Mübariz Zeynalov

  • Oynadığı dönəm:

    1966-1972

  • Doğum tarixi:

    18.03.1945

  • Mövqeyi:

    Sağ cinah hücumçusu

  • Vətəndaşlığı:

    Azərbaycan

Mübariz Zeynalov "Neftçi”nin yarandığı ildən 8 il sonra, 1945-ci il mart ayının 18-də Gəncə şəhərində dünyaya gəlib. Uşaq yaşlarından futbola böyük həvəsi olub. "Alüminium zavodu” futbol komandasında oynayan Ağa Abbasov adlı qonşusu küçədə 15-16 yaşlı Mübarizin oyununu görüb onu komandaya dəvət edir. Orada məşqçilər tərəfindən bəyənilən Zeynalov bir müddət "Alüminium zavodu” komandasında oynayır. 17 yaşında isə SSRİ çempionatının ikinci dəstəsində mübarizə aparan Gəncənin "Dinamo” klubuna cəlb olunur. 1964-cü ildə "Dinamo”nun əsas heyətinə qoşulur. Bir il sonra komandanın SSRİ çempionatının güclülər dəstəsinə vəsiqə qazanmasında Mübariz Zeynalovun da müstəsna rolu olur.

                                                    

1966-cı ilin may ayında Bakıda "Dinamo” - "Krasnodar” oyunu keçirilir. Görüş başa çatandan sonra "Neftçi”nin rəisi və baş məşqçisi Vasili Sokolov, eləcə də Ali Sovetin Rəyasət Heyəti sədrinin müşaviri Tofiq Bağırov paltardəyişmə otağına gələrək Mübariz Zeynalov ilə Nizami Salahova Bakıda, "Neftçi” klubunda qalmasını təklif edirlər. Bununla da may ayında ölkənin əsas komandasına dəvət olunan Zeynalov mövsümün sonunadək 20 oyun keçirərək "Neftçi”nin bürünc medullar qazanmasında da pay sahibi olur. Komandaya may ayında qoşulmasına baxmayaraq, 20 oyunda, yəni görüşlərin 50 faizindən çoxunda iştirak etdiyi üçün bürünc medala layiq görülən 12 futbolçudan biri kimi tarixə düşür.

                                                     

O dövrdə qəzetlərdən birində dərc olunmuş məqalədə İngiltərə yığma komandasının oyunçusu Bolun şərəfinə Mübariz Zeynalov haqqında "Azərbaycanın Bolu” deyə, yazı yer almışdı. Lakin 1968-ci ildə dizindən aldığı ciddi zədədən sonra Moskvada əməliyyat olunaraq, 1 il futboldan kənarda qalmalı olur. 1969-cu il mövsümün yarısında yenidən oynamağa başlasa da, zədə özünü göstərdiyi üçün əvvəlki oyun formasını bərpa edə bilmir. Məhz bu səbəbdən 1972-ci ildə "Neftçi”dən ayrılan hücumameylli yarımmüdafiəçi Gəncəyə qayıdaraq daha iki il oynayandan sonra 1974-cü ildə, 29 yaşında futbolçu karyerasını başa vurur.

                                                    

Bununla belə, sevdiyi idman növündən tamamilə ayrı düşmür. 1992-ci ildə Ruslan Abdullayev və Ağasəlim Mircavadovla birgə Azərbaycan milli komandasının ilk məşqçilərindən olan Mübariz Zeynalov 1993-cü ildə 1 il müddətinə "Kəpəz” klubunun baş məşqçisi olur. 2015-ci il martın 31-dən ömrünün son gününə, yəni 8 avqust 2015-ci il tarixədək "Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü vəzifəsində çalışıb.