Ələkbər Məmmədov | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Ələkbər Məmmədov

Azərbaycan futbolunun yetirməsi olan Ələkbər Məmmədovun hücumçu istedadı respublikamızın hüdudlarını aşaraq, əvvəlcə ittifaqa, sonra isə bütün dünyaya yayılıb. 1930-cu il mayın 9-da Bakıda anadan olan Ələkbər Məmmədov ağır və mərhumiyyətli həyat yolu keçib. Erkən yaşından atasını, daha sonra bacı və qardaşını itirən Məmmədov anasının himayəsi altında qalıb. Yaşayış səviyyəsi ağır olduğundan o, uşaq yaşlarından əməklə məşğul olaraq anasına kömək edib. Dövrünün əksər uşaqları kimi, o da futbolun sirlərini «küçə futbolunda» öyrənib. Əsasən «Soldat bazarı» və «Salyan kazarması» meydanlarında top qovalamaqla məşğul olan Məmmədovu tezliklə «Spartak» cəmiyyətinin gənclər komandasına dəvət edirlər. 1945-ci ildə bu cəmiyyətin komandasını Moskvaya, «Spartak» mərkəzi şürasının çempionatına göndərəndə Ələkbər də onların arasında idi. Moskvadakı oyunlarda da fərqlənən Məmmədov o dövrün məhşur futbolçuları olmuş Jmelkovla Akimovdan xoş sözlər eşitmişdi.

Artıq istedadı ilə seçilən Ələkbəri «Neftyanik»ə dəvət edirlər. Həmin vaxt onun cəmi 17 yaşı var idi. Çox gənc olmasına baxmayaraq, elə ilk günlərdən komandanın heyətində möhkəmlənə bilir və uzun müddət onun əsas simalarından birinə çevrilir. 1949-cu ildə «Neftyanik» güclülər dəstəsinə buraxılanda da Ələkbər komandada idi. Heyətdəki dəyişikliklərə baxmayaraq, o, komandanın əsas fiqurlarından biri idi. Ələkbər həmin mövsüm komandanın kapitanı Naum Naumtsev və İsay Abramaşviliylə birgə bütün oyunlarda meydana çıxır. Ələkbər növbəti futbol mövsümünü də əla keçirməsinə baxmayaraq, «Neftyanik» güclülər dəstəsində yerini qoruyub saxlaya bilmədi. İki mövsümdə güclülər dəstəsində cəmi 9 top vurmasına rəğmən o, komandasına xeyli fayda verə bilirdi. Rəqib cəbhədə çaşqınlıq yarada bildiyindən, onu saxlamaq üçün bir müdafiəçi kifayət etmir, Ələkbərin komanda yoldaşları isə bundan yararlana bilirdilər.

1951-ci ildə «Neftyanik» B sinifinə düşür və Məmmədov komandanın əsas zərbə qüvvəsi olur. O, mövsüm ərzində keçirilən 34 görüşün hamısında meydana çıxaraq rəqib qapısından 21 top keçirir. Vurulan qollara görə o, komandasının bombardiri olaraq, öz zonasında S.Arzamastsevdən («Torpedo» Stalinqrad) sonra ikinci nəticə göstərir. Vurulan 21 topdan biri isə daha əlamətdar olub. 1951-ci il sentyabrın 16-da İ.V.Stalin adına Respublika stadionunun (indiki T.Bəhrəmov) rəsmi açılış günündə ilk topu məhz Ələkbər vurur. Lakin «Neftyanik» həmin il güclülər dəstəsinə keçə bilmədiyindən, rəhbərliyin qəzəbinə tuş gəlir və komanda demək olar ki, buraxılır. Heyətin beş oyunçusu, o cümlədən Ə.Məmmədov komandada qalır, «Neftyanik» demək olar ki, yenidən formalaşır. Maraqlıdır ki, o vaxt cəmi 22 yaşı olan Ə.Məmmədovu komandaya oynayan baş məşqçi təyin etmək istəyirdilər. Məhşur forvard öz xatirələrində bu haqda belə yazır: «Neftyanik»in bütün hazırlıq mərhələsini mən evdə keçirdim. Bunun əsas səbəbi isə çoxlu sayda təşkilatı işlərin görülməsi idi. Mənim S.Vurğun küçəsindəki ev 8-də yerləşən mənzilim «Neftyanik»in bir növ ştabına çevrilmişdi».

    

Lakin rəhbərlik çox gənc oyunçunun belə məsul işə təyinatının düzgün olmadığını gec də olsa anlayıb, yenidən komandaya Şirəli Şirəliyevi baş məşqçi təyin edir. B sinfində oynamasına baxmayaraq, Ə.Məmmədovu bir çox güclü klublar öz heyətində görmək istəyirdilər. O vaxt futbolçunun bir klubdan digərinə keçməsi həm çətin idi, həm də bu işə yaxşı baxmırdılar. Lakin 1953-cü ildə mövsümün bitməməsinə baxmayaraq, rəhbərliyin razılığı ilə o Moskvaya yollanır. Ələkbəri ilk olaraq «Spartak» öz heyətinə cəlb edir. Lakin bir qədər sonra «Dinamo» rəhbərliyi cəld və hiyləgər tərpənərək onu komandaya götürürlər. Məmmədov «Dinamo»dakı çıxışları ilə dünya futbolunda səs sala bilir. O, 4 sentyabr 1955-ci ildə yoldaşlıq oyunda italiyanın "Milan" komandasının qapısına 4 qol vuraraq bunu edən ilk və hələki yeganə azərbaycanlı kimi tarixə keçdi.

Moskva keçidinin uğurlu alınmasına baxmayaraq, o, 1956-cı ilin sonunda aldığı mənəvi zərbədən sonra yenidən Bakıya qayıtmalı olur. Bunun səbəbkarı SSRİ yığmasının baş məşqçisi Q.Kaçalin idi. Kaçalin son anda Melburna gedən heyətin tərkibindən Ə.Məmmədovun adını silməklə, onu olimpiya qızılından məhrum etmişdi. «Dinamo»nun yüksək çinli rəhbərliyinin işə qarışması onun həmin il Bakıya qayıtmasına mane olur. Lakin reforma nəticəsində, «Neftyanik»in yüksək dəstəyə qayıtmasından sonra o yenidən doğma şəhərinə dönür. Özü də tək yox, komandaya kömək etmək üçün məsləkdaşları olan Y.Kuznetsov və A.Qolodetslə birgə. 1960-cı il Məmmədov üçün daha bir hadisə ilə əlamətdar olur. Avropa çempionatının seçmə mərhələsində uğurlu çıxış etdiyinə, Sovet futbolunun inkişafında köməyi olduğuna görə ona SSRİ-nin Əməkdar İdman Ustası fəxri adı verilir. Ancaq Bakıya dönüşü onun futbol olimpinin qürub çağına təsadüf edirdi. Artıq əvvəlki formasını bərpa etməsinə çoxsaylı zədələr və mədə xarası xəstəliyi imkan vermirdi. Bütün bu halları nəzərə alan hücumçu 1961-ci ildə futbolçu koryerasına son qoymaq qərarına gəlir. Həmin il iyulun 25-də Bakıda Donetsk «Şaxtyor»u ilə görüşün ikinci hissəsində meydana çıxaraq sonuncu oyununu keçirir.

Qısa müəllimlik fəaliyətindən sonra, 1963-cü ildə Məmmədov doğma klubuna baş məşqçi kimi qayıdır. İlk ilindəcə «Neftyanik»i güclülər dəstəsində 8-ci yerə çıxara bilir. Bu göstərici Bakı klubunun güclülər dəstəsindəki ən yaxşı nəticəsi idi. Bundan sonra rəhbərlik ondan daha yaxşı nəticələr tələb etməyə başlayır. Buna görə də Ə.Məmmədovla rəhbərlik arasında münasibətlər pisləşməyə başlayır. Həmişə sözü üzə deməyi bacaran, yaltaqlığı qətiyyən sevməyən Məmmədovun xasiyyəti onların xoşuna gəlmir. 1965-ci ilin əvvəlində artıq onu komandadan xaric etmək istəyirlər. Lakin oyunçularin işə qarışması və qiyam qaldırmaları bunun qarşısını alır. Amma mövsümün ortalarında rəhbərlik axır ki, öz istəyinə çatır. Komanda avqustun 19-da Moskva «Spartak»ı ilə oynamaq üçün səfərə hazırlaşanda Məmmədovan bəzi təşkilatı işləri görmək üçün Bakıda qalmağı xahiş edirlər. Moskvaya çatan komandaya baş məşqçi kimi V.Sokolovu təqdim edirlər. Bakıda isə Məmmədovu işdən xaric edirlər.

Ə.Məmmədovun baş məşqçi kimi «Neftçi»yə ikinci gəlişi 1971-ci ilə təsadüf edir. Artıq get-gedə «Neftçi» şöhrətini itirməyə, komandadaxili intizam pisləşməyə doğru gedirdi. Buna baxmayaraq, baş məşqçi komandanı toparlayıb mövsümü 9-cu yerdə bitirə bilir. Növbəti mövsümün çətinliklərinə baxmayaraq, Məmmədov komandanı səylə hazırlaşdırırdı. Komandanın isə əsas aparıcı oyunçularının yaşı kritik həddə çatmışdı. Onların bir çoxu artıq futbolla vidalaşmağa hazırlaşırdı. Onları əvəz edə biləcək gənc nəsil isə demək olar ki, yox dərəcəsində idi. Bütün bunları görən məşqçinin tənqidlərini isə rəhbərlik qəbul etmək istəmirdi. Buna görə də Ələkbər 1972-ci ilin may ayında istefa verir. Bu, onun doğma komandadan birdəfəlik gedişi olur. Bundan sonra Məmmədov müəllimlik və məşqçilik fəaliyyəti ilə məşğul olur. Bu sahədəki uğurlarına görə ona 1989-cu ildə Azərbaycan SSRİ-nin əməkdar məşqçisi adı verilir. Bir il sonra isə SSRİ-nin əməkdar məşqçisi adına layiq görülür.

O, Azərbaycanda yeganə insandır ki, həm əməkdar idman ustası, həm də əməkdar məşqçi adını daşıyır. Ölkəmiz müstəqillik qazandıqdan sonra da o, futboldan ayrı düşmədi və 1993-cü ildə Azərbaycanın yığma komandasının baş məşqçisi oldu.

1995-ci ildə isə o müstəqil dövlətimizin «Şöhrət ordeni» ilə tərtif olundu. Ə.Məmmədov müstəqillik tariximizdə bu ordenlə təltif olunmuş ilk futbol adamıdır.

2008-сi ildə AFFA İcraiyyə Komitəsinin üzvü seçilmişdi.

Ələkbər Məmmədov 28 iyul 2014-cü ildə 84 yaşında dünyasını dəyişmişdi. Məmmədovun cənazəsi II Fəxri Xiyabanda dəfn edilib.

 

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism