13 futbolçumuz qadınlardan ibarət milli komandalarda

18 sentyabr 2023, 12:32

Millətlər Liqası çərçivəsində sentyabrın 22-də “Dalğa Arena”da Kipr, 26-də isə səfərdə Monteneqro yığması ilə qarşılaşacaq qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının bu oyunlar üçün heyəti açıqlanıb. Heyətə “Neftçi” PFK-nın 5 üzvü – Manə Mollayeva, Coşqunə Əliyeva, Firəngiz Teymurova, Milana Rəhimova və Aysun Əliyeva dəvət olunub. Millimiz bu matçlara hazırlıq məqsədilə bu gün təlim-məşq toplanışına başlayacaq.

19 yaşadək qadın futbolçulardan Azərbaycan milli komandasının isə sentyabrın 18-dən 24-dək Gürcüstanda təlim məşq toplanışı olacaq. Millimiz hazırlıq prosesi çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək. Sentyabrın 20-də və 23-də gürcüstanlı yaşıdları ilə qarşılaşacaq milli komandaya “Neftçi”nin 8 üzvü – Mehriban Şahməmmədova, Güləsər İsmayılova, Aytac Mirzəyeva, Müjgan Seyidova, Aydan Həsənova, Aysu Murtuzayeva, İntizar Haqverdiyeva və Lalə Abbaszadə dəvət alıb.