Mübariz Zeynalov "Neftçi”nin
yarandığı gündən düz 8 il sonra, 1945-ci il mart ayının 18-də Gəncə şəhərində dünyaya
gəlib. Uşaq yaşlarından futbola böyük həvəsi olub. "Alüminium zavodu”
komandasında futbol oynayan Ağa Abbasov adlı qonşusu küçədə 15-16 yaşlı
Mübarizin oyununu görüb onu komandaya dəvət edib. Orada məşqçilər tərəfindən
bəyənilən Zeynalov bir müddət "Alüminium zavodu” komandasında çıxış edib.
Mübariz Zeynalov 17 yaşında isə SSRİ çempionatının ikinci dəstəsində çıxış edən
Gəncənin "Dinamo” klubuna cəlb olunub. 1964-cü ildə onu "Dinamo”nun əsas
heyətinə cəlb edilib. Bir il sonra komandanın SSRİ çempionatının güclülər
dəstəsinə vəsiqə qazanmasında Mübariz Zeynalovun da müstəsna rolu olub.
1966-cı ilin may ayında Bakıda "Dinamo”
- "Krasnodar” oyunu baş tutub. Görüş başa çatdıqdan sonra "Neftçi”nin rəisi və baş
məşqçisi Viktor Sokolov, eləcə də Ali Sovetin Rəyasət Heyəti sədrinin müşaviri Tofiq
Bağırov paltardəyişmə otağına gələrək Mübariz Zeynalov ilə Nizami Salahova Bakıda,
"Neftçi” klubunda qalmasını təklif ediblər. Bununla da may ayında ölkənin əsas
komandasına dəvət olunan Zeynalov mövsümün sonunadək 20 oyun keçirərək
"Neftçi”nin bürünc medullar qazanmasında da pay sahibi olub. Komandaya may
ayında qoşulmasına baxmayaraq, 20 oyunda, yəni görüşlərin 50 faizindən çoxunda
iştirak etdiyi üçün bürünc medala layiq görülən 12 futbolçudan biri kimi tarixə
düşüb.