Valentin Xlıstov | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Valentin Xlıstov

Araşdırma aparıb komandamıza ən sadiq 11-lik müəyyənləşdirilsəydi, heç şübhəsiz ki, Valentin Xlıstovun orada xüsusi yeri olardı. Yəqin çox az adam bilir ki, «Neftçi»nin 1966-cı ildə bürünc medal qazanmasında onun xidmətləri heç də Əhməd Ələsgərovdan az olmayıb.

Xlıstovlar nəslinin Bakıya gəlməsinin maraqlı tarixçəsi var. Onlar ölkəmizə təşrif buyurmuş əksər ruslar kimi, Xəzərin o tayından yox, cənubdan gəliblər. Valentinin valideynləri Türkiyənin Qars şəhərində anadan olublar. 1903-cü ildə Türkiyədə ictimai-siyasi vəziyyət gərgin olduğundan Xlıstovlar Bakıya pənah gətiriblər. Valentin isə 1927-ci ildə Bakıda dünyaya göz açıb. Həmişə Azərbaycana sədaqəti ilə seçilən Xlıstov özünü heç vaxt bizlərdən ayırmayıb. Buna görə o, özünü həmişə köklü bakılı sayırdı.

Xlıstov müharibənin qanlı qadalı vaxtında – 1943-cü ildə futbola gəlib. Həmin il yaradılan Ehtiyat Əmək Qüvvələri Cəmiyyətinə peşə məktəbində oxuyan Valentin də üz tutdu. Müharibədən sonra «Neftçi» b
ərpa edilərkən həmin cəmiyyətin bir çox yetirmələri – Teymur Vəliyev, Tofiq Bəhramov, Mixail Əfəndiyev, Vladimir Karmayev və başqaları Respublikanın ən güclü komandasına üz tutdular. Onların arasında Xlıstov da vardı. Komandamızın ən etibarlı müdafiəçilərindən olan Valentin 1955-ci ildə karyerasını başa vurmalı oldu. Moskva «Torpedo»su ilə oyunda rəqib futbolçu ilə mübarizədə zədələnən müdafiəçi bir daha yaşıl meydana qayıda bilmədi. Bununla belə, Xlıstov məşqçi kimi Azərbaycan futboluna daha çox xeyir verdi. Futboldan uzaq qala bilməyən Valentin amansız zədədən sonra Moskvaya yollanaraq, Ali məşqçilər məktəbində təhsil aldı. O, Azərbaycana qayıdandan sonra bir çox komandalarda çalışdı. 1963-cü ildə çoxdan arzuladığı fikir hayata keçdi. Xlıstov doğma komandası «Neftçi»yə ikinci məşqçi kimi döndü. Məhz onun gəlişindən sonra komandamızın heyətində ciddi dəyişikliklər edildi. Hələ Gəncədə işlədiyi dövrdən yaxşı tanıdığı Sergey Kramarenko, Yaşar Babayev, Tofiq Axundov, Anatoli Qryazev, Mübariz Zeynalov və Ruslan Abdullayevi flaqmana dəvət etdi. Həmin oyunçuların çoxu «Neftçi»nin bürünc medal qazanması üçün əllərindən gələni etdilər. 1966-cı ildə Solovyovun istefaya göndərilməsindən sonra Əhməd Ələsgərov komandamızın sükanı arxasına keçsə də, onun məşqçilik təcrübəsi yetərincə deyildi. Düzdür, Ələsgərov komandanın içindən çıxdığından kollektivi yaxşı tanıyırdı. O, komanda daxilində hansı proseslərin getdiyini, kimlərin nəyə qadir olmasını yaxşı bilirdi. Ancaq Ələsgərov hələ məşqçi kimi püxtələşməmişdi. Belə yerdə Xlıstovun ona yetərincə köməyi dəydi. Bürünc 66 xatırlananda ilk növbədə Əhməd müəllim yada düşsə də, bəzən unudulur ki, Valentin Stepanoviç komandamızın uğurları üçün böyük işlər görüb. Xlıstov hələ keçmiş İttifaq vaxtında bir çox komandalardan sərfəli təkliflər alsa da, heç vaxt böyüyüb, boya-başa çatdığı yeri tərk etməyib. Maraqlıdır ki, 1976-cı ildə komandamızın elitaya dönüşündə onun rolu olub. Düzdür, bəziləri təəccüblənə bilər ki, axı Xlıstov onda «Neftçi»də deyildi. Həmin mövsüm komandamıza Riqanın «Dauqava» klubundan gəlmiş Georgi Bondarenko rəhbərlik edirdi. Əslində isə komandanın əsası xeyli əvvəldən qoyulmuşdu. «Neftçi» 1976-cı ildə Xlıstovun vaxtında təməli qoyulmuş oyun sisteminə üstünlük verirdi. Heyətdə olan futbolçuların çoxu da artıq bir neçə il idi ki, bir yerdə oynayırdılar. Ümumiyyətlə, Xlıstov Azərbaycan futbolu, «Neftçi» üçün çox iş görsə də, o daim kölgədə qalıb. Valentin Stepanoviç ikinci məşqçi statusundan qurtula bilmədi. Əslində komandanı taktiki-texniki cəhətdən o hazırlasa da, bütün ağırlıq onun üzərinə düşsə də, baş məşqçi postunda başqaları olurdu.

Xlıstov ölkə futboluna bir çox istedadlar bəxş edib. Veteran futbolçu «Neftçi»nin Olimpiya Ehtiyatları Uşaq və Gənclər məktəbində də işləyib, hətta bir müddət məktəbin direktoru da olub. SSRİ yığma komandasının heyətində gənclər arasında dünya çempionu olmuş Arif Əsədovla Vladislav Qədirovun peşəkar futbolçu kimi yetişməsində onun da rolu az olmayıb. Təəssüf ki, yaş öz təsirini göstərirdi. 40 ilə yaxın Azərbaycan futboluna sadiq qalan Xlıstov müstəqilliyin ilk illərində Bakını tərk etmək məcburiyyətində qalsa da, daim ürəyi «Neftçi» ilə döyünüb.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism