun boynuna minib. Bundan sonra isə onun adı elə «Mindi» qalıb.

1937-ci ildəki ilk heyətdə çıxış edən «Mindi» Böyük Vətən Müharibəsi başlayan zaman ön cəbhəyə yollanıb. Burada şücaət göstərən futbolçumuz idmançı kimi cəbhə bölgələrində tez-tez keçirilən oyunlara qatılırmış. Buna görə də formasını qoruyan müdafiəçi müharibədən qayıtdıqdan sonra «Neftçi»yə döndü.

Komanda müharibənin sonuncu ilində Azərbaycan çempionu olanda onun zəhməti böyük olub. O, futbolçu kimi çıxış etməklə yanaşı, komandanın bərpa edilməsi üçün də böyük işlər görüb. 1946-cı ildə «Neftyanik» yenidən SSRİ birinciliyinə qatılanda ilk kapitan yenə də komandasına kapitanlıq edib. Bütün təşkilati işlərin həyata keçirilməsində o şəxsən iştirak edib. Həmin ildə o, oyunçu kimi də meydana çıxıb. Onun meydana çıxmasını azarkeşlər alqışlarla qarşılayıb, qeyri-millətlər içərisində tək-tük də olsa, azərbaycanlının olmasına seviniblər. Ancaq yaşının çoxluğu və cəbhədə aldığı yaralar onu futbolçu karyerasına son qoymağa məcbur edib. Meydana çıxdığı həmin yeganə oyun «Mindi»nin karyerasında sonuncu olub. Meydanı tərk etsə də, azarkeşlər onu uzun müddət «Neftçi»nin ilk azərbaycanlı kapitanı kimi unutmadılar. Tanımayanlarla isə biz onu tanış etdik.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism