Kazbek Tuayev | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Kazbek Tuayev

Kazbek Tuayev Azərbaycan futbol tarixinin parlaq simalarından biridir. Ona laqeyd yanaşmaq mümkün deyil, Tuayevin futbolçu və məşqçi bacarığına heç bir şübhə yoxdur. 60-cı illərdə Anatoli Banişevski və Eduard Markarovla birgə əfsanəvi BMT «üçlüy»ünü təşkil edən futbolçu rəqib müdafiəçilərin başağrısına çevrilmişdi.

Kazbek Əliyeviç futbol oynamağa 14 yaşında Bakı «Lokomotiv»ində başladı. O, 1959-cu ildə Vladiqafqaza (o vaxtkı Orcokinidze) yollandı ki, bu da təsadüfi deyildi, Tuayev milliyətcə osetin idi. Vladiqafqaz «Spartak»ından təklif alan futbolçu 2 ildən sonra Bakıya qayıdaraq 10 il «Neftçi»nin şərəfini qorudu. SSRİ çempionatının güclülər dəstəsində 290 oyun keçirən Tuayev bunlardan 276-da meydana «ağ-qara» formada çıxdı. O, karyerasına sağ cinah hücumçusu kimi başlasa da, son illərdə yarımmüdafiənin cinahında çıxış etdi. Tuayevin hücumçu keyfiyyətlərindən çox deyilib, çox yazılıb. Hətta 20-ci əsrin ən yaxşı qolkiperi Lev Yaşin hücumçulardan yalnız Tuayevdən qorxduğunu bildirirdi: «Tuayevin qapıya endirdiyi zərbələr o qədər qüvvətli alınırdı ki, topun hansı nöqtəyə gedəcəyini özü də bilmirdi».

Kazbek Tuayev təkcə zərbələri ilə təhlükəli deyildi, o, həm də zərgər dəqiqliyi ilə verdiyi ötürmələri ilə stajlı futbol azarkeşlərinin yaxşı xatırındadır. «Neftçi»nin 60-cı illərdəki uğuru BMT «üçlüyü»ndən çox asılı idi. «7 nömrə»nin Banişevski və Markarovla əla anlaşması komandamızı yeni-yeni qələbələrə aparırdı. Bu iki oyunçunun fərqləndiyi əksər epizodlarda məhsuldar ötürməni məhz Tuayev verirdi. 1966-cı ildə - «Neftçi»nin bürünc medal qazandığı mövsümdə o, komandamızın əsl liderinə çevrildi. Banişevski və Markarov SSRİ yığmasının heyətinə dəvət alanda Tuayev komandasını arxasınca aparmağı bacardı. Parlaq oyunu SSRİ yığmasının məşqçilərinin diqqətini cəlb etsə də, o, komandada möhkəmlənə bilmədi. «Neftçi»nin futbolçusu 1967-ci ildə ölkənin bir nömrəli komandasının heyətində 3 görüşdə meydana çıxdı. O, Helsinkidə Skandinaviya (2:2), Moskvada İsveçrə (2:2) və Sofiyada Bolqarıstan (2:1) yığmaları ilə yoldaşlıq oyunlarında iştirak etdi. Tuayev 3 dəfə (1963, 1966 və 1967-ci illərdə) SSRİ-nin «33 ən yaxşı oyunçu»su sırasına düşdu.

1970-ci ildə Vladiqafqaz «Spartak»ı güclülər dəstəsinə vəsiqə qazananda Kazbek Tuayev həmyerlilərinə kömək etməyə getdi. Tuayev həmin mövsüm 14 oyunda 3 qol vursa da, bu, «Spartak»ın elitada qalması üçün kifayət etmədi. Kazbek Əliyeviç birinci dəstədə oynamaq istəməyərək «Neftçi»yə qayıtdı. Lakin yaş öz sözünü deyirdi. Artıq BMT «üçlüy»ündən də əsər-əlamət qalmadığından, Tuayev tənha canavara bənzəyirdi və komandanı arxası ilə aparmağa gücü çatmırdı.

Məşqçilikdə də ilk addımlarını tarixi vətənində – Şimali Osetiyada atdı. O, 1973-78-ci illərdə «Spartak»ın baş məşqçisi vəzifəsində çalışdı. Bundan sonra 4 il yarım Lənkəran «Xəzər»inin sükanı arxasında oldu. Bununla belə, «Xəzər»də məşqçilik bacarığını sübut edən Kazbek Əliyeviç 1983-cü ildə «Neftçi»yə baş məşqçi kimi döndü. O, bu postda bir vaxtlar rəhbərliyi altında bürünc medal qazanmış Əhməd Ələsgərovu əvəzlədi.
Lakin Tuayevin «Neftçi»dəki fəaliyyəti cəmi bir il çəkdi. Növbəti uğursuzluqdan sonra o, istefaya göndərildi. Bundan sonra məşqçi bir müddət usta komandalardan ayrı düşdü. Nəticədə 4 ildən çox «Neftçi» cəmiyyətinin uşaq-gənclər idman məktəbində işlədi.

Yəqin ki, futbol azarkeşlərinin çox az hissəsi Tuayevin Tunisdə işləməsindən xəbərdardı. O, ilk ciddi uğurunu «Qara qitə»də qazandı - Tunis çempionu oldu. Müstəqillik illərində isə hər hansı komandaya qızıl medal qazandırmaq Tuayev üçün elə də böyük problem deyildi. Nəticədə, o, 1993/94-cü illər mövsümündə «Turan»a, 1996/97-ci və 2003/04-cü illər mövsümündə isə «Neftçi»yə çempionluq sevinci yaşatdı. Komandamız məhz onun rəhbərliyi altında 1996-cı ildə avrokuboklarda ilk qələbəsini qazandı. Həmin vaxt flaqman UEFA kubokunda Sofiya «Lokomotiv»ini 2:1 hesabı ilə məğlub etdi.

Maraqlıdır ki, yığma komandamız da ilk xalını Kazbek Əliyeviçin vaxtında qazandı. 1995-ci ilin noyabrında millimiz Avropa çempionatının seçmə oyununda Polşa ilə qolsuz bərabərə qaldı. Yığmamıza rəsmi görüşlərdə ilk qələbəni də Tuayev qazandırdı. Millimiz 1996-cı ilin avqustunda tarixi qarşılaşmada İsveçrəni Vidadi Rzayevin vurduğu qol sayəsində 1:0 hesabı ilə məğlub etdi.

Kazbek Tuayev 2000-ci ildə «Şöhrət» ordeni ilə təltif olunub. O, AFFA-nın İcraiyyə Komitəsinin üzvüdü.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism