Yuri Kuznetsov | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Yuri Kuznetsov

"Neftçi”nin əfsanəvi futbolçularından sayılan Yuri Kuznetsov gözlərini futbolçu ailəsində açmışdı. Onun atası Konstantin Kuznetsov Sovet hakimiyyətinin ilk illərində nəinki Azərbaycanın, ümumiyyətlə, Zaqafqaziyanın güclü futbolçusu hesab edilirdi. O, həmin dövrün ən güclü komandası olan «Proqress»də çıxış edirdi. Onu mütəmadi olaraq Zaqafqaziya yığmasına da cəlb edirdilər. Futbolçu karyerasını bitirdikdən sonra isə məşqçilik fəaliyyətinə başlıyır. O, müharibədən əvvəl hətta, «Neftyanik»in də baş məşqçisi işləməyə macal tapır. Onun rəhbərliyi altında komanda Bakı və Respublika çempionatının mükafatçıları sırasına düşə bilir.

Yura 1931-ci ildə Zabrat qəsəbəsində anadan olub. Onun uşaqlıq illəri ağır müharibə dövrünə təsadüf edib. Bütün ölkədə olduğu kimi, Bakıda da «Hər şey cəbhə üçün» şüarı əsas götürülmüşdü. Ona görə futbol, ümumiyyətlə, idman bir növ arxa plana keçmişdi. Lakin zamanın ağır sınağına baxmayaraq, elə Zabratın tozlu küçələrində, çirkli buruqlar arasında balaca uşaqlar, o cümlədən Yura da top qovurdu. O ilk futbol dərslərini, təlimləri məhz Zabratda aldı.

1946-cı ildə texniki peşə məktəbinə daxil olan Yura «təşkilatı futbolla» tanış olur.
Ehtiyat Əmək Qüvvələrinin gənclər komandasına götürülən Kuznetsov 1948-ci ildə Kirovabadda bədən tərbiyəsi texnikomuna qəbul olunur. Məhz elə bu səbəbdən də o, sonrakı futbol fəaliyyətini Kirovabadın «Dinamo» komandasında davam etdirir. O, texnikumu qurtarana kimi, yəni 1951-ci ilə qədər elə Kirovabadda (Gəncə) qalır. Təhsilinin başa çatmasından sonra isə onu ordu sıralarına çağırırlar. Hərbi komissarlıq onu Türkmənistana göndərmək qərarına gəlir. Lakin son anda onu Bakı Dairə Zabitlər Evi komandasına çağırırlar. Bununlada o futboldan uzaq düşmür, öz sevimli peşəsi ilə məşğul olur. Artıq onun oyunu mütəxəssislərin də diqqətini cəlb etməyə başlayır.

1952-ci ildə futbol mövsümünün başlaması ərəfəsində gənc istedadlara baxış məqsədi ilə Neftyanik ilə Bakı yığması arasında yoldaşlıq görüşü təşkil edilir. Bu görüşdə göstərdyi oyuna görə Yuranı Neftyanikin heyətinə qəbul edirlər. Bununla da onun böyük futbolçu karyerası başlayır. Debüt ilində o komandaya tam uyğunlaşa bilir və demək olar ki, bütün oyunlarda meydanda olur. O, Ə.Məmmədovla birgə komandada hücum tandemi yarada bilir. Məhz onun dəqiq ötürmələrindən sonra Ələkbər rəqib qapıçılarını məyus edə bilir. Ə.Məmmədov Moskva «Dinamo»suna keçdikdən sonra isə o komandanın əsl liderinə çevrilir. Məhz onun ideal oyunu sayəsində «Neftyanik» 1954-cü ildə ilk mərhələni lider kimi başa vurub, final mərhələsinə adlayır. Donetskdəki final mərhələsində isə komanda üçüncü yeri tutmaqla Güclülər dəstəsinin bir addımlığında qalır. Ancaq Yuranın oyunu nəzərdən qaçmır. Final mərhələsi oyunlarından sonra SSRİ yığmasının ikinci məşqçisi K.Beskov ona yaxınlaşıb, yığmaya dəvət etdiyini bildirir. SSRİ futbolunda bu görünməmiş bir iş idi. B sinfindən SSRİ yığmasına düşmək məhz ilk dəfə Y.Kuznetsova nəsib oldu. Yalnız ötən əsrin 70-ci illərində bu uğuru «Rubin»də (Kazan) oynayan V.Kolotov təkrarlaya bildi. Yalnız bu iki futbolçu Güclülər dəstəsində oynamayaraq yığmaya dəvət ala biliblər. Bununla da o, 1955-ci ilin əvvəlində yığmanın tərkibində Hindistanla oyunlarda meydana çıxır və iki oyunda üç top vura bilir. Yığma Hindistan səfərindən qayıdan kimi ilk olaraq Moskva «Torpedo»su onu heyətində görmək istəyir. Hətta, o vaxt komandanın baş məşqçisi olan Y.Morozov və Moskva həmkarlar təşkilatının kuratoru K.Yeliseyev də işə qarışır. Lakin Yura bu təklifləri rədd edərək doğma Bakıya qayıdır. 1955-ci il mövsümünə o, «Neftyanik»də başlayır. Ancaq digər klublar ondan əl çəkmirdilər. Belədə «Böyük qardaşlarımızın» məkrli siyasəti işə düşür. 1955-ci ilin avqust ayında Bakıya SSRİ İdman Komitəsinin sədri S.Romanovun şəxsi imzası ilə dövlət teleqramı daxil olur. Orada «Dinamo»nu (Moskva) «Milan»la yoldaşlıq görüşündə gücləndirmək üçün Y.Kuznetsovun təcili olaraq paytaxta gəlməsi tələb edilir. Beləcə, Yura Moskvaya «Milan»la oyuna gedəsi olur, ancaq taleyin hökmü nəticəsində «Dinamo»ya keçir. Orada Yuradan çox təkid edirlər ki, keçidə razı olsun. Hətta, SSRİ İdman Komitəsi futbol şöbəsinin rəisi Antipenok işə qarışır və Yuraya hər şeyin qaydalar çərçivəsində olacağını, onun «Dinamo»ya keçidini yığma naminə olduğunu önə çəkir. Lakin Bakıya isə teleqram vurulur ki, guya Y.Kuznetsovun şəxsi ərizəsinə uyğun olaraq onun «Dinamo»ya keçidinə icazə verilib. Beləliklə, Y.Kuznetsov 1955-ci ilin avqustunda Moskva «Dinamo»suna keçir və orada da öz məharətini göstərə bilir. Görkəmli Sovet yazıçısı Lev Kassil onun oyunu haqda bu fikri deyib: «Kuznetsovun hər ötürməsi, O.Henrinin əsərlərinin sonluğuna bənzəyir. Onu heç vaxt başa düşmək mümkün deyil». Həqiqətən də Kuznetsovun ötürmələrini rəqiblər anlaya bilmirdi. Yalnız oyundaşları onu başa düşür, ötürmə anında lazımi mövqedə dura bilirdilər. Məşqçilər onu sırf hücumçu kimi oynatmırdılar, məhz gözlənilməz ötürmələrinə görə onu bir qədər arxaya çəkirdilər. Yura da məhz bu mövqedən yoldaşlarına ötürmə verə bilirdi.


1960-cı ildə «Neftyanik» Güclülər dəstəsinə qayıtdıqdan sonra isə Yura öz dostu Ə.Məmmədovla birgə komandaya qayıdır.
Məhz onun təcrübəsi gənc oyundaşlarının işinə yarayır. Gənc futbolçular E.Markarov, V.Hacıyev, V.Bruxti, A.Banişevski məhz onun təcrübəsi sayəsində oyunlarını püxdələşdirirdilər.

Yaşının çoxluğuna baxmayaraq Y.Kuznetsov komandanın gənc oyunçularını arxasınca aparmağı bacarır, əsl lider ola bilirdi.
Onun bütün futbolçu və insani keyfiyyətlərini nəzərə alaraq, 1962-ci ildə ona «Əməkdar idman ustası» adı verildi. O, futbolçu karyerasına 1965-ci ildə elə «Neftyanik»də son qoydu. Onun komandaya bir daha qayıdışı daha uzun çəkir. Futbolçu karyerasını başa vurduqdan sonra o, məşqçilik fəaliyyətinə başlayır. Bu səbəbdən də o, Moskvaya köçür. Yalnız 1988-ci ildə o, «Neftçi»yə dönərək komandanın baş məşqçisi olur. Lakin atasının fəaliyyətinə rəğmən, onun məşqçilik karyerası yaxşı alınmır. Məhz onun fəaliyyəti dövründə komanda Güclülər dəstəsini tərk etdi. Ancaq bu uğursuzluğa baxmayaraq o, həmişə futbolsevərlərin nəzərində «Neftçi»nin virtouz futbolçusu kimi qala bilib.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism