Tofiq Bəhramov | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Tofiq Bəhramov

O, komandamızın formasını çox az bir müddətdə geyinsə də, bütün dünya onu yaxşı tanıyır. Tofiq Bəhramov futbolçudan çox hakim kimi tanınıb.

1925-ci il yanvarın 29-da dünyaya göz açan Bəhramov müharibənin qızğın vaxtında – 1943-cü ilin sentyabrında idmana gəlib. Həmin vaxt futbol çox az adamın yadına düşürdü. Hər kəs cəbhədən gələn xəbərləri gözləyirdi. Bununla belə, Tofiq də digər həmyaşıdları kimi topdan ayrıla bilmirdi. O, 6 ay «Spartak» cəmiyyətində məşq edəndən sonra Bakı birinciliyində «Burevestnik»lə oyunda debüt etdi. Bir il sonra Bəhramov artıq SSRİ çempionatının B qrupunda yarışan Bakı «Dinamo»suna yollandı. Təbii ki, o da futbolla məşğul olan bütün gənclər kimi, «Neftçi»mizin formasını geyinməyi arzulayırdı. Axır ki, Bəhramov da bu istəyinə çatdı. Lakin Tofiq flaqmanın heyətində çox az çıxış etdi. Bilgəhdə keçirilən məşqlərin birində komanda yoldaşı Valentin Xlıstovla mübarizədə zədələnən futbolçu 25 yaşında karyerasını başa vurmalı oldu. Onda çoxları Xlıstovu komanda yoldaşına zədə yetirdiyinə görə qınayırdılar. Amma o zaman heç kimin ağlına gəlməzdi ki, Xlıstov böyük bir savab iş görüb. Axı futbolçu karyerası alınmayan Tofiq Bəhramov sonradan dünyaca məşhur hakim oldu. Maraqlıdır ki, o, hakimliyə də təsadüf nəticəsində gəlib. 1951-ci ildə Bakı kuboku uğrunda «Dinamo» - «İnşaatçı» matçına hakim gəlib çıxmamışdı. Nəticədə 26 yaşlı gəncə oyunu idarə etməyi təklif edirlər. Özü də indi çox az adam inanar ki, Bəhramovun ilk qarşılaşması qalmaqalla nəticələnib. O, ilk sınaqdan üzüağ çıxmasa da, 6 aydan sonra Respublika birinciliyində baş hakim kimi debüt edir. 1952-ci ildə Respublika dərəcəli hakim adını alan həmyerlimiz 2 il sonra SSRİ çempionatının aşağı liqasında Tbilisi və Daşkənd komandalarının oyununda ədaləti təmin edir. Get-gedə ümidləri doğruldan referi həmin il «Neftçi» və Efiopiya yığmaları arasında yoldaşlıq oyununu da idarə edir. Qeyd edək ki, o vaxtlar komandamız tez-tez bu cür beynəlxalq yoldaşlıq matçları keçirərdi. Artıq ümumittifaq səviyyəsində tanınmağa başlayan Bəhramov «Paxtakor»la Uruqvayın məşhur «Nasional» klubu arasında yoxlama görüşündə də hakimlik edir.

  

 

O, SSRİ çempionatının güclülər dəstəsində 34 yaşında debüt edib. Daim prinsipiallığı, obyektivliyi ilə seçilən referi qısa müddətdə sovetlər birliyinin ən yaxşı hakimlərindən birinə çevrilir. Əbəs yerə deyil ki, o, həmin dövrdə Avropanın ən güclülərindən hesab olunan SSRİ çempionatında 146 matçda meydana baş hakim kimi çıxıb. Həmyerlimiz 1963-cü ildən etibarən 13 il (!) ardıcıl keçmiş ittifaqın 10 ən yaxşı hakimi sırasına düşüb. Bu göstəriciyə görə, o, ümumilikdə yalnız moskvalı Kazakovdan (15 il) geri qalsa da, ardıcıllığa görə hamını qabaqlayır.

Bəhramov 1965-ci ildə beynəlxalq dərəcəli hakim adını alır. O, 1966-cı ildə İngiltərədə keçirilən 8-ci mundialda finala qədər bir oyunda (İsveçrə - İspaniya) baş hakim, 2 görüşdə (Argentina – İsveçrə və İngiltərə - Uruqvay) isə laysman kimi meydana çıxır.

1966-cı il iyulun 30-da Bəhramov adını əbədi olaraq dünya futbol tarixinə yazdırıb. «Uembli» stadionunda 83 min tamaşaçının izlədiyi İngiltərə – Almaniya görüşündə yan xətt hakimi funksiyasını yerinə yetirib. Buna baxmayaraq, final fitindən sonra bütün dünya heç baş hakimin adını belə çəkmirdi, hamı Tofiq Bəhramovdan danışırdı. Oyunun əsas vaxtının 2:2 hesabı ilə başa çatdığını nəzərə alsaq, əsəblərin necə tarıma çəkildiyini təsəvvür etmək çətin deyil. 100-cü dəqiqədə İngiltərə millisinin oyunçusu Herstin vurduğu top tirə dəyəndən sonra qapı xətti üzərində yerə düşüb geri qayıtdı. «Uembli» sükuta qərq olmuşdu. Hər kəs hakimin hansı qərar qəbul edəcəyini gözləyirdi. Matçın isveçrəli hakimi Dinst sözün həqiqi mənasında başını itirmişdi. O, nə qərar verəcəyini bilmirdi. Dinst qapıya daha yaxın mövqe seçən həmyerlimizə yaxınlaşaraq, kömək istədi. Bəhramov isə tərəddüd etmədən mərkəzi göstərərək, 18 saniyəlik sükuta son qoydu. Həmin qarşılaşmada İngiltərə Almaniyanı 4:2 hesabıyla məğlub edərək ilk və hələlik sonuncu dəfə dünya çempionu adını qazandı. Bəhramov ingilislərin gözündə qəhrəman səviyyəsinə yüksəlsə də, eyni zamanda almanların düşməninə çevrildi. Final fitindən sonra bundestim üzvləri bakılı laysmanı parçalamağa hazır idilər. Hətta Uve Zeyeler Tofiq Bəhramovu təhqir də etmişdi. Ancaq sonralar səhvini anlayan Zeyeler hakimimizdən üzr istədi. Dinst isə Bəhramova «sən mənim ad-sanımı xilas etdin» deyərək ona təşəkkür etdi.

Bəhramov Nikolay Latışevdən sonra dünya çempionatlarının finalında çıxış etmiş ikinci və sonuncu hakim kimi adını Sovet futbolunun tarixinə yazdırdı. İngiltərədəki mundialdan sonra FİFA həmyerlimizi «Qızıl fit»lə mükafatlandırdı. Britaniya kraliçası II Yelizaveta isə ona «Qızıl ilahə»nin surətini bağışladı.

Dörd il sonra Meksikada keçirilən dünya çempionatında da Bəhramov 3 oyunda hakimlik etdi. Bundan başqa, o, 1968 və 1972-ci illərdə keçirilən Avropa çempionatlarında, həmçinin Qitələrarası kubokda («Estudiantes» - «Mançester Yunayted» oyununda laysman, «İndelendyente» - «Ayns» matçında baş hakim) ədaləti təmin edib. 1972-ci ildə UEFA Kubokunun final matçı («Vulverhempton» - «Tottenhem») da ona tapşırılmışdı.

Dünyaca məşhur hakimimiz 1975-ci ildə fitlə vidalaşıb. Yenidən doğma «Neftçi»yə qayıdan Bəhramov 3 il komandamızda ikinci məşqçi kimi fəaliyyət göstərib. Bütün dövrlər üçün ən yaxşı hakimimiz olan Bəhramov «Neftçi»nin rəisi vəzifəsində də çalışıb. O, elmi fəaliyyətlə də məşğul olub. 20 ilə yaxın müddətdə Bədən Tərbiyəsi İnstitutunda və indi Slavyan Universiteti adlanan təhsil ocağında kafedra müdiri işləyib. Bəhramov AFFA yarananda federasiyanın baş katibi də olub.

Mərhum hakimimiz özündən sonrakı nəsillərə bir çox mənəvi sərvətlər qoyub gedib. Onun «Kənddə futbol», «Futbola sevgi», «Hakim mərkəzi göstərir», «1001 matç» kitabları indi də futbolsevərlər tərəfindən böyük maraqla oxunur.

1993-cü ildə üçüncü dəfə infarkt keçirən Bəhramov həyatla vidalaşdı. 3 il sonra ölkəmizin ən böyük idman qurğusu – Respublika stadionuna onun adı verildi. 2004-cü ildə isə arenanın önündə Tofiq Bəhramovun heykəli ucaldıldı.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism