Vladimir Bruxti | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Vladimir Bruxti

Vladimir Bruxti fiziki göstəricilərinə görə anadangəlmə müdafiəçi idi. Moskvada nəşr olunan «Kim kimdir» kitabında onun haqda belə yazılıb: «Güclü, fiziki cəhətdən hazırlıqlı, fərdi oyunda üstün olan, başla yaxşı oynayan müdafiəçi». Fiziki göstəricilərinə görə onu bəzən döyüşçüyə də oxşadırdılar. Bu da səbəbsiz deyildi. Bruxti futbola gəlməmişdən əvvəl boksla peşəkar səviyyədə məşğul olmuş, hətta Respublika çempionu tituluna da sahib çıxmışdı. Bir nömrəli idman növünə gəlişi isə təsadüf nəticəsində baş tutub. Bakı şəhərində istedadlı uşaqları üzə çıxaran Şirəli Şirəliyev cüssəli Volodyanı da futbola gətirdi. Bununla da Bruxti futbolun sirlərinə onun qrupunda yiyələnməyə başladı. Yaşıdları arasında seçilən Volodya tezliklə mütəxəssislərin diqqətini çəkdi. O, 1961-ci ildə komandamızın əvəzedici heyətinə cəlb edildi. Bir il sonra isə o vaxt «Neftyanik»ə rəhbərlik etmiş Boris Arkadyev onu usta oyunçularla birgə məşqlərə buraxmağa başladı. Əsas oyunçularla keçirilən məşqlərdə Volodya əvəzsiz təcrübə qazanırdı. 1963-cü ildə Ələkbər Məmədovun komandaya baş məşqçi gəlməsi ilə Bruxtinin «Neftyanik»dəki debütü baş tutdu və uğurlu alındı. «Neftyanik»in Moskvada «Lokomotiv»i 4:2 hesabı ilə məğlub etdiyi oyunu Bruxti əvəzlənmədənkeçirdi. 1963-cü ildən «Neftyanik»in şərəfini qoruyan Volodya 1972-ci ilədək komandanın əvəzolunmaz müdafiəçisi oldu. Bu illər ərzində meydana çıxdığı 257 oyunda 2 qol vurdu. 1966-cı ilin əfsanəvi «bürünc» heyətində Bruxti də önəmli yer tuturdu. Məhz onun müdafiədəki etibarlı oyunu komandanın bürünc medal qazanmasında böyük rol oynadı. Sonrakı ili yüksək tonda keçirmiş Volodya Kazbek Tuayev və Anatoli Banişevski ilə birgə «33 ən yaxşı» futbolçu sırasına düşdü.

1966-cı ildə İngiltərədə FİFA prezidenti Stenli Rouzun adını daşıyan gənclər arasında keçirilən turnirdə Volodya gözəl oyun göstərdi. Buna görə tezliklə onu SSRİ-nin gənclər yığmasına cəlb etdilər. Müdafiədəki inamlı oyunu tezliklə SSRİ yığmasına çağırılması ilə nəticələndi. Bruxti yığma ilə birlikdə Yuqoslaviyada təlim-məşq toplanışında da iştirak etdi. Buna baxmayaraq, yığmada debüt edə bilmədi. Yuqoslaviyada olarkən anasının ölüm xəbərini alan Volodya təcili Bakıya qayıtdı. Yığmanın məşqçiləri buna görə onu bağışlamayaraq bir daha yığmaya çağırmadılar.

Bruxti futbolçu karyerasını 27 yaşında bitirməyə məcbur oldu. Bunun səbəbi oyunların birində ciddi zədələnməsi idi. O vaxt idman səhiyyəsi yaxşı inkişaf etmədiyindən, müdafiəçinin zədəsinə əlac qılan tapılmadı. Bundan sonra futboldan ayrı qala bilməyən Bruxti özünü məşqçi kimi sınamağa başladı. Respublika çempionatında çıxış edən bəzi komandalarda işlədikdən sonra, 1980-ci ildə Naxçıvan «Araz»ına baş məşqçi təyin olundu. Azərbaycanda məşqçiliyi elə də yaxşı alınmayan Bruxti Türkmənistana yollanaraq iki il yerli «Beşdik» klubunu çalışdırdı. Türkmənistanı tərk etdikdən çonra işsiz qalan veterana yenə də doğma ocağı - «Neftçi» yiyə durdu. Vladimir Petroviç 1983-92-ci illər aralığında komandamızın uşaq futbol məktəbində işlədi. Bu müddətdə Bruxti Azərbaycan futboluna bir çox istedadlı oyunçu bəxş etdi. 1992-ci ildə yenidən legioner həyatı yaşamağı qərara alan mütəxəssis Poltava «Vorskla»sının təklifini nəzərdən qaçırmadı. «Vorskla» onun rəhbərliyi altında Ukrayna çempionatının 1-ci dəstəsinin qalibi olub, Güclülər dəstəsinə vəsiqə qazandı. Növbəti mövsümdə Bruxtinin başçılıq etdiyi «Vorskla» 18 komanda arasında 3-cü yeri tutdu. Güclülər dəstəsində çətin günlərini yaşayan «Krivbass» da nicatı həmyerlimizi dəvət etməkdə gördü. Krivoy-Roq klubu onun rəhbərliyi altında movsümü 6-cı yerdə başa vurdu. Lakin vətəndən ayrı yaşaya bilməyən Bruxti yenidən doğma yurduna - Azərbaycana qayıtdı. Ömrünün sonuna kimi Bakıda yaşayan veteran son günlərinə qədər «Neftçi»yə sadiq qalmaqla komandanın uşaq futbol məktəbində çalışdı.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism